Səs (qəzet)
"Səs" qəzeti | |
---|---|
Baş redaktor | Bəhruz Quliyev |
Yaranma tarixi | 11 yanvar 1991 |
Dil | Azərbaycan dili |
Ünvan | Bakı şəhəri Üzeyir Hacıbəyov küçəsi 66. |
Tiraj | 5 min |
Rəsmi saytı |
"Səs" qəzeti — 1991-ci il yanvarın 11-dən Azərbaycanda nəşr olunan qəzet.[1][2][3][4]
Hal-hazırda Səs Media Qrupa daxildir.
Yaranma tarixi
[redaktə | mənbəni redaktə et]"Səs" qəzeti 1990-cı ilin noyabrında "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb. Qəzetin ilk redaksiyası AMEA-nın Fizika İnstitutunun 6-cı mərtəbəsində olub. "Səs" qəzetinin ilk baş redaktoru Ağabəy Əsgərov olub. Hazırda qəzetin baş redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyevdir.[3][4]
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 8 səhifə həcmində və 5–10 min arası tirajla dərc olunub. 1992-ci ildən tirajı 15 mindən yuxarı olub, 1993-cü ildə isə 25 minə çatıb. 1994-cü ildən 16 səhifə həcmində çap olunub, 1998-ci ildən etibarən gündəlik dərc olunmağa başlayıb. 1991-ci ildən etibarən qəzetin səhifələrində tanınmış şəxslərin məqalələri dərc olunub. Onlardan bəziləri: Əli Əhmədov, Siyavuş Novruzov, Hacıbala Abutalıbov, Murtuz Ələsgərov, Əli Həsənov, Ziya Bünyadov, Fərəməz Maqsudov, Bəxtiyar Vahabzadə, Məlik Dadaşov, Xəlil Rza Uluturk, Kərim Kərimov, Səyyad Aran və başqaları.
"Səs" qəzeti YAP-ın bazası rolunu oynayıb və partiya yarandıqdan sonra onun əsas mətbu ruporu kimi fəaliyyətini davam etdirib. Partiyanın bəyanatlarını, yığıncaqlarını və sair tədbirlərini öz səhifələrində geniş işıqlandırıb. 1992-ci il oktyabrın 16-da ölkənin 91 nəfər tanınmış ziyalısının Ulu Öndər Heydər Əliyevə müraciəti və oktyabrın 24-də Ulu Öndərin həmin müraciətə cavabı "Səs" qəzetində dərc olunub[5]. Heydər Əliyev "Səs" qəzeti haqda söyləmişdir:
"Səs" qəzeti mənim üçün çox əziz qəzetdir. 1991-ci ilin fevral ayında, Azərbaycanda kommunist hakimiyyəti dövründə mən Ali Sovetdə çıxış edəndən sonra mənim çıxışım,- xatirinizdədir, o vaxt mənim çıxışımı hörmətdən salmağa çalışdılar, onu dərc etmək də istəmirdilər, amma mənə lazım idi ki, o, dərc olunsun,- "Səs" qəzetində dərc edildi. Mən Naxçıvanda işləyərkən bizim bir neçə tədbirlərimiz barədə yazıları "Səs" qəzetində dərc edə bildik. Nəhayət, "Səs" qəzeti "91-lər"in müraciətini dərc edib, mənim cavabımı dərc edibdir. Ona görə də "Səs" qəzeti bizim partiyanın tarixində ən mötəbər yer qazanmış bir qəzetdir. Görürəm ki, son vaxtlar özünün xüsusiyyətlərini itirmədən modernləşir, yaxşılaşır. Arzu edirəm ki, daha da modernləşsin və yaxşılaşsın. |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 yanvar 2011-ci ildə "Səs" qəzetinin kollektivini fəaliyyətə başlamaqlarının 20 illik yubileyi münasibətilə təbrik etmiş və "Tərəqqi" medalı ilə təltif etmişdir.[6][7]
Hazırda qəzet gündəlik 5 min tirajla nəşr olunur, redaksiya heyəti 40 nəfərə yaxındır. Ölkənin bir sıra bölgələrində müxbir postları var. Qəzetin bazası əsasında "Səs" İnformasiya Agetliyi və "Səs" İnternet TV yaradılıb.[1][2][3][4]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Ölkə mətbuatına bir çox ənənələri "Səs" qəzeti gətirib". 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-11.
- ↑ 1 2 ""Səs" qəzetinin 22 yaşı tamam oldu". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-11.
- ↑ 1 2 3 ""SƏS" qəzeti-19". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-11.
- ↑ 1 2 3 ""Səs" qəzeti tarixə düşmüş qəzetdir". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-11.
- ↑ Real TV. ""Səs" qəzetinin 32 yaşı tamam olub" (az.). Youtube.com. 12.01.2023. 2023-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-12.
- ↑ ""Səs" qəzetinin kollektivinə". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-11.
- ↑ ""Səs" qəzeti əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-11.