Açıq söz (qəzet)
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Açıq söz | |
---|---|
az.-əski. آچیق سوز | |
Növ | ictimai-siyasi qəzet |
Sahibi | Məhəmməd Əmin Rəsulzadə |
Təsisçi | Məhəmməd Əmin Rəsulzadə |
Baş redaktor | Məhəmməd Əmin Rəsulzadə |
Redaktor |
|
Yazıçılar | |
Yaranma tarixi | 2 (15) oktyabr 1915 |
Dil | Azərbaycan türkcəsi |
Nəşrini dayandırıb | ~1918 |
Baş ofis | |
Ölkə |
|
Vikianbarda əlaqəli mediafayllar |
"Açıq söz" qəzeti (az.-əski. آچیق سوز) — Bakıda 1915–1918-ci illərdə nəşr olunmuş gündəlik ictimai-siyasi, ədəbi, demokratik beynəlxalq qəzet.
"Açıq söz" qəzetinin naşirləri və redaktorları müxtəlif vaxtlarda Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Əli Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Oruc, Qənbər və Abuzər Orucov qardaşları olmuşlar.
Tarixi
[redaktə | mənbəni redaktə et]Qəzetin əsası 1915-ci ildə Məhəmməd Əmin Rəsulzadə tərəfindən qoyulmuşdur. Qəzet "İqbal" qəzetinin (1912-15) davamı olub, "Müsavat" partiyasının rəsmi orqanına çevrilmişdi. "Açıq söz" qəzetinin ilk sayı 1915-ci il oktyabrın 2-də "İqdam" mətbəəsində çap edilmişdi.
Qəzetin ilk sayında, sərlövhə altında "Türkləşmək, islamlaşmaq, müasirləşmək" şüarı və "gündəlik türk qəzetidir" sözləri yazılmışdı. "Açıq söz" qəzetində ilk dəfə "müsəlman", "tatar", "tuzem" sözləri əvəzinə Azərbaycan xalqının adı ilə bağlı "türk" sözü işlədilirdi. Qəzetin məramı onun 1-ci sayında dərc edilmiş proqram səciyyəli baş məqalədə belə ifadə olunmuşdu:
"Dəhşətlərinə şahid olduğumuz böyük müharibə böyük bir həqiqəti - əsrimizin millətçilik əsri olduğunu sübut etdi. Özləri lazımınca bilib, istiqlal üçün müəyyən bir ideal, məfkurə bəsləyən millət, şübhəsiz ki, böyük bir qüvvət təşkil edir... Ayrı-ayrı millətlər, bir millət olaraq yaşaya bilmək üçün, hər şeydən əvvəl, özlərin bilməli, müəyyən fikir və əməllər ətrafında birləşərək, böyük bir məfkurəyə... sahib olmalıdırlar. Çünki müttəhid bir ruh və müştərək bir qayəyə malik olmayan millətlərlə yeni əsaslar üzərində qurulacaq həyat hesablaşmayacaq və belə bir silahdan məhrum olan cəmaətlər kimsəyə söz eşitdirə bilməyəcəklər". |
"Açıq söz" qəzetində Rusiyanın daxilində gedən ictimai-siaysi proseslər, Azərbaycan həyatının bütün sahələr barədə müntəzəm surətdə məlumatlar, dirçəliş, muxtariyyət məsələlərinə dair yazılar dərc olunur. Birinci Dünya müharibəsinin gətirdiyi bəlalar və dəhşətlər hərtərəfli və obyektiv işıqlandırılırdı. Qəzetin dolğun və rəngarəng çıxmasında, mövzu genişliyində ədib, jurnalist və ictimai xadimlərdən Nəriman Nərimanov, Əhməd bəy Ağayev, Hüseyn Cavid, Əhməd Cavad, Abdulla Şaiq, Tağı Şahbazi, Yusif Vəzir Çəmənzəminli, Nəcəf bəy Vəzirov, Əbduürrəhim bəy Haqverdiyev, Ömər Faiq Nemanzadə, Üzeyir bəy Hacıbəyli, Sənətullah Eynullayev, Əzim Əzimzadə və b.-nın böyük xidmətləri olmuşdur.
"Açıq söz" xalqı millii varlığını və hüququnu qorumaq, milli azadlığa və müstəqilliyə nail olmaq üçün bir fikir və əməl ətrafında birləşməyə, məfkurə birliyinə çağırırdı. Qəzet bu amal və bu qayə ilə milləti oyatmağa başlamışdı.
1917-ci ilə doğru Azərbaycanda xüsusi bir "açıqsöz"çülər nəsli yaranmışdı. Azərbaycanın və bütün Qafqazın digər şəhərindəki gənclər, hətta Rusiya ali məktəblərində təhsil alan tələbələr içərisində "Açıq söz"ün yaydığı millətçi fikirlər ətrafında cəmiyyət və dərnəklər yaranmışdı. 1917-ci ildə Bakıda gizli çağırılmış tələbə qurultayı "Açıq söz" qəzetini özünün orqanı elan etməyi qərara almış və həmni qərarı xüsusi heyət vasitəsilə qəzetin baş redaktoru Məhəmməd Əmin Rəsulzadəyə bildirmişdi. Fevral inqilabından (1917) sonra bu cəmiyyətlər mütəşəkkil halda "Müsavat" partiyasına daxil olmuşdular.
"Açıqsöz"çülər Fevral inqilabına qədər milli-məhəlli muxtariyyət şüarı ilə çıxış edirdilərsə, mütləqiyyətin süqutundan sonra onların mövqeyində dönüş yarandı. Bu zaman "Müsavat" partiyası qəzetdə dərc olunmuş proqramında yazırdı:
"Milli və vətən vəzifəmizi hüsni ifa etmək üçün yeganə bir vasitə vardır ki, o da Məclisi-Müəssisana hazırlaşmaq və oraya hazır proqram və aydın məramla getməkdən ibarətdir". |
Qəzetin 1918-ci il 15 mart tarixli 702-ci sayında tanınmış jurnalist Sənətullah Eynullayev "S.İbrahim" imzası ilə yazdığı "Dəhşətli saat gəlir, birlik gərək" məqaləsində Bakı faciəsindən 3 gün əvvəl siyasi partiya rəhbərlərini xəbərdar edirdi:
"Başqa millətlərin cəmi partiyaları bu gün məlum məsələlər xüsusunda sözlərini bir etdilər. Müsəlman partiyaları da milləti fəlaklətdən xilas etmək xatirinə birləşməyə borcludurlar. Çünki baş kəsildikdə saqqalla bərabər gedəcək olduğundan dəhşətli saətlərdə partiya fərqinə baxmayacaq, proqram və partiyalarda millətlə bərabər gedəcəkdir. Dəhşətli saət gəliyor, birləşiniz". |
Qəzetin sonuncu sayının nə vaxt çıxması barədə fikirlər müxtəlifdir. Bəzi mənbələrdə[2] qəzetin 1918-ci il martın 18-də sonuncu - 704-cü sayının çıxdığı göstərilsə də, "Açıq söz" qəzeti 1918-ci il 6 oktyabr tarixli 718-ci sayında özündən asılı olmayan səbəblərə görə fasiləyə yol verdiyi üçün oxuculardan üzr istəyərək yazırdı:
"Qanlı mart hadisəsi zamanı mətbəəmiz fəhlə şurası və erməni qoşunları tərəfindən talan edilib yandırıldığı üçün qəzetimiz dayandırılmağa məcbur olunmuşdu". |
"Azərbaycan dövri mətbuatı. 1832-1920" kitabında (1987) "Açıq söz" qəzetinin 724-cü sayının çıxdığı göstərilir. Digər məlumata görə, qəzetin 750-ci sayı işıq üzü görmüşdü.