Çayqışlaq
Çayqışlaq | |
---|---|
41°13′ şm. e. 48°44′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Çayqışlaq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun faktiki mövcud olan Çayqışlaq kəndi Zərqava kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.[1] Hazırda Zərqava Ərazi Dairəsinin tərkibinə daxildir.
Toponimikası
[redaktə | vikimətni redaktə et]Ətraf ərazinin əhalisi olan tatlar hələ keçmiş zamanlardan Çayqışlaq kəndini "Arkərə" (tatca: "Çay") kəndi kimi (daha obrazlı deyilsə, "çayın yanındakı oba" mənasında) tanıyıblar. Ola bilsin ki, lap əvvəllərdə kəndin başqa adı da olub. Amma əvvəlki adın mövcud olub-olmadığı barədə hələlik heç bir məlumat yoxdur. Kənd əhalisinin verdiyi məlumata görə XIX əsrdə burada yaşayan əhalinin bir hissəsi müəyyən səbəblərdən miqrasiya etmişdir. Xeyli sayda ailələr bölgənin digər yaşayış məntəqələrinə köçüb getmişlər. Qalan ailələrin hir hissəsi isə XIX əsrin sonu – XX əsrin əvvəllərində Molla Qəni düzənliyindəki obadan aşağı enərək çayın sahilində məskən salmışlar. Elə həmin dövrdə qonşu ərazilərdəki yaşayış məntəqələrindən də bir çox ailələr bu yeni məskənə köçüb gəlmişlər. "Çay sahilindəki məskən (qışlaq)" kimi Çayqışlaq adı məhz o zamandan daha geniş tanınmağa başlayıb.
Tarixi
[redaktə | vikimətni redaktə et]Kəndin tarixi isə dəqiq bilinməsə də, xeyli keçmişə gedib çıxır. Hazırda yerli əhali arasında "Molla Qəni düzənliyi" adlanan ərazidəki yurd yerlərinin qalıqları və elə bu məkanda yerləşən qəbristanlıqda bəzi qəbirüstü daşlarda çətinliklə oxuna bilən yazılar kəndin ən azından son orta əsrlərdə mövcud olduğuna əsas verir. Belə ki, erkən dövrlərdə həqiqətən də bu yaşayış məntəqəsi Şabran çayı sahilindən təxminən yarım kilometr aralıda və Zeyvə meşə massivinin ətəyində, nisbətən hündür bir yerdə olan Molla Qəni düzənliyində yerləşib. O vaxtlarda buranın sakinləri həyatdan köçən ailə üzvlərini düzənliyin bir küncündə saldıqları qəbristanlıqda basdırmışlar ki, Çayqışlağın keçmişindən xəbər verən bu qəbristanlıq da indiyədək qalmaqdadır.
Çayqışlaqda qalmaqda olan bağ sahələrinin (Harun bağı, Məhəmməd bağı, Həsən bağı, Əliməmməd bağı, Seyid bağı, Mürsəli bağı, Səhid bağı, Hətəm bağı), eləc də digər yurd yerlərinin adları (Hətəm daşlığı, Bəngi düzənliyi, Nurəli düzənliyi, Məhəmməd çuxuru, Mövlam çuxuru, Əsli evinin yeri və s.) XIX əsrdə və XX əsrin 1-ci yarısında Çayqışlaqda yaşamış ailə başçılarının və kəndin əsas sakinlərinin adlarını daşıyır.
Tarixi abidələri
[redaktə | vikimətni redaktə et].Bölgədə yaşayan insanların əsas inanc yerlərindən biri olan "İlyasqulu Baba" piri Çayqışlaq kəndindədir. İlyasqulu Baba vaxtilə bölgənin ən mömin şəxslərindən biri kimi tanınıb və onun barəsində xeyli rəvayətlər var. O, çox yerləri gəzib dolaşıb. Neçə müqəddəs ocaqlardan, inanc yerlərindən keçib gəlib.Nə qədər gözəl məkanlar görüb. Lakin buna baxmayaraq, hələ sağlığında ikən yaxın adamlarına özü öləndən sonra onu basdırmaq üçün məhz bu məkanı nişan vermişdir. Elə o vaxtlardan İlyasqulu Babanın uyuduğu bu məkan insanların inanc yerinə çevrilmiş və müxtəlif yerlərdən insanlar indiyədək bu ocağa üz tuturlar.
Coğrafiyası və iqlimi
[redaktə | vikimətni redaktə et]Kənd Şabran çayının sahilində yerləşir. Çay kəndin ortasından axdığına görə yaşayış məntəqəsini 2 hissəyə ayırır. Təbii coğrafi mövqeyi və iqlimi əlverişlidir. Bir tərəfdən kolluqlarla, otlaqlarla örtülmüş sıra dağ yamacları və dərələr ilə, digər tərəfdən isə Zeyvə meşə massivi ilə əhatələnmişdir Çayqışlağın bağları və yetişdirilən meyvələri, xüsusən gilas və alma sortları keçmişdən bölgədə məşhurdur.
Əhalisi
[redaktə | vikimətni redaktə et]2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 134 nəfər əhali yaşayır.[2] Əhalinin əksəriyyətini tatlar təşkil edir.
İqtisadiyyatı
[redaktə | vikimətni redaktə et]Kənd əhalisinin əsas məşğuliyəti meyvəçilik, taxıl və bostan bitkilərinin becərilməsi və maldarlıqdır. Bağlarda meyvələr, xüsusən gilas və alma sortları yetişir. Vaxtlə burada yaşayan insanlar tərəfindən salınmış Hətəm bağı, Mürsəli bağı, Harun bağı, Səhid bağı, Məhəmməd bağı, Əliməmməd bağı və digər bağ sahələri məşhurdur. Bu bağların mövcudluğu kənd əhalisinin hələ əvvəlki dovrlərdən meyvəçiliklə məşğul olduğundan xəbər verir.
SSRİ dövründə kənddə əvvəlcə kənd təsərrüfatı üzrə artel yaradılmişdır. Sonra bu artelin bazasında Qəzənfər Musabəyov adına kolxoz təşkil edilmişdir ki, həmin kolxoz da 1930-cü illərin 2-ci yarısına qədər fəaliyyət göstərmiş və ən zəngin kolxozlardan biri olmuşdur. Kolxozun sədri vəzifəsini bu kəndin sakini,o dövrdə böyük nüfuz sahibi sayılan Şəmsəddin Seyidov yerinə yetirmişdir. Müəyyən qərarla bu kolxoz qonşu Kələnov kəndində fəaliyyət göstərən Kalinin adına kolxozla birləşdirilmiş və Kalinin adına kolxoz adlandırılmışdır. Şəmsəddin Seyidov həmin vaxtdan başlayaraq uzun müddət Kalinin adına kolxoza rəhbərlik etmişdir.Şahidlərin sözlərinə görə Ş.Seyidov ayağı bərəkətli bir insan olduğundan Kalinin kolxozu da inkişaf edərək xeyli varlanmışdı.
2-cü dünya müharibəsinin və ondan sonrakı dövrün çətinlikləri kənddə əhalinin sayının yenidən azalmasına gətirib çıxarmışdır. Əhalinin çox hissəsi Qubanın,Şabranın,Xaçmazın və hətta Abşeronun yaşayış məntəqələrinə köçüb getmişdir. Bu da ötən əsrin 60-70-ci illərində kənddəki ailə təsərrüfatlarının sayı 10-15-ə düşməsinə gətirib çıxarmışdı.
Sovetlər dövrünün sərt idarəçilik qaydaları və həmçinin kənd sakinlərinə qarşı baş verən müəyyən haqsızlıqlar 70-ci illərin sonu - 80-ci illərin əvvəllərində yenidən yerli əhalini kənddən köçmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Lakin kəndin yetirməsi Seyfəddin Babayevin qətiyyətli hərəkətləri sayəsində insanların buradan köçməsinin qarşısı alındı. Nəticədə yerli sakinlər kənddə yaşamağa davam etdilər.. 80-ci illərin ortalarından etibarən kənd yenidən dirçəlmə və inkişaf dövrünə qədəm qoymuşdur. Burada ailə təsərrüfatlarının və əhalinin ümumi sayı artmaqla yanaşı, ənənəvi təsərrüfat sahələrinin inkişafına da üstünlük verilmişdir.
Ölkəmiz müstəqillik dövrünə qədəm qoyduqdan sonra isə kənd daha sürətlə böyüməyə,müasirləşməyə başlamışdır. hazırda kənddə xeyli sayda nümunəvi ailə-kəndli təsərrüfatları fəaliyyət göstərir ki,onlar da daha çox çeşiddə və keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsal edirlər.
Xüsusən 1996-cı ildə torpaq islahatı ilə əlaqədar buradakı torpaq sahələri kənd sakinlərinin mülkiyyətinə verildikdən sonra bağçılıq ənənələri daha böyük uğurla davam etdirilir. Əvvəlki bağlar tam bərpa edilməklə yanaşı,yeni bağ sahələri salınır, məhsuldarlığı çox olan və istehlak bazarlarının indiki tələblərini ödəyə bilən, son nəticədə xarici ölkələrə ixrac olunacağı hədəflənən meyvələrin istehsalı üçün bağların becərilməsində müasir innovativ aqrotexniki üsullar geniş tətbiq edilir. Yeni salınmış bağların ilk bəhrələri isə Çayqışlaq meyvələrinin əvvəlki şöhrətini yenidən qaytarmışdır. Çayqışlağın bağ sahələrinin dadlı,tamlı nemətləri indi insanlarımızın süfrələrində daha çox görünməyə başlamışdır.
Mədəniyyəti
[redaktə | vikimətni redaktə et]Kənd şəkərbura və üçkünclü paxlavaları ilə məşhurdur.
Kənddə stasionar telefon rabitəsi mövcuddur.
2018-ci ildə isə inzibati ərazinin digər yaşayış məntəqələrinə və Bakı-Quba yoluna rahat çıxış imkanı verən asfalt örtüklü avtomobil yolu salınmışdır. Çayqışlaq da daxil olmaqla 11 yaşayış məntəqəsini birləşdirən bu asfalt yolun 11.10.2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən rəsmi açılışı olmuşdur.
Təhsil
[redaktə | vikimətni redaktə et]Kənddə ibtidai məktəb fəaliyyət göstərir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-09.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax
[redaktə | vikimətni redaktə et] Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |