IV Murad
IV Murad | |
---|---|
مراد رابع | |
10 sentyabr 1623 – 8 fevral 1640 | |
Əvvəlki | I Mustafa |
Sonrakı | İbrahim |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Sultan Əhməd türbəsi |
Dəfn yeri | |
Fəaliyyəti | rəhbər, şair |
Atası | I Əhməd |
Anası | Mahpeykər Kösəm Sultan |
Həyat yoldaşları |
Ayşə Hasəki Sultan Sənubər Hasəki Sultan |
Uşaqları |
Əsməhan Qaya Sultan Ruqiyə Sultan Safiyə Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
IV Murad (osman. مراد رابع Murād-i rābi‘; 27 iyul 1612[1], Konstantinopol – 8 (18) fevral 1640, Konstantinopol) — 17-ci Osmanlı padşahı və 96-cı İslam xəlifəsi. İrəvan və Bağdad fatehidir. IV Murad 27 iyul 1612-ci il tarixində İstanbulda Sultan I Əhmədin və əsl adı Anastasiya olan yunan əsilli Kösəm Sultanın oğlu olaraq dünyaya gəldi. Böyük qardaşı Gənc Osmanın Yeddiqüllə zindanlarında bir qrup yeniçəri tərəfindən öldürülməsi və daha sonra zorla taxta oturulan əmisi I Mustafanın müxtəlif intriqalarla yenidən devrilməsi nəticəsində 11 yaşında taxt-tac sahibi oldu.[2][3][4]
Həyatı
[redaktə | mənbəni redaktə et]Şahzadəlik illəri
[redaktə | mənbəni redaktə et]27 iyul 1612 tarixində İstanbulda dünyaya gəlmişdir. İndiki Bəylərbəyi sarayının ərazisində yerləşən və vaxtilə II Səlimin qızı Gövhərxan Sultan üçün inşa etdirdiyi sarayda dünyaya gəlmişdir. I Əhməd və Mahpeykər Kösəm Sultanın oğludur. Şahzadəlik illəri haqqında mənbələrdə çox məlumat yoxdur. II Osman hadisələrindən sonra sədrəzəm Davud Paşanın tərtibiylə digər qardaşları ilə birlikdə Üsküdara aparılarkən sui-qəsdə məruz qalmış və saray ağalarının müdaxiləsiylə sui-qəsddən xilas olmuşdur.
Səltənət illəri
[redaktə | mənbəni redaktə et]Əmisi Sultan Mustafanın əqli zəifliyi səbəbilə dövlət idarəsində yaranan qarışıqlığı həll etmək üçün sədrəzəm Kəmankeş Əli Paşa və şeyxülislam Yəhya Əfəndinin tərtib etdiyi saray çevrilişindən sonra yaşının az olmasına baxmayaraq anası Kösəm Sultanın da təsiri ilə taxta çıxarıldı (10 sentyabr 1623). Ertəsi gün Əyyub Sultan məscidində Mahmud Hüdayi həzrətlərinin əlindən qılınc qurşandı və 5 gün sonra sünnət edildi. Səltənətinin ilk illərində idarə daha çox anasının təsiri altında olan dövlət adamlarının əlində cəmləndi. 1632-ci ilə qədər dövrün siyasi məsələlərinə qarışmadı. Dövlət idarəsini sədrəzəm Rəcəb Paşanı edam etdiyi 1632-ci ilin may ayından etibarən ələ aldı.
Səltənətinin ilk illərində sədrəzəm Kəmankeş Əli Paşa dövlət işlərində söz sahibi idi. Dövrün tarixi qaynaqları bu əsnada dövlətin olduqca çətin bir vəziyyətdə olduğunu qeyd edir. Xüsusilə də İstanbuldakı başsızlıq regionlardakı idarəçilərin özbaşına hərəkətlərinə səbəb olurdu. Qətlə yetirilən Sultan Osmanın qanını yerdə qoymamaq üçün Ərzurumda ayaqlanan və ələ keçirdiyi qalalardakı yeniçəriləri edam etdirən Abxaz Mehmed Paşa və Bağdaddakı Bəkir Subaşının fəaliyyətləri ciddi problemə çevrilmişdi. Bağdad qalası gedən siyasi hadisələr nəticəsində Səfəvilərin əlinə keçmişdi (1624). Hafiz Paşanın 1626 tarixli Bağdad səfərində isə uğur əldə edilmədi. Digər yandan Abxaz Mehmed Paşa nəhayət ələ keçirilmiş, ancaq IV Murad tərəfindən bağışlanaraq Bosniya bəylərbəyi təyin olunmuşdu.
10 iyun 1629 tarixində Həmədan və Bağdad səfərinə çıxan Hüsrəv Paşa Kərbəla, Nəcəf və Hillə şəhərlərini zəbt etdi. Şəhrizur qalasını təmir etdirib, bölgədəki tayfaları özünə tabe etdi. 5 may 1630 tarixində Səfəvi qüvvələri girdiyi döyüşdə qalib olan Hüsrəv Paşa ardından Bağdad irəlilədi. 6 oktyabr 1630 tarixində başlayan Bağdad mühasirəsi yenə uğursuz oldu. Bu məğlubiyyət Hüsrəv Paşanın vəzifədən alınmasına və yerinə ikinci dəfə Hafiz Paşanın gətirilməsinə səbəb olmuşdu.
IV Murad səltənətinin bu dövründə Avropa 30 illik müharibənin səbəb olduğu böhranın içində idi və dini məzhəb problemləri Osmanlı torpaqlarında da özünü büruzə vermişdi. Katolik dövlət elçiləri ilə kalvinist dövlət elçiləri arasındakı mübarizəyə səhnə olan İstanbulda isə Osmanlı hökuməti kalvinstləri qoruyurdu. Belə ki, Yezuit ordeninə mənsub bütün əhali Saqqız adasına sürgün edildi. Ərdəldə isə Betlen Qabor İngiltərə, Venesiya və Hollandiya kimi dövlətlərin dəstəyini alaraq Habsburqlara qarşı protestant hakimləri dəstəkləyirdi. Əvvəlki dövrlərdə olduğu kimi IV Murad səltənətində də Zitvatorok sülhü yeniləndi. 13 sentyabr 1627 tarixində bağlanan 25 illik sülhlə Avstriya-Osmanlı münasibətləri tənzimləndi.
Bu dövrdə Sultan Murad İstanbuldakı əsgərlərin özbaşınalığı, bunu öz mənfəətləri üçün istifadə edən dövlət adamları və əyalətlərdəki üsyanlarla məşğul olacaq dirayətdə deyildi. Cülusundan sonra ard-arda üsyanlar baş verdi. Əvvəlcə dəftərdar Əbdülkərim Əfəndi, ertəsi il isə Rəcəb Paşanın təhriki ilə sabiq sədrəzəm Gürcü Mehmed Paşa əleyhinə ayaqlanan yeniçəri və sipahilər paşanın edamına səbəb oldu. Balıkəsirdə Cənnətoğlu adlı üsyançı bölgədəki əyalət ordusunu məğlub etmiş, dövləti 6 ay boyunca məşğul etsə də, nəhayət, Manisada məğlub edilərək ələ keçirilmişdi (dekabr 1625). Bu çətin illərdə dövlət işlərini Qızlar ağası Əl-hac Mustafa ağa vasitəsilə idarə edən Kösəm Sultanla oğlu arasında sürtüşmələr baş verirdi. Tez-tez libas dəyişdirib paytaxt küçələrində gəzən Sultan Murad əhalinin problemləri ilə məşğul olsa da, anası Kösəm Sultan oğlunu əyləncə və şənliklərlə məşğul edirdi.
Sultan Muradın idarəni ələ almasına səbəb isə Hüsrəv Paşanın edamı və ardından yeni sədrəzəm Hafiz Paşa əleyhinə Rəcəb Paşanın təhriki ilə ayaqlanan yeniçəri üsyanı oldu. Üsyançılar 7 fevral 1632 tarixində Atmeydanında (indiki Sultanəhməd meydanı) toplanıb ard-arda 3 gün saraya gedərək, Hüsrəv Paşanın vəzifədən alınmasına səbəb olan sədrəzəm Hafiz Paşa, şeyxülislam Yəhya Əfəndi, yeniçəri ağası Həsən xəlifə və müsahib Musa Çələbinin də daxil olduğu 17 nəfərin edamını tələb etdi. Sultan Murad əvvəlcə soyuqqanlılıqla bu tələbləri qəbul etmədi ancaq Rəcəb Paşanın təzyiqi və üsyançıların padşahı taxtı ilə hədələməsi nəticəsində üsyançıların tələb etdiyi bu şəxslərdən yalnız Hafiz Paşa təslim edildi. Üsyançılar sevimli paşası və bacısı Ayşə Sultanın əri olan Hafiz Paşanı sultanın gözləri önündəcə qətlə yetirdilər. Rəvayətə görə, bundan kədərlənən Sultan Murad o gün Hafiz Paşanın intiqamı üçün söz vermiş, ağlayaraq öz otağına çəkilmişdir (10 fevral).
Hadisələrin nəticəsində Rəcəb Paşa üsyançıların istəyilə sədrəzəm oldu. Vəzifədən alınan Zəkəriyazadə Yəhya Əfəndinin yerinə Ahizadə Hüseyn Əfəndi şeyxülislam seçildi. Sultan Muradın bütün bu hadisələrdə əli olduğuna inandığı Hüsrəv Paşanı edam etdirməsi Rəcəb Paşanın gözünü qorxutdu. Həm Sultan Muradı zərərsizləşdirmək, həm də digər rəqiblərini aradan qaldırmaq üçün Rəcəb Paşa sipahiləri yenidən təhrik etdi. 11 mart günü Hüsrəv Paşanın paytaxta gətirilən kəsik başı isə bu üsyana bəhanə oldu. Ertəsi gün saraya gələn yeniçəri və sipahilər padşahı ayaq divanına çağırdı və burada yeniçəri ağası Həsən xəlifənin, müsahib Musa Çələbinin və baş dəftərdar Mustafa Paşanın öldürülməsini tələb etdi. Bundan başqa padşaha inamlarının qalmadığı deyərək şahzadələri (Bəyazid, Süleyman, Qasım, İbrahim) də görmək üçün Babüssəadə qapısı önünə çıxartdırdılar. Şahzadə Süleyman və Şahzadə Bəyazidin üsyançıları danlayaraq qovmaları belə bir nəticə vermədi. Üsyançıları yatışdırmaq üçün Rəcəb Paşa və Ahizadə Hüseyn Əfəndi sultana təminat verdi. Ancaq ixtişaşlar davam etdi. Sonda Həsən xəlifə, baş dəftərdar Mustafa Paşa, sağ qalması üçün kaptan-ı dərya Canpoladoğlu Mustafa Paşanın təminat verdiyi və sultanın Rəcəb Paşaya əmanət etdiyi Musa Çələbi ələ keçirilərək öldürüldü və cəsədləri Atmeydanındakı çinar ağaclarına asıldı. Üsyançılar bu hadisələrin padşahdakı təsirini və Sultan Muradın bir gün intiqam alacağını başa düşürdülər və bu səbəblə Sultan Muradı devirmək istəyirdilər. Ancaq aralarında taxta kimin çıxarılacağı haqqında anlaşmazlıq olduğu üçün məsələ uzandı. Yeniçəri ağalığına gətirilən Kösə Mehmed ağa isə Rəcəb Paşanın və Canpoladoğlu Mustafa Paşanın tərtiblərini Sultan Murada xəbər verirdi. Alınan tədbirlə saray çevrilişinin qarşısı alındı ancaq paytaxtdakı ixtişaşlar bitməmişdi. Paytaxtdakı qarışıqlıqlarla yanaşı Manisa, Balıkəsir və Berqama bölgələrində üsyan edən İlyas Paşanı da dəstəkləyən Rəcəb Paşa Sultan Muradın əsas hədəfinə çevrildi. Sultan Murad 18 may 1632 günü divan məclisinin ardından Rəcəb Paşanı saraya çağırdı və burada onu edam etdirdi. Yerinə Dabanıyasdı Mehmed Paşa sədarətə gətirdi. Sultan Muradın bu ani müdaxiləsi üsyançı sipahiləri heyrətləndirdi. 8 iyun çərşənbə günü sipahilər Oxmeydanında toplandı və onlara verilən vəzifələrin rəsmiləşdirilməsini tələb etdilər. Ancaq sədrəzəmin buna zidd olan bir fərmanı padşaha təqdim etməsi üsyançıları qəzəbləndirdi və onlar Atmeydanına gələrək saraya elçi göndərdilər. Bütün bu tələbləri sonlandırmaq üçün Sultan Murad Sənan Paşa köşkündə ayaq divanı çağırdı və bütün yeniçəri, sipahi ağalarını, üləma və dövlət adamlarını burada topladı. Bütün bu şəxslər dövlətə və sultana sədaqət üçün Qurana and içdilər. Ardından bir sənəd hazırlayıb bütün bu şəxslərə imzalatdı. Həmin sənədi sədrəzəm və şeyxülislamdan başqa vəzir Hüseyn Paşa ilə Bayram Paşalara da imzalatdırdı. Sənan Paşa köşkündəki bu məclisdən sipahilər narazı qalsa da, yeniçərilərin padşaha sadiq olması üsyankar sipahiləri çətin vəziyyətə saldı. Sultan Murad əvvəlcə sipahi ağası Cəfər ağa və silahdar Əhməd ağanı divana çağırıb aralarındakı üsyankarları dərhal təslim etmələrini tələb etdi. Əmrinə qarşı çıxan Əhməd ağanı isə oradaca edam etdirdi. Sənan Paşa köşkündəki məclisdən iki gün sonra sədrəzəmin sarayında keçirilən iclasda Ahizadə Hüseyn Əfəndi sipahiləri çağıraraq onlara nəsihətlər verdi. Bunun ardından İstanbulda və əyalətlərdə üsyankarlığa davam edənlər təqib edilərək öldürüldü. 1632-ci ilin iyulunda tələb edilən vəzifələr bərabər şəkildə bölüşdürüldü və beləliklə, sipahi ocağı nizama salındı. Mərkəzdə üsyankar sipahilərin aradan qaldırılmasından sonra növbə əyalətlərə gəldi. İndiki Livan ərazisində ayaqlanan Dürzi əmiri Manoğlu Fəxrəddinin üsyanı yatırıldı (1635).
Bu əsnada İstanbul limanındakı bir gəmidən başlayaraq paytaxta yayılan şiddətli yanğın şəhərin beşdə birini külə çevirmişdi (2 sentyabr 1633). Katib Çələbi yanğının səbəb olduğu itkilərin böyük olduğunu qeyd edir. Bu yanğın bir çox şayələrə yol açdı. Xüsusilə də, qəhvəxanalarda gedən söz-söhbətlərin qarşısını almaq üçün, qəhvə və tütünü haram sayan Qazızadə Mehmed Əfəndinin də təhriki ilə bütün qəhvəxanalar dağıdıldı.
1633-cü ilin dekabrında baş tutan Bursa səyahəti əsnasında İznik qazısını yolların təmirsiz olması səbəbilə edam etdirən Sultan Murad bu hadisədən sonra üləma zümrəsinin nifrətini qazandı. Elm adamlarının verilən bir ziyafətdə bir araya gəlməsi xəbərindən çəkinən Validə Kösəm Sultan bunun saray çevrilişi üçün planlaşdırıldığını başa düşdü və dərhal Bursadakı oğluna məktub yazaraq onu paytaxta çağırdı. 6 yanvar günü xəbəri alan Sultan Murad dərhal yola düşdü və İstanbula gələrək şeyxülislamı vəzifədən alaraq Kipr adasına sürgün etdi.
Ancaq hirsini soyuda bilməyən Sultan Murad şeyxülislamı aparan gəmini geri çağırdaraq onu edam etdirmişdir (7 yanvar 1634). Osmanlı tarixində ilk dəfə şeyxülislam edam edən Sultan Murad bununla əhalinin və üləma zümrəsinin ona olan nifrətini artırdı.
Sultan Murad dövründə Krım xanlığı, kazaklar və Rus çarlığı ilə bağlı bəzi məsələlər baş versə də, bu problemlər sülhlə həll olundu. Özi sancaqbəyi Murtuz Paşanın polyaklarla bağladığı sülhə görə (9 sentyabr 1630), Lehistan krallığı Krım xanlığına vergi ödəməyi və kazakların işğal etdiyi əraziləri geri qaytarmağı qəbul etdi. Ancaq bir müddət sonra münasibətlər yenidən korlandı və Sultan Murad Lehistana qarşı yardım istəyən rus çarı Mixail Romanova müsbət cavab verdi. Lehistan torpaqlarına girən Abxaz Mehmed Paşa Kamaniçe qalası önlərinə gəldi (22 oktyabr 1633). İki tərəf arasında sülh müzakirələri nəticə vermədiyinə görə, Özi sancaqbəyi Murtuz Paşa sərdar təyin edildi, Abxaz Mehmed Paşa isə sultanın yanına — Ədirnəyə gəldi (15 aprel 1634). Rusların Lehistana tərtiblədiyi hücumların ardından yenidən sülh müzakirələri başladı. Ancaq Sultan Muradın şərq səfərinə hazırlaşması səbəbilə bu dəfə sülh müzakirələrinə müsbət cavab verildi və sultan Ədirnədən ayrıldı (27 iyul 1634). İstanbula gəldikdən sonra hazırlıq gördüyü şərq səfərinə çıxmazdan öncə paytaxtda alkaqol qadağasını tədbiq etdi (5 avqust 1634).
Dövlət idarəsini tamamilə əlinə alan Sultan Murad ilk səfəri olan İrəvan səfərinə çıxdı. 1632-ci ildə Şah Səfinin Gürcüstanı işğal edib Van qalasını mühasirəyə almasının ardından Murtuz Paşa Van qalasının mühafizəsi ilə vəzifələndirildi və sədrəzəm Mehmed Paşa idarəsindəki Osmanlı ordusu Üsküdara irəlilədi (15 oktyabr 1633). Həmin gün Van qalası mühasirədən azad oldu və sərdar yola davam edərək Hələbə, oradan isə ayaqlanan yeniçəriləri yatırtmaq üçün Diyarbəkirə gəldi. Bu əsnada paytaxta vəziyyət dəyişmişdi. Sultan Murad yaxın adamı olan Abxaz Mehmed Paşanı və şair Nəfini edam etdirmişdi.
Sultan Muradın ilk səfəri ələ keçirdiyi qalanın adıyla İrəvan səfəri adlanır. Şeyxülislam Yəhya Əfəndi ilə birlikdə 28 mart 1635 tarixində Üsküdardan yola çıxan Sultan Murad yol boyunca vəzifələrini yerinə yetirməyən bəzi qazıları, vəzirləri və tütün istifadə edənləri edam etdirmişdir. Bayburt yaxınlığında sədrəzəm Mehmed Paşa ilə görüşən Sultan Murad ordunun rəhbərliyini ələ alıb Səfəvi sərhəddi hesab edilən Qars qalasına doğru irəlilədi (17 iyul 1635). Qaynaqların verdiyi məlumata görə bu əsnada Osmanlı ordusu 200 min əsgər və 125 döyüş topu ilə Səfəvi torpaqlarına daxil olurdu. 26 iyulda İrəvan qalası önlərinə gələn Sultan Murad öz çadırını qalaya yaxın bir yüksəklikdə qurdurdu və bu təpəlik sonralar Hünkar yüksəkliyi adlandı. 11 günlük müdafiənin ardından İrəvan qalası təslim oldu (8 avqust). Padşah qalanın hakimi Əmirgünə oğlu Təhmasibqulu xanı möhtəşəm bir mərasimlə qəbul etdi və şahın müdafiə üçün göndərdiyi Mir Fəttah idarəsindəki Mazandaranlı tüfəngçiləri azad edərək qalanın bərpa edilməsini əmr etdi. Anası ilə birlikdə təslim olan Təhmasibqulu xan Hələb bəylərbəyi təyin edildi. Sünniliyi qəbul edib Yusif Paşa adını alsa da, ömrünün sonuna qədər Əmirgünəoğlu olaraq tanınmışdır. İki ay burada qaldıqdan sonra gələn şikayətlər səbəbilə paytaxta çağırılmış, burada ona vəzirlik rütbəsilə birlikdə İstanbul boğazı sahilində böyük bir bağça (Firidun Paşa bağçası, indiki Əmirgan) və bir saray təsis edildi.
Sultan Murad Kənan Paşa idarəsindəki qüvvələri Ahıska qalasının işğaldan azad olunması üçün göndərdikdən sonra Təbrizə irəlilədi. Ancaq Xoy yaxınlığında xəstələndi və kəcavəyə alındı. Bu əsnada paytaxtdan gələn xəbərlərlə anasının saray çevrilişi hazırlığında olduğunu öyrəndi və paytaxtdakı qardaşları Şahzadə Süleyman və Şahzadə Bəyazidin edam edilməsini əmr etdi (27 avqust). İrəvanın fəthi xəbərinin İstanbula gəlməsi və 4 gecə davam edən şənliklərin ilk günü təxminən 25 yaşlarındakı şahzadələr edam edildi. Sultan Murad 11 sentyabrda Təbrizə çatdı ancaq şəhər boşaldılmışdı. Təbrizi tamamilə darmadağın edən Sultan Murad şeyxülislamın müdaxiləsi ilə Cahanşah və Sultan Həsən məscidlərinə toxunmadı. Qışın gəlişi və xəstəliyinin ağırlaşması səbəbilə geri döndü. İzmitdə onu Axısqa ilə yanaşı bir neçə qalanı da ələ keçirən Kənan Paşa ilə Əmirgünəoğlu qarşıladı. Sultan Murad İzmitdən gəmiylə yola çıxdı (17 dekabr 1635 çərşənbə axşamı günü) və Üsküdara gəldi. Ardından cümə axşamı günü böyük bir mərasimlə İstanbula daxil oldu.
Buna baxmayaraq Osmanlı ordusunun çəkilməsinin ardından İrəvan qalası yenidən Səfəvilərin əlinə keçdi (1 aprel 1636). Şah Səfi İrəvanı geri aldıqdan sonra Kiçik Əhməd Paşanı məğlub etdi və ardından Maqsud xanı elçi olaraq İstanbula göndərdi. Ancaq Sultan Murad elçiyə cavabın Bağdadda veriləcəyini deyib yeni bir səfər hazırlığına başladı. Səfərə çıxmazdan əvvəl taxt üçün təhlükə hesab etdiyi qardaşı Şahzadə Qasımı edam etdirdi və 8 may 1638 tarixində şeyxülislam Yəhya Əfəndi və kaptan-ı dərya Mustafa Paşa ilə birlikdə yola çıxdı. Bu əsnada özünü Mehdi elan edən Şeyx Əhməd Sakaryada ələ keçirilərək öldürüldü. Urfa yaxınlığında vəfat edən sədrəzəm Bayram Paşanın yerinə sədarətə Təyyar Mehmed Paşa gətirildi. 6 noyabrda Mosula çatan Sultan Murad 15 noyabrda Əbu Hənifə türbəsi yaxınlığında çadırını qurdu. Qalanın alınmasından bir gün əvvəl Təyyar Mehmed Paşa hücumlar əsnasında şəhid düşdü. Yerinə kaptan-ı dərya Mustafa Paşa sədarətə gətirildi. Ertəsi gün (24 dekabr 1638 cümə günü) qala hakimi Bektaş xan qalanı təslim etdi.
Sultan Murad fəthin ardından qalanın, Əbu Hənifə və Əbdülqadir Gilaninin türbələrinin təmiriylə məşğul oldu. Əbu Hənifə türbəsini ziyarət etdi və sədrəzəmi burada qoyub 17 yanvar 1639 günü İstanbula doğru yola çıxdı. Mosula çatdanda vaxtilə İstanbulda qəbul etmədiyi Maqsud xanla birlikdə şaha məktub göndərdi. Ancaq xəstəliyinin artması və qışın sərt keçməsi səbəbilə Diyarbəkirdə 71 gün qaldı və 15 apreldə yola düşərək İzmitə gəldi. Yenə dəniz səyahəti ilə Sənan Paşa köşkünə gəldi (10 iyun 1639). Bu əsnada Qəsri-şirin sülhü bağlanmışdı (17 may 1639).
Vəfatı
[redaktə | mənbəni redaktə et]Sultan Murad İrəvan səfəri əsnasında tutulduğu və getdikcə artan qut xəstəlyindən əziyyət çəkirdi. Bağdad səfərində bəzən kəcavəyə alınmış, geri dönərkən titrətmə keçirərək yatağa düşmüşdü. Həmin ilin noyabrında Beykoza ova getdiyi əsnada yenidən içki içməyə başladı və xəstəliyi yenidən üzə çıxdı. Üsküdar sarayına gedərək burada 10 gün boyunca dincəldi.
25 yanvar 1640 tarixində bayram təbriklərini qəbul edən Sultan Mirad ardından Sənan Paşa köşkündəki şənliklərə qatıldı. Ardından Atmeydanındakı Silahdar Mustafa Paşanın sarayına gələrək axşam yeməyin yenə içki içdi. Bu əsnada yanında Silahdar Mustafa Paşa və Əmirgünəoğlunun olduğu məlumdur. Həmin gecənin ertəsi günü anidən xəstələndi və gün keçdikcə vəziyyəti ağırlaşdı. Yanında olanların dediklərinə görə bəzi vaxtlar şüurunu itirirdi. 8 fevral cümə axşamı günü gönorta saatlarında Şahzadə Qasımı edam etdirdiyi otaqda 27 yaşında vəfat etdi. Cənazəsi Sultan Əhməd məscidi yanındakı Sultan Əhməd türbəsinə dəfn edilmişdir.
IV Murad ölüm döşəyində ikən qəfəs həyatı yaşayan doğma qardaşı Şahzadə İbrahimin öldürülməsi üzrə əmr versə də, Şahzadə İbrahimin ailənin tək oğlan övladı olması səbəbi ilə bu əmri icra olunmamış və ondan sonra taxta Şahzadə İbrahim oturmuşdur. IV Muradın bu əmri vermə səbəbi isə qardaşının zəif xarakterli olması və əgər taxta keçərsə, ölkənin böyük bir uçuruma doğru getməsinə inanması idi.[5]
Fiziki görünüşü
[redaktə | mənbəni redaktə et]Mənbələrdə uzun boylu, iri və heybətli biri olaraq təsvir edilir. Sultan Muradın bir çox övladı olmuş, Övliya Çələbi bunların sayının 16 olduğunu qeyd edir. Hələ atalarının səltənətində vəfat edən şahzadələrin adları Süleyman, Mehmed, Ələddin, Əhməd və Mahmuddur. Qızlarından Qaya Sultan Mələk Əhməd Paşa ilə, Ruqiyyə Sultan Mələk İbrahim Paşa ilə, Hafizə Sultan isə Hüseyn Paşa ilə evlənmiş, digər qızları isə kiçik yaşlarında vəfat etmişdir.
İstərsə dövrün xalq ədəbiyyatında, istərsə də saray ədəbiyyatında Sultan Muradın fiziki gücü ilə bağlı çoxlu sayda ifadələr gözə çarpır. IV Muradın at üstündə duran bir əsgəri atla birlikdə ikiyə bölməsi, yola aşan yüzlərlə kiloluq ağacları tək başına qaldırıb atması, qala qapılarını qoç başı ilə qırması, güləşdə məğlub olmaması, İrəvan səfərində top güllələrini tək başına topa sürməyi, İrandan gələn və qırılmaz olaraq söylənən bir kamanı iki dəfə sındırması, Bağdadda ikən çadırına girən 4 sui qəsdçini təkbaşına öldürməsi və s. Bütün bunlar onun fiziki baxımdan həddən çox güclü olmasına sübutdur. Şəxsən IV Murada məxsus gürz və kaman hal hazırda Topqapı Sarayında sərgilənir.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Hərəmxanası
[redaktə | mənbəni redaktə et]- Ayşə Hasəki Sultan (1614–1680) — Əslən albaniyalı olub, Jonima ailəsindən olan Həsən bəyin qızı və sədrəzəm Kəmankeş Qara Mustafa Paşanın qardaşı qızıdır. Böyük qardaşı isə Silahdar Musa ağadır. 1630-cu ilin may ayında Ədirnə Sarayında IV Muradla nikahlandı və hasəki sultan elan edildi. Nikah əsnasında vəkili olaraq Əyyub Paşa iştirak etmişdir. Ərinin vəfatından sonra Ədirnə Sarayında yaşadı.
- Sənubər Hasəki Sultan (1616–1677) — Əslən bosniyalı olub, kəniz olaraq saraya alınmışdır. Kösəm Sultan tərəfindən tərbiyə edilmiş və 1631-ci ildə IV Muradla nikahlanmışdır. Böyük bacısı Dilavər Xatuna sultan tərəfindən Çuxurhisarda bir köşk hədiyyə edilmiş, ərinin vəfatından sonra isə burada yaşamağa başlamışdır. Uzaq qohumu olan İsmayıl Paşa isə 1659-cu ildə I İbrahimin qızı Atikə Sultanla evləndi və 1666 tarixində Ərzurumda vəfat etdi.[6]
Oğlan uşaqları
[redaktə | mənbəni redaktə et]- Şahzadə Əhməd (21 dekabr 1627 –1628)
- Şahzadə Numan (1628 –1629)
- Şahzadə Orxan (1629 –1629)
- Şahzadə Həsən (mart 1631 –1632)
- Şahzadə Süleyman (2 fevral 1632 –1635)
- Şahzadə Mehmed (8 avqust 1633 –1637)
- Şahzadə Osman (9 fevral 1634 –fevral 1634)
- Şahzadə Ələddin (26 avqust 1635 –1637)
- Şahzadə Səlim (1637 –1640)
- Şahzadə Əbdülhəmid (15 may 1638 –1638)
- Şahzadə Mahmud (may 1640 –1647)
Qız uşaqları
[redaktə | mənbəni redaktə et]- Gövhərxan Sultan (fevral 1630 – ö. 1647) — 1645-ci ildə Hasəki Mehmed Paşa ilə evləndirilmişdir.
- Xanzadə Sultan (1630 –1680) — Avqust 1645 tarixində Kürəkən Nəqqaş Həsən Paşa ilə evləndirilmişdir.
- Əsməhan Qaya Sultan
- Gülbahar Sultan (1634–1645) — zəhərlənərək ölmüşdür.
- Safiyə Sultan
- Fatma Sultan (1636 –1640)
- Rabiyə Sultan (1636 –1690)
- Ruqiyə Sultan
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Murad IV // Encyclopædia Britannica (ing.).
- ↑ E. van Donzel, Islamic Desk Reference: Compiled from the Encyclopaedia of Islam, Brill Academic Publishers, s. 219
- ↑ Robert Bator, Daily Life in Ancient and Modern Istanbul, Runestone Press, s. 42
- ↑ Douglas Arthur Howard, The History of Turkey, Greenwood Press, s. 195
- ↑ "Arxivlənmiş surət". 2016-11-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-16.
- ↑ Cəlal Təmruqoğlu, "Osmanlı Hanedanı"
Mənbə
[redaktə | mənbəni redaktə et]- Dördüncü Murad’ın Bağdat Seferi Menzilnâmesi: Bağdat Seferi Harp Jurnalı (haz. Halil Sahillioğlu, TTK Belgeler, II/3-4 [1965] içinde), s. 11-35;
- IV. Murad’ın Revan Seferi Menzilnâmesi (haz. Nezihi Aykut, TD, sy. 34 [1984] içinde), s. 191-246;
- Topçular Kâtibi Abdülkadir (Kadrî) Efendi Tarihi (haz. Ziya Yılmazer), Ankara 2003, II, 783-1134;
- Peçuylu İbrâhim, Târih, II, 393-451, 460-462, 486;
- Hasanbeyzâde Ahmed, Târih (haz. Nezihi Aykut, doktora tezi, 1980), İÜ Ed. Fak. Tarih Seminer Kitaplığı, nr. 3277, II, 354-410;
- Kâtib Çelebi, Fezleke, I, 346;
- Solakzâde, Târih, s. 721, 736-766;
- Mehmed Halîfe, Târîh-i Gılmânî, İstanbul 1340, s. 10-17;
- Evliya Çelebi, Seyahatnâme (Dağlı), I, tür.yer.;
- Naîmâ, Târih, II-III, tür.yer.;
- Müstakimzâde, Tuhfe, s. 738, 739;
- Hammer (Atâ Bey), IX, 3-296;
- Zinkeisen, Geschichte, IV, 3-524;
- N. Jorga, Geschichte des Osmanischen Reiches, Gotha 1910, III, 388, 449-479;
- Uzunçarşılı, Osmanlı Tarihi, III/1, s. 148-208;
- Danişmend, Kronoloji2, III, 257, 325-386;
- K. Teply, Die Kaiserliche Grossbotschaft an Sultan Murad IV. im Jahre 1628 des Freiherrn Hans Ludwig von Kuefsteins Fahrt zur Hohen Pforte, Wien 1976, s. 17, 29-31, 42;
- Kerim Yans, IV. Murad Devrinde Osmanlı-Safevî Münasebetleri (doktora tezi, 1977), İÜ Ed. Fak., s. 77-214;
- Oktay Aslanapa, Osmanlı Devri Mimarisi, İstanbul 1986, s. 340-343, 521-523;
- Midhat Sertoğlu, IV. Murad, Ankara 1987;
- Önder Bayır, IV. Murad’ın Hatt-ı Humâyunları (yüksek lisans tezi, 1994), MÜ Sosyal Bilimler Enstitüsü;
- Hüsrev Subaşı, “Hattat Osmanlı Padişahları”, Osmanlı, Ankara 1999, XI, 54-55;
- Süheyl Ünver, “Dördüncü Sultan Murad’ın Revan Seferi Kronolojisi”, TTK Belleten, XVI/64 (1952), s. 547-576;
- Mehmet İnbaşı, “The Register of Expenditures of Murat IV’s Bagdad Campaign”, AO, LIV/4 (2001), s. 497-508;
- M. Cavid Baysun, “Murâd IV.”, İA, VIII, 625-647;
- A. H. de Groot, “Murād IV”, EI² (İng.), VII, 597-599; Öztuna, TMA, II, 39-40
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]IV Murad Doğum: 27 iyul 1612 Vəfat: 8 fevral 1640
| ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri I Mustafa |
Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı 10 sentyabr 1623-8 fevral 1640 |
Xələfləri I İbrahim |
Sünni İslam titulları | ||
Sələfləri I Mustafa |
İslam Xəlifəsi (خلافة إسلامية) |
Xələfləri I İbrahim |
- 27 iyulda doğulanlar
- 1612-ci ildə doğulanlar
- 27 yaşında vəfat edənlər
- 8 fevralda vəfat edənlər
- 1640-cı ildə vəfat edənlər
- İstanbulda dəfn olunanlar
- Osmanlı xanədanı
- Əlifba sırasına görə vəzifəli şəxslər
- İstanbulda doğulanlar
- 18 fevralda vəfat edənlər
- İstanbulda vəfat edənlər
- Osmanlı sultanları
- İyulda doğulanlar
- 9 fevralda vəfat edənlər