41°02′24″ şm. e. 29°02′24″ ş. u.HGYO

Bəylərbəyi sarayı

Vikipediya, azad ensiklopediya
(Bəylərbəyi Sarayı səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Bəylərbəyi sarayı
Beylerbeyi Sarayı
Xəritə
41°02′24″ şm. e. 29°02′24″ ş. u.HGYO
Ölkə  Türkiyə
Şəhər İstanbul
Yerləşir Üsküdar
Aidiyyatı Osmanlı imperiyası
Memar Sarkis Balyan
Aqop Balyan
Tikilmə tarixi 1863-1865
Üslubu Osmanlı memarlığı
Material Mərmər, daş
Vəziyyəti stabil
Rəsmi sayt millisaraylar.gov.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bəylərbəyi sarayıİstanbulun Üsküdar rayonunda 1861–1865-ci illərdə inşa olunan Osmanlı sarayı.

Üsküdar rayonunun Bəylərbəyi səmtində yerləşən saray dövrün Osmanlı padşahı Sultan Əbdüləzizin sifarişi ilə, erməni əsilli baş memar Sarkis Balyan tərəfindən inşa olunmuşdur. Yay sarayı və əcnəbi dövlət adamlarının qonaq edilməsi məqsədilə hazırlanan sarayın inşaat prosesi 6 avqust 1863-cü ildə başlamış, açılış mərasimi isə 21 aprel 1865-ci ildə cümə salamlığının ardından Sultan Əbdüləzizin iştirakı ilə baş tutmuşdur. O illərdə sarayın inşaat xərcləri təqribən 500 min Osmanlı lirəsi olaraq hesablanmışdır.

Sarayın yerləşdiyi ərazinin tarixi Bizans dövrünə qədər gedib çıxır. Belə ki, Bizans imperatoru II Konstansi burada böyük bir xaç heykəli inşa etdirmiş, bu səbəblə bölgə Bizans dövründə stavroz (yunanca xaç deməkdir) bağçaları olaraq adlanmışdır. XVII əsr erməni səyyahı və tarixçisi Eremya Çələbiyə görə, vaxtilə bu ərazidə Bizans dövründən qalma bir kilsə və pravoslav ziyarətgahı var idi və bu məkanlar XVII əsrin əvvəllərinə qədər ayaqda qalmışdı. Osmanlı dövründə isə ərazi padşahların xas bağçalarından biri olaraq istifadə edilmiş, II Səlim dövrünün bəylərbəylərindən Mehmed Paşanın burada köşk inşa etməsinin ardından ərazi Bəylərbəyi olaraq anılmağa başlanmışdır.

Ərazidə Osmanlı dövrünə aid ilk tikili yenə II Səlimin qızlarından Gövhərxan Sultanın sarayı idi. Saray uzun müddət ayaqda qalmış, hətta Osmanlı padşahlarından IV Murad məhz bu sarayda dünyaya gəlmişdir. Bunun şərəfinə atası Sultan Əhməd burada Şövqabad qəsri adlanan bir saray inşa etdirmişdir. Sonrakı illərdə bölgədə III Əhməd tərəfindən Fərahabad köşkü və I Mahmud tərəfindən anası üçün Fərahfəza qəsri inşa edildi. III Mustafa dövründə bölgədəki bütün tikililər dağıdılmış və ərazi əhaliyə satışa çıxarılmışdır. Ancaq bu ərazi II Mahmud dönəmində yenidən satın alındı və 1829-cu ildə burada yeni bir saray inşa edildi. Cəmi 22 il ayaqda qalan sarayın böyük bir hissəsi 1851-ci ildə baş tutan yanğınla yararsız hala düşdü. Yanğın əsnasında dövrün padşahı I Əbdülməcidin də sarayda olması səbəbilə saray uğursuz hesab edildi və tərk edildi. Daha sonra 1861–1865-ci illərdə yanan sarayın yerində Sultan Əbdüləzizin sifarişi ilə bugünkü Bəylərbəyi sarayı inşa olundu. Sarayın memarı o illərdə sarayın baş memarı olan erməni əsilli Sarkis Balyan və saray memarlarından olan qardaşı Aqop Balyandır.

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Tamamilə daş və mərmərdən inşa edilən sarayın planı düzbucaqlı formasındadır. Təqribən 2500 m2 əraziyə yayılan saray, yüksək zirzəmi üzərinə inşa olunan 2 mərtəbədən ibarətdir. Hər iki mərtəbədə ümumilikdə 6 salon, 24 otaq, 1 hamam və 1 vanna otağı var. Saray kompleksi ana bina və binanın arxasında qalan bağçada yerləşən köşklərdən ibarətdir. Ana bina dedikdə nəzərdə tutulan Bəylərbəyi sarayı isə Mabeyn və Validə sultan bölümü olaraq 2 hissədən ibarətdir. Validə sultan otağından dərhal sonra gələn və dənizə paralel şəkildə yerləşən hərəmxana bölümü isə ana binadan ayrı olaraq tikilmiş ancaq günümüzə gəlib çatmamışdır. Sarayın dənizə baxan cəbhəsi uzun hasarla bağlanıb və bu hasardan içəriyə hərəm və mabeyn tərəfdə olmaqla 2 qapıyla girilir. Bunlardan hərəmxana tərəfə açılan qapının üzərindəki gerb ornamenti qızılı, digəri isə ağ rəngdədir.

Sarayın tavanı orta yüksəklikli daş müqəvva ilə əhatə olunmuşdur. Ana binanın 3 qapısı var. Bunlardan cənubda Üsküdar istiqamətində yerləşən qapı mabeyn üçün nəzərdə tutulmuşdur. Beykoz istiqamətində yerləşən şimal qapısı isə hərəmxana qapısı olaraq istifadə edilmişdir. Salonların tavanı Osmanlı bayraqlı gəmi şəkillərilə bəzədilmişdir. Sultan Əbdüləzizin dəniz və dənizçilik marağı səbəbilə sarayın daxili interyeri daha çox dəniz və gəmi motivlərilə bəzədilmişdir.

Komplesin əsas binası hesab edilən saray binası renesansbarokko üslublarında inşa edilmişdir. Sahil üzərində planlanan sarayın pəncərələri düzbucaqlı şəklində olub, üzəri kəmərlərlə bəzədilmişdir. Pəncərələrin və divar künclərinin arasında tək və cüt olaraq müxtəlif ölçülü sütunlar mövcuddur. Birinci mərtəbə tamamilə mərmərdən, ikinci mərtəbə isə mərmərə bənzər daşlarla döşənmişdir. Sarayın daxili interyeri də yenə oyma, rəsm və yazı sənət nümunələri ilə bəzədilmişdir. Binanın hər iki mərtəbəsinin planı da ortadakı böyük salon və onun ətrafındakı otaqlar formasında hazırlanmışdır. Birinci mərtəbədə suyu dənizdən alınan və üzəri şüşə ilə örtülü bir hovuz yerləşir. Bu mərtəbə mərkəzdəki böyük salon və künclərdəki 4 otaqdan ibarətdir. İkinci mərtəbəyə hovuzun qarşısında yerləşən iki tərəfli böyük bir pilləkənlə çıxılır. Bu mərtəbədə yerləşən salon isə Qəbul salonu adlanır. İkinci mərtəbədə bundan başqa 2 kiçik salonla dənizə və bağçalara baxan kiçik otaqlar yerləşir.

Dəniz köşkləri

[redaktə | mənbəni redaktə et]

Ana bina hesab edilən sarayın dənizə baxan cəbhəsində hər iki tərəfdə bir ədəd olmaqla 2 dəniz köşkü yerləşir. Səkkizbucaqlı planla inşa edilən köşklər bağça çardağı formasında olub, tavanları çadır formasında hazırlanmışdır. Hər iki köşk 1 otaq və 1 vanna otağından ibarətdir.

Mərmər köşk

[redaktə | mənbəni redaktə et]

II Mahmud dövründən qalma bu köşkün cəbhələri tamamilə mərmər lövhələrlə örtülmüşdür. Köşkün adı buradan qaynaqlanır. Saray bağçasının cənub cəbhəsində ən arxada qaldığına görə Sərdab köşkü olaraq da adlandırılır. Bir mərtəbəli olan köşk ampir üslubda inşa edilmişdir. Böyük bir salon və 2 otaqdan ibarət köşkün salonunda böyük oval bir hovuz yerləşir.

Saray bağçasının şərq cəbhəsində hovuz kənarında yerləşən köşk zirzəmisiylə birlikdə 3 mərtəbədən ibarətdir. Mərmərdən inşa edilən köşkün hər mərtəbəsində bir salon və 2 otaq yerləşir.

Mərmər köşkdən biraz irəlidə saray bağçasının ən son ancaq ən yüksək bölümündə yerləşən köşk Osmanlı mədəniyyətindəki at mədəniyyətinin ən gözəl nümunələrindən biridir. Giriş hissəsində tavanlarda at və digər heyvan fiqurları təsvir edilmişdir. Köşkün ahır hissəsi isə təqribən 20 bölümdən ibarət olmuş və burada sultanın atları saxlanılmışdır. Köşkün qapı və pəncərələri at nalı formasındakı kəmərlərlə bəzədilmişdir. Köşkün həyətində hər biri Parisdən gətirilən tunc heyvan heykəlləri yerləşdirilmişdir.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]