V Mehmed

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
V Mehmed
خامس محمد ريشا
27 aprel 1909 – 3 iyul 1918
ƏvvəlkiII Əbdülhəmid
SonrakıVI Mehmed
Şəxsi məlumatlar
Doğum tarixi 2 noyabr 1844(1844-11-02)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 3 iyul 1918(1918-07-03)[1][2][…] (73 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti rəhbər, yazıçı
Atası I Əbdülməcid
Anası Gülcamal Qadınəfəndi
Həyat yoldaşları Kamurəs Qadınəfəndi
Mihrəngiz Qadınəfəndi
Dürrüadən Qadınəfəndi
Nazpərvər xanım
Dilfirib xanım
Uşaqları Mehmed Ziyayəddin Əfəndi
Mahmud Nəcməddin Əfəndi
Ömər Hilmi Əfəndi
Ailəsi Osmanlı xanədanı
Dini Sünni, İslam
Hərbi xidmət
Döyüşlər
Rütbəsi general-feldmarşal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

V Mehmed Rəşad (Osmanlı türkcəsi: محمد خامس — Meḥmed-i ẖâmis) (2 noyabr 1844[1][2][…], Çırağan sarayı, İstanbul, Osmanlı imperiyası3 iyul 1918[1][2][…], İstanbul) — 35-ci Osmanlı sultanı və 114-cü İslam xəlifəsi.

2 noyabr 1844-cü ildə Çırağan sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Gülcamal Qadınəfəndidir. Saray ənənələrinə uyğun olaraq böyüdüldü. Ərəbcə, farsca və dini dərslər aldı. 9 aprel 1857-ci ildə Dolmabağça sarayında qardaşları Nurəddin Əfəndi, Kəmaləddin ƏfəndiBurhanəddin Əfəndiylə birlikdə sünnət edildi. Atasının və əmisi Sultan Əbdüləzizin səltənəti illərində sərbəst və rahat həyat sürdü. Qardaşı Sultan Əbdülhəmid taxta çıxdıqdan sonra vəliəhd oldu və sarayda nəzarət altında yaşamağa başladı. Özündən əvvəlki 2 sultanın taxtdan endirilməsi səbəbilə narahat olan Sultan Əbdülhəmid qardaşının sarayda yaxın ətrafından başqa heç kimlə görüşməsini istəmirdi. Bu qapalı və təhlükəli həyat tərzi onun əqli və psixoloji vəziyyətinə olduqca mənfi təsir edirdi. Sultan Əbdülməcidin daha əvvəl taxta çıxan hər iki oğlu (V MuradII Əbdülhəmid) saray çevrilişi nəticəsində hakimiyyətə gəlmişdi. 31 mart hadisəsinin ardından İttihad və Tərəqqi cəmiyyətinin söz sahibi olduğu Məclis-i Məbusan bir yandan Sultan Əbdülhəmidi taxtdan endirməyə, digər yandan isə Mehmed Rəşad Əfəndini taxta çıxarmağa qərar verdi (27 aprel 1909). Bundan başqa məclis, İttihadçıların üsyanı yatıran ordusunun İstanbula gəlişini şəhərin ikinci fəthi hesab edərək yeni sultana V Mehmed ünvanının verilməsini qərarlaşdırdı.

Səltənət illəri

[redaktə | mənbəni redaktə et]

Sultan Rəşad həmin gün Hərbi nazirlikdə keçirilən andiçmə mərasimində məşrutiyyətin ilk sultanı olmaqdan fəxr hissi duyduğunu və bütün Osmanlılarla birlikdə məşrutiyyətin və müqəddəs səltənətin xidmətində olacağını bildirdi. Şəriəti, məşrutiyyəti, millətin hüquqlarını və vətənin mənfəətlərini qoruyacağına and içdi. Məclis üzvlərinin hamısının mərasimdə iştirak etməməsi səbəbilə andiçmə mərasimi Məclis-i Məbusan binasında yenidən təkrarlandı (20 may 1909). V Mehmed ünvanıyla taxta çıxarılsa da, xalq tərəfindən Sultan Rəşad olaraq adlandırıldı.

Taxta çıxdığı il 65 yaşında olan Sultan Rəşadın doqquz illik səltənəti böyük böhranlar içərisində keçdi. 10 dəfə hökumət dəyişdi. Bütün hökumət kabinetləri böhranlı bir şəraitdə qurulmuş və yenə böhranlı bir şəkildə iqtidardan çəkilmişdir. Sultan Rəşad isə bu böhranların qarşısını almağa və ya istiqamətini dəyişməyə qadir deyildi. Bundan başqa konstitusiyaya görə, icra hakimliyi tamamilə sədrəzəmin əlində idi. Sədrəzəm və qurduğu hökumət kabineti məclis qarşısında məsuliyyət daşıyırdı və Məclis-i Məbusanın təsdiqi olmadan fəaliyyət göstərə bilmirdi. Sultanın sədrəzəm təyin etmə hüququ olsa da, sədrəzəmin fəaliyyətinə qarışa bilmirdi. Bu səbəblə sultanın siyasi gücü azalmış və saray dövlət idarəsinin mərkəzindən ayrılmışdı. Siyasi həyatın əsas mərkəzi İttihad və Tərəqqi cəmiyyəti ilə sədrəzəm və onun hökumət kabinetinə təhvil verilmişdi. Belə ki, bu vəziyyət hələ taxta çıxdığı ilk gün məlum olmuşdu. İstanbulu idarəsi altına alan diktator Mahmud Şövkət Paşa andiçmə mərasimi əsnasında sabiq sultanı Salonikiyə sürgün etmişdi. Əslində isə bundan nə sultanın, nə də sədrəzəmin xəbəri vardı. Ertəsi gün xəbəri fransız səfirindən alan sədrəzəm vəziyyətə sultana bildirmək üçün saraya gəlmiş, ancaq saraydakı xidmətçilərin də alındığını öyrənmişdir. Sultan Rəşadın təkidlə vəzifədə qalmasını istədiyi Əhməd Tofiq Paşa İttihadçıların təzyiqi ilə istehfa verdi. Yerinə isə onların istəyilə Hüseyn Hilmi Paşa gətirildi (5 may).

Bu əsnada ikinci məşrutiyyətin elanından sonra bütün ölkədə başlanan iğtişaşlar davam edirdi. Bunun əsl səbəbi isə konstitusiyaya uyğun idarəçilik forması ilə ənənəvi Osmanlı idarəçiliyi arasında fərqləin olması idi. Hətta bu vəziyyət ölkənin bəzi yerlərində ayaqlanmaların baş verməsinə səbəb olmuşdu. Əhali ilə yaxınlıq qurmaq və ölkənin dərdləri ilə yaxından tanış olmaq üçün sultan tez-tez İstanbulda gəzintilərə çıxırdı. Sədrəzəm və bəzi nazirlərlə birlikdə Bursaİzmitə səyahət etdi. Burada din və irqindən asılı olmayaraq əhalinin bütün təbəqələrindən olan insanlarla danışıqlar aparırdı. Məktəblərə və xeyriyyə qurumlarına iyanələr bəxş edirdi. Bu gəzintilər səbəbilə xüsusi olaraq kəsilən pulları hədiyyə olaraq payladı. Məclis-i Məbusanın ikinci ilinin açılış mərasimində (18 noyabr 1909) çıxış edən Sultan Rəşad bu gəzintilərdə gördüyü və şahid olduğu hadisələrdən danışdı. Bütün vətən övladlarında Osmanlı qardaşlığı fikrinin gücləndiyini görməkdən məmnun olduğunu bildirdi. Onun fikrincə, bunun əsas səbəbi bərabərliyi təmin edən məşrutiyyət və onun idarəçilik formasının təbii bir nəticəsi idi.

Məşrutiyyətin elan edilməsinə nail olan və siyasi həyatın mərkəzində yer alan İttihad və Tərəqqi cəmiyyətinin ölkə idarəçiliyində heç bir təcrübəsi yox idi. Cəmiyyətə bağlı olan bəzi şəxslər azadlıq və məşrutiyyət adı altında pərdə arxasından öz mənafelərini güdürdülər. Ayrı-seçkilik edən İttihadçılar istəmədikləri və ya onlardan tərəf olmayan dövlət adamlarını istehfaya məcbur edir, onların yerinə öz adamlarından bir nəfəri təyin edirdilər. Bu səbəblə ölkənin idarəsi təcrübəsiz və naşı insanların əlinə düşdü. Konstitusiya çərçivəsində səltənətini davam etdirən Sultan Rəşad, konstitusiyaya bağlı olan və ya zahirən belə görünən hökumət kabinetlərinin qərarlarına zidd getmirdi. İttihadçıların təzyiqlərindən bezərək istehfa verən Hüseyn Hilmi Paşanın yerinə, yenə İttihadçıların istəyilə Roma səfiri İbrahim Haqqı bəy təyin edildi (12 yanvar 1910). Vəzirlik rütbəsi alaraq sədarətə gətirilən İbrahim Haqqı Paşa İttihadçılara sələfindən daha bağlı oldu. İttihadçıların ölkə və dünya siyasi həyatından uzaq fikirləri ölkənin müxtəlif yerlərində üsyanlara səbəb olmuşdu. Alban üsyanının qəddarcasına yatırılması isə bu gərginliyi daha da artırdı. Balkan millətlərinin kilsələrinin provaslav kilsəsindən ayrılmasından sonra Rumelidəki məktəb və kilsələrin aidiyyətı problemi həll olunmamışdı. Balkan millətlərinin Osmanlılara qarşı birləşməsinin qarşısını almaq üçün Sultan Əbdülhəmid tərəfindən qurulan mükəmməl planı İttihadçılar bir qərarla məhv etdi (3 iyul 1910). İstanbul ortodoks patriarxı sultanı ziyarət edərək bu qərarı imzalamamasını istəsə də, Sultan Rəşad xristian millətlər arasındakı düşmənçiliyi aradan qaldıracağına inandığı bu qərarı təsdiqlədi. Beləliklə, Balkan millətlərinin Osmanlı əleyhində birləşməsi başlamış, Balkan müharibəsinə zəmin yaratmışdır. Balkan yarımadasında yenidən çıxan iğtişaşların ardından yerli əhalini sakitləşdirmək və yenidən dövlətin lehinə qazandırmaq üçün sultanı Rumeli səyahətinə göndərdilər (5–26 iyun 1911). Sədrəzəm və bəzi dövlət adamlarının da iştirak etdiyi səyahət Çanaqqala, Saloniki, Skopye, Priştina, KosovaBitola şəhərlərini əhatə edirdi. Sultan Rəşad bu şəhərlərdə və gəzinti boyunca keçdiyi yerlərdə təzahüratlarla qarşılandı. Ulu babası Sultan Murad Hüdavəndigarın türbəsinin yerləşdiyi Kosova çölündə cümə namazı qıldı.

Sultan Rəşadın Rumeli səyahəti bir çox kəsimlər, xüsusilə də albanlar üzərində müsbət təsir göstərdi. Ancaq sultanın hökumətə təsir edə bilməməsi və İttihadçıların bundan istifadə etməsi nəticəsində bölgədə sabitlik təmin olunmadı. Cəmiyyətin inhisarçılıq siyasəti nəticəsində məclisdə onlara qarşı müxalif qrup yaranmışdı. Mətbuatda bu şəxslərin yeni bir siyasi partiya qurması və rəhbərliyinə İttihad və Tərəqqinin qurucularından Sadiq bəyin gətirilməsi xəbərləri çıxdı. Sədrəzəmin istehfa verməsindən çəkinən Sultan Rəşad Sadiq bəyi Salonikiyə sürgün etdi.

İbrahim Haqqı Paşa hökumətinin yanlış siyasətlərindən biri də Trablusqərb-Benqazi vilayətindəki əsgər sayını azaltması idi. Əvvəllər Roma səfiri olan İbrahim Haqqı Paşanın, Sultan Əbdülhəmidin bölgədəki italyanlara qarşı yaratdığı bu vilayəti ordusuz və hakimsiz qoyması İtaliyanı bölgədə gücləndirdi. Trablusqərbin boşaldılmasını və təslim edilməsini tələb edən İtaliya 29 sentyabrda Osmanlı imperiyasına müharibə elan etdi. Hadisənin səbəbkarı olaraq görülən İbrahim Haqqı Paşa həmin gün istehfa verdi. İtaliya Afrika qitəsindəki son Osmanlı torpağı olan Trablusqərb-Benqazi bölgəsini ilhaq etdiyini elan etdi (5 oktyabr).

Sultan Əbdülhəmid dövründə 7 dəfə sədarətə gətirilən Mehmed Səid Paşa yenidən sədrəzəm oldu (30 sentyabr 1911). Müxalif qüvvələr və onları dəstəkləyən mətbuat İbrahim Haqqı Paşanın mühakimə edilməsini istəyirdi. Məclisdəki Trablusqərb vəkillərinin verdiyi bu təklifi İttihadçıların qəbul etməməsi nəticəsində müxalif qüvvələrin birləşməsi prosesi sürətləndi. Hürriyət və İttifaq cəmiyyəti qurularaq (21 noyabr 1911) Kürəkən Fərid Paşa rəhbər, Sadiq bəy isə rəhbər köməkçisi təyin edildi. Məclisdəki 105 müxalif vəkilin 70-inin yeni partiyaya qatılması və İstanbulda keçirilən seçimlərdə (11 dekabr) bu partiyanın qələbə qazanması İttihadçıların gözünü qorxutdu. Sultan Rəşadın əliylə məclisi bağlamaq istədilər. Ancaq konstitusiyanın 35-ci maddəsinə görə, sultana aid olan bu hüququ məşrutiyyyəti təhlükəyə salması bəhanəsiylə daha əvvəl dəyişdirmişdirlər. Mehmed Səid Paşa, bu hüququn yenidən sultana verilməsi üçün konstitusiyanın 35-ci maddəsində dəyişiklik etmək fikrini məclisdə irəli sürsə də, müxalif qüvvələr bu təklifi qəbul etmədi. Nəticədə Səid Paşa vəzifədən ayrıldı (30 dekabr 1911).

Sultan Rəşad, bütün bunlara baxmayaraq Səid Paşanın sədarətdə qalmasını istəyirdi. Hürriyət və İttifaq cəmiyyətindən bir heyət sultanı ziyarət edərək bu dəyişikliyə qarşı olmadıqlarını, ancaq Səid Paşanı sədarətdə görmək istəmədiklərini bildirdilər. Sultan Rəşad isə məclisdəki bütün vəkillərin millətin təmsilçisi olduğunu və onun gözündə hər kəsin bərabər olduğunu bildirərək bu məsələyə qarışmadı. Yeganə arzusunun vətənin xoşbəxtliyi, inkişafı və qorunması olduğunu deyən Sultan Rəşad sədrəzəmin təyin edilməsi hüququnun ona aid olduğunu yumşaq bir dillə izah etdi. Məclis-i Məbusan rəhbəri Əhməd Rza bəyi saraya dəvət edərək müxalif qüvvələrin konstitusiyadakı dəyişiklik məsələsinə olan münasibətini bildirən Sultan Rəşad siyasi partiyalar arasındakı münasibətlərin yaxşılaşmasını istəyirdi. Müxalif qüvvələrin etirazına baxmayaraq Səid Paşa doqquzuncu dəfə sədarətə gətirildi (31 dekabr 1911). Səid Paşa 36-cı maddənin dəyişdirilməsi məsələsini məclisdə yenidən gündəmə gətirdi. Müxalif qüvvələrin etirazından sonra konstitusiyanın 7-ci maddəsinə uyğun olaraq, sultanın fikri alınaraq Məclis-i Məbusan ləğv edildi (18 yanvar 1912). Beləliklə, həm İbrahim Haqqı Paşa mühakimə edilməkdən xilas oldu, həm də ikinci məşrutiyyətin həqiqi çoxpartiyalı dövrü başa çatdı. İttihad və Tərəqqinin təzyiqi altında keçirilən və "dəyənəkli seçimlər" olaraq adlandırılan seçimlərdə Hürriyət və İttifaq cəmiyyəti aradan qaldırıldı. Seçimlərdən sonra çağırılan məclisdəki (18 aprel 1912) vəkillərin 15-i istisna olmaqla, hamısı İttihad və Tərəqqi cəmiyyətinin üzvləri idi.

Paytaxtda konstitusiya dəyişikliyi, məclisin ləğvi və seçim keçirilməsi ilə vaxt itirildi və Trablusqərbdə vəziyyət ağırlaşdı. İtaliya Egey adalarını işğal etdikdən sonra (24 aprel — 20 may 1912) İstanbul təhlükə altına düşdü. Bu əsnada Balkan dövlətləri də Osmanlı əleyhinə müharibəyə hazırlaşdı. Alban üsyanı yenidən alovlandı. Üsyanı yatırmaqla vəzifələndirilən ordunun bəzi zabitləri dağa çıxaraq üsyana qoşuldu. Bu zabitlər İstanbuldakı təmsilçiləri vasitəsilə hökumətə memorandum göndərərək məclisin ləğv edilmsini və Kamil Paşa rəhbərliyində yeni bir hökumət kabinetinin qurulmasını, əks təqdirdə hakimiyyətə əl qoyulacağını bildirdilər. Hərb naziri Mahmud Şövkət Paşa dərhal istehfa verdi (9 iyul 1912). Onun ardından bir neçə nazirin də könüllü şəkildə vəzifədən ayrılması nəticəsində Səid Paşa hökuməti də istehfa verdi (16 iyul 1912). Nəticədə iqtidar İttihadçıların əlindən çıxdı.

Sultan Rəşad sədarətə Əhməd Tofiq Paşanı gətirmək istəsə də, paşa hələ məclis ləğv edilmədən əvvəl bu təklifi rədd etmişdi. Bu əsnada bəzi hərbi şura üzvləri sultanı ziyarət edərək ordudakı nizamın pozulduğunu və Alban üsyanının getdikcə böyüdüyünü bildirdilər. Sultan Rəşad isə ertəsi gün orduya xitabən bir bəyannamə nəşr etdirdi (19 iyul 1912). Bu bəyannamədə təcrübəli və tərəfsiz dövlət adamlarından yeni bir hökumət kabineti quracağını bildirdi. Uzun danışıqlardan sonra Əhməd Muxtar Paşa sədarətə gətirildi (22 iyul 1912).

Məşrutiyyət dönəminin hərb keçmişli ilk sədrəzəmi olan Əhməd Muxtar Paşa tərəfsiz dövlət adamlarından təşkil etdiyi hökumət kabinetinə 3 sabiq sədrəzəmi də daxil etdiyi üçün, əhali bu hökumətə "böyük kabinet" adını vermişdi. İttihad və Tərəqqinin artan təzyiqinə baxmayaraq iqtidardan getməsi 1908-ci ildən bəri davam edən siyasi tarazlığı tamamilə dəyişdirdi. Bunun ən ağır nəticələri isə Balkan müharibəsi əsnasında görüldü. Əhməd Muxtar Paşa ilk öncə uzun müddətdir davam edən hərbi vəziyyəti ləğv etdi (23 iyul). Ardından Sultan Rəşadın əliylə Məclis-i Məbusanı ləğv etdirdi (4 avqust).

Balkan müharibəsinin başlamasının ardından (8 oktyabr) İtalyayla sülh bağlayan hökumət (18 oktyabr) bu sülhlə birlikdə Trablusqərb-Benqazi bölgəsinin itirilməsini qəbul etdi. Ordu daxilindəki nizamsızlıq cəbhədə ağır məğlubiyyətlərə səbəb oldu. Egey adaları və Ədirnəyə qədərki bütün Rumeli torpaqları itirildi. Bu vəziyyətdə sultan, Əhməd Muxtar Paşanı vəzifədən aldı və Mehmed Kamil Paşanı sədarətə gətirdi (29 oktyabr). Kamil Paşa Məclis-i Məbusan ləğv edildiyi üçün sarayda yeni bir məclis çağırdı. Məşvərət üçün çağırdığı bu məclisə Mahmud Şövkət Paşa bəhanə göstərərək qatılmadı. Şahzadələr isə dinləyici olaraq məclisdə iştirak etdilər. Kamil Paşa müharibənin zərərlərini ən aza endirmək üçün əlindən gələni etsə də, 2 ay 23 gün sonra baş tutan qanlı bir hərbi çevrilişlə istehfaya məcbur edildi (23 yanvar 1913). Ənvər Paşanın idarə etdiyi bu hərbi çevriliş Bab-ı Əli hücumu olaraq tarixə düşdü. Çevrilişlə hakimiyyəti ələ keçirən İttihadçılar sultana təzyiq göstərərək Mahmud Şövkət Paşanı sədarətə gətirdilər. Ancaq Mahmud Şövkət Paşa da sədarətdə qaldığı 4 ay 19 gün boyunca vəziyyəti düzəldə bilmədi. Kamil Paşanı vətənə xəyanətlə günahlandıran və Ədirnəni xilas etmək vədiylə iqtidarı ələ keçirən İttihadçılar London müqaviləsini imzalayaraq (30 may) Ədirnə də daxil olmaqla, bütün Rumelini Balkan dövlətlərinə təslim etdi. Mahmud Şövkət Paşa da bir sui-qəsd nəticəsində öldürüldü (11 iyun 1913).

Sultan Rəşad Hüseyn Hilmi Paşanı sədarətə gətirmək istəsə də, İttihadçılar daha rahat söz keçirəcəkləri Səid Həlim Paşanı sədrəzəm təyin etdirdilər (12 iyun). Tamamilə İttihadçılardan ibarət olan hökumət ilk öncə Mahmud Şövkət Paşa cinayətindəki təqsirkarları cəzalandırdı. Ancaq bu mühakimə prosesi öz hüdudlarını aşmış, İttihadçılar bu yolla bütün müxaliflərini aradan qaldırmışdı. 350 nəfər Sinopa sürgün edilmiş, 12 nəfər haqqında edam hökmü verilmişdi.

Sultan Rəşad Almaniya imperatoru II VilhelmƏnvər Paşa ilə birlikdə, may 1918

İkinci Balkan müharibəsi əsnasında Ədirnənin geri alınması (21 iyul 1913) ordunun nüfuzunu artırdı. Bir qrup zabitin birləşərək Ənvər bəyi hərbi nazir etməyə hazırlaşdığını öyrənən hərbi nazir Əhməd İzzət Paşa istehfa verdi. Podpolkovnik rütbəsindəki Ənvər bəy hərbi nazir oldu (3 yanvar 1914). Camal bəy də eyni yolla bahriyə naziri təyin edildi. Tələt bəy isə daxili işlər naziri olaraq hökumət kabinetində fəaliyyət göstərirdi. Beləliklə, Tələt-Camal-Ənvər üçlüsü hökumətdə yeganə söz sahibi oldular. İttihad və Tərəqqi hakimiyyəti altında keçirilən seçimlərdən sonra (may 1914) məclis sultanın da iştirak etdiyi mərasimlə fəaliyyətə başladı. Bu əsnada Səid Həlim Paşanın iqtidarda heç bir gücü qalmamışdı. Sultan Rəşad da bütün məsələləri Tələt-Camal-Ənvər üçlüsü ilə müzakirə edirdi. Hətta sultanın etdiyi bəzi təyinatlar bu üçlü tərəfindən qəbul edilməyərək geri çevrilirdi. Almaniyayla gizli ittifaq qurduqları gün (2 avqust 1914) məclis 5 aylıq tətilə göndərildi. Tətil əsnasında bu üçlü cəmiyyətin və hökumət kabinetinin xəbəri olmadan ölkəni müharibəyə daxil etdi (11 noyabr 1914).

Sultan Rəşad fikri alınmadan atılan bu addımı geri çevirə bilmədi və həmin gün yazdığı bəyannamə ilə Antanta dövlətlərinə (İngiltərə, FransaRusiya) müharibə elan edildiyini bildirdi. Bundan başqa "cihad-ı əkbər" bəyannaməsiylə bütün müsəlmanları orduda xidmətə çağırdı. Sultan Rəşad müharibənin səbəbini bu 3 dövlətin təhrikedici siyasəti ilə əlaqələndirirdi. Məclisin açılışında da (14 yanvar 1915) İttihad və Tərəqqinin diliylə vəziyyəti izah edən Sultan Rəşad tərəfsizlik elan edilməsinə baxmayaraq rus donanmasının Osmanlı gəmilərinə hücum etməsinə cavab olaraq müharibəyə qoşulduğunu bildirdi.

İstanbul işğal altına düşmə təhlükəsi yaşamış, hökumətin Əskişəhərə köçürülməsinə qərar verilmişdi. Sultan Rəşad da bu qərarı təsdiqləyərək Əskişəhərə getmək üçün hazırlıq işləri gördü. Bu əsnada Bəylərbəyi sarayında həbs olunan qardaşı Sultan Əbdülhəmidi də özüylə aparmaq istəmiş, ancaq sabiq sultan paytaxtı tərk etmək istəmədiyini və onun da getməməli olduğunu söylədi. Beləliklə, Sultan Rəşad İstanbulda qaldı. Məclisin 1916-cı ildəki açılış mərasimində Çanaqqalaİraq cəbhələrində qazanılan qələbələrdən danışdı. Ancaq 1917-ci ildəki açılışda artıq zəfərlərdən danışa bilmədi. İttihadçılarla münasibətləri tamamilə pozulan Səid Həlim Paşa istehfa etdi (3 fevral 1917). Daxili işlər naziri Tələt Paşa vəzirlik rütbəsi verilərək sədarətə gətirildi. ƏnvərCamal Paşa da vəzifələrində qaldılar. Tələt Paşa hökuməti Sultan Rəşadın səltənətindəki onuncu və sonuncu hökumət kabineti idi. Sultan Rəşad bundan sonra saraya qapandı və yalnız vacib protokol məclislərində iştirak etdi. Müharibə səbəbilə ölkəni ziyarət edən müttəfiq dövlətlərin təmsilçilərini qəbul etdi. Alman imperatoru II Vilhelmin (sentyabr 1917) və Avstriya-Macarıstan imperatoru I Frans İosifin (may 1918) ziyarətlərini qəbul etdi.

Sultan Rəşad uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkirdi. Daha əvvəl də prostat vəzindən əməliyyat olunmuşdu. Avstriya-Macarıstan imperatorunun qarşılanması zamanı ard-arda verilən ziyafətlər xəstəliyini daha da şiddətləndirdi. Ramazan ayının 15-ci günü ənənəvi hırka-ı səadət ziyarətini güclüklə yerinə yetirdi (24 iyun). Bundan sonra sarayına çəkildi və vəfatına qədər saraydan çıxmadı. Baş katibinin gətirdiyi sənədləri yatağında imzaladı. Həyatının böyük hissəsini təzyiqlər altında keçirən, səltənəti dövründə böyük böhranlar yaşayan Sultan Mehmed Rəşad Mudros sülhünün imzalanmasını görmədən vəfat etdi (3 iyul 1918). Hələ sağlığında Əyyubsultanda inşa etdirdiyi Mehmed Rəşad türbəsinə dəfn olundu.

Oğlan uşaqları

[redaktə | mənbəni redaktə et]

Qız uşaqları

[redaktə | mənbəni redaktə et]
  • Meclis-i A‘yân Zabıt Cerîdesi, c. I, Devre 3, İçtimâ 1, Ankara 1989, tür.yer.;
  • Meclis-i Meb‘ûsan Zabıt Cerîdesi, c. I-III, VII, Devre 1 ve 3, İçtimâ 1, 2, 3 ve 4, Ankara 1991, tür.yer.;
  • Ruşen Eşref [Ünaydın], İki Saltanat Arasında, İstanbul 1334, s. 5-23;
  • Mehmed Selâhaddin, Bildiklerim, Kahire 1334, tür.yer.;
  • Lütfi Simavî, Osmanlı Sarayının Son Günleri (İstanbul 1340), (s.nşr. Şemsettin Kutlu), İstanbul, ts. (Hürriyet Yayınları), s. 15-369;
  • Mahmud Muhtar, Maziye Bir Nazar (İstanbul 1341), (s. nşr. Erol Kılınç), İstanbul 1999, s. 125-266;
  • Halid Ziya Uşaklıgil, Saray ve Ötesi, İstanbul 1940-41, I-III, tür.yer.;
  • İbnülemin, Son Sadrıazamlar, I-IV, tür.yer.;
  • Ali Fuat Türkgeldi, Görüp İşittiklerim (Ankara 1949), Ankara 1984, s. 33-137;
  • Yusuf Hikmet Bayur, Türk İnkılâbı Tarihi, Ankara 1943-67, II/1-4, tür.yer.;
  • Cemil Topuzlu, İstibdat-Meşrutiyet-Cumhuriyet Devirlerinde 80 Yıllık Hatıralarım (İstanbul 1951), İstanbul 1994, s. 141-148, 175-180;
  • Tarık Zafer Tunaya, Türkiye’de Siyasal Partiler (İstanbul 1952), İstanbul 1989, III, 35-135;
  • Danişmend, Kronoloji, IV, 380-440, 520-525, 557-560;
  • Mufassal Osmanlı Tarihi, İstanbul 1963, VI, 3424-3570;
  • Feroz Ahmad, İttihad ve Terakki: 1908-1914 (trc. Nuran Ülken), İstanbul 1971, tür.yer.;
  • Meserret Diriöz, “Gazel-i Hümâyûn ve Tahmisleri”, Birinci Millî Türkoloji Kongresi: 6-9 Şubat 1978, İstanbul 1980, s. 105-114;
  • Mevlüt Çelebi, Sultan Reşad’ın Rumeli Seyahati, İzmir 1999, tür.yer.;
  • Cüneyt Ölçer, Sultan Mehmed Reşad ve Sultan Mehmed Vahdeddin Dönemi Osmanlı Madeni Paraları, İstanbul, ts. (Yenilik Basımevi), s. 1-53;
  • Takvîm-i Vekāyi‘, sy. 390, İstanbul 1325, s. 5;
  • “Sultan Mehmed Reşad’ın Nutuk’u”, SM, III/63 (1325), s. 161-162;
  • Mehmed Reşad, “Beyannâme-i Hümâyun”, SR, IX/215 (1328), s. 139;
  • a.mlf., “Vesâik-i Târîhiyye, Muhtariyet Fermanı”, a.e., IX/216 (1328), s. 158-159;
  • Nahid Sırrı Örik, “Meşrutiyetin İlk Padişahı”, Tasvîr, İstanbul 23 Mart 1948;
  • a.mlf., “5. Sultan Mehmed’e Aid Hatıralar”, a.e., 30 Nisan 1948;
  • a.mlf., “5. Sultan Mehmed İçin Son Sözler”, a.e., 17 Mayıs 1948;
  • “Balkan Harbi Arefesinde Sultan Reşad’ın Rumeli Seyahati”, Hayat Tarih Mecmuası, III/2 (26), İstanbul 1967, s. 26-31;
  • Enver Ziya Karal, “Mehmed V”, İA, VII, 557-562;
  • A. J. Mango, “Meĥemmed V Reѕћād”, EI² (İng.), VI, 983-984;
  • İsmet Parmaksızoğlu, “Reşad, V. Sultan Mehmed”, TA, XXVII, 289-291
  1. 1 2 3 4 Mehmed V // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 Mehmed (Mehmed V. Reschad (Reşad)) // Brockhauz Ensiklopediyası (alm.).
V Mehmed
Doğum: 2 noyabr 1844 Vəfat: 3 iyul 1918
Hakimiyyət titulları
Sələfləri 
II Əbdülhəmid

Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı

27 aprel 1909-3 iyul 1918
Xələfləri 
VI Mehmed Vahidəddin
Sünni İslam titulları
Sələfləri 
II Əbdülhəmid

İslam Xəlifəsi (خلافة إسلامية)
Xələfləri 
VI Mehmed Vahidəddin