Samux xalçaları
Xalça | |
Samux xalçaları | |
---|---|
| |
Xalça haqqında məlumatlar | |
Məktəbi | Gəncə xalçaçılıq məktəbi |
Növü | Xovlu |
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Bölgə | Samux |
Toxunması haqqında məlumatlar | |
Üslubu | Gəncə xalçaçılıq məktəbi[1] |
Digər məlumatlar | |
Material | ipək/yun |
Samux xalçaları — Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçalarıdır.[2] Xalçalar adını Gəncə şəhərindəb 35 km şimalda yerləşən Samux yaşayış məntəqəsinin adından almışdır. Samux xalçaları Gəncə xalçaçılıq məktəbinin yüksək keyfiyyətli xalçalar kateqoriyasına aiddir.[3] Samux xalçaları Gəncə qrupunda ən qədim və ən məşhur xalçalar hesab olunur.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Samux xalçaları adını Gəncədən 35 km şimalda yerləşən Samux yaşayış məntəqəsinin adından götürülmüşdür. Belə xalçalar Samux rayonunun şimal — qərb hissəsindəki xalçaçılıq məntəqələrində — Kəsəmən, Salahlı, Poylu, Qazaxlı və başqa kəndlərdə də istehsal olunur.[2] Bəzi sənətşünaslar səhvən xalçaya adı çəkilən kəndlərin adlarını verirlər.[2] Samux xalçaları Gəncə qrupunda ən qədim və ən məşhur xalçalar hesab olunur.[2]
Bədii xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Xalçanın sadə, lakin orijinal kompozisiyası Gəncə qrupundan olan digər xalçaların kompozisiyasından fərqlənir. Ara sahənin mərkəzində kvadrat formada göl yerləşir.[2] Həm göllə bağlı müxtəlf etnoqrafi məlumatlar vardır.[3]
Bəzi yaşlı xalçaçılar belə hesab edirlər ki, həmin göl manqalı simvolizə edir.[3] Digərləri isə onu "kürsü" adlandırsalar da, həmin sözün müasir Azərbaycan dilindəki anlamı ilə əlaqələndirmirlər.[3] Belə ki, müasir dövrə kimi, Yaxın və Orta Asiya, İran və Azərbaycanda yaşayan xalqlar, qışda qızınmaq üçün kürsü adlanan ocaqlardan istifadə edirdilər.[3]
Lətif Kərimov qeyd edir ki, "Xalq ustalarının fikirlərinə əsaslanaraq deyə bilərik ki, xalçanın mərkəzindəki göl təsviri atəşpərəstlərin dini mərasimləriylə bağlı olmaqla müəyyən əşyanı simvolizə edir."[3]
Kvadrat gölün içində bir neçə uzun üfiqi zolaq var. Bu zolaqlar içəriyə əyilən iri formalı qarmaqşəkilli elementlə tamamlanır. Gölün yuxarı və aşağı hissələrində orta ölçülü ulduz şəkilli medalyonlar yerləşir. Bu medalyonlar daha çox Şirvan və Quba xalçaları, xüsusən Zeyvə xalçaları üçün xarakterikdir.[3]
Ara sahənin sərbəst yerlərini Gəncə və Qarabağ xalçaları üçün xarakterik olan dairə formasında nəbati bəzəklər doldurur. Bundan başqa ara sahənin aşağı və yuxarı hissəsində Samux xalçasının əsas elementləri — vəl və quş təsvir olunmuşdur. Lətif Kərimovun fikrincə xalçada vəl təsvirinə yer verilməsi xalçanın aid olduğu ərazidə əkinçiliyin inkişafı ilə əlaqədardır.[3] Samux xalçasının köbə zolağı və onu təşkil edən haşiyələr (iki kiçik haşiyə və ara haşiyə) orijinal quruluşa malikdir. Qocaman xalq sənətkarları ara haşiyənin ardıcıl təkrarlanan elementlərini qar, kiçik haşiyəni təşkil edən elementləri isə çaxmaq adlandırırdılar. Çaxmaq elementi "S" latın hərfini xatırladır. Bu işarə hələ qədim zamanlardan suyun simvolu hesab olunur.[3]
Texniki xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Samux xalçaları 150x250 sm ölçüdə və ya uzunsov formada olur.[3] İlmələrin sıxlığı: hər kvadrat desimetrdə 32x32 ilmədən 38x38 ilməyə qədər yerləşir (hər bir kvadrat metrdə 102 min ilmədən 144 min ilməyə qədər).[3] Xovun hündürlüyü 6–8 mm-dir.[3]