Konfusiçilik

Vikipediya, azad ensiklopediya
(Konfutsiçilik səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç

Konfusiçilik (Çincə: 儒學, köhnə 儒学) — Çində dini-etik təlim.


Din

Dini özünüdərkin növləri

Monoteizm  · Dualizm  · Politeizm  · Deizm · Teizm  · İtsizm · Panteizm · Pandeizm

İbtidai inanclar

Totemizm  · Animizm  · Fetişzm  · Şamanizm

Dünya dinləri

Buddizm · Bəhailik

İbrahimi dinlər

İudaizm · Xristianlıq · İslam

Dharma dinləri

İnduizm · Caynizm · Siqhizm · Buddizm

Ənənəvi Uzaq Şərq dinləri

Daoizm · Konfutsiçilik · Şintoizm

Digər dinlər

Tenqriçilik  · Zərdüştilik

Əsas anlayışlar

Tanrı · Ruh · Günah  · Sakrallıq · Ruh · İman  · Doqmat · Müqəddəs Kitablar  · Ölümdən sonrakı həyat  · İbadət  · Məbəd

Dinlərin siyahısı

g · m

Konfusiçilik Çində e.ə. V–VI əsrlərdə yaranıb. O, ən qədim fəlsəfi sistemlərdən və daosizm və buddizmlə birlikdə üç əsas dini-etik təlimdən biri hesab edilir. Çin imperiyasının müəyyən tarixi məqamlarında isə konfusiçilik əsas din, rəsmi dövlət ideologiyası funksiyasını oynayıb. Onların ön plana çəkdiyi və ciddi-cəhdlə tətbiq etdiyi sosial etika cəmiyyət hüdudlarında fərdin mənəvi kamillyinə yönələrək qədimiliyin nüfuzu ilə təqdis edilən ciddi müəyyənləşdirilmiş normalar çərçivəsində, mahiyyət etibarilə, digər dinlərin də əsasında duran mistikaya, bəzən isə hətta ekstaza bürünmüş kortəbii etiqadın ekvivalenti idi.

Din olmasa da, konfusiçilik sözün əsl mənasında az qala dindən də güclüdür. Konfusiçilik həm siyasi, həm inzibati sistem, həm də iqtisadi və sosial proseslərin əsas tənzimləyicisi, bir sözlə, Çin həyat tərzinin özülü idi.

2000 ildən çox bir müddətdə konfusiçilik çinlilərin ağıl və duyğularının formalaşmasına, onların inanclarına, psixologiyalarına, düşüncələrinə, davranışlarına və məişətlərinə ciddi təsir etdi. Bu mənada konfusiçilik dünyanın geniş yayılmış dinlərinin heç birindən geri qalmır. Bu təlim Çin milli mədəniyyətinin bütün çalarlarına, əhalinin milli xarakterinə nəzərə çarpacaq dərəcədə rəng qatdı.

Konfusi

Konfusiçiliyin əsl adında (ju – ([tzya tzyao]) – "intellektual şagirdlər məktəbi") onun yaradıcısının adının olmaması da təsadüfi deyildi. Çünki Konfusinin məqsədi yeni təlim yaratmaq yox, çox uzaq keçmişi sevmək və ona inanmaq idi. Konfusiçilərin sələfləri əsasən məmur ailələrindən olan və rəsmi mövqelərini itirdikdən sonra müəllimlik edənlər idi. Onlar sonralar Onüçkitabçılığın bir hissəsini təşkil etmiş qədim kitabları təlim etməklə dolanırdılar. Onüçkitabçılıq təlimləri (Şi-san tzin) – konfusiçiliyin qanun-qaydalarını təşkil edən 13 qədim Çin klassik əsərləridir. Onüçkitabçılığın tarixi isə Xan dövrünə gedib çıxır. O zaman (e.ə. 140–87-ci illər) aşağıda adı çəkilən əsərlərin daxil olduğu Beşkitabçılıq mövcud idi.

  • 1. Şitzin (mahnı və himnlər kitabı);
  • 2. Şutzin (tarix kitabı);
  • 3. İtzin (dəyişikliklər kitabı);
  • 4. Li tzı (mərasimlər haqqında qeydlər);
  • 5. Çuntzyu (payız və yaz salnaməsi).

Tan sülaləsi dövründə (e.ə. 907–618-ci illər) Beşkitabçılığa aşağıdakılar əlavə eildi:

  • 6. Çjou li (Çjou sülaləsinin ritualları);
  • 7. İli (etiket və mərasimlər haqqında kitab);
  • 8. Tzou-Çjuan (cənab Tsyuminin xronikası);
  • 9. Qunyan-Çjuan (cənab Qunyan Qaonun xronikası);
  • 10. Qulyan-Çjuan (cənab Qulyan Çinin xronikası).

İmperator Ven-tszuenin dövründə (e.ə. 840–827-ci illər) bu mətnlər daş plitələrə yazıldı. Bu zaman onlara daha üç kitab əlavə edildi:

  • 11. Syao Yzsin (ehtiramlı oğullar kitabı);
  • 12. Lun yuy (mülahizə və söhbətlər);
  • 13. Er ya (nəfis sinonimlər lüğəti və kanon kitablarına şərhlər).

Onüçkitabçılığın formalaşması Şimali Sun dönəmində (e.ə. 1127–960-cı illər) Men-tzsı traktatı əlavə edilməklə sona çatdı. Bu kitablar Çinin tarixində mühüm rol oynayaraq iki min il ərzində ölkənin və təlim-tərbiyənin idarə olunmasının əsasını təşkil edirdilər. Konfusi (Kun-tszı, e.ə. 551–479-cu illər) Çjou sülaləsi dönəmində Lu səltənətində (indiki Şandun əyalətinin Tsyuyfu şəhəri) O, 22 yaşında Çinin ən məşhur pedaqoqu kimi ad aldı. Kun-tszı məktəbində 4 kitab: əxlaq (Şitszin), dil (Şutszin), siyasət (Litszi) və ədəbiyyat (Yuetszin) öyrədilirdi.

Konfutsinin konsepsiyası

[redaktə | mənbəni redaktə et]

Humanizm (jen) özündə təvazökarlıq, təmənnasızlıq, ləyaqət, insanlara sevgi və s. keyfiyyətləri birləşdirir. Jen – yalnız qədim insanların malik olduğu, demək olar ki, əlçatmaz bir idealdır. Konfusi müasirlərindən humanist olaraq yalnız özünü və sevimli şagirdi Yan Xueyi hesab edirdi. Lakin əsl tzyun-tszı üçün təkcə humanizm kifayət etmirdi. O, həmçinin daha vacib bir keyfiyyət – borcluluq duyğusuna malik olmalı idi. Borc – humanist insanın öz məziyyətləri çərçivəsində üzərinə götürdüyü mənəvi öhdəlikdir.

Borcluluq duyğusu, bir qayda olaraq, öz xeyrini bilməklə yox, bilik və yüksək prinsiplərlə şərtlənir. "Xeyirxah adam borc haqqında düşünür, rəzil adam isə mənfəət haqqında düşünür" deyə Konfusi öyrədirdi. O, həmçinin düzlük və səmimilik (çjen), ədəb, əxlaq, mərasim və ənənələrə sadiqlik (li) kimi anlayışları da təhlil edir. Konfusi ilə təmasda olan şagirdlərin yazılarında filosof ədalətli, soyuqqanlı, təmkinli, işgüzar təsvir edilir. Həyatda praktik olan Konfusi öz təlimində də bu cürdür. Onun bütün söhbətləri və təlimatları, həyatı müdriklik xarakteri daşıyır və adi, təbii tələbatları aşmır. Onun bütün təlimi üç əsas: dövlətin təbəələri ilə, ataların uşaqları ilə və ərlərin arvadları ilə düzgün davranmalarında tamamlanır. Bundan başqa, 5 ali məziyyət və ya öhdəliklərin tam yerinə yetirilməsi tələb olunur:

  • — insansevərlik, yəni özün kimi hamıya şəfqətlə yanaşmaq;
  • — ədalət və ya üzgörənlik etmədən hər bir kəsin layiq olduğu mükafat və cəzanın verilməsi;
  • — qanunlara tabeolma və hakim dinin təyin etdiyi adət-ənənələrə riayət olunması;
  • — həqiqətə uyğunluq, daha doğrusu hər cür yalana daim ikrah bəslənilməsi;
  • — hər zaman və hər yerdə düzlük və təmizlik.

Konfusi bu qaydalara əməl olunmasının xoşbəxtlik gətirəcəyinə inanırdı və onlara əsaslanaraq öz təlimini yaratmışdı. Bu təlimin əsas prinsipi fəaliyyətdə tarazlığın qorunması və bütün anlarda sakitliyin saxlanması, heç bir vəchlə ehtirasa qapılmamadır. Konfusiyə görə, hər bir müdrikin can atmalı olduğu mənəvi kamillik elə budur. İnsan hər zaman ortanı gözləməlidir: nə qatı nifrət, nə məhəbbət; çox kədərlənməməli, çox sevinməməli – bir sözlə, heç zaman ifrata qapılmamalıdır. Bundan başqa, digərlərinə olan münasibətlərdə də əxlaq qaydalarına əməl etməlidir, yəni özünə arzulamadığını başqlarına da arzulamamalıdır. Ədalət və düzgünlük, özünə və sözünə inam, səmimilik anlaşılmazlıqların aradan qaldırılmasına və ictimai münasibətlərə xeyirxah yanaşmanın əsasıdır. Özündən böyüklərə hörmət və ehtiram, həlimlik, dözüm və nəhayət istisnasız hər kəsə nəzakətlə yanaşmaqla ortanı və harmoniyanı gözləmək olar.

Bu prinsiplərə riayət edilməsi alicənab tzyun-tszının borcudur. Beləliklə, Konfusinin "alicənab insanı" ibrətamiz məziyyətlərə malik mücərrəd sosial idealdır. Bu ideal bənzətmə üçün mütləq sayılırdı, ona yaxın olmaq isə sosial nüfuz və şərəf hesab olunurdu. Bu, xüsusilə, Xan dövründə (e.ə. III əsr) Çin imperiyasını idarə edən məmurlara aid idi. Bu təlim dövlət quruluşunu, xalqın mənəvi və əxlaqi durumunu, məişətini əhatə edən bütün səviyyələr üçün stimul sayılırdı. Xalqa bu təlimi daha yaxşı aşılamaq üçün Konfusi mərasimlər adlanan bütöv bir kodeks yaratmışdır. Mərasimlər insanlara müəyyən vəziyyət və zamanda özlərini necə aparmalarını, mübahisə və toqquşmalardan qaçaraq ədəb-ərkan qaydalarına riayət etməyi öyrədir. Konfusi deyirdi ki, mərasimlər səma ilə yerin əlaqəsini, insanlar arasında qayda-qanunu təsdiq edir və süni deyildir. O, öyrədirdi ki, mərasimlər əşyaların müxtəlifliyinə, onların aşağı və ya yüksək məziyyətlərinə, təbiətin hər yerində mövcud olan müxtəlifliyə əsaslanır. Buna görə də, nikah, dəfn, qurbankəsmə zamanı həyata keçiriləcək müxtəlif təlimatlar nəzərdə tutulmuş, eləcə də hakim və məmur, ata və övlad, ər və arvad, böyüklər və kiçiklər arasında əlaqələrin forması müəyyən edilmişdi. Beləcə, bu təlim Çinin siyasi və ailə quruluşuna tətbiq edilirdi. Hakimin demokratik təməli və qeyri-məhdud hakimiyyətinin tərəfdarı olan bu təlim eyni zamanda "qızıl orta" prinsipini də unutmurdu: – "hökmdarın yalnız həddini keçən tələblərinə riayət etməmək olar". "Qızıl orta" cəmiyyət və onun üzvlərinin ideal vəziyyəti sayılırdı. Ona nail olmaq üçün isə bütün hərəkətləri düşünərək etmək, tələsməmək və qaydalara pedantcasına əməl etmək zəruri idi.

Bunlardan başqa nifrət və sevgiyə də ölçülü yanaşılmalı idi. Konfusi pisliyə, bədxahlığa qarşı yaxşılıqla, xeyirxahlıqla cavab verilməsinin cəfəng və mənasız olması qənaətindəydi: "Bəs onda xeyirxahlığı nə ilə cavablandıraq?", – deyə soruşurdu. O, həmçinin, mənasız qəhrəmanlığı da qəbul etmirdi. Əgər görürsən ki, insanı xilas etmək mümkün deyil, onda niyə hədər yerə risk edəsən ki? Münasibətlərin əsasında hörmət, dostluq, qayğıkeşlik dayanmalıdır. Heç vaxt Li çərçivəsindən kənara çıxmaq olmaz. Konfusi hər zaman etiketin yalnız davranış üçün praktik orientir olduğunu xatırladırdı: "Əgər Li nə olduğu bilinmirsə, heç nəyə ümid etmək mümkün deyil".

Lao-tszı hərəkətsizlik və ibtidai sadəliyi öyrətdiyi halda, Konfusi hadisələrin gedişinə aktiv müdaxilə olunmasını təkid edirdi. Onun fikrincə, xalqı tale yazısına buraxmaq olmaz. Cəmiyyətin həyatında təbiilik və qanunlar arasındakı harmoniya hökm sürməlidir. "Təbiət sünilikdən irəlidə olanda barbarlıq, sünilik təbiəti ötəndə isə ikiüzlülük alınır. Yalnız təbii və süninin tarazlığı xeyirxah insanı yaradır".

Konfusinin dövlət haqqında olan baxışları

[redaktə | mənbəni redaktə et]

Konfusiçilik yarandığı ilk gündən sosial-etik və dövlət aparatına qovuşma cəhdinə görə seçilib. Bu cəhdə ailə-qohumluq kateqoriyalarına dövlət və səmavi hakimliyinin nəzəri izahları da uyğun gəlirdi: "dövlət – bir ailədir", Səma oğlu həm də "xalqın atası və anasıdır". Dövlət cəmiyyət ilə, sosial münasibətlər isə ailə strukturunun əsasında olan ata və oğul arasındakı şəxsiyyətlərarası əlaqələrlə eyniləşdirilirdi. Konfusinin dövlət haqqında olan baxışlarında əsas diqqət "adların bərpasına" ayrılır. Hər bir insan özünü tutduğu mövqeyə tam uyğun şəkildə aparmalıdır. Əgər hökmdar əməldə yox, yalnız sözdə hakimdirsə, bu çox pisdir. Konfusi bir knyaza -"Dövlət, hakimin hakim, təbəənin təbəə, atanın ata, oğulun oğul olduğu halda çiçəkləyir", – demişdi. Əgər dövlət dövlət olmaq istəyirsə, "onun kifayət qədər ərzağı, qoşunu olmalı və xalq hökmdarına inanmalıdır". İmperator ölkənin atasıdır və təbəələr onun sadiq övladları olmalıdır. Ölkənin əhalisi 4 kateqoriyaya bölünürdü (bir növ hind kastalarını xatırladır):

  • 1. Anadangəlmə müdrik olanlar;
  • 2. Müdriklik qazana biləcək insanlar;
  • 3. Çətinliklə təlim görə biləcək insanlar;
  • 4. Müdrilklik qazana və bilik əldə edə bilməyəcək camaat.

Belə sıralanmış cəmiyyət, ali (düşünən və idarəedənlər) və aşağı (işləyən və tabe olanlar) təbəqədən ibarət olmalı idi. Hansı təbəqəyə mənsub olma kriteriyası kimi varislik və var-dövlət prinsipi deyil, insanın tzyun-tszı idealına yaxınlıq dairəsi götürülməliydi. Əslində bu kriteriya istənilən şəxsin yuxarıya yolunu çətinləşdirirdi: sadə camaatın məmurlardan "heroqliflər divarı" olan bilik ayırırdı. Li-tszıda (mərasimlər haqqında qeydlər) mərasim və qaydaların sadə camaata aid olmaması və ağır fiziki cəzaların savadlılara verilməməsi haqqında xüsusi qeydlər vardı.

Konfusi idarəolunmada son və ali məqsəd olaraq xalqın maraqlarını ifadə etməyə çalışırdı. Bunula belə, o, əmin idi ki, xalqın özünə öz maraqları anlaşılmazdırr və təlim görmüş konfusiçilərin köməyi olmadan onun idarə olunması mümkün deyil. "Xalqı doğru yolla getməyə məcbur etmək lazımdır, amma səbəbini izah etmək lazım deyil".

Konfusi həyatın mənası, Allah və ölümsüzlük haqqında suallara cavab axtarmırdı. Onu təbiətin sirrləri və insan mövcudluğunun faciəsi narahat etmirdi. Konfusi üçün əsas məsələ cəmiyyətin sakit çiçəklənməsinin yolunu tapmaq idi. O, Dao haqqında danışarkən, bu sözün arxasında əlçatmaz və sirrli bir şey olduğunu düşünmürdü: "Dao insandan uzaqda deyil: ağıldan uzaq bir yol seçilməsi əsil Dao deyil". Onun izah etdiyi Dao konkret sosial və etik ideal idi.

Amma bu Konfusinin Ali Başlanğıcı inkar etməsi anlamına gəlmir. Bu, sadəcə olaraq, Konfusiyə uzaq və mücərrəd göründüyü üçün onu az maraqlandırırdı. Onun dini baxışları isə mərasimlərə riayət olunması, özünün və təliminin taleyinin Səmadan asılı olmasını dərk etməsində idi. Ölümsüzlüyün mövcudluğu haqqında suala Konfusi belə cavab vermişdi: "Biz həyatın nə olduğunu bilmiriksə, ölümün nə olduğunu haradan bilərik?".

Mərasimlərə Konfusi sehrli anlam vermirdi. O, bütün anlaşılmazlıqlardan kənar olmağa çalışırdı. "İnsanlara necə kömək edəcəyimizi bilmiriksə, ölənlərə necə xidmət edə bilərik?". Bununla belə, kultun əhəmiyyəti də inkar edilmirdi. Konfusi ümumi əxlaqi-siyasi intizamın bir hissəsinin kultlaşdırma olduğunu görürdü. Ali Qurbanvermə mərasiminin mənasını anlamadığını etiraf etməklə yanaşı, onun həyata keçirilməsini vacib sayırdı. "Əgər əcdadlarımız qarşısında olan borcumuzun ödənilməsinə cəhd etməsək, xalqın əxlaqı yaxşılaşmayacaq". Konfusi ətrafdakı ədalətsizliyə qarşı olan və yüksək əxlaq uğrunda mübarizə aparan cəngavər idealını yaratmağa çalışırdı. Amma onun təliminin rəsmiləşməsi ilə ön plana məna yox, qədimliyə sadiqliyin nümayiş etdirildiyi xarici forma keçdi. Çində orta əsrlərdə hər adamın sosial-məmur iyerarxiyasında tutduğu yerə uyğun müəyyən norma və stereotiplər formalaşmış və kanonlaşdırılmışdı. Təhsil almaq, iş tapmaq kimi doğumdan ölümədək həyatın istənilən anında istənilən hadisə üçün ciddi və məcburi davranış qaydaları müəyyən olunmuşdu. E.ə. III yüzilliyin ortalarında konfusiçiliyin üstünü qatı təhlükə aldı. Taxta imperator Tsin Şi-xuandi çıxdı, o, qanunçuların təlimini rəhbər tuturdu ki, bu da sosial islahatları tələb edir və ciddi cinayət məcəlləsinə ümid bəsləyirdi. E.ə. 213-cü ildə imperatorun əmri ilə Çində ilk "mədəni inqilab" başladı. Dövlət ideologiyasına zidd olan bütün konfusiçi kitab və ədəbiyyat yandırıldı. Yüzlərlə konfusi təliminin bilicisi diri-diri torpağa basdırıldı, ya da Böyük səddin tikintisinə göndərildi. Lakin təqiblərin qızğın dövründə əlyazmaları qoruya bilən və ya onları əzbər öyrənən cəsarətli adamlar tapıldı.

206-cı ildə yeni Xan sülaləsinin hakimiyyətə gəlməyi ilə Konfusi təlimi yenidən dirçəldi. 174-cü ildə imperator özü müəllimin qəbrinə qurban gətirdi və bundan sonra Konfusi rəsmi olaraq millətin ən böyük müdriyi, Səma elçisi, "tacsız hökmdar" və ya "həqiqi hökmdar" (su van) elan edildi, onun təlimi isə rəsmi ideologiya statusu aldı. Mao Tszedun dövrünədək onun təlimi Çin mədəniyyətinin ayrılmaz hissəsi olaraq qaldı.

Konfusiyə görə sosial nizamın mühüm əsaslarından biri yaşca böyük olanlara ciddi itaət idi. Onun iradəsinə, sözünə, istəyinə kor-koranə itaət – həm bütövlükdə dövlət çərçivəsində, həm də qəbilə, ailə daxilində kiçik, tabe olan, rəiyyət üçün elementar norma idi. Konfusi xatırladırdı ki, dövlət – böyük ailə, ailə isə – kiçik dövlətdir.

Konfusi əcdadlara sitayişə dərin məna verirdi və onu hər bir çinlinin ilkin vəzifəsinə çevirmişdi. Konfusi oğulluq ehtiramı haqqında Syao təlimini işləyib hazırlamışdır. Syaonun mənası – valideynlərə Li qaydalarına uyğun xidmət, onları Li qaydalarına uyğun dəfn etmək və onlara Li qaydalarına uyğun qurban gətirməkdir.

Konfusiçi əcdadlara sitayiş kultu və Syao normaları ailə və qəbiləyə pərəstişin inkişafına gətirib çıxardı. Ailə cəmiyyətin özəyi hesab olunurdu, ailənin maraqları ayrı-ayrı şəxslərin maraqlarını dəfələrlə üstələyirdi. Elə daimi ailə artımı tendensiyası da buradan çıxmışdır. Münasib iqtisadi imkanlarla yaxın qohumların birgə yaşayışa can atması parçalanma meyllərindən xeyli üstün idi. Bir-birinin ətəyindən tutan və bəzən bütöv bir kəndi əhatə edən şaxələnmiş güclü qohum qəbilələr yaranırdı.

Syao Jen və digər məziyyətlərin və ölkəni idarə etməyin ən effektiv metodu hesab edilirdi.

Ailədə və cəmiyyətdə hər bir kəs, ailənin nüfuz sahibi olan üzvü, imperatorun hörmətli məmuru belə hər şeydən əvvəl ciddi konfusian ənənələr çərçivəsinə daxil edilmiş sosial vahid idi, bu çərçivələrdən kənara çıxmaq mümkün deyildi: bu "üzünü itirmək" demək idi, çinli üçün isə üzünü itirmək vətəndaşın ölümünə bərabər idi. Normalardan kənara çıxmağa yol verilmirdi, Çin konfusiçiliyi heç bir qeyri-adiliyi, zehni orijinallığı və ya yüksək mənəvi simanı dəstəkləmirdi: əcdadlara ciddi sitayiş normaları eqoist meylləri hələ uşaqlıqdan üstələyirdi.

İnsana uşaqlıqdan adət etdirilirdi ki, şəxsi, emosional, yüksək öz dəyərlər ümumi, qəbul olunmuş, rasional şərtləndirlimiş və hamı üçün vacib olanlarla müqayisəyə gəlməzdir.

İlk baxışdan ənənələrə belə sadiqlik qəribə görünə bilər. Konfusi dünyagörüşündə isə o, dərin mənaya malik idi, zira o, Nizamın rəhni idi. Tipik utopist olaraq o, elə bir cəmiyyət arzulayırdı ki, burada hər şey cüzi xırdalıqlara qədər nəzərdə tutulsun. Konfusi hesab edirdi ki, insan humanizm və etiket normalarına cəzasız riayət etməyi öyrənməlidir. Humanizm və etiket ailəni möhkəmləndirir: eyni zamanda o, dövlətdə əmin-amanlıq yaradır, hər şey firavan olan dövlət isə insana xoşbəxt həyat gətirir. Konfusi mülahizələrinin əsas axını bu cür idi.

Humanizm və etiket, Jen və Li Konfusi üçün universal həyat qanunları idi. Ancaq ona görə uzaq keçmişi öyrənmək zəruri idi, belə ki, keçmişdə onları kamil bilir və yerinə yetirirdilər. Jen və Li ilə müqayisədə idrak heç nədir.

Konfusiyə görə, humanizm şərtilik demək deyil, insanın əsl təbiətini açır, heç bir insan sinfi ilə məhdudlaşmır. Arzulayan hər kəs qəlbində onun oyanışına müvəffəq ola bilər. Özünütəkmilləşdirmək bacarığı "başqalarına özün kimi baxmaq vəziyyətində olmaqdır". Humanizmin mahiyyəti sadədir. Bu o deməkdir ki, özünə arzulamadığını başqalarına etməyəsən. Hələ buddizmdən və Əhdi-əqiqdən məlum olan və İncilin müqəddəs tutduğu bu ümumi əxlaq qanununu Konfusi heç bir fövqəlbəşəri başlanğıcla bağlamırdı. Konfusiyə görə, o, ilahi ehkamdan daha çox insanın təbii xüsusiyyətlərinin inikasıdır. "Bizim Müəllimin doktrinası, – konfusiçilər deyirdilər, – öz mahiyyətimizin əsaslarına sadiq qalmaqdan ibarətdir".

Konfusiçilık Çin cəmiyyətində aparıcı mövqe tutmağa, struktur möhkəmliyi əldə etməyə və öz qatı konservatizmini əsaslandırmağa müvəffəq oldu, bu da özünün ən yüksək təcəssümünü dəyişməz qayda kultunda tapırdı. Qaydaları gözləmək, nəyin bahasına olursa-olsun sifətini qorumaq, üzünü itirməmək – bütün bunlar artıq xüsusilə mühüm rol oynayırdı, çünki sabitliyin qarantı kimi baxılırdı. Nəhayət, konfusiçilık ölkənin səma ilə, səmanın adından – dünyada məskunlaşan müxtəlif tayfa və xalqlarla qarşılıqlı əlaqəsinin nizamlayıcısı kimi də çıxış edirdi. Konfusiçilık in-çjou dövründə yaranan hökmdara sitayişi, səmanın altını ulu səma tərəfindən idarə edən – "səma oğlu" imperator kultunu dəstəklədi və ucaltdı. Buradan da bütün dünyanın sivilizasiyalı Çin ilə işrətdə və cəhalətdə mənasız həyat sürən və bilik və mədəniyyəti bir mənbədən – dünyanın mərkəzi Çindən götürən mədəniyyətcə geridə qalmış barbarlara bölünməsinə cəmi bir addım qalmışdır.

Konfusi onun üçün, onun nəsli, yaxın tələbələri və davamçıları üçün xüsusi ayrılmış qəbirstanlıqda dəfn edilmişdir. Konfusinin evi konfusiçilık məbədinə çevrilmiş və ziyarət yeri olmuşdur.

  • Калкаева А., Калкаев Е. Новация и традиция в раннеимперском конфуцианстве (на материале трактата Ян Сюна "Великое Сокровенное") // Проблемы Дальнего Востока (журнал). М., 2003. № 1. С.132–142.
  • Кобзев А. И. Философия китайского неоконфуцианства. М., 2002. — 606 с. ISBN — 5-02-018063-7
  • Козловский Ю. Б. Конфуцианские школы: философская мысль и авторитарные традиции // Народы Азии и Африки. 1987. № 3. С.67–77.
  • Конфуцианство в Китае, проблемы теории и практики. М., 1982.
  • Кузнецов В. С. Конфуцианство в современном Китае // Вопросы истории.1997.№ 10. С. 155–159.
  • Ломанов А. В. Современное конфуцианство:философия Фэн Юланя. М., 1996.-248 с.
  • Радуль Затуловский Я Б. Книга: Кофуцианство и его распространение в Японии.
  • Ломанов А. В. Хэ Линь и современное конфуцианство // Проблемы Дальнего Востока. М., 199. № 5. С. 123–136.
  • Мартынов Д. Е. Николай Иванович Зоммер — первый исследователь неоконфуцианства в России // Четвёртые Торчиновские чтения: Философия, религия и культура стран Востока. / Сост. и отв. ред. С. В. Пахомов. СПб, 2007. С. 452–458
  • Невилл Р. "Бостонское конфуцианство" — корни восточной культуры на западной почве // Проблемы Дальнего Востока. 1995. № 1.
  • Переломов Л. С. Конфуцианство и легизм в политической истории Китая. М., 1981.-331 с.
  • Чэн Чжун-ин. Теория конфуцианской личности (selfhood), самосовершенствование и свободная воля в конфуцианской философии. Пер. с англ. А.Ломанова // Проблемы Дальнего Востока.1995.№ 6.
  • Роджер Т. Эймс. Диалог между конфуцианством и прагматизмом Дж. Дьюи // Сравнительная философия: Моральная философия в контексте многообразия культур. М., 2004. С.86–104.
  • Chang Wing-tsit. Neo-Confucianism and Chinese Scientific Thought // Philosophy East and West. Honolulu, 1957. Vol.6 N 4.
  • Joseph R. Levenson. Confucian China and its modern fate (1958–1965)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]