Aşıq Valeh

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
AŞIQ VALEH
Doğum tarixi 1722
Doğum yeri
Vəfat tarixi 1822
Vəfat yeri
Fəaliyyəti aşıq, şair
Əsərlərinin dili Axərbaycanca
Tanınmış əsəri Vücudnamə
Vikimənbənin loqosu Aşıq Valeh Vikimənbədə

Aşıq Valeh (Kərbəlayi Səfi Valeh[1]) (1722, Gülablı1822, Gülablı) — XVIII–XIX əsrlərin görkəmli Azərbaycan aşığı.

Yaradıcılığı ustad aşıqlar tərəfindən yüksək dəyərləndirilən, xalqın, elin-obanın dilindən düşməyən ustad aşıqlardan biri də Abdal-Gülablı Aşıq Valehdir. Aşıq Valeh 1722-ci ildə[2] Ağdamın Gülablı kəndində anadan olub. Əsl adı Səfidir. Kərbəlanı ziyarət etdiyi üçün xalq arasında Kərbəlayi Səfi kimi də tanınıb.

Səkkiz yaşlarında atası onu öz kəndlərində yaşayan Molla Mahmudun yanına qoyur, mükəmməl savad verməsini xahiş edir. Sonra təhsilini Şuşa qəriyəsində alır. 14 yaşlarında ikən Quranı başa vurur, lakin molla olmaqdan imtina edir[2].

İlk sənət dərsini dövrünün tanınmış sənətkarlarından olan doğma babası şair Məhəmməddən və Aşıq Güllü ilə Aşıq Cünundan almışdır. Atasının razılığı ilə dövrünün hörmətli sənətkarlarından olan Aşıq Səmədin yanına gedir və ona şəyirdlik edir. Aşıq Səməd Valehin saza-sözə olan həvəsini nəzərə alaraq aşıqlıq sənətinin ən incə sirlərini belə ona öyrədir. Bundan sonra ustad öz istedadlı şagirdini məclislərə, mərəkələrə aparır, onu sınaqlardan çıxarır. Hətta deyilənə görə Valeh təxəllüsünü də şəyirdinə ustadı Aşıq Səməd vermişdir. Çünki Valeh — valeh olmaq, vurulmaq, sevmək mənasında olmaqla, gənc yaşlarında gözəl bir qıza bənd olması da şairin şeirlərində öz əksini tapmışdır. Lakin həmin qızla evlənib-evlənməməsi bizə məlum deyildir. Bu barədə aşığın bizə gəlib çatmış "Vücudnamə"si hərtərəfli, geniş məlumat verir. Aşıq Valeh öz "Vücudnamə"sində həyatını, uşaqlıq və gənclik illərində məktəbdə oxumasını, 15 yaşından eşqə düşməsini, hətta ailə qurmasını, gəzdiyi yerləri, görüşdüyü şəxsləri açıq-aşkar şəkildə əks etdirməyə səy göstərmişdir[2].

100 il[2] (başqa məlumata[3] görə 93 il) ömür sürmüş ustad Aşıq Valeh Molla Pənah Vaqifin müasiri və yaxın məsləkdaşı olmuş, eyni dövrdə yaşamış və yaxın münasibətləri olmuşdur.

Onun yenilməz bir saz və söz ustadı kimi deyiş meydanlarında dəfələrlə sınanaraq qalib olduğu təsdiqlənmişdir. Buna misal "Valeh və Zərnigar" dastanı və onun qocalıq vaxtı İranda rəqibini bağlamasıdır. Onun bu deyişmələri aşıqlar tərəfindən dillər əzbərinə çevrilmişdir[2].

Aşıq Valehin həyat fəaliyyəti 25 yaşından sonra Zərnigar xanımla bağlıdır. Gənc yaşlarından ustad sənətkar kimi məşhurlaşmış Aşıq Valeh ətraf əyalətlərin də nəzər-diqqətini özünə cəlb edir. Bir neçə il müstəqil aşıqlıq etdikdən sonra özünə şəyird götürüb öyrədir, sələflərindən gələn ustad — şagird ənənəsini davam etdirir. Müasirləri olan Aşıq Qənbərin, Aşıq Cəlalın, Aşıq Əhmədin və başqalarının bir sənətkar kimi formalaşmasında onun mühüm rolu olmuşdur. Lakin sənətin sirlərinə bələd olmamış şəyirdi Səməd ondan ayrılıb müstəqil aşıqlıq etmək həvəsinə düşür. Nəhayət, gəlib Dərbənddə Zərnigar xanımla görüşüb deyişir, təslim olur. Zərnigar xanım ondan ustadının adını soruşur. O, isə Valehin ünvanını ona verir. Zərnigar xanım Aşıq Valehə açıq məktub yazıb onu Dağıstana — onunla deyişməyə dəvət edir:

Bir neçə aşığı eyləmişəm bənd,
Ayağında zəncir, boynunda kəmənd,
Adım Zərnigardır, məkanım Dərbənd,
Məni anar olsan, bu məkana gəl!

Məktubdan halı olan Valeh Dağıstana — Dərbənd şəhərinə gəlir. Zərnigar xanımla görüşür, onu bağlayıb, aşıqları zindandan azad edir və şərtə görə Zərnigar xanımla həyat qurmaq fikrini dəqiqləşdirir. O zaman Aşıq Valehin 25, Zərnigar xanımın 18–19 yaşı vardı. Deyilənə görə, Zərnigar xanım 1730-cu ildə Dərbənddə anadan olmuş, elə uşaq vaxtlarından şeirə, sənətə, saza böyük həvəs göstərmişdir. Buna görə də əhd edir ki, hər kim onu bağlasa, ona ərə gedəcək. Çox aşıqlar onu bağlamaq fikrinə düşürsə də, bir şey çıxmır, məğlub olub onun toruna düşür. Nəhayət, Qarabağın Abdal-Gülablı kəndindən Dağıstana gələn Aşıq Valeh deyişmələrində onu bağlayır, Zərnigar xanımı da götürüb Abdal-Gülablıya gəlir, onunla evlənir və ömürlərinin sonuna qədər bir-birilərinə sadiq qalırlar[2].

1747-ci ildə Aşıq Valehlə ailə həyatı quran Zərnigar xanım 1840-cı ildə Abdal-Gülablı kəndində vəfat etmiş və kəndin qədim qəbiristanlığında dəfn olunmuşdur[2].

1980-ci ildə Aşıq Valehin və Zərnigar xanımın itib-batmaqda olan məzarları Gülablı kəndinin girəcəyində gözəl bir yerə köçürülmüş və hər iki aşığın abidələri qoyularaq, xatirələri əbədiləşdirilmişdir. Həmin xatirə kompleksində hər iki sənətkarın kufə çapı ilə yazılan başdaşları da qoyulmuşdur. Aşıq Valehin ölüm tarixi onun kufə çapı ilə yazılmış başdaşında Hicri tarixi ilə 1238 (1822) kimi qeyd edilmişdir[4]

Yaradıcılığı

[redaktə | vikimətni redaktə et]

Aşıq Valeh yaradıcılığının az qismi günümüzə gəlib çatmışdır. Onun həyat və yaradıcılığının araşdırılması və toplanmasında kötükcəsi Aşıq Xaspolad Gülablının əvəzsiz xidmətləıri olmuşdur. Aşıq Valehin tədqiqatçıları Aşıq Xaspoladın şəxsi arxivindəki dəyərli materiallardan bu günə qədər yararlanırlar. Aşıq Xaspoladın dediyinə görə Aşıq Valehin külliyyatı 1905-ci ildə millət davasında ermənilər tərəfindən yandırılmışdır[3].

Aşıq Valeh bir sıra dastanların, rəvayətlərin, vücudnamələrin, qıfılbəndlərin, qoşma və gəraylıların, qəzəllərin müəllifidir. Onun ən məşhur şeirlərindən biri "Vücudnamə"sidir. Bu şeirdə aşığın həyatı ana bətnindən qəbirə qədər təsvir edilib. Bizə gəlib çatan şeirlərinin bir çoxu çağdaş şairlərdən Canıoğlu Abdulla, Baba bəy Şakir və Aşıq Qəmbər üçün yazılıb. Bu şeirlərində şairin onlarla olan şəxsi münasibətləri öz əksini tapıb.

Akademik Həmid Araslının qeyd etdiyi kimi, bu əsərlərdə xüsusən insanın dünyəvi həyatından bəhs edən hissə ümumi olsa da, çox realdır. Buna görə də alimlərimiz, tədqiqatçı mütəxəssislərimiz yeri gələndə öz fikirlərini təsdiqdə ustad aşıq tərəfindən yaradılmış "Vücudnamə"yə əsaslanması tamamilə məqsədəuyğundur. Aşıq Valeh özü haqqında açıq-aydın demişdir:

Səkkizdə, doqquzda Quranı seçdim,
On yaşında yaxşı-yamanı seçdim.
On birimdə Quran kitabı seçdim,
On beşimdə sərim doldu sevdaya.

Yaxud:

Valeh ləqəbimdir, Səfidir adım,
Allahı sevənlər, budur muradım… və s.

Aşıq Valehin yaradıcılığı elə bir dövrə təsadüf edir ki, bu dövrdə aşıq poeziyası, aşıq lirikası yazılı ədəbiyyata təsir göstərirdi. Yazıb-yaradan şairlərlə aşıqlar arasında da müəyyən yaxınlıq, dostluq var idi. Onlar hətta deyişir, bir-birilərinə nəzmlə məktub göndərirdilər. Bu zaman Aşıq Valehin əlaqə saxladığı, dostluq etdiyi, yaradıcılıq söhbətləri apardığı, fəxr və iftixar hissi ilə adını çəkdiyi sənətkarlardan biri də Molla Pənah Vaqif olmuşdur. Bunu Aşıq Valehin öz şeirlərindən, ayrı-ayrı bənd və misralardakı müraciətlərindən, el söyləmələrindən aydın görürük. Məsələn, o illərdə aşığın yaratmış olduğu bir şeirində deyilir:

Ustad Səməd sənətdə bir dağ idi,
Kələntərli Alı fəndli bağ idi.
On il əvvəl Molla Pənah sağ idi,
Valeh kimi aşıqlar ustadı var.

Bu misralarda aşığın Molla Pənah Vaqifə olan səmimi münasibəti, duyğuları açıq şəkildə görünür. Hətta bəzi şeirlərindən görünür ki, Qarabağ vilayətində xalqı incidən zülmkarlardan Aşıq Valeh vilayətin baş vəziri, həm də yaxın dostu kimi Vaqifə müraciət edərək ondan kömək diləmişdir. Məsələn, şeirlərinin birində deyilir:

Molla Pənah, ərzim sizə söyləyim,
Mahallıqca biz düşmüşük dara, bil.
Şadlıq sorağında biçarə xalqım
Həmdəm olub yenə ahu-zarə, bil.

Valehəm, bu dərdə varmı, de çarə,
İsgəndər bəy bizi salıb azarə.
Var-dövləti çəkib tökdü bazarə,
Biz rəiyyətik belə sitəmkarə, bil.

Əlbəttə, belə bəndlərin sayını artırmaq da olar. Aşıq Valehin dövrünün digər şair və aşıqları ilə də görüşləri, söhbətləri, hətta deyişmələri olmuşdur. Məsələn, Aşıq Cəlalla, ustadı Səmədlə, Aşıq Feyruzla, Məsum Əfəndi ilə, Aşıq Qənbərlə deyişmələri, şair Abdulla Canızadəylə məktublaşması onun xalq arasında böyük nüfuz sahibi, istedadlı aşıq, qayğıkeş insan və humanist bir vətəndaş olduğunu deməyə haqq verir.[2]

Aşıq Valeh yaradıcılğı Salman Mümtaz, Firudin Köçərli, Həmid Araslı, Əhliman Axundov, Məmmədhüseyn Təhmasib, Paşa Əfəndiyev, Famil Mehdi, Mürsəl Həkimov, Azad Nəbiyev, Məhərrəm Qasımlı, Mahmud Allahmanlı, Həsən Şıxavəndli, Almara Nəbiyeva, Məhərrəm Hüseyli və b.-nın tədqiqatlarında yer almışdır.

Yaratdığı havalar

[redaktə | vikimətni redaktə et]

Aşıq Valeh Aşıq Qurbanidən sonra aşıq havalarının bəstələyicisi kimi də tanınmışdır. Onun yaratdığı havalardan "Zil qaytağı", "Qaytağı" (buna "Qarabağ dubeyti" də deyirlər), "Baş sarıtel", "Orta sarıtel", "Qarabağ şikəstəsi", "Qarabağ ləngəri", "Yeltək", "Bayramı" və b. adını çəkmək olar[5][2]

Aşıq Valehin yaratdığı aşıq havalarını aşıqlarla bərabər Qarabağın şah sənətkarları olan Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Arif Babayev, Sara Qədimova, Səxavət Məmmədov və digər yüzlərlə xanəndə zərb muğamlarımızın ardınca və ya fərdi olaraq oxumuşlar. Bu havaların hər biri könülləri riqqətə gətirən bir müsiqi kimi bu gün də gənc ifaçılarımız tərəfindən xalq mahnısı kimi səslənməkdədir[2].

Ata-babaları və övladları

[redaktə | vikimətni redaktə et]

Aşıq Valehin atası Məhəmməd, Məhəmmədin atası Mehdi, Mehdinin atası şair Məmməd, Məmmədin atası Aşıq Gülüm, Gülümün atası Aşıq Cünun, Aşıq Cünunun atası Nabati təxəllüslü ilə şöhrət tapmış Aşıq Fərman olmuşdur[3].

Aşıq Valehin oğlu Allahverdi, nəvələri Ələkbər, Alı, Mehdi. Ələkbərin övladları – Dünyamalı, Xanlar, Dünyamalının oğlu nağaraçı Yelmar, Yelmarın oğulları – Akif, Arazxan. Xanların oğlu Əliş. Alının oğlu Abbasqulu, Abbasqulunun oğlu Əzizxan, Əzizxanın oğlanları – Mübariz, Feyruz, Abbas, Rauf, Valeh. Mehdinin oğlu Hüsü. Hüsünün oğlu Allahverdi. Allahverdinin oğlu Vəkil[3].

  • Alçaqlı ucalı dağlar… /Aşıq Valeh ; tərt. ed. F. Mehdi, X. Mirzəyev; red. İ. Tapdıq. Bakı: Gənclik, 1970. 92, [4] s.
  • Firudin bəy Köçərli, Azərbaycan ədəbiyyatı, C. 1. Bakı, 1978, 320–333.
  • Azərbaycan aşıqları və el şairləri I, Bakı, 1983,126–142.
  • Azərbaycan ədəbiyyatı inciləri / Bayatı, Qoşma, Təcnis. Bakı, 1988, 85,199.
  • Mahmud Allahmanlı, Aşıq Valehin sənət dünyası / Elmi red. P. Əfəndiyev; V. İ. Lenin ad. ADPU. Bakı: 1991, 117 s.
  • Mir Möhsün Nəvvab, Təzkireyi-Nəvvab. Bakı, 1995. 560 s.
  • Məhərrəm Qasımlı, Ozan-Aşıq sənəti. Bakı-2007.304 s.
  • Kolanlı Həsən Şıxavəndli, Aşıq Valeh / Red.: Behbudlu Həsən Şəxavəndli, C. Muradov. Bakı: İqtisad universiteti, 2007, 332 s.
  • Dastanlar / Aşıq Valeh; red. Z. Səmədova ; AMEA, Folklor İn-tu. Bakı: Elm və təhsil, 2012. 335[1]s.
  • Haqq Aşığı — Vücudnamədən — Cahannaməyə: dastanlar, şeirlər /Aşıq Valeh; toplayıb tərt. ed. T. Xaspoladoğlu; red. A. Vəzirqızı. Bakı: Sabah, 2014. 287[1]s.
  • Almara Nəbiyeva, Qarabağ aşıq Mühiti. Bakı, Təknur, 2019.
  1. Mir Möhsün Nəvvab, Təzkireyi-Nəvvab. Bakı, 1995. 560 s.
  2. 1 2 3 4 5 6 7 8 9 10 Almara Nəbiyeva, XVIII əsr – Qarabağ aşıq mühiti: Aşıq Valeh. "Haqq Aşığı – Vücudnamədən-Cahannaməyə (dastanlar, şeirlər)" kitabına (Bakı, 2014) yazılmış ön söz., səh. 3–9.
  3. 1 2 3 4 Aşıq Valeh haqqında mülahizələr (Aşıq Xaspoladın xatırlamaları), "Haqq Aşığı – Vücudnamədən-Cahannaməyə (dastanlar, şeirlər)". Bakı, 2014. Səh.17–18.
  4. Taleh Xaspoladoğlu, "Haqq Aşığı – Vücudnamədən-Cahannaməyə (dastanlar, şeirlər)" kitabına (Bakı, 2014) yazılmış giriş. Səh. 10–16.
  5. Aşıq Məhərrəm Hüseyni, Aşıq havaları, "Reportyor" qəzeti , 19–25 dekabr, 2010.