Zorlama
Zorlama — bir və ya bir neçə şəxsin digər şəxslə onun razılığı olmadan cinsi əlaqəyə girməsi. Zorlama cinsi cinayətlərdən biridir, dəqiq tərifi müxtəlif dövlətlərin qanunlarında fərqlidir. Adətən zorlama qurban köməksiz vəziyyətdə (şüursuz, güclü sərxoş, psixi pozğunluq, azyaşlı və s.) olduğu zaman həyata keçirilir. Əksər hallarda təcavüz edən kişi, təcavüz edilən isə qadındır. Ancaq kişinin kişiyə yaxud qadının qadına təcavüzü də müşahidə olunur.
Zorlama insanlıq əleyhinə cinayətlərdən biri hesab olunur. Zorlama və digər cinsi təhqir formaları Nürnberq Tribunalı Nizamnaməsinin 6-cı maddəsində və Tokio Tribunalının Nizamnaməsinin 5-ci maddəsində insanlıq əleyhinə cinayət kimi göstərilməmişdir. Hər iki nizamnamədə zorakılıq və digər cinsi təhqir formaları "digər qeyri-insani hərəkətlər" adı altında verilmişdi. Zorlama 1976-cı ildə Kiprdə Avropa İnsan Hüquqları Komissiyası tərəfindən insan ləyaqətinə qarşı yönəlmiş qeyri-insani davranış kimi qiymətləndirilmişdi, lakin bu sənəddə də zorlama konkret olaraq insanlıq əleyhinə cinayətin tərkibini yaradan əməl kimi göstərilməmişdi. Təbii ki, hər cür zorlamanı insanlıq əleyhinə cinayət hesab etmək olmaz. Bu, əməlin hansı formada və hansı şəraitdə baş verməsindən asılıdır. BMT Baş Məclisi zorlamanın bəzi hallarda insanlıq əleyhinə cinayət kimi çıxış etdiyini qeyd edir. Haitidə siyasi səbəblər üzündən seksual yönümdə ardıcıl olaraq qadınlara qarşı törədilmiş zorakılıq əməlləri 1994-cü ildə Ədalət Komissiyası tərəfindən insanlıq əleyhinə cinayət kimi qiymətləndirilmişdi.
Növləri
[redaktə | mənbəni redaktə et]- Vagina yolu ilə təcavüz — qadının vaginasına kişi cinsiyyət orqanının, yaxud başqa cisimin soxulması. Ən geniş yayılmış təcavüz növüdür;
- Oral yolla təcavüz — nisbətən az rast gəlinən təcavüz növüdür;
- Təcavüzə təşəbbüs — həyata keçirilməsi mümkün olmayan təcavüz aktıdır.
Azərbaycanın cinayət məcəlləsində
[redaktə | mənbəni redaktə et]
Maddə 149.: Zorlama
149.1. Zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma—
— dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 149.2. Eyni əməllər
149.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
149.2.2. zərərçəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda;
149.2.3. təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə;
149.2.4. zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə;
149.2.5. təkrar törədildikdə—
— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 149.3. Eyni əməllər:
149.3.1. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda;
149.3.2. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda;
149.3.3. təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə—
— səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.