Rəşid bəy İsmayılov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rəşid bəy İsmayılov
Rəşid bəy Əsəd bəy oğlu İsmayılov
Doğum tarixi 1877
Doğum yeri
Vəfat tarixi 1942
Vəfat yeri
Vəfat səbəbi siyasi repressiya
Təhsili
Fəaliyyəti publisist, tarixçi, maarifçi, bürokrat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəşid bəy Əsəd bəy oğlu İsmayılov (az.-əski. رشید بك اسماعیلوف‎; 1877, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası1942, Solovki Əsir Düşərgəsi, Arxangelsk vilayəti, Sovet Rusiyası[d], SSRİ) — Azərbaycan tarixşünas-alimi, jurnalist, müəllim, tərcüməçi və teatrşünas.[1] Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin dəftərxana müdiri (1919–1920) olmuşdur.

Rəşid bəy Əsəd oğlu İsmayılov 1877-ci ildə İrəvan şəhərində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra İrəvan Müəllimlər Seminariyasınıda oxumuşdur.[2][3] Seminariyanı 1905-ci ildə bitirmişdir.[4] Ailəsi sonradan Nuxa (Şəki) şəhərinə köçmüşdür.[3] Rəşid bəyin böyük qardaşı Kərim bəy İsmayılov (?–?) 1892-ci ildə Qori Müəllimlər Seminariyasını bitirib, Cəlil Məmmədquluzadə ilə bir məktəbdə — Nehrəmdə dərs deyib, "Molla Nəsrəddin" jurnalının əməkdaşlarından biri olub. Bakıda iki kitabı çap edilmişdir: "Hesab məcmüəsi" (1908) və "Nağıllar məcmüəsi" (1911).[1][5][6] Kiçik qardaşı Mehdi bəy İsmayılov (1887–1951) Bakı Kommersiya Məktəbini (1910) və Moskva Kommersiya İnstitutunu (1915) bitirib, Azərbaycan Ticarət-Kooperativ İnstitutunun (daha sonra Azərbaycan Sosial-İqtisad İnstitutu, indiki ADİU) ilk rektoru (1930–1934) olub.[7]

Kommersiya məktəbində aldığı təhsil və hesabdar ixtisası Mehdi bəy İsmayılovun gələcək həyat yolunun, ixtisasının müəyyənləşməsində mühüm rol oynayıb. Elə bu səbəbdən də Kommersiya məktəbini bitirdikdən sonra Moskvada iqtisadçı ixtisasını davam etdirmək qərarına gəlir. 25 iyul 1910-cu il tarixdə Moskva Kommersiya İnstitutunun

XX yüzilliyin əvvəlindəki bir sıra Azərbaycan ziyalıları kimi eyni zamanda, rusAzərbaycan dillərində yazan R. İsmayılov ictimai məsələlərə həsr olunmuş məqalələri ilə həm Qafqaz, həm də Rusiya mətbuatında ardıcıl çıxış edirdi.[8] Rəşid bəy İsmayılovun dünyagörüşünün formalaşmasında sıx bağlı olduğu Tiflis ədəbi-ictimai mühiti böyük rol oynayıb.[3]

R. İsmayılov "Təzə zaman" adlı geniş proqramlı bir qəzet çap etmək istəmiş, lakin qəzetin nəşrinə icazə verilməmişdi.[6][8]

1910-cu ildən sonra bir müddət Tehranda diplomatik xidmətdə olmuş, rus-İran məktəbində dərs demiş, bu məktəbin şagirdləri üçün əlifba kitabı tərtib etmiş və gələcəkdə yazacağı "İran inqilabı tarixi" əsəri (çap olunmamış və əlyazması 1939-cu ildə istintaq orqanlarının əlinə keçdiyinə görə itmişdir) üçün materiallar toplamışdır. 1916-cı ildə Bakıya qayıdıb, maarif, ədliyyə və s. sahələrdə qulluq etmişdir.[1]

Rəşid bəy İsmayılov (soldan 2-ci) Azərbaycan Cümhuriyyəti Hökumətinin iclası zamanı. Bakı, 1919-cu il

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nazirlər Şurasında məsul vəzifədə çalışıb, Fətəli xan XoyskiNəsib bəy Yusifbəyli hökumətlərində dəftərxana müdiri (1919–1920) olub. 1919-cu il yanvarın 15-də Bakıda İrəvan quberniyasında yaşayan azərbaycanlıların fövqəladə iclası keçirilmiş və İrəvan Valiliyi Müsəlmanları Yerdaşlığı təsis edilmişdir. Rəşid bəy İsmayılov bu cəmiyyətin məsul katibi kimi səmərəli fəaliyyət göstərmişdir.[9]

Cümhuriyyətin süqutundan sonra R. İsmayılov Bakıdakı 18 saylı məktəbdə tarix müəllimi işləyib.[2][3] 1923-cü ildə "Azərbaycan tarixi" adlı kitabı çap olunub (1993-cü ildə "Azərnəşr" tərəfindən yenidən çap edilmişdir[9]). Bu əsər Azərbaycan tarixinin elmi mənbələr əsasında araşdırılması sahəsində Abbasqulu ağa Bakıxanovdan sonra ikinci təşəbbüsdür.[3][8]

1922-ci ildən 1934-cü ilə qədər ardıcılıqla bu vəzifələrdə çalışmışdır: Azərbaycan SSR Kənd Təsərrüfatı Xalq Komissarlığının işlər müdiri, Pambıq Komitəsinin maliyyə şöbəsinin müdiri, Batumda Azərbaycan SSR Xarici İşlər Komissarlığının səlahiyyətli nümayəndəsi, Azərbaycan SSR Xalq Sosial Təminat Komissarının müavini, Azərbaycan SSR Xalq Maliyyə Komissarlığının maliyyə-nəzarət şöbəsinin müdiri, Azərbaycan SSR Xalq Maliyyə Komissarlığının yerli maliyyə şöbəsinin müdiri, Moskvada ZSFSR nümayəndəliyində maliyyə məsələləri üzrə məsləhətçi, Zaqafqaziya Kənd Təsərrüfatı Bankının müfəttişlik rəisinin müavini, ZSFSR Ali Təsərrüfat Sovetində böyük inspektor, Azərbaycan SSR Ali Təsərrüfat Soveti yanında Plan Şöbəsinin müdiri, Azərbaycan SSR Dövlət Plan Komitəsinin Təsərrüfat Uçotu İdarəsinin tikinti və kommunal təsərrüfatı sektorunun müdiri. O, yerli büdcə şöbəsinin müdiri işləyərkən birinci yerli büdcəni və ikinci beşillik (1933–1937) üçün Azərbaycanın ağıryüngül sənayesi ilə bağlı geniş izahat yazısını tərtib etmişdir. 1928-ci ildən 1930-cu ilə qədər Tiflisdə yaşayır. Burada Zaqafqaziya Kənd Təsərrüfatı Bankında işləyir.[3]

1934-cü ildə Azərbaycan SSR QPU-su (daha sonra KQB) tərəfindən casusluq və təxribatda şübhəli bilinərək həbs edilmiş, 6 aydan sonra sübut olmadığı üçün sərbəst buraxılmışdır. 1935–1937-ci illərdə Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyində müxtəlif vəzifələrdə çalışıb: Bakı Limanının Plan-Maliyyə İdarəsinin rəis müavini, Statistika İdarəsinin yığım-nəzarət qrupunun rəisi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin maliyyə şöbəsinin müfəttişi. 1937-ci ildən Bakı şəhəri Voroşilov rayonunun (indiki Səbail rayonu) 1 saylı məktəbində, həmçinin Azərbaycan KP MK-nın partiya kurslarında rus dili müəllimi işləyib.[3]

Rəşid bəy İsmayılovun həbs sənədindəki şəkli

Rəşid bəy İsmayılov 13 sentyabr 1938-ci ildə "əks-inqilabi millətçi təşkilatda" iştirak etməkdə və "xarici kəşfiyyat casusu" olmaqda ittiham edilərək həbs edilib. O, Moskvaya göndərilərək bir müddət Butırka həbsxanasında saxlanılır. Həmin il repressiyaya məruz qalaraq 15 il müddətinə azadlıqdan məhrum edilmiş və minlərlə müsavatçı sırasında Solovetski düşərgəsinə göndərilmişdir. 1942-ci ildə naməlum şəraitdə Arxangelsk vilayətinin Solovetski islah əmək düşərgəsində vəfat etmişdir. 1962-ci ildə ölümündən sonra bəraət almışdır.[3]

XIX əstin 80-ci illərindən teatra böyük maraq göstərən Rəşid bəy İsmayılov beynəlmiləl tərkibli Azərbaycan truppasını say etibarilə artmasına, repertuar baxımından yeni əsərlərlə zənginləşməsinə çalışırdı. Bu məqsədlə o, gürcü dramaturqlarının əsərlərini Azərbaycan dilinə tərcümə edirdi. XIX əsrin 80-ci illərində Azərbaycan səhnəsində tamaşaya qoyulan ilk faciə əsəri gürcü dramaturqu Zurab Antonovun mövzusu Azərbaycan folklorundan alınan "Koroğlu" pyesi ilk dəfə R. İsmayılovun tərcüməsində azərbaycanlı tamaşaçılara göstərilmişdi.[8] Bu, Azərbaycan səhnəsində tamaşaya qoyulan ilk faciə əsəri olur.[10] "Kavkaz" qəzeti (№ 149, 9 iyun 1889-cu il) oxuculara "Koroğlu"nun Azərbaycan səhnəsindəki tamaşalarından biri haqqında məlumat verərək yazırdı ki:

" Bu gün, iyunun 9-da Bank teatrında Azərbaycan dilində tamaşa göstəriləcəkdir. Tamaşaya gürcü dramaturqu Antonovun cənab İsmayılov tərəfindən tərcümə edilmiş "Koroğlu" dramı qoyulacaqdır. Tamaşada yığılan pul Azərbaycan teatr fondunun yaradılmasına sərf ediləcəkdir. "
"Şərqi-rus" qəzeti

O, 1903-cü ildə "Şərqi-rus" qəzetində fəaliyyətə başlamışdır. Bununla yanaşı, Qafqazda və Rusiyada çap olunan rusdilli mətbuatda ("Kavkaz", "Tiflisskiy listok", "Novoye obozreniye" "Sankt-Peterburqskiye vedomosti" və s.) məqalələr dərc etdirmişdir. Rəşid bəy İsmayılov bir il "Tiflisskiy listok" qəzetində çalışmışdır. Dövrün görkəmli şəxsiyyətləri Məhəmməd ağa Şahtaxtinski, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Abdulla Sur, Əhməd bəy Ağayev (Ağaoğlu), Əlimərdan bəy Topçubaşov və başqaları ilə sıx əlaqələri olmuş, onlarla birlikdə fəaliyyət göstərmişdir. "Şərqi-rus"un redaktoru M. Şahtaxtinski ilə Ə. Ağaoğlu arasındakı mübahisədə ikincinin tərəfini saxlayıb, M. Şahtaxtinskini pisləmişdir ("Novoye obozreniye" qəzeti (№ 77, 7 aprel 1905-ci il).[1] "Şərqi-rus" qəzetinin nəşri dayandırıldıqdan sonra "Novoye obozreniye" qəzetinin "Müsəlman həyatı" və "Yaxın Şərq" şöbələrinə rəhbərlik etmişdir.[9]

1903-cü ildə Maksim Qorkinin "Mənim yol yoldaşım" hekayəsindəki Şakronun "Tsnobis purtseli" qəzetində qeydləri çap olunduğu zaman Rəşid bəy İsmayılov "Novoye obozreniye"də bu münasibətlə geniş məqalə dərc etmişdir. O, Yaxın və Orta Şərq həyatından yazan şərqşünas-jurnalist kimi tanınırdı. "Kabildə ingilis səfirliyi", "İranla iqtisadi əlaqələr", "İngiltərə və Əfqanıstan", "II Vilhelm və Yaxın Şərq" kimi məqalələrində Şərq ölkələrinin yeni dövrdəki tarixi, ictimai, iqtisadi vəziyyətindən, habelə Qərb imperializminin müstəmləkəçilik siyasətindən bəhs edirdi. Tiflis şəhər həyatı məsələlərinə həsr olunmuş məqalələrində şəhər duması tənqid olunur, "qocalar klubu"nda ətalət hökm sürdüyü göstərilir, müsəlman xeyriyyə cəmiyyətindən bəhs edilirdi.[1]

R. İsmayılov, eyni zamanda, bir ədəbiyyatşünas və tarixçi idi. Bu baxımdan onun Tiflisdə çap olunmuş "Avropa rəsmi-adəti" və "Müxtəsər Qafqaz tarixi" adlı kitablar diqqəti cəlb edir. Tam adı "Müxtəsər Qafqaz tarixi və Zaqafqasiyada zühur edən məşhur türk ədib və şairlərinin müxtəsərən tərcümeyi-halları" kitabı 1904-cü ildə çap olunmuşdur. Bu kitabda Qafqazın, o cümlədən Azərbaycanın XIX əsr tarixinin bəzi məsələləri öz əksini tapmışdır.[9]

1905-ci ildə azərbaycanca qəzet nəşr etmək üçün Qafqaz senzura komitəsinə ərizə verənlər içərisində Cəlil Məmmədquluzadə, Rəşid bəy İsmayılov, Qafqaz canişini dəftərxanasının Hərbi-xalq idarəsinin tərcüməçisi, Qori müəllimlər seminariyasının yetişdirməsi Məmməd ağa Vəkilov, Batumdan Məmməd bəy Sancaqbəyzadə və Şəkidən Əbdülməbud Mustafayev də var idilər. Onlar müvafiq olaraq, "Novruz", "Təzə zaman", "İqbal", "Qumru", "Günçıxan" adlı gündəlik ədəbi-ictimai qəzet çap etmək istəyirdilər. Bu ziyalılardan ilk üç nəfəri Tiflis ədəbi-ictimai mühitində fəal iştirak edirdi.[8] Məmməd ağa Vəkilovla Rəşid bəy İsmayılov "Təzə zaman" və "İqbal" adlı qəzetlərin nəşrinə icazə almaq işində böyük çətinliyə düşmüşdülər. Çünki senzura komitəsinin əməkdaşları — Qaraxanovla Kişmişov yazılı məlumatlarında belə bir fikri sübuta çalışırdılar ki, Azərbaycan dilində çıxacaq hər hansı mətbuat orqanı "Həyat" və "Kaspi" qəzetlərinin yolu ilə gedəcək, pantürkizmpanislamizm[6] ideyaları yayacaqdır. Buna görə də C. Məmmədquluzadə, R. İsmayılov və M. Vəkilov birgə hərəkət etməyi qərara alırlar; qərara gəlirlər ki, fəalliyyətinə icazə verilən "Novruz" və hələlik nəşrinə icazə verilməyən "Təzə zaman"ın nəşrindən imtina edib maddi cəhətdən daha böyük imkanları olan Məmməd ağa Vəkilova "İqbal"ın nəşrinə icazə almağa şərait yaratsınlar. 1905-ci ilin 6 avqustunda C. Məmmədquluzadə və R. İsmayılovun Qafqaz canişinliyinə yazdıqları ərizədə oxuyuruq:[11]

" ...Biz Tiflisdə gündəlik Azərbaycan qəzetlərini nəşr etməkdən imtina edir və xahiş edirik ki, mərhəmət edib, Tiflisdə yaşayan və gündəlik Azərbaycan qəzeti çıxarmaq üçün məsələ qaldıran Məmməd ağa Vəkilova qəzet çıxarmağa icazə verəsiniz. "

Onun Azərbaycanın tarixinin qədim dövrlərdən başlayaraq 1920-ci ilin aprelində sovet hakimiyyətinin qurulmasınadək olan dövrünü işıqlandıran "Azərbaycan tarixi" adlı kitabı 1923 ildə Bakıda çap olunmuşdur. Əsərdə "Mavərayi-Qafqazın elani-istiqlalı" bölməsi Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ərəfəsindəki vəziyyətə, "Azərbaycan Cümhuriyyəti" bölməsi isə bilavasitə onun qurulmasına və fəaliyyətinə həsr edilmişdir. Azərbaycan tarixinin elmi mənbələr əsasında araşdırılması sahəsində Abbasqulu ağa Bakıxanovdan sonra ikinci təşəbbüsü Rəşid bəy İsmayılovundur.[3][8]

  • Avropa rəsmi-adəti. Tiflis: Elektrik gürcü "Tovariş" mətbəəsi, 1903, 26 s;
  • Müxtəsər Qafqaz tarixi və Zaqafqaziyada zühur edən məşhur türk ədib və şairlərin müxtəsər tərcümeyi-halları. Tiflis: Gürcü şirkətinin mətbəəsi, 1904, 51 s;
  • Azərbaycan tarixi. Bakı: Azərbaycan Xalq Maarif Komissarlığı, 1923, 153 s;
  • Azərbaycan tarixi. (Müasir əlifbaya çevirəni və çapa haz., elmi red. E. Xəlilova, Q. Qeybullayev). Bakı: Azərnəşr, 1993, 163 s.
  1. 1 2 3 4 5 Mirəhmədov, Əziz. Azərbaycan jurnalistləri və naşirləri (ensiklopediya). Bakı: Ərgünəş. 2013. 121–123.
  2. 1 2 İsmayılov, Rəşid bəy // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 63–64. ISBN 9952-417-44-4.
  3. 1 2 3 4 5 6 7 8 9 Керимова Т. С. Из истории Национальной Академии наук Азербайджана. Баку: Тахсил. 2005. səh. 400–403.
  4. Rüstəmov, Fərrux. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. 147. ISBN 978-9952-5455-010.
  5. İsmayılov Kərim bəy. Cəlil Məmmədquluzadə ensiklopediyası. Bakı: Şərq-Qərb. 2008. ISBN 978-9952-448-26-9. 2023-12-09 tarixində arxivləşdirilib.
  6. 1 2 3 Salmanlı, Rəhman. "Mətbuat fədaisi – Rəşid bəy İsmayılov". azerbaijan-news.az. 2023-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2020.
  7. Qarayeva, Sevinc. "Təhsil tariximizdə silinməz imza: Mehdi bəy İsmayılov". 525-ci qəzet. 2024-06-28. İstifadə tarixi: 2024-08-24.
  8. 1 2 3 4 5 6 Yurdsevər, Almaz. "Maarif və mədəniyyət tariximizdə işıqlı bir sima – Rəşid bəy İsmayılov". 525.az. 2023-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2015.
  9. 1 2 3 4 "Rəşid bəy İsmayılov — Uşaq Bilik Portalı". portal.azertag.az. 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2022.
  10. Fərəcov, Savalan. "Vətənpərvər jurnalist və tarixçi". "Mədəniyyət" qəzeti. 2015-10-14. 2023-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-29.
  11. Hacıyev, Abbas. Tiflis ədəbi mühiti. Bakı: Yazıçı. 1980. 25–26.