Minoy sivilizasiyası
Minoy sivilizasiyası — Krit adasında qədim sivilizasiya. Minoy mədəniyyətinin çiçəklənməsi e.ə. XVI əsr və XV əsrin birinci yarısına təsadüf edir. Krit mədəniyyətinin (yaxud da Minoy mədəniyyətinin) yaranması Kritin əfsanəvi hökmdarı Minosun adı ilə bağlıdır və e.ə. III-I minilliklərə təsadüf edir.
Arxeoloji qazıntılar
[redaktə | mənbəni redaktə et]İngilis arxeoloq Artur Evans 1899-cu ildə “Minos”u axtarmağa başladı. Evans yunan adası Kritdə qazıntı işlərinə başladı, əfsanəyə görə Minos adlı hökmdarın idarə etdiyi qüdrətli imperiyanın paytaxtı Knos Krit adasında yerləşirdi. Evans tezliklə Henrix Şlimanın (Mikena mədəniyyətini aşkarlayan arxeoloq) tapdığı qalıqlardan daha zəngin və daha gözəl xarabalıqlar aşkarladı. Evansın apardığı qazıntı işlərinin Şlimandan sonra həyata keçirlməsinə baxmayaraq, onun Knosda aşkarladığı sivilizasiya Şlimanın aşkarladığı yunan sivilizasiyasından daha qədim idi. Bu nailiyyəti Evansa cəngavərlik titulu qazandırdı.
Minoy sivilizasiyasının (müasir alimlər əfsanəvi Krit hökmdarı Minosun şərəfinə belə adlandırmışdılar) ilk izləri təxminən e.ə. 2000-ci ilə aiddir. Təxminən bu dövrdə minoylular şəhərlər tikməyə və vahid yazı forması yaratmağa başladılar. E.ə. 2000-ci ildən 1500-cü ilə qədər davam edən yarım min il ərzində Minoy sivilizasiyası öz zirvə dövrünü yaşamışdı. Knos imperiyanın mərkəzi olmasına baxmayaraq, Kritdəki digər çiçəklənən şəhərlərdən biri idi, onlar harmoniya içində birgə yaşayırdılar və heç biri müdafiə divarları tikməyi zəruri hesab etməmişdi. Yalnız müntəzəm şəkildə adanı silkələyən zəlzələlər minoyluların sakit həyatlarını poza bilirdi. Bu təbii fəlakət çoxlu dağıntılara səbəb olurdu, lakin hər zəlzələdən sonra minoylular şəhərlərini yenidən tikir və adətən əvvəlkindən daha möhtəşəm şəhərlər inşa etməyə nail olurdular. Ser Artur Evans Knosda sadəcə gözəl sütunlar və rəssamlıq nümunələri deyil, həmçinin bəşəriyyətə məlum olan ilk su axını ilə təmizlənən tualet də aşkarladı. Daha sonra Minoyun digər şəhəri Kato Zakrosda aparılan qazıntı işlərində üzgüçülük hovuzu və parket döşəmələri olan 250 otaqlı böyük saray aşkarlandı.
Sosial və iqtisadi həyat
[redaktə | mənbəni redaktə et]Minoy hökmdarı Assuriya kralı kimi qəzəbli döyüşçü deyildi. O böyük donanmaya komandanlıq edirdi, lakin bu donanma müharibə üçün deyil, ticarətin qorunması üçün istifadə olunurdu. Hökmdar ölkədə ən böyük sahibkar idi. Onun sarayının yaxınlığında yerləşən emalatxanalarda böyük miqdarda dulusçuluq məmulatları, parçalar və metal əşyalar istehsal olunurdu. Şəxsi müəssisələr qadağan edilməmişdi, lakin onlardan ağır vergilər toplanırdı. Buna baxmayaraq, xüsusilə kiçik şəhərlərdə bir neçə emalatxana var idi və kənd təsərrüfatının çox hissəsi də şəxsi sahibkarlar tərəfindən idarə olunurdu.
Minoy bürokratik monarxiya idi. Hər bir əsas şəhərin və həmin şəhərin ətraf ərazilərinin hökmdarı müstəqil idi. Lakin Minoy tarixinin sonlarına doğru Knos hökmdarı bütün adanın idarəsini ələ keçirmişdi. Mütləq monarx ölkəni böyük idarəçi sinifin vasitəsi ilə idarə edirdi. Təhsil üzərində monopoliyası olan mirzələr iqtisadi həyatın bütün aspektləri ilə yaxından maraqlanırdılar. Malların toplanması və vergi yığılması məqsədilə kənd təsərrüfatı məhsullarının becərilməsi və istehsalına nəzarət edilirdi. Dövlət, həmçinin xarici ticarətə də ciddi şəkildə nəzarət edirdi. Xüsusilə, Suriya və Misir kimi uzaq limanlara üzən böyük gəmilər hökmdara məxsus idi, hökmdara məxsus olmayan gəmilərdən isə ağır vergilər toplanır və brükratik sistem onlara ciddi nəzarət edirdi.
Bu cür ciddi nəzarətə baxmayaraq, ölkədə, demək olar ki, bütün siniflərə məxsus insanların həyat rifahı yüksək idi. İdarəçilər və təbəə arasında böyük sosial və iqtisadi fərqlər var idi. Buna baxmayaraq, adi insanlar var-dövlət və status baxımından bir-birindən o qədər də fərqlənmirdilər. Quldarlıq mövcud olsa da, çox önəmsiz yer tuturdu. Şəhərin ən yoxsul yerlərində yerləşən yaşayış evləri belə gözəl və rahat idi və çoxu 6 yaxud 8 otaqdan ibarət idi. Lakin bu evlərdə neçə ailənin yaşadığı məlum deyil. Qadınlar və kişilər status baxımından bərabər idilər. Məxsus olduqları sinifdən asılı olmayaraq, onlara hər hansı peşə yaxud ictimai fəaliyyət ilə məşğul olmaq qadağan edilməmişdi. Minoylular bu baxımdan antik dünyada istisna idilər. Kritdə qadın boksçular və hətta öküz güləşçiləri var idi. Yüksək sinifə məxsus qadınlar vaxtlarının çoxunu modaya və digər incə fəaliyyətlərə həsr edirdilər. Təsvirlərə əsasən Krit əhalisi oyunları və idmanı çox sevirdi. Daha çox rəqs, qaçış və boks insanların marağını cəlb edirdi. Daş teatrları ilk dəfə minoylular inşa etmişdilər. Burada geniş auditoriyalar üçün tamaşalar nümayiş etdirilir və musiqi ifa edilirdi.
Din
[redaktə | mənbəni redaktə et]Minoyluların dini digər antik dünya xalqlarından fərqli olaraq matriarxal idi. Baş tanrı kişi deyil, qadın idi. O, bütün kainatın – dənizin, səmanın və yerin hökmdarı hesab edilirdi. Onlar əvvəllər heç bir kişi tanrıya sitayiş etməmişdilər, lakin sonralar böyük ilahənin oğlu yaxud əri simasında kişi tanrı da meydana gəlmişdi. Buna baxmayaraq, minoylular heç vaxt kişi fiqurunun müstəqil əhəmiyyətə malik olduğunu düşünməmişdilər. Ana ilahə xeyirin və şərin mənbəyi hesab edilirdi, onun şər qüvvələri belə, zalım və dəhşətli deyildi. O, tufan başladır, dağıntı törədir və yayırdı, lakin bu əməllər təbiətin dirçəlməsinə xidmət edirdi, çünki ölüm həyat üçün əsas amil hesab edilirdi. Dünyadakı ölümlülər ilahəyə, həmçinin onun öküz və ilan kimi müqəddəs heyvanlarına qurbanlar verməli idilər. Minoyda dini mərasimlər və rituallar bütöv inanc sisteminin qadın oriyentasiyalı olması ilə əlaqədar olaraq kahin deyil, kahinələr tərəfindən həyata keçirilirdi.
Freskalarda heyvanlar, güllər, saray sakinlərinin həyatından səhnələr və əsas Minoy kultlarından biri olan tanrı-öküz kultuna aid «öküzlərlə oyun» rəsmi diqqəti daha çox cəlb edir. Tanrı-öküz kultları öküz obrazında təbiətin dağıdıcı qüvvələri kimi öz təcəssümünü tapmışdır. Təbiətin əbədi təzələnməsi, analıq və qadınlıq simvolu hesab edilən böyük ilahə Minoy panteonunda mərkəzi fiqurdur. Kritlilərinn həyatında din böyük rol oynamışdır. Kritdə hakimiyyətin xüsusi forması - teokratiya yaranmışdı. Bu idarə formasında dini və dünyəvi rəhbərlik bir nəfərin əlində cəmlənmişdi. Hökmdar sarayı universal funksiyanı yerinə yetirərək eyni zamanda həm dini, həm siyasi-inzibati, həm də təsərrüfat mərkəzi kimi fəaliyyət göstərmişdir.
Mədəniyyət və incəsənət
[redaktə | mənbəni redaktə et]Yüksəliş və tənəzzül dövrü keçirən Krit mədəniyyəti təqribən e.ə. 1200-cü ilə qədər davam etmişdir. Kritdə bütün həyat saraylar adlanan binalar ətrafında cərəyan etmişdir. Arxeoloji qazıntılar nəticəsində Knosda (adanın mərkəzi hissəsində) Krit saraylarından birincisi, Minos sarayı tapılmışdır. Bu saraydan Minotavr - insan bədənli və öküz başlı canlı haqqında yunan mifində təsvir olunan labirint başlanır. Əslində, Krit sarayları, doğrudan da, labirintə bənzəyirdi. Bütün bunlara baxmayaraq, saraylar vahid arxitektura ansamblı kimi qəbul olunur. Diqqəti çəkən budur ki, divarlarda olan rəsmlər olduqca zəngindir.
Erkən Krit hərfləri deşifrə edilmədiyinə görə, Minoy xalqının ədəbiyyatının varlığını söyləmək mümkün deyil. Lakin görünür ki, Minoyda ədəbiyyat mövcud olmamışdı, çünki “Xətti yazı B” ilə yazılmış heç bir mətn nümunəsi yoxdur. Lakin elmi nailiyyətlər problemini həll etmək daha asandır, çünki alimləri istiqmətləndirən maddi qalıqlar var.
Krit adasında tapılan arxeoloji sübutlar göstərir ki, minoylular istedadlı ixtiraçılar və mühəndislər idilər. Onlar təxminən 11 fut genişlikdə gözəl daş yollar salmışdılar. Müasir kanalizasiya texnikasının, demək olar ki, bütün əsas qaydaları Knos sarayının dizaynerlərinə məlum idi. Belə ki, e.ə. 17-ci əsrdə Kritdə hökmdar ailəsi, hətta bizim eranın 17-ci əsrində Fransa və İngiltərə krallarına belə nəsib olmayan hər cür komfort və rahatlıqla (məs. evin içinə su çəkilməsi) təmin edilmişdi.
Minoylular rəssamlıq sahəsində dahi idilər. Min il sonra klassik yunanların və romalıların incəsənət sahəsində əldə etdikləri nailiyyətləri saymasaq, antik dünyada minoyluların bu baxımdan tayı-bərabəri yox idi. Zəriflik və təbiilik Minoy rəssamlığının fərqli xüsusiyyətləri idi. O, lovğa idarəçi sinifin ambisiyalarını vəsf etməyə yaxud dini qaydaları təlqin etməyə deyil, Minoy dünyasının gözəlliyində fərdin sevincini ifadə etməyə xidmət edirdi. Minoy rəssamlıq nümunələrinin əksəriyyəti freskalarla işlənmiş divar rəsmlərindən ibarət idi, lakin rənglənmiş relyeflər də var idi. Krit saraylarının divarındakı freskalar qədim zamanlardan günümüzə qədər gəlib çatmış nümunələr arasında ən yaxşısıdır. Onlar təbiətin dəyişkən əhval ruhiyyəsinin drammatik və ritmik xüsusiyyətlərini təsvir edirdi. Minoy incəsənəti o qədər mürəkkəb və zərif idi ki, Knosdakı freskanın qalıqlarını aşkarlayan fransız arxeoloq buruq saçlar, iri gözlər və şəhvətli dodaqlarla təsvir edilmiş gözəl qadın rəsmini gördüyü zaman ucadan “Mais, c’est la Parisienne!” (“İlahi, o, parisli qadınlara bənzəyir!”) deməkdən özünü saxlaya bilməmişdi.
Minoy heykəltaraşlığı haqqında, bəlkə də, ən diqqətəlayiq fakt heykəllərin ölçüsünün kiçik olmasıdır. Zəif düşmənlərini məğlub edən vəziyyətdə təsvir edilmiş Mesopotamiya hökmdarlarının və Misir fironlarının nəhəng heykəllərindən fərqli olaraq, qədim minoylular heyrətamiz effektlər yaratmaqda ölçüyə bel bağlamağa meyilli deyildilər. Əksinə, minoylulara məxsus insan fiqurlarını təsvir edən heykəllər insanın real həyatdakı ölçüsündən daha kiçik idi. Onlar izləyicinin diqqətini cəlb etmək üçün təbiiliyə və zərifliyə diqqət yetirirdilər.
Tənəzzülü
[redaktə | mənbəni redaktə et]XV əsrin ortalarında bu mədəniyyət Fera (indiki Santorin) adasında püskürən vulkan, eləcə də döyüşkən axey yunanların adaya soxulması nəticəsində tamamilə dağılmışdır.
Hal-hazırda alimlər razılaşırlar ki, mikenalılar e.ə. 15-ci əsrdən sonra Egey dünyasının hökmdarı titulunu minoyluların əlindən almışdılar. Lakin onlar bunun necə baş verdiyinə tam əmin deyillər. Ya Kritdə baş verən dəhşətli zəlzələ yerli idarənin zəifləməsinə səbəb olmuş və materiklilərə adanın idarəsini ələ keçirməyə imkan vermiş, ya da ki mikenanlılar Kriti asanlıqla işğal edəcək qədər güclənmişdilər. Mikenalılar e.ə. 1500 və 1400-cü ilər arasında Krit adasında tərəqqi və bədii nailiyyətlər erasını davam etdirmişdilər. Lakin təxminən e.ə. 1400-cü ildə yunan işğalçılarının yeni dalğası Kriti zəbt etdi, Knosu dağıtdı və Minoy sivilizasiyasına son qoydu. Bundan sonra Krit mədəniyyəti əvvəlki şöhrətini bərpa edə bilməmişdir. Sivilizasiyanın mərkəzi materik Yunanıstana keçmişdir. Bu işğalın nə üçün belə dağıdıcı olması naməlum olaraq qalır.
Digər xalqlara təsirləri
[redaktə | mənbəni redaktə et]Minoy və Mikena sivilizasiyaları digər mədəniyyətlərə az da olsa təsir etmişdilər, bu təsirlər ən azı 4 səbəbə görə əhəmiyyətlidir. Birincisi, onlar Avropada ən erkən sivilizasiya idilər. Minoydan əvvəl bütün siviliasiyalar Şərqdə yaranmışdı, lakin sonra Avropa bir-birinin ardınca böyük sivilizasiyaların çiçəklənməsinə şahidlik etmişdi. İkincisi, minoylular və mikenalılar Avropa dəyərlərinə və nailiyyətlərinə birbaşa olmasa da, dolayı yollarla təsir etmişdilər. Minoy və Mikenanın siyasi quruluşu bir çox Asiya dövlətlərində olduğu kimi idi. Lakin, xüsusilə, Minoy incəsənəti Şərq dövlətlərinin incəsənətindən fərqlənirdi. Üçüncüsü, Minoy sivilizasiyası (qismən də Mikena sivilizasiyası) öz dünyəvi və proqressiv xarakterinə görə əhəmiyyətli idi. Egey xalqlarının rahatlıq və var-dövlət düşkünlüyü, əyləncə sevgisi, həyat eşqi və riskə olan cəsarəti buna nümunədir. Nəhayət, qədim Assuriya, Babil və hətta Misir son nəfəsini “zireh içindəki cəsədlər” kimi verdiyi halda, Krit öz son nəfəsini divarsız şəhərlərdə keçirilən şən festivallar arasında vermişdi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Western Civilizations, Robert E. Lerner, Standish Meacham, Edward McNall Burns.