Bayram Bayramov

Vikipediya, azad ensiklopediya
(Bayram Bayramov (yazıçı) səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Bayram Bayramov
Doğum tarixi 11 dekabr 1918(1918-12-11)
Doğum yeri
Vəfat tarixi 9 noyabr 1994(1994-11-09) (76 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti yazıçı, nasir
Əsərlərinin dili Azərbaycan dili
Mükafatları "Azərbaycan SSR xalq yazıçısı" fəxri adı — 1984 Azərbaycan SSR Dövlət mükafatı
"Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni

Bayram Salman oğlu Bayramov (11 dekabr 1918, Şıxavənd[d], Gəncə quberniyası9 noyabr 1994, Bakı) — nasir, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Xalq yazıçısı (1984)[1], Azərbaycan SSR dövlət mükafatı laureatı (1990), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990).

Bayram Bayramov 1918-ci il dekabrın 11-də Cavanşir qəzasının Şıxavənd kəndində (indiki Ağdam rayonunun Əlimədədli kəndi) ziyalı ailəsində anadan olmuşdur.[2] Yeddiillik kənd məktəbini bitirib Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir (1934–1938). Tərtər rayonundakı Qusanlı kənd natamam orta məktəbində müəllim (1938–1940), Müsəlmanlar kəndində natamam orta məktəbin tədris hissə müdiri (1940–1941), Xoruzlu kənd yeddiillik məktəbində məktəb müdiri (1941–1942) işləmişdir. Böyük Vətən müharibəsində Mozdok uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır (1942). Hərbi xəstəxanada sağaldıqdan sonra altı ay Yevlax rayonunun Qoyunbinəsi kənd yeddiillik məktəbində müdirlik etmişdir. 1943-cü ilin aprelində yenidən Sovet Ordusu sıralarında qulluq etmişdir.

Tərxis olunub doğma kəndlərinə qayıdarkən burada pedaqoji fəaliyyətini davam etdirmişdir: Yeddiillik məktəbin müəllimi (1944–1945) işləmişdir. 1945–1950-ci illərdə ADU-nun Filologiya fakültəsində təhsil almışdır. Sonra N. K. Krupskaya adına kitabxanaçılıq texnikumunda müəllim (1948–1955), radionun ədəbi dram verilişləri redaksiyasında məsul redaktor (1956–1958), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi (1958–1960), Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi (1960–1963) işləmişdir. Bir müddət yenə bütün qüvvəsi ilə yaradıcılıqla məşğul olmuşdur. Dövlətnəşrkomda sədr müavini kimi çalışmışdır (1966–1971). Qarabağa Xalq Yardımı Komitəsinin sədri vəzifəsində işləmişdir (1989-cu ildən). Azərbaycan Yazıçılar Birliyi Şurasının üzvü seçilmişdir (1991).

Fəal ictimaiyyətçi, Azərbaycan KP 26 Bakı komissarı rayon Partiya Komitəsinin büro üzvü (1960), Bakı şəhər Sovetinin (1961, 8-ci çağırış) deputatı və rayon Sovetinin (1959, 7-ci çağırış), Müstəqil Azərbaycan Respukliası Milli Məclisinin deputatı olmuşdur. "Şərəf nişanı" ordeni (1968), "Xalqlar dostluğu" ordeni (1978), "Böyük Vətən müharibəsi" ordeni (1985), "Qırmızı əmək bayrağı" ordeni (1988), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı (1967) və medallarla təltif edilmişdir. Əsərləri SSRİ-də, eyni zamanda xarici ölkələrdə tərcümə və nəşr olunmuşdur.

1994-cü il noyabrın 9-da Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Bayram Bayramov bədii yaradıcılığa 1950-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Körpü" adlı ilk hekayəsi ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib. Bayram Bayramov ilk əsərlərindən başlayaraq, müasir Azərbaycan kəndinin həyatına, məişətinə dərindən bələd olan bir yazıçı kimi tanınmışdır. 60-cı illərin sonlarına doğru bilavasitə şəhər mövzusunda, əsasən intelektual peşə adamlarının həyatından bəhs edən romanlar yazmışdır. Yazıçı ondan artıq roman, çoxlu hekayə və on beşdən çox povest yazmışdır.

Ədibin ilk povesti olan "Tək adam" 1954-cü ildə qələmə alınmışdır. Yazıçı povestin mövzusunu kənddən almışdır. Həmin povesti qələmə alanda bir neçə hekayəsi və oçerki çap edilmişdir. Ədibin ikinci povesti olan "Müqəddəs vəzifə" 1955-ci ildə qələmə alınıb. Kollektivləşmə dövrünün hadisələrindən bəhs edən "Yasəmən" povesti istisna olmaqla, ədibin, demək olar ki, bütün əsərlərinin mövzusu müasir həyatdan, əsasən, yazıçının şahidi olduğu hadisələrdən, yaxşı tanıdığı adamların həyatından alınmışdır.

Bayram Bayramovun "Karvan yolu" epopeyasında görkəmli yazıçı-demokrat Cəlil Məmmədquluzadənin həyatına müraciət edilmişdir. Ədib "Mən ki gözəl deyildim" povestində namuslu əməyin, halal zəhmətin və alıntəri ilə qazanılan çörəyin insana gətirdiyi sevinci və qürur hissini öz müsbət qəhrəmanlarının timsalında əks etdirmişdir.

Müəllifin 1960-cı ildə çap olunan "Gördüyümüz günlər" povestində sosializm mühitinin, onun bərqərar etdiyi birgəyaşayış prinsiplərinin müsbət, tərbiyəedici təsiri qabarıq göstərilmişdir. "Gördüyümüz günlər" povestində də "Mən ki gözəl deyildim…" və "Sənsz" povestlərindəki kimi konkret bir gəncin həyat tarixçəsi, daha doğrusu, həyatının bir mərhələsinin təsviri və tənqidi öz əksini tapmışdır. Povestdə hadisələr Böyük Vətən müharibəsi illərində Bakıda cərəyan edir. Həmçinin "Mən ki gözəl deyildim…" və "Sənsz" povestlərində də hadisələr müharibədən sonrakı ilk illərdə baş verir.

1957-ci ildə qələmə alınan "Onun gözləri" povestində Bayram Bayramov müasirlərin həyatını müxtəlif tərəflərdən və müxtəlif problemlər müstəvisində əks etdirmişdir. Müəllifin 1962-ci ildə qələmə aldığı "Sevirsə qayıdacaq" povestində əxlaqi-mənəvi məsələlərə toxunmuşdur. Nasirin 60-cı illərdə qələmə aldığı povestlərindən biri də "Qoz ağacı" povestidir. Həmin povestdə köhnə adət-ənənə, vaxtı keçmiş əxlaq normaları, "atalar və oğullar" problemindəki mühafizəkarlıq əleyhinə yazılmış əsərdir.[1]

Bayram Bayramovun əsərlərində qadın surətləri xüsusi yer tutur. Yazıçı "Sərinlik" povestindəki Firəngiz surətində Azərbaycan sovet nəsrinin qadın surətlərinə münasibətdəki qırx illik təcrübəsini ümumiləşdirmişdir. Yazıçı həmçinin "Oğul həsrəti" əsərində Azərbaycan qadınlarının Böyük Vətən müharibəsində iştirakından bəhs edir.

1967-ci ildə çapdan çıxan "Üç gün, üç gecə" kitabına ilk dəfə daxil edilmiş eyniadlı povest Bayram Bayramovun yaradıclığında mövzu yeniliyi baxımından fərqlənir. Belə ki, Böyük Vətən müharibəsində alman faşizminə qarşı döyüşlərdə iştirak edən yazıçının "Üç gün, üç gecə" povestini istisna etməklə, demək olar ki, müharibə ilə bağlı mövzuya yaradıcılığında çox az rast gəlinir. "Üç gün, üç gecə" povestində Bayram Bayramov Azərbaycan nəsrinin müharibə ilə bağlı ənənələrini yaradıcılıqıa davam etdirmişdir. Povestdə yazıçı diqqəti, əsasən, iki gəncin taleyi üzərində cəmləşdirmişdir. Ədib onların çətin sınaqlardan necə çıxdıqlarını, vətənpərvərlik, mərdlik və igidlik nümunəsi göstərdiklərini müharibə səhnələri fonunda əks etdirməyə çalışmışdır.

Yazıçının 70-ci illərdə qələmə aldığı "Qaşsız üzük" əsəri müasir nəsrimizdə publisist povestin nümunələrindən biridir. Əsər on bir hekayədən ibarətdir. Bu hekayələrin hər birində müəllif konkret bir mövzunun üzərinə işıq salaraq, oxucuları ictimai və mənəvi həyatdakı ibrətamiz və üzərində düşünüb-danışmaq tələb olunan hadisələrlə tanış edir. Yazıçı "Oğul həsrəti" və "Sarı baba" povestlərində Böyük Vətən müharibəsi dövrünün hadisələrini diqqət mərkəzinə çəkir.[1]

  • "Xəzinə"
  • "Yarpaqlar"
  • "Mənim bəlalı sevgim"
  • "Fəhlə qardaş"
  • "Cıdır düzü"
  • "Tək palıdın kölgəsi"
  • "Şəhərdən gələn qız"
  • "Gün batanda"
  • "Yazılmamış kitab"
  • "Arakəsmələr"
  • "Sənsiz"
  • "Bələdçi"
  • "Sərinlik"
  • "Qoz ağacı"
  • "Ayna"
  • "Sevirsə qayıdacaq"
  • "Gördüyümüz günlər"
  • "Mən ki gözəl deyildim..."
  1. "Tək adam". Bakı: Uşaqgəncnəşr, 1956, 160 səh.
  2. "Üç gün, üç gecə". Bakı: "Gənclik" nəşriyyatı, 1967.
  3. "Yarpaqlar" (roman). Bakı: Uşaqgəncnəşr, 1961, 312 səh.
  4. "Sənsiz" (povestlər). Bakı: Azərnəşr, 1963, 266 səh.
  5. "Onun gözləri" (roman). Bakı: Azərnəşr, 1964, 408 səh.
  6. "Xəzinə". "Bəlalı sevgim" (romanlar). Bakı: Azərnəşr, 1965, 438 səh.
  7. "Arakəsmələr" (roman). Bakı: Azərnəşr, 1966, 569 səh.
  8. "Üç gün, üç gecə" (povestlər). Bakı: Gənclik, 1967, 472 səh.
  9. "Seçilmiş əsərləri" (iki cilddə). I cild. Bakı: Azərnəşr, 1968, 514 səh.
  10. "Seçilmiş əsərləri" (iki cilddə). II cild. Bakı: Azərnəşr, 1968, 431 səh.
  11. "Yasəmən". Bakı: Gənclik, 1969, 298 səh.
  12. "Arakəsmələr" (roman). III, IV kitab. Bakı: Azərnəşr, 1971, 435 səh.
  13. "Fəhlə qardaş". Bakı: Gənclik, 1975, 217 səh.
  14. "Qaşsız üzük" (povestlər). Bakı: Azərnəşr, 1977, 404 səh.
  15. "Yazılmamış kitab". Bakı: Yazıçı, 1978, 488 səh.
  16. "Cıdır düzü". Bakı: Yazıçı, 1979, 476 səh.
  17. "Gün batanda". Bakı: Yazıçı, 1981, 448 səh.
  18. "Seçilmiş əsərləri" (üç cilddə). I cild. Bakı: Yazıçı, 1984, 328 səh.
  19. "Seçilmiş əsərləri" (üç cilddə). II cild. Bakı: Yazıçı, 1984, 324 səh.
  20. "Şəhərdən gələn qız". Bakı: Yazıçı, 1984, 488 səh.
  21. "Seçilmiş əsərləri" (üç cilddə). III cild. Bakı: Azərnəşr, 1985, 431 səh.
  22. "Karvan yolu" (roman). I cild. Bakı: Yazıçı, 1986, 798 səh.
  23. "Çox sözdən sonra" (povest və hekayələr). Bakı: Yazıçı, 1989, 294 səh.
  24. "Üzlü-astarlı günlər" (roman-xatirə və publisistik məqalələr). Bakı: Gənclik, 1992, 392 səh.
  25. "Karvan yolu" (roman). II cild. Bakı: Azərnəşr, 1993, 430 səh.
  1. Mən ki, gözəl deyildim (film, 1968)
  2. Firəngiz (film, 1975)
  3. Onun bəlalı sevgisi (film, 1980)
  1. 1 2 3 Məmmədov E.H. Həyat nəfəsli nəsr. Bakı: "Yazıçı". 1988. 232. ISBN 5-560-00183-X.
  2. "Xatirə təqvimi 9–12 dekabr". 2023-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-14.