41°04′33″ şm. e. 47°35′40″ ş. u.HGYO

Abdallı (Oğuz)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Abdallı
41°04′33″ şm. e. 47°35′40″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 156 nəf. (2009)
Abdallı xəritədə
Abdallı
Abdallı

AbdallıAzərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.

Abdallı Oğuz rayonunun Xaçmaz kənd inzibati ərazi dairəsinə daxildir. Rayon mərkəzindən 43 kilometr şərqdə, Xaçmaz kəndinin şimalında, Qalaçayın sol sahilində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Dəniz səviyyəsindən yüksəkliyi 900 metrdir. Oğuz rayonunda izi, sorağı tarixin dərinliklərindən gələn, bu torpağın qədim sakinlərindən xəbər verən toponimlərdən biri də Abdallı toponimidir. Tədqiqatçı E.Nuriyevin "Şəki-Zaqatala zonasının toponimiyası" adlı əsərində Oğuz rayonunun Abdallı kəndinin XIX əsrə aid məlumata görə həmin əsrin əvvəllərində Şəki qəzasının Qoruqlar kəndindən köçüb gələnlər tərəfindən salındığını qeyd etmişdir. Kəndin yaşlı sakinləri isə burada insanların məskunlaşmasının daha qədim tarixə malik olduğunu bildirirlər.

Abdallı sözünün mənşəyi və mənası haqqında elmi ədəbiyyatda iki əsas mülahizə irəli sürülür. Bir sıra tədqiqatçılar bu sözü Yaxın və Orta Şərqdə Abdal adı ilə məlum olan sufi-dərviş icması ilə əlaqələndirirlər. İsveçrə şərqşünası Adam Mets ilk dəfə 1922-ci ildə nəşr olunan " Müsəlman intibahı" əsərində yazırdı ki, IV–X əsrlərin tarixçilərinə və şalnaməçilərinə müqəddəslərin xüsusi qrupu kimi yalnız abdallar məlum olmuşdur. Adam Mets "abdal " sözünün fars mənşəli "abalar" sözünün ərəbləşdirilmiş variantı olub dini rəhbər (pir) mənasını ifadə etdiyini göstərmişdir. X əsrdə yaşamış İbn Durayd müsəlman ölkələrində müqəddəslərin -abdalların sayının 70 nəfər, XI əsrdə yaşamış əl- Xucviri isə 40 nəfər olduqlarını göstərmişdir. Abdal sözünün "Azərbaycan dilinin izahlı lüğəti"ndə verilən əsas mənalarından biri də onun "dərviş, qələndər" mənasında yozumudur.

"Şiəyəm, əmma nə bu əşkaldən,
Sünniyəm, əmma nə bu əmsaldən,
Sufiyəm, əmma nə bu əbdaldan,
Həqsevən insanəm, a şirvanlılar!".

Mirzə Ələkbər Sabirin "Seçilmiş əsərləri"ndə (Bakı, 1976, səh.208) yuxarıdakı şeirdə səslənən "əbdal" ifadəsi "sufizm təriqətlərindən biri, dərviştəbiət adam" mənasında açıqlanmışdır. "Azərbaycan tarixi üzrə qaynaqlar" adlı əsərdə qeyd olunur ki, XV–XVI əsrlərdə abdal (əbdal) artıq "yol və hal adamı", "dərviş-qələndər" təriqətə təmənnasız xidmət edən "gəzərgi" mənasını bildirir. Akademik B.Budaqov və Q. Qeybullayev tərəfindən tərtib edilən "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti" adlı əsərdə XV–XVI əsrlərdə İrandaTürkiyədə sufi təriqətlərinin üzvlərinin abdal adlandırıldığı, bu sözün ərəbcə "bədəl" sözündən olub "mömin", "zahid", "müdrik" mənasında anlaşıldığı qeyd olunmuşdur. Səfəvi şahları təkyələrdə və zaviyələrdə yaşayan dərviş abdallara AzərbaycandaErmənistanda müəyyən torpaq sahələri bağışlayırdılar. Səfəvi hökmdarı Şah İsmayıl Xətainin şeirlərində:

"Şahın övladına iqrar edənlər,
Əxilər, qazilər, əbdallar oldu",

Və ya,

"Sufiyəm təriqətdə, həqiqətdə əbdaləm".

misralarında "əbdallar" deyildikdə, məhz həmin təriqət tərəfdarları nəzərdə tutulurdu. Xətai özünü abdal, dərviş-qələndər adlandırsa da, ("Mənəm abdal Xətai Heydər oğlu"), onun oğlu Şah I Təhmasib onları "qanuni" dini ehkamlara qarşı çıxan bidətçılər sayaraq amansız surətdə təqib edirdi. Z.M.Həsənalıyev "Səfəvi dövləti (XVII əsrin I yarısı)" adlı əsərində qeyd edir ki, Adam Oleari abdallar haqqında ətraflı məlumat verən ilk səyyahdır. Səyyahın məlumatına görə abdallar yalnız Səfəvi ölkəsindədir. Bu ölkədə və Türkiyədə onlara dərvişlər də deyilirdi. Adam Oleari abdalların geyimlərindən də bəhs etmişdir. Onun məlumatına görə abdallar dini şəxslərdir və özlərini Əli nəslindən hesab edirlər. Onlar sadə kaftan və yundan kürk tikdirib geyirdilər. Ərdəbildə, İsfahanda, Məşhəddə belə sufilərə rast gəlmək mümkündür. Bu paltarları onlara abdal adına layiq görüldükdən sonra başçıları verir. Onlar kürkün altından bellərinə ucu misdən olan ilana bənzər kəmər bağlayırlar. Tarix elmləri doktoru S.Əliyarov da "Azərbaycanda bidətçilər hərəkatına dair" əsərində bu barədə geniş məlumat vermişdir. Xalq arasında "hal adamı", "gəzərgi" kimi tanınan dərvişləri "avara" , "sərsəri", "divanə", "dərbədər" adlandıranlar da olmuşdur. "Azərbaycan dilinin izahlı lüğəti"ndə abdal sözünün "avara", "divanə", "dərbədər" şəklində daha bir məna açımının verilməsi də təsadüfi deyildir. Şifahi xalq ədəbiyyatımızın ən görkəmli nümayəndələrindən biri olan Aşıq Ələsgər:

"Gər hökmün işləsə Qafınan Qafa,
Bihudə xərc çəkmə, əfsana cafa,
Qəvvas tapar ləli, satar sərrafa,
Nə aşığa, nə əbdala yetişməz".

Və ya Miskin Məhəmməd:

"Yetişdim bir kəndə, eylədim sual:
Qapı-qapı gedib, olmuşam abdal".

dedikdə, abdal ifadəsinə məhz bu mövqedən yanaşmışlar. "Abdal" sözünün mənşəyi və mənası haqqında ikinci mülahizənin tərəfdarları olan macar K.Teqledi, rus Piqulevski, azərbaycanlılar T.Əhmədov, V.Aslanov, E.Nuriyev və digər tədqiqatçılar Abdallı toponimini qədim türk mənşəli abdal tayfasının adı ilə bağlayırlar. 555-ci ildə naməlum müəllif tərəfindən yazılmış "Zəkəriyyə Ritorun xronikası" adlandırılan "Suriya xronikasına əlavələr" adlı əsərdə dünya xalqları təsvir olunarkən " on üç xalqın" o cümlədən abdalların türk mənşəli köçəri tayfa olduqları, alaçıqlarda və öz silahdaşlarının hesabına yaşadıqları göstərilmişdir. V.Bartolda görə abdallar hun tayfalarından biridir və onlar Əfqanıstanda, İranda, Türkiyədə, Türkmənistanda, Şimali QafqazdaGürcüstanda məskunlaşmışlar. A.Hüseynzadə və Ə.Sumbatzadə belə bir qənaətə gəlmişlər ki, abdallar IV–IX əsrlərdə Şimali Qafqazdan dağ keçidləri vasitəsilə Azərbaycana gələn qıpçaq, sabir, barsil, hun və sair köçəri türk tayfalarından biri olmuşdur. A.Bakıxanov da "Gülüstani-İrəm" əsərində abdal tayfasının Azərbaycanda yaşamasını qeyd etmişdir. Q.Qeybullayev "Azərbaycanlıların etnogenezinə dair" adlı əsərinin I cildində abdalların qədim türk tayfalarından olan, eftal adlanan ağ hunlar olduğunu bir sıra dəlillərlə əsaslandırmağa çalışmış, eyni zamanda Osmanlı türklərində, basqırdlardatürkmənlərdə də abdal adlı hun tayfasının olduğunu göstərmişdir. Akademik B.Budaqov və Q.Qeybullayev "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti" adlı əsərdə 1727-ci ilə aid bir mənbədə Dağlıq Qarabağın Vərəndə mahalında Abdal kəndi, XIX əsrdə Zəngəzur qəzasında Abdallar kəndi, Ordubad rayonundakı Abdal dağ adı, AğdamTovuz rayonlarında Abdal kənd adları, Şimali Qafqazda Ter əyalətində Abdal dağı toponimlərinin qədim türk mənşəli Abdal (ağ hun) tayfasının adı ilə bağlı olduğunu qeyd etmişlər. Həmin əsərdə göstərilir ki, bu tayfa V–VI əsrlərdə Orta Asiya, ƏfqanıstanÇin Türküstanını əhatə etmiş Eftalilər (Ağ hun) dövlətinin başçısı Eptalın adı ilə adlanmışlar. Bu,çara mənsub pul üzərində "Xionların (hunların) çarı Eptal" sözləri oxunur. Piqulevski VI əsrin ortalarında Şimali Qafqazda "Hun ölkəsində" Abdal adlı bir tayfanın yaşadığını bildirirdi. V.A.Qordlevskinin məlumatına görə Abdal tayfası orta əsrlərdə Türkiyədə güclü ictimai-siyasi qruplardan biri olmuşdur. Tarix elmləri doktoru S.Əliyarovun məlumatına görə, abdallar kök etibarilə Zaqafqaziyaya və Ön Asiyaya gələn qədim türk soylarındandır. Coğrafiya elmləri namizədi Nadir Məmmədov Azərbaycanda hazırda mövcud olan Abdal (Ağdaş rayonu), Abdallı (Oğuz rayonu), Çoban Abdallı (Göygöl rayonu), Abdal dərəsi (Xocavənd rayonu Bəhramlı kəndi), Abdal dağı, Abdal təpəsi (Laçın rayonu) və sair oykonimlərin abdal tayfasının adını daşıdığını qeyd etmişdir. Azərbaycan Sovet Ensiklopediyasının I cildində Laçın rayonunun 1923-cü ilədək Abdallar adlandırıldığı göstərilmişdir. Bütün bunları nəzərə alaraq Oğuz rayonunun Abdallı yaşayış məntəqəsinin aşağıdakı amillərə əsasən abdal tayfasının adı ilə bağlı olması qənaətinə gələ bilərik: Birincisi, sufilik təriqətinin Azərbaycanın şimal bölgəsində geniş yayılması haqqında tarixi məlumatlar yoxdur. İkincisi, abdalların digər türk tayfaları ilə birlikdə şimal dağ keçidləri vasitəsilə Azərbaycana gəlmələri bir çox tarixi mənbələrdə öz əksini tapmışdır. Abdallı kəndi rayonun şimalında, dağ keçidlərindən birinin qarşısında yerləşir. Üçüncüsü, Azərbaycanda, xüsusilə Şəki-Zaqatala zonasında abdal tayfası ilə eyni vaxtda bu əraziyə daxil olan qıpçaqlar, türkeşlər, oğuzlar, sabirlər, xəzərlərvə s. Türk tayfaları ilə bağlı toponimlər geniş yayılmışdır.

Abdallı oyk., düz. Oğuz rayonunun Xaçmaz i.ə.v.-də kənd. Qalaçayın sahilində, dağ ətəyi ərazidədir. Mənbələrin məlumatına görə, XIX əsrdə Şəkinin Qoruqlar kəndindən köçüb gələnlər Oğuzda üç kiçik məntəqəni yaratmışdılar. Bunlar şibili, Yemişanlı və Abdallı məntəqələri idi. Abdallı "abdal tayfasına məxsus yaşayış məntəqəsi" deməkdir. XIX əsrdə Gürcüstan ərazisində də eyniadlı iki kənd qeydə alınmışdır.[1]

  • 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 156 nəfər yaşayır.[2]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]