Bu, yaxşı məqalədir. Daha çox məlumat üçün klikləyin.

Həbibi

Vikipediya, azad ensiklopediya
Sabuhi from Baku (müzakirə | töhfələr) (Ədəbiyyat) tərəfindən edilmiş 12:28, 8 sentyabr 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Həbibi
az.-əski. حبيبي
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binasının pəncərəsində Həbibinin təsviri.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binasının pəncərəsində Həbibinin təsviri.
Doğum adı naməlum.
Təxəllüsləri Həbibi, Əcəm Həbibi, Həbibiyi Azərbaycani, Həbibiyi Bərgüşadi, Həbibi Çələbi
Doğum tarixi təq. 1470
Doğum yeri Bərgüşad
Vəfat tarixi 1520
Vəfat yeri
Vətəndaşlığı Ağqoyunlu,Səfəvi
Milliyyəti azərbaycanlı
Fəaliyyəti yazıçı, şair
Əsərlərinin dili Azərbaycan dili, türk dili
Vikimənbənin loqosu Həbibi Vikimənbədə

Həbibi[a] (az.-əski. حبيبي‎; təq. 1470, Bərgüşad, Ucar rayonu1520, İstanbul) — XV əsrin sonu və XVI əsrin əvvəllərində yaşamış Azərbaycan şairi. O, yaşadığı dövrün ən mühüm Azərbaycan şairi hesab olunur.

Həbibi həyatının ilk illərini Ağqoyunlu hökmdarı Yaqub padşah sarayında keçirmiş və ilk şeirlərini burada yazmağa başlamışdır. O, 1502-ci ildə Səfəvi şahı I İsmayıl tərəfindən "şairlərin şahı" tituluna layiq görülmüş və beləliklə, Səfəvilər dövlətində saray şairi olmuşdur. Həbibi öz əsərlərini doğma Azərbaycan dilində yazmış, hürufiliktəsəvvüf kimi mövzulardan bəhs etmişdir. O, özündən sonrakı illərdə yazıb-yaratmış şairlərə, o cümlədən Füzuliyə ustadlıq etmiş, ümumi mənzərədə isə Azərbaycan ədəbiyyatının inkişafına mühüm təsir göstərmişdir. Həbibi ömrünün son illərini Anadoluda keçirmiş, 1519-cu və ya 1520-ci ildə vəfat etmişdir.

Həbibi 1470-ci ildə Bergüşad kəndində (indiki Azərbaycan Respublikasına bağlı Ucar rayonunun tərkibində) anadan olmuşdur.[2][3] O, uşaqlıq illərində çobanlıqla məşğul olmuşdur. Səfəvi şahzadəsi Sam Mirzənin qeydlərinə görə, Həbibi bir dəfə çobanlıq etdiyi vaxt ov səfərində olan Ağqoyunlu hökmdarı Yaqub bəy ilə görüşmüşdür. Yaqub bəy bu zaman Həbibinin dahiliyinə görə onu öz himayəsinə götürmək qərarına gəlmişdir.[4][5] O, ilk şeirlərini məhz Yaqub bəyin hakimiyyəti dövründə, Ağqoyunlu sarayında yaşayarkən ərsəyə gətirmişdir.[2][4]

1490-cı ildə Yaqub bəyin vəfat etməsindən 1502-ci ilə qədər Həbibinin həyatı haqqında heç nə məlum deyil.[6] O, 1502-ci ildə Səfəvilər dövlətində saray şairi olmuş, özü də şair olan Səfəvi şahı I İsmayıl (1487–1524) ona "məlik üş-şüəra" (mənası – şairlərin şahı) titulunu layiq görmüşdür.[2][6][7] Həbibi 1514-cü ildə Osmanlı imperiyasının paytaxtı Konstantinopol (indiki İstanbul) şəhərinə köçmüşdür. Müasir tarixçilər bunu Osmanlı sultanı I Səlimin o vaxt Səfəvilərin paytaxtı olan Təbriz şəhərini tutması ilə əlaqələndirirlər.[7][8][9] Akademik Həmid Araslıya (1902–1983) görə, Həbibi 1514-cü ildə Təbriz ələ keçirildikdən sonra Osmanlı sultanı I Səlim tərəfindən Konstantinopola gətirilmiş 1,700 incəsənət xadimindən biri idi. Övliya Çələbi Həbibini I Səlimin saray əyanı kimi təsvir etmişdir. Müasir tarixçilər buna əsaslanaraq güman edirlər ki, türkfars ədəbiyyatı ilə yaxından maraqlanan sultan Həbibini sarayını tərk etdiyinə görə ondan məyus qalmış Şah İsmayıldan qorumağa çalışırdı.[4][6]

Mənbələrdə I Səlimin dövründə vəfat etdiyi bildirilən Həbibinin dəqiq ölüm tarixi məlum deyil. Övliya Çələbinin qeydlərinə görə, o, Sütlücədə yerləşən Cəfərabad xanəgahında dəfn edilmişdir.[4][5][9] "İranika Ensiklopediyası" və "İslam Ensiklopediyası" Həbibinin 1519-cu ildə vəfat etdiyini qeyd edilir, Böyük Sovet Ensiklopediyasında və "Meydan Larousse"da isə şairin vəfat tarixi 1520-ci il göstərilir.[9][10]

Yaradıcılığı

[redaktə | vikimətni redaktə et]

Həbibinin əsərlərinin çoxu itmiş,[7] onlardan sadəcə 40-ı indiki dövrə qədər gəlib çatmışdır.[2] Müasir tarixçilər sağlığında olan şöhrətini nəzərə alaraq güman edirlər ki, o, öz "Divan"ını hələ Anadoluya gəlməmişdən əvvəl yazmışdır.[5] Həbibinin şeirlərində istifadə olunan dil sırf Azərbaycan türkcəsinə aid edilir, lakin burada fars dilinə xarakterik çoxsaylı elementlər, həmçinin cığatay dilinin təsiri də müşahidə olunur.[7] Onun şeirləri "sadə və səmimi" kimi təsvir olunur.[4] Həbibinin şeirlərində hürufiliklə bağlı məzmunlar öz yerini tapmışdır. O, aydın və canlı metaforalarla məhəbbət və sufilik mövzularında fəlsəfi şeirlər yazmışdır. Həbibi öz dövrünün ən görkəmli Azərbaycan şairlərindən biri idi.[4][8] Mehmed Fuad Köprülüyə görə, o, Nəsimi, Xətai (Səfəvi şahı I İsmayılın təxəllüsü) və Füzuli arasında keçid dövrünü təmsil edirdi.[2][7] Həbibinin şeirləri xüsusilə Xətai və Füzulinin yaradıcılığına təsir göstərmişdir.[2][7]

Həbibi yaradıcılığında XIV əsr Azərbaycan şairi[11] Nəsimidən,[2][7] bir qədər də Osmanlı şairləri Yusif ŞeyxiƏhməd Paşadan, həmçinin Azərbaycandilli Xəlilidən çox təsirlənmişdir. Sevgi, içki, Adəmə səcdə və tanrı ilə birliyə nail olmaq kimi mənəvi mövzular Həbibinin şeirlərində ən mühüm məfhumlardır.[4][7] Bundan əlavə, o, şeirlərində dini idarəni rişxənd edir.[7] Həbibi Anadolu türkcəsində də şeirlər yazmış, misralarının quruluşuna, xüsusən də qafiyələrin düzgünlüyünə çox diqqət yetirmişdir. Buna baxmayaraq, o, bəzən Anadolu türkcəsindən yanlış formada istifadə edir və Osmanlı şairlərinin nəzm texnikasındakı ustalığı ilə uyğunlaşa bilmirdi.[4][12] Çakəri Sinan Çələbi, Səfayi Çələbi, Cəlalzadə Mustafa Çələbi, Həyati Çələbi, Tutmaçı kimi XVI əsr şairlərinin Həbibiyə nəzirələr yazmaları onun Osmanlı poeziyasında tutduğu yerin əhəmiyyətini nümayiş etdirir.[4]

Həbibi Anadolu türkcəsində şeir yazmağı öyrənsə də, Osmanlı bioqrafı Aşıq Çələbi (1520–1572) Həbibinin poeziyasını Osmanlı üslubuna deyil, İran (əcəmanə) üslubuna aid hesab etmiş və onun poeziyasının "çağdaş poetik cərəyanlar"a uyğun gəlmədiyini qeyd etmişdir.[13]

Müasir tarixçilər güman edirlər ki, Həbibi sağlığında və ölümündən sonra bir müddət məşhur bir şair idi.[14] Onlar əsas olaraq Füzulinin Həbibinin öz qəzəllərindən birinin mətləsindən götürülmüş müxəmməs yazmasını göstərirlər. Həbibi Azərbaycan ədəbiyyatının inkişafında böyük rol oynamış bir çox gələcək şairlərə təsir etmişdir.[9] Buna baxmayaraq, Həbibi indiki dövrdə demək olar ki, tamamilə unudulmuşdur. Onun şeirlərindən yalnız bir neçəsi qorunub saxlanmışdır, bu da öz növbəsində ölümündən qısa müddət sonra məşhurluq baxımından onu ötmüş Füzuli və Osmanlı şairi Baki (1526–1600) ilə bağlıdır.[4][7]

  • Həbibi. Şeirlər (PDF) (az.). Bakı: Şərq-Qərb. 2006.
  • Şerlər (az.). Bakı. 1981.
  • Qəsidələr, qəzəllər // Azərbaycan klassik ədəbiyyatı kitabxanası (az.). III cild. Bakı. 1984.
  1. Həbibinin gerçək adı bilinmir. Fərqli mənbələrdə onun adı Əcəm Həbibi, Həbibiyi Azərbaycani, Həbibiyi BərgüşadiHəbibi Çələbi kimi qeyd olunmuşdur.[1]
  1. Oğuz, Üst və Gürbüz, 2020
  2. 1 2 3 4 5 6 7 Prokhorov, 1969–1978
  3. Erden, 2018. səh. 5
  4. 1 2 3 4 5 6 7 8 9 10 Sadıkoğlu, 1996. səh. 374–375
  5. 1 2 3 Erden, 2018. səh. 6
  6. 1 2 3 Erden, 2018. səh. 7
  7. 1 2 3 4 5 6 7 8 9 10 Hess, 2020
  8. 1 2 Javadi, Burrill, 1988. səh. 251–255
  9. 1 2 3 4 Meydan Larousse, 1960. səh. 287
  10. Great Soviet Encyclopedia, 1969–1978
  11. Mustafayeva, 2021. səh. 5
  12. Erden, 2018. səh. 9
  13. Péri, 2021. səh. 245
  14. Erden, 2018. səh. 8