Xaqani bağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xaqani bağı
Molokan bağı, Marinski bağı, "9 yanvar" bağı, Haşım Əliyev bağı
Məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılıb 1870
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xaqani bağı və ya Molokan bağı — Bakının ən qədim parklarından biri. Ərazisi kiçikdir (0.8 hektar), Səbail rayonunda yerləşir. Park adını orta əsrlərdə Şamaxıda yaşamış şair Xaqani Şirvanidən alır. Park cənubdan Üzeyir Hacıbəyov küçəsi ilə, şimaldan Xaqani küçəsi ilə, şərqdən Qoqol küçəsi ilə, qərbdən Rəsul Rza küçəsi ilə məhdudlaşır.

Bağın arxitektura-landşaft kompozisiyasının əsası üç qızın heykəlindən təşkil edilmiş "Üç gözəl" heykəllər qrupu ilə əyri cızıqlı formalı hovuzdan ibarətdir. Heykəllər qrupu adi daşın böyük parçaları üzərində oturdulmuşdur.[1]

Bağ pavilyonunun cərgələri su hovuzundan başlayır. Bağın yolları elə istiqamətlənib ki, onlar mərkəzdə yerləşən hovuza qədər diaqonal şəklində davam edir. Bağın ərazisi kiçik olsa da (0.8 hektar), kifayət qədər rahatdır və bakılıların istirahət üçün sevimli məkanıdır. Yaşıllıq əraziləri elə yerləşib ki, skamyaların yanında kifayət qədər kölgəlik ərazisi var. Ağacların ətrafında kolluqlar və güllüklər var.[1]

Xaqani bağının Rusiya imperiyası dövründə görünüşü və 1880-ci ilə aid planı

XIX əsrin ikinci yarısında Azərbaycanda neft sənayesi və onun bağlı sahələr inkişaf etməyə başlayanda Bakının tarixi hissəsi İçərişəhərin şimal-şərq hissəsində yaşayış yerləri ümumşəhər tikintisinin əhəmiyyətli bir hissəsini təşkil edirdi. 1860-cı illərdə şəhər ətrafının inkişafı mühitində molokan slobodaları[ş 1] meydana çıxdı.[2] Mərkəzi məhəllələrinin tikintisi ilə əlaqədar olaraq molokan slobodaları tarlaları və tövlələri ilə birlikdə yox edildi. Molokanlar tamamilə yeni rayonda — Zavağzalda məskunlaşdı. Burada onlar yeni molokan slobodası yaratdılar. Slobodanın yerində Marinski bağı salındı. Bağ 1870-ci illərdə varlı şəxslərin mülklərinə yaxın ərazidə salınmışdır.[1] Bağ şəhərin mərkəzi rayonlarından biri olan Primorskda yerləşirdi.[2]

Bağın yaradılması və layihələndirilməsi çətinliklərlə üzləşirdi. Bunlardan bir çoxunun səbəbi su təchizatındakı problemlər idi. Həmçinin şəhər bağçısı, idarə və duma üzvləri tərəfindən bu bağa diqqət ayrılmırdı. "Kaspi" qəzetində bu haqda yazılırdı:

" Bakı yaşıllığın çoxluğu ilə öyünə bilməz, ona görə də bağa belə laqeyd yanaşma... cinayətdən də ağırdır.[1] "

1890-cı illərdə bağın quruluşunun layihələndirilməsinə uyğun olaraq bağda yeni ağaclar əkildi. Ümumilikdə bağın planı kvadrat şəklində idi. Planın kompozisiyası keçidlərin diaqonal xətt şəklində yerləşməsinə əsaslanırdı. Keçidlərin birləşdiyi mərkəzdə fəvvarəli hovuz yerləşirdi. Ağac cərgələri bağın perimetri boyunca yerləşirdi. Bu, bağın keçidinin əlavə dövrələnməsini və sahənin yaşıllaşdırılmasının vizual və funksional keyfiyyətini artırırdı.[1]

XX əsrin əvvəllərində Marinski bağının yenidən planlaşdırılması vacib məsələyə çevrilmişdi. Baş bağçı A. E. Vasilyev qeyd edirdi ki, bu dövrdə ictimai bağların qaydaya salınması başlanmışdı. 1904-cü ildə vəziyyətin tədqiq edilməsi nəticəsində Vasilyev Marinski bağının yenidən qurulması proyektini hazırladı. Proyektə keçidlərin genişləndirilməsi və isti iqlimə dözümlü ağac növlərinin əkilməsi daxil idi. Bədii ifadəliliyinin artırılması üçün mövcud nəbatatın yüksək dekorativ keyfiyyətə malik ağaclarla əvəz edilməsi planlaşdırılırdı. Həmçinin kiçik arxitektura formalarının düzgün yerləşdirilməsi nəzərdə tutulurdu. Ancaq proyekt həyata keçirilə bilmədi.[1]

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bağ 1905-ci il qanlı bazar ertəsinin şərəfinə "9 yanvar" adlandırıldı. İkinci Dünya müharibəsindən sonra bağ iki dəfə yenidən quruldu. Kiçik arxitektura formaları — işıq fənərləri, qəzet kiosku, göyərçinlər üçün yem qutusu və landşaft dizaynının digər elementləri qeyd edilməldiir.[1]

Daha sonra bağa Haşım Əliyevin adı verildi.[mənbə göstərin] Müstəqilliyin elan edilməsindən sonra bağ orta əsr şairi Xaqani Şirvaninin şərəfinə adlandırıldı.

4 mart 2024-cü il tarixində parkın ətrafındakı avtomobil yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq ərazi piyadalaşdırılıb.[3]

  1. Sloboda[ing.] — Rusiya, Belarus və Ukrayna tarixində məskunlaşma növü.
  1. 1 2 3 4 5 6 7 А. А. Гасанова. Сады и парки Азербайджана Arxivləşdirilib 2017-01-10 at the Wayback Machine / Под ред. проф. Ф. М. Гусейнова. — Баку: Ишыг, 1996. — 304 с.
  2. 1 2 Шамиль Фатуллаев. Градостроительство Баку XIX—начала XX веков Arxivləşdirilib 2017-09-11 at the Wayback Machine / Под ред. проф. В. И. Пилявского. — Ленинград: Стройиздат, 1978. — 215 с.
  3. "Bakıda Xaqani bağının ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb". Report İnformasiya Agentliyi (az.). 4 mart 2024. 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]