Teodor Mommzen

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Teodor Mommzen
alm. Theodor Mommsen
Doğum adı Christian Matthias Theodor Mommsen
Doğum tarixi 30 noyabr 1817(1817-11-30)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 1 noyabr 1903(1903-11-01)[1][2][…] (85 yaşında)
Uşaqları 16
Təhsili
Fəaliyyəti hüquqşünas, jurnalist, hüquq tarixçisi, yazıçı, universitet müəllimi[d], siyasətçi, epiqrafist, klassisist[d], tarixçi
Əsərlərinin dili alman dili
Tanınmış əsərləri
Üzvlüyü
Mükafatları Maksimilianın "Elm və incəsənət üzrə" Bavariya ordeni İncəsənət və elm sahəsində Pour le Mérite ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Teodor Mommzen (alm. Theodor Mommsen‎; 30 noyabr 1817[1][2][…], Qardinq[d], Şlezviq[3][4]1 noyabr 1903[1][2][…]) — alman tarixçi, filoloq, hüquqşünas, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1902), Romanın fəxri vətəndaşı. 1868-ci ildə "Pour le Mérite" ordeni ilə mükafatlandırılıb.

XX əsrin əvvəllərində Nobel mükafatına layiq görülən alman filoloqu, tarixçi, arxeoloq və hüquqşünas Teodor Mommzen XIX əsrin əvvəllərində hələ Danimarka ərazisi sayılan Şlezviqdə, din xadimi ailəsində doğulmuşdu. 1902-ci ildə, 85 yaşında ikən tarix elminin həyatda olan ən böyük nümayəndəsi olduğuna və ""Roma tarixi" adlı monumental əsərinə görə" ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüşdü. İsveç Akademiyası kabinet alimi Teodor Mommzeni laureatlığa iddialı digər namizədlərdən, eləcə də böyük rus yazıçısı Lev Tolstoydan daha üstün tutmuşdu. Bəzən bunu Akademiyanın nüfuzlu daimi katibi Karl Virlenin alman sevgisi ilə izah edənlər də tapılmışdır.

Mommzenin ədəbiyyatçı kimi mükafatlandırılması sonralar daha dörd dəfə təkrarlanan presedentə yol açmışdı. Onun ardınca müasiri və həmvətəni Rudolf Eyken (1910), fransız filosofu Anri Berqson (1927), ingilis filosofu, riyaziyyatçı və tarixçi Bertran Rassel (1950), Böyük Britaniya siyasətçisi və dövlət xadimi Vinston Çörçill (1954) də ədəbiyyat üzrə Nobel mükafatı laureatları olmuşdular.

Teodor Mommzen (1863)

Teodor Mommzen klassik Avropa təhsili almışdı. Kil universitetinin hüquq fakültəsini bitirməsi, qədim dilləri — latınca və yunancanı mükəmməl bilməsi ona antik dövr tarixi, klassik filologiya və Roma hüququ üzrə yüksək səviyyəli mütəxəssis kimi formalaşmağa şərait yaratmışdı. 1844-1847-ci illərdə İtaliya və Fransada uzunmüddətli elmi ekspedisiyada olması həm latın və italyan epiqrafik abidələrini tədqiq etməsinə, həm də üç cildlik fundamental "Roma tarixi" kitabı üçün material toplamasına imkan vermişdi.

1848-ci ildən alim Leypsiq, Sürix, Breslau universitetlərində qədim tarix və Poma hüququ professoru, 1857-ci ildə Berlin Elmlər Akademiyasının tədqiqatçı-professoru, bir il sonra isə bu qurumun həqiqi üzvü olmuşdu. 1861-1887-ci illərdə o, həm də Berlin universitetinin Roma tarixi professoru idi. Romada indi də fəaliyyət göstərən Alman Arxeologiya İnstitutunun qurucusu da Mommzen olmuşdu. Qədim Roma tarixi ilə bağlı əsərlərinə görə bu şəhərin fəxri vətəndaşı seçilmişdi.

Teodor Mommzen həm də tanınmış siyasi xadim idi. O, iki dəfə Prussiya Nümayəndələr Palatasına üzv seçilmiş, 1881-1884-cü illərdə Reyxstaqın deputatı olmuşdu. Mommzen həm də XIX əsrin sonunda Almaniyada baş qaldıran antisemitizmin ilk əleyhdarlarından biri kimi tanınmışdı. Alim Almaniya üçün slavyan təhlükəsinin mövcudluğuna dəfələrlə diqqət yönəltmişdi. Teodor Mommzen Almaniyanın imperiya iddialarına bədbinliklə yanaşır, həmvətənlərini liberal və sosial-demokrat dəyərlərə önəm verməyə çağırırdı. O, dövlət idarəçiliyi və islahatlarla bağlı məsələlərdə Almaniyanın ən nüfuzlu kanslerlərindən olan Otto fon Bismarkın barışmaz opponentlərindən biri kimi çıxış edirdi.

Teodor Mommzen kifayət qədər uzun ömür yaşamış və çox məhsuldar alim kimi tanınmışdı. 1887-ci ildə, anadan olmasının 70 illiyi ərəfəsində hazırlanan elmi biblioqrafiyasına onun 949 əsərinin adı daxil edilmişdi. Vəfatından sonrakı biblioqrafiya isə artıq müxtəlif sahələrə dair 1500-ə yaxın tədqiqatı əhatə edirdi.

Teodor Mommzenin Belin Universitetinin həyətindəki heykəli (heykəltaraş Adolff Brütt)

Əksəriyyəti mövzu spesifikliyi ilə seçilən bu əsərlər içərisində alimin üç cildlik "Roma tarixi" (1854-1856), "İmperiya hökmü altındakı Roma əyalətləri" (1857), qardaşı Avqust Mommzenlə birlikdə yazdığı "Sezar dövrünün Roma xronologiyası" (1858), "Roma dövlət hüququ", (1863-1865), "Roma konstitutsiya hüququ" (1871-1888), "Roma cinayət hüququ" (1899) kimi çoxillik axtarışların nəticəsi olan fundamental monoqrafiyaları mühüm yer tutur. Müəllifin tarixə dair əsərləri quruluqdan və sırf akademizmdən uzaqdır. Xüsusi ilə "Roma tarixi" dilinin axıcılığı, obrazlılığı baxımından az qala bir roman kimi oxunur.

Mommzen təkcə çoxlu kitablar yazmamış, həm də çoxlu uşaq atası olmuşdu. Yarım əsrdən artıq birgə yaşadığı həyat yoldaşı Mariya Reymerlə birlikdə onlar 16 övlad böyütmüşdülər. Teodor Mommzeni tam əsasla tarixçilər sülaləsinin banisi də adlandırmaq mümkündür. Oğlanları Karl, Vilhelm və Ernst atalarının yolu ilə getmişdilər. Nəvələri Volfhanq və Hans Mommzen isə müasir Almaniyanın görkəmli tarixçiləri kimi tanınırlar.

2007-ci ildə ingilis yazıçısı Doris Lessinq 87 yaşında ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülənə qədər təxminən 105 il ərzində klassik alman tarixçisi Teodor Mommzen bu mükafatı ömrünün ən ahıl çağında (85 yaşda) qazanan laureat adını özündə saxlamışdı.

  • Roma tarixi (Römische Geschichte) (1854-1856);
  • İmperiya hökmü altındakı Roma əyalətləri (1857);
  • Sezar dövrünün Roma xronologiyası (1858) (qardaşı Avqust Mommzenlə birgə);
  • Roma dövlət hüququ (1863-1865);
  • Roma konstitusiya hüququ (Römisches Staatsrecht) (1871-1888);
  • Roma cinayət hüququ (Römisches Strafrecht) (1899);
  • eləcə də 1500-dən artıq digər məqalə və esse müəllifidir.
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Theodor Mommsen // Nationalencyklopedin (швед.). 1999.
  3. 1 2 Моммзен Теодор // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 www.accademiadellescienze.it (it.).
  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]