Sülli-Prüdom
Sülli-Prüdom | |
---|---|
fr. Sully Prudhomme | |
Doğum adı | René Francois Armand Prudhomme |
Təxəllüsü | Sully Prudhomme[6] |
Doğum tarixi | 16 mart 1839[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 7 sentyabr 1907[3][4] (68 yaşında) |
Dəfn yeri | |
Fəaliyyəti | şair, yazıçı, esseist, gündəlik yazıçısı[d], filosof |
Fəaliyyət illəri | 1865-ci ildən |
Əsərlərinin dili | fransız dili |
Üzvlüyü |
|
Mükafatları | |
Sülli-Prüdom Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Rene Sülli-Prüdom (fr. Sully-Prudhomme; əsl adı Rene Fransua Arman Prüdom, fr. René François Armand Prudhomme; 16 mart 1839[1][2][…], X arondisman[7][8] – 7 sentyabr 1907[3][4]) — fransız şair, "Parnas" qrupunun üzvü, Ədəbiyyat üzrə Nobel mükafatının ilk laureatı (1901).
Həyatı
[redaktə | vikimətni redaktə et]Ədəbiyyat sahəsində ilk Nobel laureatı Rene Fransua Arman Prüdomun adı indi fransız ədəbiyyatı mütəxəssisləri istisna olunmaqla çox az adama məlumdur. O, Parisdə doğulmuşdu. İki yaşında atasını itirdiyindən əmisinin himayəsində böyümüşdü. İlk təhsilini Bonapart litseyində almışdı. Dəqiq elmlərə, xüsusən də riyaziyyata marağı böyük idi. Litseyi bitirdikdən sonra mühəndis ixtisasına yiyələnmək üçün məşhur Politexnik məktəbə daxil olmaq istəsə də, gözlərində yaranan problem buna imkan verməmişdi.
Erkən gəncliyindən "həyat universitetləri" keçən Rene ilk poetik məcmuəsini – "Stanslar və şeirlər" kitabını 1865-ci ildə çap etdirmişdi. Kitab dövrün görkəmli tənqidçilərindən biri - Şarl Sent-Böv tərəfindən hərarətlə qarşılanmışdı. Bundan sonra Sülli-Prüdom özünü bütünlüklə ədəbiyyata həsr edir.
Uğurlu poetik debüt Sülli-Prüdomu yeni axtarışlara ruhlandırmışdı. Növbəti illərdə çapdan çıxan "Avgi tövlələri" (1866), "İtalyan cizgiləri" (1868), "Tənhalıq" (1869) məcmuələri onu ədəbi dairələrdə daha yaxşı tanıtmışdı. Cavabsız məhəbbət, din-elm qarşıdurması bu şeirlərin əsas mövzusunu təşkil edirdi.
Gənc yaşlarında ədəbi şöhrət qazansa da şairin sonrakı həyatı acılarla dolu olmuşdu. Əmisi qızından ailə qurmaq təklifinə rədd cavabı aldığından ömrünün sonuna qədər evlənməmişdi. 1870-ci ilin əvvəllində bir neçə gün içərisində əmisini, anasını və xalasını itirmişdi. Həmin ilin iyul ayında Fransa-Prussiya müharibəsi başlayanda Sulli Prudom da könüllülər sırasında Vətəninin müdafiəsinə qoşulmuşdu. O, Dreyfusun fəal tərəfdarlarından olmuşdu. Parisin mühasirəsi zamanı üzləşdiyi məhrumiyyətlər sonralar səhhəti üçün ciddi problemlər yaratmışdı. Ayaqları tutulduğundan Sülli-Prüdom uzun müddət yataq xəstəsi olmuşdu. Lakin xəstə yatağına düşməsinə baxmayaraq fransız xalqının milli savaşına təkcə silahla deyil, qələmlə də yardım göstərməyə çalışmışdı. 1870-ci ildə onun hərbi-vətənpərvərlik ruhlu şeirlərinin toplandığı "Hərb təəssüratları" kitabı çap edilmiş və böyük populyarlıq qazanmışdı.
Antik poeziyanın təsirini yaradıcılığında həmişə hiss edən Sülli-Prüdomun bəzi əsərlərinin mövzu və ideyası qədim dövrdən götürülmüşdü. Məsələn, "Ədalət" (1878) fəlsəfi poeması qədim Roma şairi Lukretsinin təsiri ilə yazılmışdı. Müəllifin fikrincə, insan ədaləti xarici aləmdə deyil, öz daxilində axtarmalıdır. "Xoşbəxtlik" (1888) adlandırdığı dörd min misralıq digər fəlsəfi poemasında isə Sulli Prudom insanın yalnız elmə can atmaq, hər şeylə maraqlanmaq, fəzilət və özünü qurban verə bilmək sayəsində səadətə qovuşacağı ideyasını əsaslandırmağa çalışmışdı.
Bəşəriyyətin taleyində böyük faciəvi dövrün yaxınlaşdığı ərəfədə Sulli Prudom humanist idealların tərənnümünü yaradıcılığının əsas qayəsinə çevirmişdi. Tənqidçi Jan Bedenin yazdığı kimi, "o, poeziyanı pozitivistlərin bədbinliyi nəticəsində düşdüyü zülmətdən qurtarmış, xoşbəxtliyə aparan yolun əzablardan, fədakarlıq və qardaşcasına məhəbbətdən keçməsi fikrini aşılamağa çalışmışdı".
Sülli-Prüdom ədəbi forma və janrlara münasibətdə mühafizəkar mövqeyi ilə tanınırdı. "Ədəbi vəsiyyət" kitabında (1900) o, klassik fransız poeziyası ənənələrinə tərəfdar çıxmış, sərbəst şerə, simvolistlərin axtarışlarına və dekadans ədəbiyyatına tənqidi münasibətini ifadə etmişdi. 1901-ci ildə Sülli-Prüdom əsərlərinin "böyük ədəbi məziyyətlərinə, ali idealizminə, bədii mükəmməlliyinə və səmimilik ilə istedadın qeyri-adi tərzdə bir-birini tamamladığına görə" ədəbiyyat sahəsində ilk Nobel mükafatı laureatı oldu. İsveç Akademiyasının bu qərarı çoxları üçün gözlənilməz idi. Çünki həmin dövrdə yeni mükafata ən layiqli namizəd rus yazıçısı Lev Tolstoy sayılırdı. Lakin sənədlərini gec təqdim etməsi bəhanə gətirilərək onun namizədliyinə baxılmamışdı. Bundan sonra bir qrup isveç yazıçısı (o cümlədən bu mükafatın gələcək laureatı Selma Laqerlöf) açıq məktub yazaraq Akademiyanın qərarına etiraz etmişlər və Tolstoyun namizədliyini müdafiə etdiklərini bildirmişlər. Bundan sonra təbii ki, Prüdomu çoxları dörd bir yandan tənqid atəşinə tutmuşlar.
Mükafatın təqdimat mərasimində İsveç Akademiyasının üzvü Karl Virsen niyə məhz Sülli-Prüdomun seçilməsi məsələsinə münasibət bildirərək qeyd etmişdi ki, laureat "hər şeyin məğzinə varan və insanın mənəvi böyüklüyünü dərk edən müşahidələri ilə seçilir" və bu baxımdan Nobelin "ədəbiyyatda idealist təmayül" adlandırdığı fikir cərəyanını digər yazıçılardan daha yaxşı təcəssüm etdirir".
Sülli-Prüdom xəstə olduğundan təqdimat mərasimində iştirak edə bilməmişdi. Ona görə də ilk mükafatın diplomu və medalı Stokholmdakı Fransa səfirinə təqdim olunmuşdu.
Həyatının son illərini xəstə yatağında keçirən Sülli-Prüdom poeziyadan çox xristian əxlaqı və fəlsəfə problemləri ilə maraqlanmış, "Paskalın həqiqi dini" (1905) və "Sərbəst seçim psixologiyası" (1906) kimi traktatlar yazmışdı.
Sülli-Prüdom həm də Nobel mükafatından istifadənin nəcib nümunəsini qoyub getmişdi. Vəsiyyətinə əsasən mükafatdan qazandığı vəsait hesabına gənc fransız şairləri üçün ədəbi fond təsis edilmişdi.
Əsərləri
[redaktə | vikimətni redaktə et]- Les Solitudes (1869)
- Poésies (Les Épreuves, Les Écuries d’Augias. Croquis Italiens...) (1872)
- Impressions de la guerre (1872)
- Les Destins (Talelər) (1872), fəlsəfi poema
- La Révolte des fleurs (1874)
- La France (1874)
- Les Vaines tendresses (Əbəs incəlik) (1875), Şeirlər toplusu
- La Justice (Ədalət) (1878)
- L’Expression dans les beaux-arts (Oeuvres. Prose. 1883)
- Le Prisme (1886)
- Le Bonheur (Xoşbəxtlik) (1888), fəlsəfi poema
- Réflexions sur l’art des vers (1892)
- Les Solitudes (ikinci nəşr, 1894)
- Oeuvres de prose (1898)
- Sully Prudhomme à Alfred de Vigny Sonnets (1898)
- Testament poétique (Poetik vəsiyyət) (1901)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 René François Armand Prudhomme // Léonore verilənlər bazası (fr.). ministère de la Culture.
- ↑ 1 2 Sully Prudhomme // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ 1 2 Sully Prudhomme // http://data.nobelprize.org/page/laureate/569.
- ↑ 1 2 Sully Prudhomme // (unspecified title).
- ↑ 1 2 Fransa Akademiyası. 1635.
- ↑ https://www.nobelprize.org/prizes/facts/facts-on-the-nobel-prize-in-literature/.
- ↑ 1 2 Сюлли-Прюдом // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Archivio Storico Ricordi. 1808.
- ↑ https://gallica.bnf.fr/ark:/12148/bpt6k6423517n/f329.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]Rene Sülli-Prüdom:bioqrafiyası, şəkilləri, əsərləri və məqalələri (rus.)
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]- 16 martda doğulanlar
- 1839-cu ildə doğulanlar
- Parisdə doğulanlar
- 7 sentyabrda vəfat edənlər
- 1907-ci ildə vəfat edənlər
- 68 yaşında vəfat edənlər
- Per-Laşez qəbiristanlığında dəfn olunanlar
- Fransa Akademiyasının üzvləri
- Macarıstan Elmlər Akademiyasının üzvləri
- Fəxri Legion ordeninin yüksək rütbəli zabitləri
- "Fəxri Legion" ordeninin komandorları
- "Fəxri Legion" ordeni zabitləri
- Fəxri Legion ordeninin kavalerləri
- Əlifba sırasına görə yazıçı və şairlər
- Fransa şairləri
- Fransız şairlər
- Ədəbiyyat üzrə Nobel mükafatı laureatları
- Fransalı Nobel mükafatı laureatları
- Fransada vəfat edənlər