Soyurqal
Soyurqal (monqolca hərfi mənası ehsan, bəxşiş, hədiyyə, güzəşt) — orta əsrlərdə hərbi xidmət müqabilində feodal əyanlara bağışlanılan torpaq sahəsi, mülk.
Haqqında
[redaktə | vikimətni redaktə et]Qızıl Orda, Orta Asiya, İran, İraq və Azərbaycanda, habelə Hindistanda və bir sıra başqa ölkələrdə geniş yayılmışdı.[1] Soyurqal torpaq sahibliyi formasının meydana çıxması haqqında tarixşünaslıqda yekdil fikir yoxdur. İ. P. Petruşevski əvvəlcə hərbi – len mənasında soyurqalın Azərbaycanda meydana çıxmasını XIV əsrin son rübünə şamil etsə də, sonrakı tədqiqatlarında soyurqal institutunun XIV əsrin ortalarından tarix səhnəsinə daxil olduğunu göstərmişdir. Şahin Fazilin fikrincə, soyurqal haqqında ilk məlumat XIV əsrin II yarısına, Cəlairilərin hakimiyyəti dövrünə təsadüf edir.[2] Tanınmış rus şərqşünasları A. M. Belenitski və A. Y. Yakubovski soyurqalın Azərbaycanda meydana çıxmasını Teymur işğalları ilə bağlayırlar. B. H. Zaxoderin fikrincə, soyurqal torpaq sahibliyi İran və Azərbaycanda Teymur işğallarına qədər mövcud olmuşdur.[3]
XIV əsrin ortalarında meydana çıxan soyurqal torpaq sahibliyi XIV əsrin sonu – XV əsrdə Azərbaycan, İran və Mərkəzi Asiyada ən geniş yayılmış mülkiyyət forması olmuşdur. soyurqal XIII-XIV əsrlərdə hakim mövqe tutan iqtanın davamı və inkişafının nəticəsidir. İqta kimi, soyurqal da irsi torpaq ehkami-soyurqal)mülkiyyəti forması olub hökmdar qarşısında xidmət müqabilində dövlət məmurlarına verilirdi.[4]
Hərfi mənada "bəxşiş" anlamı verən monqol mənşəli "soyurqal" termini, tədqiqatçıların fikrincə, XIII-XIV əsrlərdə sözün ən geniş mənasında hökmdarın öz xidmət adamına bəxşişi, hədiyyəsi mənasını vermişdir. "Mücməl-e Fəsihi"dən gətirilən iqtibas artıq 1360-cı ildə soyurqalın torpaq mülkiyyəti formasını ifadə etdiyini açıq – aydın göstərməkdədir. Belə ki, F. Xəvafinin "hədiyyə və soyurqal" anlayışlarını ayrıca qeyd etməsi, soyurqalın geniş məna yox, məhz dar mənada, torpaq mülkiyyəti mənasında işlədilməsi deməkdir. "Mücməl-e Fəsihi"nin h. 767-ci il hadisələri sırasındakı məlumatda soyurqalın torpaq mülkiyyəti anlamında işlədilməsi artıq heç bir şübhə doğurmur. H. 767-ci ildə (1365–1366) Şiraz hakimi Şah Şüca ilə qardaşı Şah Mahmud arasında bağlanan müqavilədən bəhs edən F. Xəvafi yazır ki, Şah Şüca Şirazı tərk edərək özünün soyurqalı olan Əbərkuha getdi[5][3] Bu məlumat soyurqal istilahının torpaq mülkiyyəti mənasında işlədilməsini sübut etməklə yanaşı, soyurqal sahibinin soyurqal ərazisində hərəkət azadlığına malik olmasını da göstərir.[3]
Soyurqal XIII–XIV əsrlərdə hakim mövqe tutan iqtanın davamı və inkişafının nəticəsidir. İqta kimi, soyurqal da irsi torpaq ehkami-soyurqal) mülkiyyəti forması olub hökmdar qarşısında xidmət müqabilində dövlət məmurlarına verilirdi.[6] Hakimiyyət başına gələn yeni hökmdarın əvvəlki soyurqal fərmanlarını yeniləri ilə əvəz etməsi ənənəsi isə sadəcə olaraq formal xarakter daşıyırdı. Soyurqal verilərkən mütləq onun sahibinə hökm (yazılır və sənəd (nişani-soyurqal) təqdim olunurdu.[2] Soyurqal sahibinin hökmdar qarşısında hərbi və ya mülki xidmət göstərməsi soyurqal institutunun mühüm atributlarından biri sayılırdı.[3]
soyurqalın irsi səciyyə daşıması "Mücməl-e Fəsihi" salnaməsində də öz əksini tapmışdır. 1434-1435-ci il hadisələrini təsvir edən F. Xəvafi göstərir ki, İlyas Xoca Radekanda öldükdən sonra Şahrux Radekanı əmirzadə Seyid Yusif ibn Əmir Şeyx Əli Bahadura soyurqal verdi. Müəllifin məlumatına görə, Radekan Əmir İlyas Xocanın atası Əmir Şeyx Əli Bahadurun soyurqalı olmuş, sonra isə onu İlyas Xoca idarə etmişdi.[7] Bu fakt açıq – aydın irsi olaraq soyurqalın atadan oğula keçməsi praktikasını sənədləşdirir.
Şahin Fazil Həsən Bəy Rumlunun "Əhsən ət–təvarix" salnaməsi əsasında soyurqalın 3 növünün olduğunu göstərmişdir:
- torpaqla verilən soyurqal;
- pul ilə ödənilən soyurqal;
- müştərək istifadə üçün verilən soyurqal.[2]
"Mücməl-e Fəsihi"də soyurqalın ilk iki forması haqqında məlumatlarla rastlaşmaq mümkündür. H. 779-cu il hadisələrini (1377–1378) şərh edən F. Xəvafi göstərir ki, Qara Məhəmməd öz qərarına əsasən Sultan Hüseynin xidmətini qəbul etmək üçün Təbrizə gəlmiş və sonuncu ona böyük ehtiram göstərərək üzərinə qoyulmuş mal vergisini soyurqal vermişdi.[8] Göründüyü kimi, burada söhbət konkret olaraq Qara Məhəmmədin Sultan Üveysə verdiyi mal vergisinin soyurqal edilməsindən gedir. Başqa bir yerdə Xoca Əli Nəsrullah Turşizinin üsyana hazırlaşdığından bəhs edən F. Xəvafi onun qoyub qaçdığı bütün malın və mülkün Əmir Mizraba soyurqal kimi verildiyini qeyd etmişdir.[9] Bu fakt XIV – XV əsrlərdə soyurqalın mal – pul və torpaq mülkiyyəti şəklində verilməsini təsdiq edir.
İqta torpaq mülkiyyəti forması ilə soyurqal arasında bir sıra oxşar və fərqli xüsusiyyətlər mövcud olmuşdur. İqtadar kimi sahibi – soyurqal da soyurqal ərazisində vergi immuniteti hüququna malik idi. Sahibi soyurqala soyurqal ərazisindən əvvəllər divanın xeyrinə toplanılan bütün vergiləri yığmaq hüququ verilirdi. "Mücməl-e Fəsihi" salnaməsi soyurqal sahibinin vergi immuniteti hüququ haqqında da bir sıra məlumatlar vermişdir. Məsələn, 1411-1412-ci il hadisələrini təsvir edən F. Xəvafi yazır ki, Şahruxun göstərişi ilə Gövhərşad ağa şahzadə Tuman ağanı böyk ehtiramla qarşıladı və Kusuy kəndindən alınan mal və mütəvəccihatın, Xəbuşan vilayətinin Məğrək kəndindən alınan malın ona verilməsi təsdiq edildi, belə ki, onlar Əmir Teymur tərəfindən Tuman ağaya soyurqal verilmişdi.[10]
Bu məlumat soyurqal ərazisindən yığılan vergilərin soyurqal sahibinə məxsus olduğunu göstərir. "Mücməl-e Fəsihi"nin başqa bir məlumatında soyurqal ərazisindən yığılan vergilər haqqında daha ətraflı məlumat verilmişdir. F. Xəvafi 1415-1416-cı ildə Şahruxun Qum, Kaşan, Rey və onun ətrafının idarə edilməsini əmir İlyas Xocaya həvalə etdiyini, həmin ərazilərin mal və xərac vergilərinin onun soyurqalı olduğunu yazmışdır. Müəllifin yazdığına görə, Əmir İlyas Xoca bu vergiləri öz ehtiyacları və öz ordusu üçün xərcləyə bilərdi.[11] Xarakterinin irsiliyi, vergi immuniteti hüququnun oxşarlığı ilə yanaşı iqta və soyurqal torpaq mülkiyyəti formaları arasında bəzi fərqli cəhətlər də var idi. Hər şeydən əvvəl, soyurqal bəzi hallarda ərazisinin böyüklüyünə görə iqtadan fərqlənirdi. Məsələn, Qara Yusifin 1410-cu ildə Əmir Baba Hacı Kavrudiyə bağışladığı soyurqal 600 kənddən, kürd əmiri Şəmsəddin Ruzəkiyə verdiyi soyurqal isə dörd böyük dairədən ibarət olmuşdur.[6]
Soyurqalın geniş əraziləri əhatə etməsi faktları "Mücməl-e Fəsihi" salnaməsində də öz əksini tapmışdır. Məsələn, F. Xəvafinin məlumatına görə, 1414-cü ildə Sultan Şahrux Tus, Məşhəd, Abivərd, Nis, Samalkan, Carmuqan, Xəbuşan, Yazar, Astrabad, Kabud-Cam və ətraf əraziləri sultanzadə Baysunqur Bahadır xana,[12] 1415-1416-cı ildə isə Qum, Kaşan, Rey və onun ətraf əyalətlərini, əkin sahələri və kəndləri ilə bir yerdə Əmir İlyas Xocaya soyurqal vermişdi.[11] Bundan əlavə, sahibi — soyurqal iqtadara nisbətən daha geniş hüquq və səlahiyyətlərə malik idi. Belə ki, Qazan xanın 1303-cü il fərmanı iqtadara vergi immuniteti versə də, dövlətin hərbi idarə məmuru (bitikçiyi ariz) iqta ərazisini təftiş etmək səlahiyyətinə malik idi.[6] XV əsrdə mərkəzi dövlət aparatının heç bir məmurunun soyurqal ərazisinə daixl olmaq hüququ yox idi.[6]
Bu isə əslində sahibi soyurqalın vergi immuniteti ilə yanaşı soyurqal ərazisində inzibati – məhkəmə immuniteti hüququna malik olması demək idi. Məsələn, Ağqoyunlu şahzadəsi Qasım ibn Cahangirə məxsus soyurqal fərmanında dövlət məmurlarının soyurqal ərazisinə daxil olması qəti qadağan edilir. Qara Yusifin əmir Şəmsəddinə verdiyi soyurqal fərmanında da soyurqal sahibinə vergi və inzibati – məhkəmə səlahiyyətlərinin verilməsi aydın yazılmışdır. Hökmdarlar soyurqal paylamaqla nüfuzlu əmirləri öz tərəflərinə çəkmək yolu ilə mərkəzi hakimiyyəti gücləndirməyə çalışırdılar. İlk əvvəllər bu siyasət özünü doğrultsa da, sonralar iqtisadi baxımdan güclənmiş soyurqal sahiblərinin siyasi separatizmi mərkəzi dövlət aparatının zəifləməsinin başlıca amillərindən birinə çevrilirdi. Adətən xarici işğalçılar da yerli feodalları öz tərəflərinə çəkmək üçün soyurqal paylamaq siyasətinə əl atırdılar. soyurqalın hərbi len xarakteri bütün XV əsr boyu dəyişməz qalırdı. Bütün soyurqal sahiblərinin hökmdarın hərbi yürüşlərində iştirakı məcburi saylırdı. H.881-ci ildə (1476–1477) Gürcüstana yürüş zamanı Həsən Sahibqıran Bayandurinin hətta soyurqal sahibləri olan seyid və şeyxləri də özü ilə aparmış, Gürcüstanı fəth etdikdən sonra onların hər birinə hədiyyələr vermişdi. Fəzlullah ibn Ruzbehan Xuncinin yazdığına görə, 1487-ci ildə İsfahana gedən Sultan Yaqub da seyid, üləma və alimlərə soyurqal paylamışdı.
XV əsrdə soyurqal torpaq sahibliyi forması özünün ən yüksək inkişaf dövrünə qədəm qoymuşdu. Qaynaqların məlumatına görə, Həsən Sahibqıran Bayandurinin nəvəsi Rüstəm (1493–1496) Qaraqoyunlu və Ağqoyunlu hökmdarları içərisində daha çox soyurqal paylamışdı. soyurqal torpaq sahibliyinin geniş yayılmasını mərkəzi dövlət aparatının zəifləməsinin əsas səbəbi hesab edən Əhməd Ağqoyunlunun soyurqalın irsi xarakterini ləğv etmək cəhdi[13] uğursuzluğa düçar olmuş və hökmdar özü də soyurqal sahibləri olan hərbi – köçəri əyanların qiyamı nəticəsində öldürülmüşdü. XVI əsrdən etibarən Azərbaycanda tədricən soyurqal torpaq sahibliyi formasını tiyul əvəz etməyə başlamışdı.[3]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Петрушевский И. П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI — начале XIX вв. Издательство Ленинградского Государственного Университета, 1949, c. 145[ölü keçid]
- ↑ 1 2 3 Fərzəliyev Ş. F. Azərbaycan XV – XVI əsrlərdə (Həsən bəy Rumlunun "Əhsən ət – təvarix" əsəri üzrə) Bakı, Elm, 1983, s. 78–80
- ↑ 1 2 3 4 5 "XIV-XV əsrlərdə Azərbaycanda şərti torpaq mülkiyyəti (Fəsih Xəvafinin "Mücməli Fəsihi" əsərinə əsasən). //Tarix və onun problemləri, №4, 2010, s. 24-26" (PDF). 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-01-30.
- ↑ Piriyev V. Z. Azərbaycan XIIII–XIV əsrlərdə. Bakı: Nurlan, 2003, s. 145–146
- ↑ F. Xəvafi. Mücməl-e Fəsihi. 2-ci cild, Məşhəd, 1961, s. 98–99 (farsca)
- ↑ 1 2 3 4 Minorsky V. A. Soyurqhal of Qasim b. Jahanqir Aq Qoyunlu. (903/1498). BSOS . vol. IX. Part. 3, 1954, p.145–146
- ↑ F. Xəvafi. Mücməl-e Fəsihi. 2-ci cild, Məşhəd, 1961, s. 279 (farsca)
- ↑ F. Xəvafi. Mücməl-e Fəsihi. 2-ci cild, s.112
- ↑ F. Xəvafi. Mücməl-e Fəsihi. 2-ci cild, s.169
- ↑ F. Xəvafi. Mücməl-e Fəsihi. 2-ci cild, s.207
- ↑ 1 2 F. Xəvafi. Mücməl-e Fəsihi. 2-ci cild, s.223
- ↑ F. Xəvafi. Mücməl-e Fəsihi. 2-ci cild, s.219
- ↑ Петрушевский И.П. Внутренняя политика Ахмеда Ак-коюнлу // ССИА, вып. 1. Баку, Из- во АН Азерб. ССР, 1949, с. 151.