I Fateh Gəray
I Fateh Gəray | |
---|---|
1596 – 1597 | |
Əvvəlki | II Qazi Gəray |
Sonrakı | II Qazi Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1557 |
Vəfat tarixi | 1597 |
Fəaliyyəti | monarx |
Atası | I Dövlət Gəray |
Ailəsi | Gəraylar |
Dini | sünni islam |
I Fateh Gəray (1557 – 1597) — XV Krım xanı.[1]
Krım xanı I Dövlət Gərayın oğludur. Atasının ölümündən sonra qardaşı və onun övladlarının səltənətlərini gördü. Qardaşı II Qazi Gərayın 1588-ci ildə taxta çıxmasının ardından Fateh Gəray kalqay (taxt varisi) ünvanı aldı. 1591-ci ildə onunla birlikdə Moskva knyazlığı üzərinə səfərə çıxsa da, bu səfər uğursuzluqla nəticələndi. Ertəsi il Fateh Gəray qardaşı Adilin nurəddin ünvanlı qardaşı oğlu Bəxt Gərayla birlikdə Ryazan, Kaşira və Tula bölgələrinə hücum edərək xeyli qənimətlə geri döndü.
1596-cı ildə 20 minlik süvari birliyi ilə Osmanlı sultanı III Mehmedin Əyri səfərinə qatılan Fateh Gəray bu səfərdə mühüm rol oynadı. O əsnada qardaşı II Qazi Gərayla düşmən olan sədrəzəm Qoca Sənan Paşa onu taxtdan endirmək məqsədilə Fateh Gəraydan istifadə etdi. İlk başda bu təklifi qəbul etməyən Fateh Gəray sədrəzəm tərəfindən razı salınan Sultan Mehmedin bu qərarına qarşı çıxa bilmədi. Beləcə, 1596-cı ilin payızında xan elan olundu. Krıma göndərilən fərmanla II Qazi Gəray xan sarayını tərk edərək İstanbula yola düşdü. Fateh Gəray isə nurəddin ünvanlı qardaşı oğlu Bəxti Gərayı kalqay, digər qardaşı II Mehmedin nəvəsi Dövlət Gərayı isə nurəddin təyin etdi.
Ancaq bir neçə ay sonra Qoca Sənan Paşa sədarətdən alındı və yerinə Fateh Gəraya qarşı müxalif cəbhədə olan Kürəkən İbrahim Paşa təyin edildi. Sədarətə gətirildikdən sonra o əsnada İstanbulda olan Qazi Gərayı xanlıq fərmanı ilə Krıma göndərdi. Fateh Gəraya isə xanlıq sarayından ayrılması və tezliklə İstanbula gəlməsi əmr edildi. Ancaq Fateh Gəray taxtdan əl çəkmək niyyətində deyildi. İki qardaş arasında başlayan taxt mübarizəsində Osmanlı dəstəyini alan II Qazi Gəray Bağçasaraya daxil olmazdan bir neçə gün əvvəl Fateh Gəray rus diyarına qaçdı. Qardaşı Mübarək Gərayın dul xanımıyla evli olan Fateh Gəray çərkəz əsilzadəsi olan qaynatasına sığındı.
Burda topladığı dəstəklə qısa zamanda Bağçasaraya qayıdan Fateh Gəray gedən toqquşmalarda məğlub oldu və bütün ailə üzvləriylə birlikdə ələ keçirildi. Burada Fateh Gəray və 9 övladı ilə yanaşı, onun kalqay və nurəddin təyin etdiyi qardaşı oğlu Bəxti Gərayla qardaşı nəvəsi Dövlət Gəray da edam olundu.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Oleksa Gaivoronsky «Повелители двух материков», Kiev-Bakhchisarai, 2007, ISBN 978-966-96917-1-2
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Henry Hoyle Howorth, History of the Mongols, 1880, part 2, p 479