Oort buludu

Vikipediya, azad ensiklopediya
(Hillz buludu səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Oort buludu

Oort buludu — Günəşdən 50 min-100 min Astronomik Vahid uzaqlığında, kürə şəklində komet buludu. Elmi adı Halley kometi olan "Quyruqlu ulduz" insanlar tərəfindən tanınan ən məşhur göy cisimlərindən biridir. İnsanların quyruqlu ulduzlarla tanışlığı lap qədim zamanlara gedib çıxır. Həmin dönəmlərdə insanlar ibtidai şərtlər altında yaşadığından, quyruqlu ulduzlara qarşı münasibətləri də buna uyğun formalaşmışdı. Belə ki, bir çox qədim xalqların mifologiyasında quyruqlu ulduz fərqli mənalar ifadə edirdi. Qədim insanlar quyruqlu ulduzun görünüşünü Tanrı və digər İlahi qüvvələr tərəfindən onlara göndərilən mesaj kimi qəbul edirdilər və maraqlısı da budur ki, bu "mesaj" hər zaman mənfi əlamət kimi alqılanıb. Bəlkə də elə buna görədir ki, "fəlakət" sözünün bir çox dildəki qarşılığı yunan dilindəki "pis ulduz" sözündən qaynaqlanır.

Qərbi Avropada yaşayan Massailər üçün ulduzun görünməsi qıtlıq yaşanacağının əlaməti idi, Cənubdakı Zulular isə ulduzu müharibənin xəbərçisi hesab edilirdi. Balubalar isə quyruqlu ulduzun görünməsini liderlərinin ölücəyi kimi yozurdular. Quyruqlu ulduza qədim Çin mədəniyyətində daha sistemli yanaşma var idi. Hələ milatdan 1400 il öncə Çində görülən quyruqlu ulduzların qeyd edilməsinə başlanmışdı. Burada da, quyruqlu ulduzlar müxtəlif əlamətlərə görə təsnifləşdirilir və buna uyğun olaraq yozulurdu. Məsələn, üç quyruqlu ulduz dövlət üçün fəlakətin xəbərçisi idi. Dört quyruğu olan isə yoluxucu xəstəliyin xəbərçisi kimi başa düşülürdü.

Ancaq müasir dövrdə qədim zamanlardan fərqli olaraq quyruqlu ulduz heç də metafizik mənalar ifadə etmir və onun necə formalaşdığı, niyə müəyyən zaman aralığında göründüyü də elmə məlumdur. Təbii ki, bunların müəyyənləşməsinin də bir çox elmi fəaliyyət kimi maraqlı tarixçəsi var. Gəlin birlikdə quyruqlu ulduzun izinə düşək.

Halleyin adını daşıyan və digər bütün quyruqlu ulduzların "vətəni" Kosmosun Oort buludu adlandırılan hissəsidir. Ancaq Oort buludu bizim planetimizdən çox uzaqda yerləşdiyindən onun haqqında sadəcə təsəvvürlərimiz var və alimlər bildirir ki, Oort buludunda zülmət qaranlıq hökm sürür. Burada bəzi mənbələrə görə on minlərlə, bəzilərinə görə milyonlarla quyruqlu ulduz yerləşir. Ort buludu o qədər böyüldür ki, içindəki bulutlar Günəş ətrafında təxminən 1 milyon ilə tam dövr edir və buradakı ən yaxın iki quyruqlu ulduz arasındakı məsafə Yerlə Saturn arasında olan məsafə qədərdir. Oort buludu Günəşdən 50 min −100 min Astronomik Vahid uzaqda yerləşir. Bir Astronomik Vahid isə təxminən Yerlə Günəş arasında olan məsafəyə bərabərdir, yəni, yuvarlaq götürsək 150 milyon kilometrdir.

Quyruqlu ulduz quruluşca üç hissədə ibarətdir: Coma (Quyruqlu ulduzun başı ətrafındakı işıq), nüvə və quyruq. Quyruqlu ulduzun tərkibi isə buz, qazlar və tozdan ibarətdir. Bu ulduzları hərəkətə gətirən isə digər göy cisimlərinin cazibə qüvvəsidir. Onların istiqaməti də buna uyğun formalaşır. Bəziləri Günəş sistemindən kənara çıxdığı halda, bəziləri də birbaşa Günəşə doğru istiqamətlənir. Günəşə doğru istiqamətlənən Quyruqlu ulduzlar Neptunun, xüsusilə də Günəş sistemində Günəşdən sonra ən böyük göy cismi olan Yupiterin cazibə qüvvəsinin təsiri ilə istiqamətini formalaşdırır və Günəş sisteminin içərilərinə doğru hərəkət edir. Günəşə yaxınlaşdıqca isə, onun istiliyi səbəbindən quyruqlu ulduzun səthində dəliklər açılır. Həmin dəliklərdən isə kometin tərkibindəki qazlar püskürür və həmin qazlar ərimiş buzlarla bərabər Günəş radiasiyasının təsiri ilə quyruq dediyimiz hissəni formalaşdırır. Həmin quyruqların uzunluğu milyonlarla kilometrlə ölçülür. Bunu da qeyd etmək lazımdır ki, bir çox göy cismi kimi Quyruqlu ulduzların da ömrü sona çata bilir. Buna səbəb isə onun Günəş ətrafında bir neçə dövrə vurmasıdır. Belə ki, hər dəfə Günəşə yaxınlaşdıqda o kütləsini itirir və sonda adi bir meteroidə çevrilir. Onların ömür müddəti dövr etmə sürətindən asılıdır. Bəzilərində bu müddət 200 il olduğu halda, bəzilərində 10 minlərlə ilə bərabərdir.

40 min insan nəslinin yaşadığı dövrdə təxminən 100 min quyruqlu ulduzun göründüyü təxmin edilir. Müasir dövrdə elmə quyruqlu ulduzlarla bağlı bir çox məqamlar məlumdur. Hətta onların bəzilərinin görünəcəyi tarix öncədən müəyyən edilir. Eləcə də, NASA bəzi quyruqlu ulduzların səthinə aparatlar endirə bilib və onların tərkibi ilə bağlı məlumat əldə edib. Ancaq quyruqlu ulduzlar bəşəriyyətə hər zaman belə aydın olmayıb. Quyruqlu ulduzla bağlı bir çox alimlər araşdırma aparsa da, onun üzərindəki sirr pərdəsinin qalxması məşhur ingilis elm adamı Edmund Halleyin adı ilə bağlıdır.

Halley maddi cəhətdən yetərincə zəngin bir ailədə doğulduğundan yaxşı təhsil almışdı. Onun ilk ekspedisiyaya çıxmasına da atası maddi dəstək vermişdi və o ilk səfərində cənub yarımkürəsində ulduz xəritələrinin hazırlanması ilə məşğul olmuşdu. Halleyin ilk elmi araşdırmalarına məskən olan məkan isə hazırda Napoleon Bonapartın sürgün həyatı yaşaması ilə məşhur olan Müqəddəs Yelena adası idi.

Halley yerin üstü ilə olduğu kimi altı ilə də maraqlanırdı. Hətta o 1690-cı ildə suyun altında bir neçə saat qala biləcək bir avadanlıq da yaratmışdı. Həmin avadanlığı yoxlamaq üçün isə, heç kimin həyatını təhlükəyə atmamaq üçün özü bir neçə saat dənizin altında qalmışdı.

Hazırda dünyada insanlar Halleyi məhz adını daşıyan quyruqlu uduza görə tanıyır, amma maraqlısı da budur ki, bir çox elmi kəşfin altında imzası olan Halley heç bir quyruqlu ulduz kəşf etməyib. O sadəcə quyruqlu ulduzlarla bağlı bir çox qaranlıq məqama işıq tutub. Onun elmi nailiyyətlərinə gəldikdə isə deməliyik ki, Halley ilk snoptik xəritələri hazırlayıb və orada hakim küləkləri müxtəlif simvollarla göstərib. Həmin simvolları biz indi də hər gün televiziyalardakı hava xəbərlərində görə bilərik. Eyni zamanda qeyd etmək lazımdır ki, Halley əhali statistikasının əsasını qoyanlardan biridir. Onun başqa bir nailiyyəti isə Günəş və Yer arasındakı məsafəni ölçmək üçün metod hazırlamasıdır.

Halleyin sonda quyruqlu ulduzun sirrini açmasına da kömək edəcək elmi arayışları, həm də başqa bir məşhur elm adamının adı ilə bağlıdır və bunun maraqlı hekayəsi var. Belə ki, o dönəmdə Halley digər göy cisimlərinin Günəş ətrafında niyə hərəkət etdiyini əsaslandıracaq bir nəzəriyyə və ya riyazi qanun axtarışında idi. Amma onun nə özünün, nə də müraciət etdiyi digər alimlərin hesablamaları bunu ortaya çıxara bilmirdi. Sonda Halley bunun üçün hazırda dünyanın ən məşhur elm adamlarndan biri hesab olunan Nyutona müraciət etməyə qərar verir. Həmin dönəmdə Nyutom elmi ictimaiyyətdən kənarda, inzivaya çəkilmişdi. Buna səbəb isə elmi kəşfin kimə məxsus olması ilə bağlı Robert Hukla yaşadığı problem idi.

Maraqlısı da budur ki, Halley planetlərin hərəkətini əsaslandıracaq riyazi qanun axtarışında olduğunu Nyutona dedikdə o, bunu artıq beş il öncə hesabladığını bildirib. Ancaq Nyuton Halleyə göstərmək üçün öz hesablamalarını tapa bilməyib və onları yenidən hesablayaraq Halleyə göndərəcəyinə dair söz verib. Üstündən bir müddət keçdikdən sonra Nyutonundan Halleyə bir zərf gəlib. Halley zərfi açlb oxuduqda başa düşürdü ki, onun içindəkilər modern elminin başlanğıcıdır. Belə ki, zərfin içərisində planetlərin hərəkətləri, cazivə qüvvəsi və digər bir neçə məsələlər elmi əsaslandırılmışdı. Bəlkə Nyuton fərqində deyildi, amma Halley necə önəmli kağızları əlində tutduğunu bilirdi.

Buna görə də o dərhal Nyutonun yanına gedir və bu yazdıqlarını kitab şəklində hazırlaması üçün Nyutona təkid edir. Nyuton kitabı hazırlayır və Haley Kraliyyət cəmiyyətinin onu çap edəcəyinə əmin olduğunu bildirir, ancaq həmin cəmiyyət maliyyə sıxıntısını əsas gətirərək bundan imtina edir. Ancaq Halley kitabın önəminin fərqində idi və o kitaba redaktorluq etməklə yanaşı eyni zamanda onu öz vəsaiti hesabına çap etdirməyi də öz öhdəsinə götürür və onun səyləri nəticəsində "Riyaziyyatın prinsipləri" əsəri işıq üzü görə bilir. "Riyaziyyatın prinsipləri" indiyə qədər yazılmış ən əhəmiyyətli elmi əsərlərdən biri sayılır. Qeyd etmək lazımdır ki, bu əsər müasir fizika və riyaziyyat elmlərinin təməlini qoyub. Kitab 3 cilddən ibarətdir. Burada Nyutonun klassik mexanikanın təməli sayılan sürət qanunu, həmçinin ümumdünya cazibə qanunu haqqında fikirləri yer alır.

Artıq Halleyin fikirlərini təsdiq edən bir nəzəriyyə də olduğundan onun işi nisbətən asanlaşmışdı. Halley quyruqlu ulduzlarla bağlı araşdırmalarına özündən 1800 il öncə yaşamış antik yunan alimlərinin ulduzlarla bağlı qeydlərini öz müşahidələri elə müqayisə edərək başlayıb. Daha sonra isə o quyruqlu ulduzlarla bağlı mənbələri tədqiq etməyə başlayır. Onun quyruqlu ulduzun görünməsi ilə bağlı əldə edə bildiyi ən qədim mənbədə bir Bizans alimi ulduzu 1337-ci ildə gördüyünü qeyd edirdi. Araşdırmaları nəticəsində Halley bundan başqa da bir çox mənbələr əldə edə bildi. Nəzərə alsaq ki o dövrdə nə Google, nə də araşdırmalara kömək edəcək digər mənbələr yox idi, Halleyin necə böyük bir iş gördüyü daha yaxşı anlaşılar.

Halley quyruqlu ulduzun sirrini çözmək üçün ilk növbədə onun fəzadakı trayektorasını müəyyən etməli idi. Buna qədər Nyutondan başqa heç kim riyazi qanunları astronomiyaya tətbiq etməmişdi. Həmin metodları astronomiyaya tətbiq edərək bu trayektoriyanı müəyyən edən Halley bu qənaətə gəldi ki, 1531, 1607, 1682-ci illərdə görünən ulduzlar eyni quyruqlu ulduzdur və o hər 76 ildən bir bizi ziyarətə gəlir. Burada daha bir önəmli cəhət odur ki, Halley quyruqlu ulduzun növbəti dəfə nə zaman görünəcəyi ilə bağlı da dəqiq tarix bildirdi.

Halleydən öncə də bir çoxları quyruqlu ulduzun nə zaman görünəcəyi ilə bağlı öncə görmələr etmişdi, amma onlar qəhramanımızdan fərqli olaraq alim yox möhvumatçılar idi. Ancaq bu dəfə Halley həmin insanları onlara məxsus yolla, yəni öncə görmə edərək məğlub etdi və dünyadakı hər şeyin rasional izahı olduğunu sübut etdi. Düzdür, Halley özü təxmininin reallaşmasını görəcək qədər yaşaya bilmədi, ancaq həmin tarixə yaxınlaşdıqca dünyada bu ulduz haqqında olan müzakirələr də artmaq idi. Bir növ 2012-ci ilin 21 dekabrı ilə bağlı yaşanan ajiotaj, 1758-ci ildə də Halleyin təxmini ilə bağlı yaşanıb və doğrudan da, 1758-ci ilin sonuna 5 gün qalmış quyruqlu ulduz dünyamızı yenidən ziyarət edib. Onu ilk görən isə Palitzsch adlı bir alman kəndlisi olub. 1759-cu ilin iyununa qədər bir neçə araşdırmaçı tərəfindən müşahidə olunan quyruqlu ulduz Halleyin bütün təxminlərini təsdiqləyib və bu səbəbdən ona Halley adı verilib.

Quyruqlu ulduzumuz bu tarixdən sonra 6 avqust 1835-də, 29 aprel 1911-də və son olaraq da 6 mart 1986-cı ildə dünyanı ziyarət edib. Onun planetimizə növbəti səfəri isə 2061-ci ilə təsadüf edəcək. Hər birinizə o tarixə qədər yaşamağı və bu məşhur ulduzu canlı görməyi arzu edirəm Həmin ildə bizdən uzun illər öncə yaşayan insanlar kimi eyni ulduzu görəcəyik, ancaq daha fərqli hisslər keçərərək. Çünki keçmişdi insanlar bu ulduza qorxuyla, qeyri-müəyyən baxışlarla və narahatlıqla baxırdısa, biz elmin inkişafı sayəsində daha rahat və sevinclə ulduzu görə biləcəyik və inanıram ki, elm indiki insanlar üçün qaranlıq qalan məsələləri də gələcək nəsillərə aydınlatacaq və onlar da bizim qeyri-müəyyənliklə baxdığımız məsələləri rahat izləyəcəklər.