Azərbaycan tar ifaçılıq sənəti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azərbaycan musiqisi
Ümumi mövzular
Janrlar
Xüsusi formalar
Milli musiqi
Alt janrlar
Media və təqdim etmə
Musiqi festivalları
Musiqi mediasıMədəniyyət TV
Millətçilik və vətənpərvərlik mövzusunda mahnılar
Milli himnAzərbaycan himni
Azərbaycan tarzənı Məşədi Cəmil Əmirov
Tar

Azərbaycan tar ifaçılıq sənəti — Azərbaycanda geniş istifadə edilən simli musiqi musiqi aləti.

Tar sözünün mənası

[redaktə | vikimətni redaktə et]

Bəzi dilçilər "tar" sözünün farskökənli olduğunu yazır. Ancaq sözün hər hansı dildə mövcudluğu hələ onun həmin dildə doğma olduğuna dəlalət eləmir. Hind-avropa dillərinin heçbirində "tar" kökünün məntiqli etimoloji və fonetik açıqlaması yoxdur. Altaist Sergey Starostin öz "Babil qülləsi" adlı etimoloji toplusunda "taram-/tera-" kökünün (saç, tel, sim) yalnız türkaltay dillərində mövcud olduğunu göstərib, belə ki: qırğız, qazax, noğay, başqırd, qaraqalpaq dillərində "taramış" biçimində; özbək, uyğur, şor, oyrat dillərində isə "taram" kimi. "Tar" və "taram" sözləri "daramaq" (1. saç daramaq, 2. dağıtmaq) feilindən törəyib , necə ki "saç" sözü "saçmaq"dan (ətrafa yayılmaq, dağılmaq) əmələ gəlib . Azərbaycan türkcəsində "tarım" sözü (bərk dartılıb çəkilmiş) indi də var. Mənasından belə bir sonuc çıxarmaq olar ki, "tar" sözü "daramaq" deyil, "dartmaq" feilinin törəməsidir. Tarixən simli alətlərin telləri müəyyən üsullarla dartılmış heyvan bağırsaqlarından hazırlanmışdır . "Dütar" sözü farsca "ikitelli", "setar" — "üçtelli", "çahartar" — "dördtelli", "pənctar" — "beştelli", "şeştar" — "altıtelli" deməkdir. "Setar / sitara" sözü yunan dili vasitəsiylə ("kithara", "kifara" biçimində) Avropa dillərinə "gitara" kimi gəlib çatmışdır.

Miladdan 2000 il öncə misirlilərin "Nabla" adlı musiqi aləti tarın ibtidai biçimidir. Misirlilərin nablası ilk dəfə Carco şəhərinin Fərab adlı bir kəndində X əsrdə Türkistan türklərindən Tərxanın oğlu Məhəmməd Əbunəsr Fərabi tərəfindən təkmilləşdirilmişdir. Altıncı simi tara güneyazərbaycanlı Dərviş Xan əlavə etmişdir . Nizami Gəncəvinin "İsgəndərnamə" əsərində şair tarı belə təsvir edir: Müğənni, tək bircə gecə də çal tar, Məni bu dar yolda əzabdan qurtar! Bəlkə, genişlənsin, açılsın yolum, Köçüm, bu daşlıqdan asudə olum… Orta əsr rəsm əsərlərində də tarın təsvirinə rast gəlmək olur. 1816-cı ildə Əbu Qasım Təbrizinin yağlı boya ilə çəkdiyi "Tarçalan qız" əsəri bu baxımdan maraqlıdır. Dütar, setar, çahartar, pənctar və şeştar kimi simli musiqi alətləri tarın müxtəlif növləri hesab edilir. Əbdülqadir Marağai "Məqasid əl-əlhan" əsərində şeştar (6 simli) barədə məlumat vermişdir. XIX əsrin II yarısında Azərbaycanlı tarzən Mirzə Sadıq (Sadıqcan) tərəfindən tarın quruluş və formasında dəyişikliklər edilmişdir. O, tarın tutma qaydasında da dəyişikliklər edərək tarı diz üstündən sinəyə qaldırmışdır. Məhz onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılmışdır.

Quruluş və forması

[redaktə | vikimətni redaktə et]

Quruluş və forma etibarilə başqa musiqi alətlərindən fərqli olan tar, əsasən, üç hissədən — çanaq, qol və kəllədən ibarətdir. Tarın çanaq hissəsi tutdan, qol və kəllə hissələri isə qoz ağacından hazırlanır. Onun uzunluğu 850 mm, çanağının hündürlüyü 16 mm, eni 185 mm-dir. Qoluna 22 pərdə bağlanır. Çanagının üzərinə mal ürəyinin pərdəsi çəkilir. Müxtəlif diametrli 11 metal simi vardır. Sümük ya ebonitdən hazırlanmış kiçik mizrabla dilləndirilir.

Simlər üç qrupa bölünür:

[redaktə | vikimətni redaktə et]

Ağ, sarı və kök simlər (hər biri bir olur). Kök sim (tək qalın sim yalnız muğamla ifa olunur). Zəng simlər (cingənə; iki cüt olur). Tar sinədə üfüqi tutulur, sağ əlin biləyi ilə çanaq hissəsi döşə sıxılır, simlər baş və şəhadət barmaqlarının arasında tutulmuş mizrab vasitəsilə ehtizaza gətirilir. Tarın qolu sol əlin baş və şəhadət barmaqları arasında sıxılır, sağ əlin ehtizaza gətirdiyi simlər sol əlin şəhadət, orta və adsız barmaqları ilə müxtəlif pərdələri sıxmaqla çalınır. İfa zamanı texniki və bədii imkanları təmin etmək üçün trel və müxtəlif mizrabvurma üsullarından, ştrixlərdən istifadə edilir. Üstmizrab, altmizrab, üst-altmizrab, alt-üstmizrab, rux (sağ-sol) mizrab, santurmizrab (üstaltüst) və digər ştrixlərdən əlavə, lal barmaq, dartma sim (vibrasiya), sürüşdürmə barmaq (qlissando) kimi ştrix və üsullardan da istifadə olunur. İfaçı mizrabı simə vuraraq tarı döşünə sıxmaqla səsi uzun müddət dalğalandırır. Alınmış bu fasilə zamanı yaranan effekt "xum" adlanır. Tar üçün notlar "do" sistemli metsosoprano açarında yazılır. Tarın səs düzümü xromatik olub, 2,5 oktavanı əhatə edir. Diapazonu kiçik oktavanın "do" səsindən ikinci oktavanın "sol" səsinə kimidir. Bas tar (Bəm tar) — tarın ən aşağı registrə malik növü; qalın, bəm səsli simli-dartımlı musiqi aləti. XX əsrin 60 illərində musiqi kollektivlərində bas (bəm) səslərə olan ehtiyacı ödəmək üçün yaradılmışdır (Varid Fərzəlibəyov tərəfindən). Bas tarın quruluşuna görə tarın böyük formasıdır, mizrabı adi tar mizrabından iki dəfə böyükdür. Bir qayda olaraq, tarzənlər tərəfindən ifa olunur. Alətin notları bas açarında yazılır[1].

Müasir tar ifaçılığı

[redaktə | vikimətni redaktə et]

Müasir tar ifaçılığı XX əsrdə daha güclü inkişaf mərhələsinə başlamışdır. Belə ki, 1931-ci ildə Üzeyir HacıbəyovMüslüm Maqomayevin təşəbbüsü ilə yaradılmış ilk notlu xalq çalğı alətləri orkestrində tar aparıcı alət kimi əsas yeri tutmuşdur. Əsası Ü. Hacıbəyov tərəfindən qoyulmuş notlu ifaçılıq məktəbi tarın texniki və bədii imkanlarını daha da artırmışdır. Tar, əsasən, muğam üçlüyünün tərkibində (tar, kamança, qaval) aparıcı alət kimi istifadə edilib və bu gün də muğam sənətinin inkişafında müstəsna rol oynayır. Muğam operalarında solo oxumaları tarın müşayiəti ilə aparılır. Azərbaycan bəstəkarları tar ilə orkestr üçün bir çox irihəcmli konsertlər yazmışlar.

Azərbaycanda məşhur tar ifaçıları – tərzanlar yetişmişdir. Onlardan Mirzə Sadıq (Sadıqcan), Mirzə Mansur Mansurov, Məşədi Zeynal Haqverdiyev, Məşədi Cəmil Əmirov, sonralar Məmmədxan Bakıxanov, Sərvər İbrahimov, Bəhram Mansurov, Həbib Bayramov kimi məşhur tərzanlar yaşatmışlar. Bu gun isə Ramiz Quliyev, Sahib Paşazadə, Zamiq Əliyev, Elçin Həşimov və başqaları Azərbaycan tar ifaçılıq sənətini davam etdirərək yaşadırlar.

Tar UNESCO-nun Qeyri-Maddi Mədəni Irs siyahısında

[redaktə | vikimətni redaktə et]

2012-ci il dekabrın 3-dən etibarən Fransanın Paris şəhərində UNESCO-nun Qeyri-Maddi Mədəni Irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyası keçirilmişdir. Dekabrın 7-də yekunlaşmış sessiyada UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısı müzakirə olunub və "Simli musiqi aləti tarın hazırlanma və ifaçılıq sənəti" UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni Irs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu hadisə Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısı, həmçinin Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təşviqi məqsədilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində mümkün olub[2].

  1. "Tar ifaçılıq sənəti" (az.). https://unesco.mfa.gov.az/. 2020-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-13.
  2. "Azərbaycan Tar ifaçılıq sənəti" (az.). https://unesco.preslib.az/. 2020-10-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-13.