Zanbaq inqilabı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Zanbaq inqilabı
Жоогазын революциясы
İnqilabçıların simvolu
İnqilabçıların simvolu
Yer Qırğızıstan
Tarix 22 mart-11 aprel 2005
Səbəb Prezident Əsgər Akayevin avtoritar hakimiyyətindən narazılıq
Müxalifətin 2005-ci ilin yanvar-fevral aylarında keçirilən parlament seçkilərinin rəsmi nəticələrindən narazılığı
Ölkədəki çətin sosial-iqtisadi vəziyyət
Əsas məqsəd Parlament seçkilərinin nəticələrinin etibarsız sayılması və yenidən azad seçkilərin keçirilməsi
Prezident Əsgər Akayev, Baş nazir Nikolay Tanayev və hökumətinin istefası tələb olunur
Ölkədə genişmiqyaslı demokratik və liberal islahatlar aparılması
Nəticə Əsgər Akayevin və Nikolay Tanaev hökumətinin devrilməsi
Ölkədə hakimiyyətə Qurmanbek Bakıyevin rəhbərlik etdiyi müxalifət gəldi
Müxalifət lideri Qurmanbek Bakıyev müvəqqəti prezident və baş nazir təyin edildi
Erkən prezident seçkilərinin keçirilməsi və Qurmanbek Bakıyevin prezident seçilməsi, Feliks Kulovun Baş nazir təyin edilməsi
Erkən parlament seçkilərinin təyini
Ölkədə demokratik və liberal islahatların məhdud şəkildə həyata keçirilməsi
Təşkilatçılar Qurmanbek Bakıyevin rəhbərlik etdiyi Qırğızıstan Xalq Hərəkatı koalisiyasının təmsil etdiyi müxalifət
Hərəkətverici qüvvələr Müxalifət tərəfdarları və ölkədəki mövcud vəziyyətdən narazı insanlar
İştirakçı sayı bir neçə on min nəfər
Əleyhdarları Prezident Əsgər Akayev
Baş nazir Nikolay Tanayevin rəhbərlik etdiyi Qırğızıstan hökuməti
Qırğızıstan Respublikasının Daxili İşlər Nazirliyi
Qırğızıstan Respublikasının Dövlət Təhlükəsizlik Komitəsi
Həlak olanlar 0
Yaralananlar bir neçə on nəfər hər iki tərəfdən
Həbs olunanlar bir neçə on nəfər hər iki tərəfdən

Zanbaq inqilabı (qırğ. Жоогазын революциясы) — 2005-ci ilin martında Qırğızıstanda inqilaba səbəb olan kütləvi etirazlar[1][2] və respublika prezidenti Əsgər Akayevin devrilməsi, Qurmanbek Bakıyevin vəzifəsinə gəlməsi. İnqilabçılar Əsgər Akayevin, ailəsinin və tərəfdarlarının ölkədə korrupsiya və avtoritar sistem qurduğunu iddia edirdilər. Akayev Qazaxıstana, daha sonra Rusiyaya qaçdı. 4 aprel 2005-ci il tarixində Qırğızıstanın Moskvadakı səfirliyində Akayev Qırğızıstan parlamentinin nümayəndə heyətinin iştirakı ilə istefa ərizəsini imzaladı. İstefa 11 aprel 2005-ci ildə Qırğızıstan müvəqqəti parlamenti tərəfindən təsdiq edildi.

"Zanbaq inqilabı" terminin mənşəyi

[redaktə | mənbəni redaktə et]

İnqilabın ilk mərhələlərində kütləvi iğtişaşları "Çəhrayı",[3] "Limon",[4] "İpək" və ya "Nərgiz" inqilabı adlandırırdılar. "Zanbaq inqilabı" terminini yaradan Akayevin özü oldu. Bir dəfə çıxışında, Qırğızıstanda belə bir "Rəngli inqilabın" baş verə biləcəyini xəbərdar etmişdi.[5] Rəng və ya çiçək ifadəsi istifadə etməklə Gürcüstanda zorakılıq olmadan baş verən "Qızılgül inqilabı", Ukraynadakı "Narıncı inqilab" (2004), Çexoslovakiya "Məxməri inqilabı" (1989) və Portuqaliya "Qərənfil inqilabı" (1974) ilə oxşarlıq doğururdu.

Gürcüstanın Azadlıq İnstitutunun keçmiş üzvü və Gürcüstan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Givi Tarqamadze, Ukrayna müxalifət liderlərinə güc tətbiq etmədən mübarizə üsulları ilə bağlı məsləhətlər vermişdi. Daha sonra 0, Zanbaq inqilabı dövründə Qırğızıstan müxalifətinin liderlərinə məsləhətlərlə kömək edirdi[6]

İnqilabın səbəbləri

[redaktə | mənbəni redaktə et]

Bir çox müşahidəçilərə görə, Qırğızıstandakı hakimiyyət böhranına aşağıdakı amillər təsir etmışdir:

  • Əhalinin çətin iqtisadi vəziyyəti
  • "Mərkəzi" "şimal" və periferik "cənub" arasındakı ziddiyyətlər, hökumət və idarəetmədə "şimallıların hakimiyyəti"
  • Akayevlərin ailə-klan rejimi
  • Kütləvi korrupsiya
  • İşsizlik
  • Mərkəzi hökumət və hüquq-mühafizə orqanlarının zəifliyi.

Seçkidən sonrakı güc tətbiqi

[redaktə | mənbəni redaktə et]

Akayev tərəfdarı namizədlər 27 Fevral 2005-ci il parlament seçkilərində yaxşı nəticə göstərdilər. Lakin bu nəticələr xarici müşahidəçilər tərəfindən tənqid olundu.[7] Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Qırğızıstan hökumətini tənqid etdi. Etirazlar, xüsusilə Cəlal-Abad, Özkənd daxil olmaqla qərb və cənub şəhərlərində başladı. 3 Mart 2005-ci ildə müxalifət lideri Roza Otunbayevanın mənzilində bomba partladı. Akayev hökuməti bu məsələdə məsuliyyəti boynundan rədd etdi.

10 Mart 2005-ci ildə Qırğızıstan Xalq Hərəkatının lideri Qurmanbek Bakiyev Bişkekdəki parlament binası qarşısında nümayişçilərə qatıldı. Bakiyev və 22 müxalifətçi millət vəkili Akayev hökümətinə qarşı simvolik olaraq "etimadsızlıq" göstərdilər. 19 Mart 2005-ci ildə Bişkekdə üç min, Cəlal-Abadda da əlli min insan ictimai etirazlara qatıldı. Martın 20-də, etirazçılar hökumət binalarını ələ keçirdikdə, Qırğızıstan hökuməti Cəlal-Abad və Oşda daxili işlər nazirliyi qüvvələrini yeritdilər. 20 Mart 2005-ci ildə etirazçılar ölkənin cənub hissəsindəki bütün böyük şəhərləri nəzarətə götürdülər və Akayevin istefasını tələb etdilər. Etiraz aksiyalarında "KelKel" ("yaxşılığın intibahı və parlaqlığı") gənclər hərəkatı fəal idi. 22 Mart 2005-ci ildə Akayev etirazçılar ilə danışıqlardan imtina etdi. Yetmiş bir millət vəkilindən on nəfər etirazçıların tərəfinə keçdi.

Potensial liderlər

[redaktə | mənbəni redaktə et]

Müxalifət ölkəni idarə etməkdə əhəmiyyətli irəliləyişlər əldə etdiyini iddia etsə də, daxili parçalanma yaşanırdı, çünki açıq bir lider yox idi. Hökümətə qarşı vahid cəbhə nümayiş etdirən Ukrayna və Gürcüstan inqilabi qüvvələrindən fərqli olaraq burda vəziyyət başqa cür idi.

Roza Otunbayeva Qırğızıstan müxalifətinin potensial lideri idi. 1981-ci ildə Qırğızıstan Kommunist Partiyası Lenin "raykom"unun ikinci katibi (rayon şurası) idi. 2005-ci ilə qədər Otunbayevanın siyasi görüşləri yavaş-yavaş qərbləşmişdi. 2005-ci il inqilabından sonra Otunbayeva müvəqqəti hökumətdə xarici işlər naziri və ABŞ və İngiltərədəki səfir vəzifələrini icra etdi.

Digər bir potensial lider Qurmanbek Bakıyev idi. 2002-ci ildə Bakıyev Qırğızıstanın cənubundakı Aski qəsəbəsində beş dinc nümayişçini vuraraq öldürdükdən sonra Qırğızıstanın baş naziri vəzifəsindən istefa vermişdi.

Daha bir şəxs Ənvər Artykov idi. O, əvvəllər Oş valisi olmuşdu. Ənənəvi Monqol və Türk müxalifət məclisi olan "qurultay" ın dəstəyinə sahib idi. Artykov deyirdi: "Bütün tələblərimiz və problemlərimiz həll olunana qədər bu səlahiyyəti (paralel idarəetmə) saxlayacağıq. Biz müvəqqəti gücük. Mövcud hökumətin yerinə millətin etibar etdiyi bir hökumət təyin edildiyi zaman vəzifələrimizin yerinə yetirilməsindən danışa bilərik".

21 mart 2005-ci ildə Cəlal-Abad etirazında müxalifət çox sıx birləşmişdi. Otunbayeva, deyirdi: "Yüksək rütbəli zabitlər də daxil olmaqla polislər formalarını çıxardılar, mülki geyindilər və sıralarımıza qoşuldular. Beləliklə, bizə böyük dəstək var".

22 Mart 2005-ci ildə müxalifət liderləri Bişkekdə bir araya gələrək müvəqqəti hökumət qurdular. Qırğızıstan Ali Məhkəməsi, əvvəlki parlamentin qanuni və haqlı idarə orqanı olduğuna qərar verdi, lakin 24 mart 2005-ci ildə müvəqqəti hökuməti tanıdı. Bakiyev baş nazir əvəzi təyin edildi və yeni seçkilərin 2005-ci ilin iyul ayında keçirilməsi planlaşdırıldı.

Rejim dəyişikliyi

[redaktə | mənbəni redaktə et]

19 və 20 Mart 2005-ci il etirazlarından sonra Akayev Mərkəzi Seçki Komitəsi və Qırğızıstan Ali Məhkəməsinə müxalifətin irəli sürdüyü seçki saxtakarlığı iddialarını araşdırmağı əmr etdi. Akayev bu qurumlardan "seçki nəticələrinin həddindən artıq ictimai reaksiya doğurduğu bölgələrə xüsusi diqqət yetirmələrini və insanlara kimin haqlı, kimin səhv olduğunu açıq şəkildə söyləmələrini xahiş etdi".

22 martda Akayev daxili işlər naziri Bakirdin Subanbekov və baş prokuror Muktubek Abduldayevi vəzifəsindən azad etdi. 23 Mart 2005-ci ildə Akayev çevik polis qüvvələrini işə saldı və otuz nəfər həbs olundu. Özbəkistan Xarici İşlər Nazirliyinin nümayəndəsi, "Qırğızıstanın yaxın qonşusu olan Özbəkistan xalqı, Qırğızıstanda, xüsusilə cənub bölgələrində baş verən hadisələrdən narahatdır"- deyə bildirdi.[8]

24 mart 2005-ci ildə Akayev ailəsi ilə birlikdə qaçdı. Əvvəl Qazaxıstana, daha sonra Rusiya prezidenti Vladimir Putinin ona sığınacaq vermək təklifini qəbul edərək Rusiyaya getdi. 3 aprel 2005-ci ildə Akayev istefa verdi. 11 aprel 2005-ci ildə müvəqqəti rəhbərlik tərəfindən istefa qəbul edildi.

Akayev qaçanda Baş nazir Nikolay Tanayev də istefaya getdi. Müxalifət televiziya yayımını və əsas dövlət xidmətlərini nəzarətə götürdü. Polis səlahiyyətlərini təhvil verdi və etirazçılara qoşuldu. Feliks Kulov da daxil olmaqla həbsdə olan müxalifət liderləri sərbəst buraxıldı. Qırğızıstan Ali Məhkəməsi seçkinin nəticələrini etibarsız elan etdi.

Qurmanbek Bakıyevə müvəqqəti rəhbərlik tərəfindən baş nazir və prezident səlahiyyətləri tapşırıldı.Hökümətə müvəqqəti kabinet adını verildi. Bu vaxt Bişkekdə qarət və talanlar başladı. Mağazalarını və bankomatları qarət edilir və binalar yandırılırdı. Qarışıqlıqda üç nəfər həlak oldu. Bakıyev Feliks Kulovu daxili işlər naziri vəzifəsinə təyin etdi. Kulov televiziya vasitəsilə sabitlik yaratmaq üçün xalqa müraciət etdi. 26 Mart 2005-ci ildə Akayevin silahlı tərəfdarları Keneş Duşebəyev və Temirbek Akmataliyevin rəhbərliyi ilə Bişkekə soxulmağa cəhd etdilər. Martın 29-da Akmataliev qarşıdakı seçkilərə qatılacağını bildirdi. 28 Mart 2005-ci ilədək tədricən siyasi sabitləşmə yarandı.

Müvəqqəti rəhbərlik 10 iyul 2005-ci il tarixində prezident seçkilərini elan etdi. Bununla belə media qurumları Bakıyevi qeyri-şəffaflıqda, nizam-intizamı bərpa etməməkdə və rus azlıqlarına qarşı ayrıseçkilikdə günahlandırırdı.[9] Adaxan Madumarovun baş nazirin dördüncü müavini vəzifəsinə təyin olunması düz addım sayılmadı. Çünki o, da prezidentliyə namizəd olduğu üçün bu maraqların toqquşması kimi qəbul edildi.[9] Bakıyev, Akeyev kabinetinin bir hissəsinə müvəqqəti hökumətdə yer verdiyi üçün də tənqid olunurdu.

13 May 2005-ci il tarixində Bakıyev və Kulov bir araya gələrək 10 iyul 2005-ci il prezident seçkilərində mübarizə apardılar. Razılaşmaya əsasən, Bakıyevin qələbəsi halında Kulov baş nazir postunu tutacaqdı. Onların arasında ittifaq 2007-ci ilin yanvarına qədər davam etdi. Ölkənin şimal və cənub hissələrini birləşdirdi. Digər namizədlərin seçilməsini çətinləşdirdi. Həmçinin bu ittifaq Özbəkistanla münasibətlərin də sabitləşməsinə kömək etmiş oldu.[9]

Müvəqqəti hökumətin əsas problemləri

[redaktə | mənbəni redaktə et]

Torpaq məsələsi

[redaktə | mənbəni redaktə et]

Müvəqqəti hökumət Bişkekdə kəndlilərin torpaq tələbləri iddiaları ilə qarşılaşdı. Polis silahlı kəndlilərin zorla torpaq zəbt etmələrini dayandıra bilmirdi. 2005-ci ilin aprelində şəhərdə talançılara qarşı mübarizə aparan xalq dəstələrinə rəhbərlik edən "Ali Baba və Qırx Quldur Sərgüzəştləri" filmi ilə məşhurlaşan məşhur Qırğızıstan Sovet aktyoru və kaskadyor Usen Kudaibergenov naməlum şəraitdə Bişkekdəki evində öldürüldü.[9]

Akayevə qarşı korrupsiya iddiaları

[redaktə | mənbəni redaktə et]

24 Mart 2005-ci ildə Akayevin gündəlikləri korrupsiya sübutu olaraq istehsal edildi. Akayevin hökümətinin yol verdiyi korrupsiya əməllərini araşdırmaq üçün vətəndaşlardan, dövlət qulluqçularından, bankirlərdən və qeyri-hökumət təşkilatı nümayəndələrindən ibarət bir komissiya təşkil olundu. 21 aprel 2005-ci ildə komissiya Akayevin prezidentliyi dövründə Akayevlər ailəsi tərəfindən idarə olunan qırx iki müəssisənin hesabatlarını dərc etdi.[9] Müvəqqəti hökumət, Akayevin şiddət və həbslər yolu ilə dinc siyasi etiraz aksiyalarını dağıtdığını iddia edirdi.[9] 24 mart 2005-ci ildə Akeyevin mülki geyimli adamlarının etirazçılara qarşı güc tətbiq etdiyi iddia edildi.

Əndican qaçqınları

[redaktə | mənbəni redaktə et]

13 May 2005-ci ildə Özbəkistanın Əndican şəhərində hökumət təhlükəsizlik agentlərinin toplaşan etirazçılara atəş etməsi ilə qətliam baş verdi. Altı minə qədər özbək qaçqını Qırğızıstana girdi. Qaçqınlar Özbəkistan hökumətinin sərt tədbirləri səbəbindən Özbəkistana dönə bilmədilər.[9] Əvvəlcə Bakıyev, hüquq müdafiəçilərinin çağırışlarına baxmayaraq Özbəkistan hökumətinin mövqeyini dəstəklədi. Daha sonra beynəlxalq ictimaiyyətin təzyiqi ilə Qırğızıstan müvəqqəti rəhbərliyi Əndican qaçqınlarına hüquqi status verdi. Beynəlxalq QHT-lər qaçqınlara sığınacaq, yemək, su və digər ehtiyacları təmin edə bildi. Ancaq 9 iyun 2005-ci ildə dörd Özbəkistan qaçqını vətənlərinə qaytarıldı. Kulov, bu dörd nəfərin təcavüz və ya qətldə günahlandırıldıqlarını və ya günahkar olduqlarını və bu səbəbdən deportasiya edildiklərini söylədi.[9]

Akayevin bəraət cəhdləri

[redaktə | mənbəni redaktə et]

Akayev Bakıyevin antikorrupsiya komissiyasının sədrini və komissiyanı məhkəməyə verdi. O, həmçinin Qırğızıstan qəzetlərindən birinin jurnalistini böhtan ittihamı ilə ona qarşı irəli sürülən korrupsiya ittihamlarının düzgün olmadığını əsas gətirərək məhkəməyə verdi. Akayevin qızı Bermet Akayeva, Qırğızıstan Mərkəzi Seçki Komissiyasını böhtan və parlamentə seçilməsinin qarşısını aldığına görə məhkəməyə müraciət etdi. Akayevin inqilab zamanı ələ keçirilmiş bəzi şəxsi əşyaları ona qaytarıldı.[9]

Seçki öncəsi qarışıqlıq

[redaktə | mənbəni redaktə et]

10 iyun 2005-ci ildə millət vəkili Jırqalbek Surabaldiyev Bişkekdə güllələndi. O, 2005-ci il martın 24-də anti-Akayev etirazçılarına edilən hücumlarla əlaqəli ola bilərdi. 11 iyun 2005-ci ildə iki hökumət mühafizəçisi döyüldü və Bakiyev və Baş nazirin müavini Daniyar Usenovun səfər marşrutları haqqında məlumat verməyə məcbur edildilər. 13 iyun 2005-ci ildə Oşda nümayişçilərlə parlament təhlükəsizlik işçiləri arasında baş verən qarşıdurma nəticəsində 6 nəfər yaralandı. Bu hadisədə təhlükəsizlik işçiləri agentləri "Alay" Otelinin qarşısında toplaşan nümayişçilərə atəş açmışdı. Millət vəkili Bayaman Erkinbayev, güc tətbiq etməkdə və dövlət əmlakına qanunsuz sahiblik etməkdə günahlandırıldı.[9]

17 iyun 2005-ci ildə etirazçılar Akayevin köhnə müttəfiqi Urmat Barıktabasovu dəstəkləmək üçün Bişkekə toplaşdılar. O, daha əvvəl prezidentliyə namizəd olmaq niyyətini bildirmişdi, lakin ikili vətəndaşlıq (QırğızıstanQazaxıstan) olduğu üçün qeydiyyatdan keçmək hüququndan məhrum edilmişdi. Sonradan bəzi etirazçılar mitinqdə iştirak etmək üçün pul aldıqlarını etiraf etdilər.[9]

Yeni seçkilər

[redaktə | mənbəni redaktə et]

10 İyul 2005-ci ildə v��d edilmiş seçkilər baş tutdu. Bakıyev səslərin doxsan faizini qazandı və ertəsi gün prezident oldu. Kulov Baş nazir təyin edildi. O, səslərin 88,7 faizini, rəqibi isə 4 faizini qazandı. Seçkinin keçirilməsi Qərb müşahidəçiləri tərəfindən yüksək qiymətləndirildi, lakin bəzi qanun pozuntuları da qeydə alındı.

Seçkidən bir neçə ay sonra Bayaman Erkinbayev və Raatbek Sanatbayev öldürüldü. Tınıçbek Akmatbayev, Çeçen əsilli qanuni oğru Əziz Batukayevin təşkil etdiyi həbsxana qiyamı zamanı öldü. Ryspek, 2006-cı ilin may ayında bir məsciddən çıxarkən öldürüldü.[10][11]

ATƏT seçkilərin ikinci mərhələsini izləmək üçün altmış müşahidəçi göndərdi. İlkin qiymətləndirmədə təşkilat səsvermənin ikinci turunun "ilk turda bəzi texniki irəliləyişlər", həm də "əhəmiyyətli çatışmazlıqlar göstərdiyini aşkar etdi.

Müstəqil Dövlətlər Birliyinin (MDB) seçki müşahidəçiləri bununla razılaşmadılar. Seçkilərin ikinci turunun mütəşəkkil, sərbəst və ədalətli keçirildiyini bildirdilər. MDB müşahidəçiləri bir sıra bölgələrdə siyasi iğtişaşlara qarşı təmkinli və səriştəli olduqları üçün yerli hakimiyyət orqanlarınının da işini yüksək qiymətləndirdilər. ATƏT və MDB müşahidə qruplarının hesabatlardakı bu ziddiyyət bu cür ziddiyyətli hesabatların sonuncusu oldu. Rusiya MDB hesabatlarını dəstəklədi və ATƏT-in hesabatlarını tənqid etdi.

The New York Times dediyinə görə amerikalıların dövlət və qeyri-hökumət mənbələrindən verdiyi maliyyələşdirmə və dəstəklə təşviqat materialları çap etmək mümkün olmuşdur. Bunun da Akayevin əleyhinə nümayişlərə yol açmasına kömək etdiyini yazmışdı.[12]

Kofi Annan, BMT-nin "Baş katib seçki və siyasi anlaşmazlıqları həll etmək üçün şiddət və təhdid tətbiq edilməsinə qarşıdır" demişdir. Birləşmiş Millətlər Təşkilatının veb saytında, Annan "bütün tərəfləri təmkin nümayiş etdirməyə çağırmışdır".[13]

  1. "Киргизия отмечает 7-ю годовщину". ИА REGNUM (rus). 2022-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-18.
  2. ""Тюльпановая революция" в Киргизии (2005)". РИА Новости (rus). 20150324T1008+0300Z. 2017-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-18.
  3. Walsh N. P. Pink revolution rumbles on in blood and fury Arxivləşdirilib 2016-09-27 at the Wayback Machine The Guardian March 27, 2005. Accessed July 30, 2015.
  4. [1][ölü keçid]Timesonline.co.uk Accessed July 31, 2015.  (abunə tələb olunur)
  5. Moscow and multipolarity en:The Hindu December 30, 2004. Accessed July 30, 2015.
  6. Georgian advisors stepping forward in Bishkek Arxivləşdirilib 2016-09-20 at the Wayback Machine The Jamestown Foundation website. Accessed July 30, 2015.
  7. A tulip revolution Arxivləşdirilib 2018-05-13 at the Wayback Machine The Economist issn 0013–0613 Accessed June 9, 2016.
  8. Pike J. Government and opposition concerned over Kyrgyz unrest Arxivləşdirilib 2021-10-24 at the Wayback Machine Global Security.org March 2005. Accessed July 30, 2015.
  9. 1 2 3 4 5 6 7 8 9 10 11 Marat E. The Tulip Revolution: Kyrgyzstan one year after. The Jamestown Foundation, Washington DC.
  10. Kyrgyz MP shot dead in Bishkek[ölü keçid] en:BBC Accessed July 30, 2015.
  11. Protests force Kyrgyz poll review Arxivləşdirilib 2006-05-29 at the Wayback Machine en:BBC Accessed July 30, 2015.
  12. U.S. Helped to prepare the way for Kyrgyzstan's Uprising Arxivləşdirilib 2014-11-22 at the Wayback Machine The New York Times March 30, 2005. Accessed July 31, 2015.
  13. [2] Arxivləşdirilib 2012-06-02 at the Wayback Machine United Nations February 17, 2009.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]