Viktor Lüstiq
Viktor Lüstiq | |
---|---|
çex. Victor Lustig | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı |
Vikianbarda əlaqəli mediafayllar |
Viktor Lüstiq — XX əsrin ən böyük fırıldaqçılarından biri.
Bu kobud və çox cəsarətli adam 1890-cı ildə Çexiyanın Xostin şəhərində anadan olub. Məktəbi bitirdikdə artıq 5 dildə – çex, ingilis, fransız, alman və italyan dillərində sərbəst danışan Viktor Lüstiq evdən gedir və bütün Avropaya səyahət etməyə başlayır.
Bir neçə dəfə yaramazlıq etdiyinə görə həbs olunan və saysız-hesabsız yer dəyişdirən Viktor, nəhayət, o dövr üçün Avropanın qumar mərkəzi olan Parisdə məskunlaşır. Burada o, poker və bridc oyunlarını mükəmməl öyrənərək, peşəkar oyunçuya çevrilir. Lüstiq bu oyunlarda o qədər püxtələşir ki, sonda özünə ehtiyacsız və çox zəngin bir həyat tərzini təmin edir. O, öz qurbanları ilə bahalı restoranlarda, teatrda, sərgidə və konsertlərdə tanış olurdu.
O, transatlantik gəmi reyslərinin daimi sərnişininə çevrilir. Lüks kayutlarda Avropadan Amerikaya və geriyə səfər edən Lüstiq amerikalıları, avropalıları, tikinti işləri və birja əməliyyatlarında zənginləşən zadəganları azartlı oyunlarla əyləndirirdi.
1920-ci illərdə o, ABŞ-a gəlir və bir neçə il ərzində yüz minlərlə dollar mənimsəyərək, onlarla bankı və şəxsləri aldadır. Onun 45 ləqəbi məlumdur və təkcə ABŞ-da 50 dəfə həbs olunub.
"Nə qədər ki, dünyada axmaqlar var, yalanlarla yaşamaq bizimçün çox rahatdır"
[redaktə | mənbəni redaktə et]Sadə həmvətənlərindən öz məqsədləri üçün istifadə edən fırıldaqçılar çoxdur. Lakin adın həm kriminal xronikada, həm də əfsanələrdə hallanması üçün qeyri-adi bacarıqlara sahib olmaq lazımdır. Viktor Lüstiq məhz belə fırıldaqçılardan idi. Onun "qəhrəmanlıqları" arasında həm çox kiçik günahlar, həm də genişmiqyaslı fırıldaqçılıq vardı. Çox da zəngin olmayan çex ailəsindən çıxmış gənc cəmiyyətə özünü avstriyalı qraf kimi təqdim edirdi. Bununla bağlı öz rolunu o qədər mükəmməl oynayırdı ki, heç kim onun bu tituluna şübhə etmirdi.
Beş dildə sərbəst daşınmağı, işgüzar və kübar dairələrin bütün etiketlərini incəliklərinə qədər bilməsi, cəmiyyətdə özünü çox sərbəst aparması – bütün bu keyfiyyətlərlə o, həm yüksək dairələrdə, həm də fırıldaqçı və quldurların əhatəsində özünə yer tuta bilir.
Özünün "qraf" titulundan başqa onlarla digər ləqəblərlə fəaliyyət göstərən Viktor müxtəlif kruizlərə gedir, gəmilərin göyərtələrində müxtəlif lotereya uduşları təşkil edirdi.
Al Kapone ilə "əməkdaşlıq"
[redaktə | mənbəni redaktə et]Lüstiqin adı ilə bağlı olan əfsanələrdən biri də onun məşhur Al Kapone ilə "əməkdaşlığı" haqdadır. 1926-cı ildə o dövrün məşhur qanqsteri ilə görüşən gənc oğlan özünü qraf Viktor Lüstiq kimi təqdim edir. Ona 50 min dollar verməsini xahiş edir və bildirir ki, bu rəqəmi 2 dəfə artıracaq. Al Kapone üçün bu miqdar çox da böyük pul deyildi və o, düşünmədən qrafa istədiyi pulu verir. Əməliyyat üçünsə 2 ay vaxt müəyyən olunur. Lüstiq pulları götürür və Çikaqodakı bankın seyfinə qoyaraq, Nyu-Yorka gedir. O, əlbəttə, pulu artırmaq üçün heç bir iş görmür. İki aydan sonra geri qayıdıb pulu bankdan götürür və Al Kaponenin yanına gedir. Ondan üzr istəyir və bildirir ki, düşündükləri plan baş tutmadı və pulu geri qaytarır. Al Kapone isə "Mən ya 100 min, ya da heç nə gözləyirdim. Lakin… mənim pulumu geri qaytarmaq… Bəli, siz çox vicdanlı insansınız! Əgər sizin çətinliyiniz varsa, bu pulu götürün", – deyir və Lüstiqə 5 min dollar verir. Məhz elə bu 5 min dollar pulu almaq Lüstiqin əsas məqsədi idi.
Metallom, ya da Eyfel qülləsi necə satıldı
[redaktə | mənbəni redaktə et]Nəinki bu 5 min dollarlıq "mükafat", hətta Viktorun lotereyalarda, bank maxinasiyalarında, pokerdə qazandığı pullar belə ona çox cüzi, əhəmiyyətsiz görünürdü. Lüstiq daha böyük miqdarda pul qazanmaq arzusunda idi. Fırıldaq daha böyük miqyaslı, əldə olunan pul isə onun ürəyinə sərin su səpəcək qədər çox olmalı idi. Bu fikirlə o, 1925-ci ilin mayında dostu Den Kollinslə birgə Parisə gəlir. Elə ilk gün yerli qəzetlərin birindəki məqalə onların diqqətini cəlb edir. Orada qeyd olunurdu ki, məşhur Eyfel qülləsi çox bərbad vəziyyətdədir və şəhər rəhbərliyi onun demontaj edilməsi (sökülməsi) ilə bağlı məsələləri müzakirə edir.
Bu xəbəri oxuyandan sonra 32 yaşlı fırıldaqçının ağlına müdhiş bir ideya gəlir və onu reallaşdırmaq üçün fəaliyyətə başlayır. İlk əvvəl bahalı bir hoteldə lüks otaq tutulur və Viktor Lüstiqin poçt və teleqraf nazirinin müavini olması ilə bağlı saxta sənədlər hazırlanır. Daha sonra metal alqı-satqısı ilə məşğul olan 5 böyük şirkətin başçısına dəvətnamə göndərilir. Dəvətnamələrdə iş adamları o dövrdə Parisin ən prestijli hoteli sayılan "Krillon" hotelində çox mühüm və gizli görüşə dəvət olunur.
Qonaqları təmtəraqlı apartamentlərdə qəbul edən Lüstiq Eyfel qülləsinin saxlanmasının hökumətə çox baha başa gəldiyi barədə geniş nitq söyləyir. Bildirir ki, vaxtilə qüllə Parisdə təşkil olunmuş ümumdünya sərgisi üçün müvəqqəti olaraq inşa edilib. Və indi, 30 ildən çox vaxt keçdikdən sonra qüllə şəhər üçün təhlükəyə çevrilib və hakimiyyət dairələri qüllənin sökülməsi məsələsini müzakirə edirlər. Bunun üçün orada iştirak edənlər arasında qüllənin alınması üçün tender elan olunur.
Bu təklif görüş iştirakçıları arasında maraq oyatmaya bilməzdi və ən çox Andre Puasson bu məsələ ilə maraqlanır. Onu təkcə əldə edəcəyi gəlir yox, həm də tarixə düşmək imkanı daha da ruhlandırırdı. Məhz onun bu istəyini görən Lüstiq bir müddət sonra Puasson ilə gizli görüş təşkil edir. Görüş zamanı çox sakit görünən Lüstiq Puassona deyir ki, onun bu tenderi qazanmaq şansı yüksəkdir, amma öz namizədliyini bir az da möhkəmlətmək üçün şəxsən Viktorun özünə müəyyən miqdarda "mükafat" verməlidir.
Hələ bu görüşə qədər Puassonda müəyyən şübhələr yaranmışdı: niyə görüşlər belə gizli şəraitdə və nazirlikdə deyil, hotel otağında keçirilir? Lakin dövlət məmurunun son addımı onun bu müəmmalı sözləşməyə olan şübhələrini dağıdır. O, bir neçə iri əsginası sayaraq Lüstiqə verir və Eyfel qülləsinin sənədlərinin alınması müqabilində 4 milyon frank məbləğində çeki imzalayaraq, baş verənlərdən razı halda hoteldən ayrılır. Müsyö Puasson xoşagəlməz anlaşılmazlıqları hiss edəndə isə artıq gec idi – Viktor Lüstiq çoxdan əlindəki çeki nağd pula çevirərək, Vyanaya qaçmışdı.
Lüstiq 50 dəfədən çox həbs olunsa da, hər dəfə sudan quru çıxmağı bacarırdı. Polis onu cinayətini sübut edəcək dəlil çatışmazlığı səbəbindən azad etməyə məcbur olurdu. Viktor Lüstiq istedadlı fırıldaqçı olmaqla bərabər, həm də çox yaxşı psixoloq idi. Onun aldatdığı insanların çoxu cəmiyyətə axmaq görünmək istəməmələri səbəbindən polisə şikayət etmirdilər. Hətta Eyfel qülləsini böyük miqdarda pula "alan" Müsyö Puasson da bütün Parisə gülüş hədəfi olmaqdan və fərasətli biznesmen adını itirməkdənsə, pulları ilə vidalaşmağı üstün tutur.
Puasson ilə sözləşmədən bir müddət sonra o, yenidən Parisə qayıdır və tenderin başqa bir iştirakçısına qülləni bu dəfə 75 min dollara satır. Lakin aldanmış biznesmen fırıldağı tez anlayır və polisə xəbər verir. Lüstiq fransız polisindən qaçaraq ABŞ-a getməyə nail olur. Amerikanın ədalət məhkəməsində də bu bacarıqlı fırıldaqçı haqqında kifayət qədər material toplanmışdı. 1935-ci ilin dekabrında "qraf" həbs olunur. O, saxta dollar əsginasları hazırladığına görə 15 il, bir ay əvvəl həbsxanadan qaçdığına görə isə əlavə 5 il müddətinə azadlıqdan məhrum edilir. Onu San-Fransisko yaxınlığındakı Alkatraz ada-həbsxanasına gətirirlər. O, 1947-ci ilin martında orada pnevmoniyadan vəfat edir və ümumi qəbirdə dəfn olunur.