Vera Britten
Vera Britten | |
---|---|
Vera Mary Brittain | |
Doğum tarixi | 29 dekabr 1893[1] |
Doğum yeri | Nyukasl-ander-laym, İngiltərə |
Vəfat tarixi | 29 mart 1970[2][1] (76 yaşında) |
Vəfat yeri | Uimbldon, London, İngiltərə |
Həyat yoldaşı | Corc Ketlin |
Uşaqları | Con Britten Ketlin, Şirli Uiliyams |
Fəaliyyəti | Yazıçı, jurnalist, tibb bacısı |
Əsərlərinin dili | ingilis dili |
Tanınmış əsəri | Gənclik əhdi |
Vikianbarda əlaqəli mediafayllar |
Vera Meri Britten (ing. Vera Mary Brittain; d. 29 Dekabr 1893- ö. 29 Mart 1970) — ingilis könüllü yardım dəstəsinin tibb bacısı, yazıçı, feminist, sosialist[3],pasifist.
Həyatı
[redaktə | mənbəni redaktə et]Nyukasl-ander-laymda anadan olan Vera Britten kağız istehsalçısı Tomas Artur Brittenin (1864–1935) və onun həyat yoldaşı, kağız fabriklərinin sahibi olan Ediz Bervon Brittenin (1868–1948) qızı idi. O, 18 aylıq olanda ailəsi Çeşireyə, Maklesfild şəhərinə, 11 yaşında isə Derbişirdəki Bakston şəhərinə köçür. Uşaq yaşlarından yeganə qardaşı Eduard onun ən yaxın dostu idi. 13 yaşından etibarən xalasının direktor olduğu Surrey, Kinqsvuddakı müqəddəs Monika adına internat məktəbində oxuyub.
Atasının etirazlarına baxmayaraq Oksfordda, Somervill kollecində ingilis ədəbiyyatı üzrə təhsil almağa başlayır. Lakin bir il sonra, 1915-ci ilin yayında Birinci Dünya Müharibəsi səbəbi ilə təhsilini dayandıraraq ingilis könüllü yardım dəstəsinə qoşulur və Bakston, London, Malta, Fransada tibb bacısı kimi fəaliyyət göstərir. Onun nişanlısı Roland Leyton, yaxın dostları Viktor Riçardson və Cefri Terlou, qardaşı Eduard müharibədə həlak olur.[4]. Onların bir-birinə yazdığı məktublar "İtirilmiş nəsildən məktublar" kitabında toplanmışdır.
Müharibədən sonra Oksforda tarix oxumağa qayıdan Britten müharibədən sonrakı İngiltərəyə öyrəşməkdə çətinlik çəkir. O, Vinifred Holtbi ilə görüşür və ingilis ədəbi səhnəsi ilə bağlı arzuları olan bu iki qadının dostluq münasibətləri formalaşır. Bu dostluq Holtbi böyrək çatışmazlığından vəfat edənədək davam edir.[5]
1925-ci ildə Britten politoloq Corc Ketlin (1896-1979) ilə evlənir. Onların oğlu, Vera ilə münasibətlərində müəyyən çətinliklər olan Con Britten-Ketlin (1927-1987) rəssam, iş adamı və 1987-ci ildə ortaya çıxmış "Ailə dördlüsü" avtobioqrafik əsərinin müəllifi idi. Onların qızı isə, 1930-cu ildə doğulmuş, Sosial Demokratik Partiyanı yaradan "Dörd nəfərlik dəstə"-nin üzvü olmuş, politoloq, akademik Şirli Uiliyamsdır.
1920-ci illərdə o, Birləşmiş millətlər cəmiyyətini təmsil edən spiker olmuş, 1936-cı ildə isə Dorçesterdəki bir sülh mitinqində danışmağa dəvət olunmuş, burada Dik Şepard, Corc Lensberi, Lorens Hausmen, Donald Soperlə eyni platformanı paylaşmışdır. Bundan sonra Şepard onu Sülh Andı Birliyinə qoşulmağa dəvət etdi. Altı ay diqqətlə düşündükdən sonra, 1937-ci ilin yanvar ayında Britten təklifi qəbul etmişdir. Həmin il Britten həmçinin Anqlikan Pasifist Birliyinə də qoşulur. Onun pasifistliyi İkinci Dünya Müharibəsi dövründə "Sülhsevərlərə məktublar" silsiləsini yazmağa başlayarkən önə çıxmışdır.
1966-cı ilin noyabrında Britten, Londonda bir tədbirə gedərkən küçənin zəif işıqlandırılması səbəbi ilə yıxılır. O, tədbirdə iştirak edir lakin sonra sol qolunun və sağ əlinin kiçik barmağının sındığı aşkarlanır. Bu zədələr Britteni fiziki baxımdan zəiflətməklə yanaşı, onun yaddaşında da problemlərə səbəb olur.[6] Belə ki, BBC-ə müsahibə verən zaman o, Roland Leytonla bağlı suala “Roland kimdir?”- deyə cavab verir.
Britten heç vaxt 1918-ci ildə müharibədə həlak olan qardaşı Eduardın ölümü ilə barışa bilmədi. O, 29 Mart 1970-ci ildə 76 yaşında Uimbldonda vəfat etdi. Britten vəsiyyətnaməsində “...mənim qəlbim təxminən 50 ilə yaxın bu kənd qəbirstanlığında olmuşdur...”[7]-deyərək, külünün qardaşı Eduardın məzarına səpilməsini istədi. 1970-ci ildə qızı onun vəsiyyətnaməsinə əməl etdi.[8]
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Brittenin ilk nəşr olunan əsəri "Qaranlıq vaxtlar" (1923) romanı idi. Əsər Oksforddakı, xüsusilə də Somervilldəki müəllimlərin karikaturasının yaradılmasına görə səs-küyə səbəb oldu. 1933-cü ildə isə Britten onu əsas məşhurlaşdıran əsərini, "Gənclik əhdi" avtobioqrafik romanını çap etdirdi. 1940-cı ildə Holtbinin xatirəsinə yazılmış "Dostluq əhdi" əsəri, 1957-ci ilə isə öz hekayəsinin davamı olaraq 1925-1950-ci illər arasında yaşadıqlarını əks etdirən "Təcrübə əhdi" əsəri nəşr olundu. Vera Britten bir çox əsərini həqiqi təcrübələrə əsaslanaraq yazırdı. Belə ki, "Fəxri mülkiyyət" (1936) adlanan avtobioqrafik romanında Britten özünün yazıçı Fillis Bentli ilə olan uğursuz dostluğundan, amerikalı naşir Corc Bretə olan romantik hisslərindən və qardaşı Eduardın 1918-ci ildə italyan cəbhəsindəki ölümündən danışırdı. Vera Brittenin 1913-1917 illər aralığında yazdığı əsərlər 1981-ci ilə "Gənclik salnaməsi" adı altında nəşr olunmuşdur.
Britten, yanğın gözətçisi kimi işləyən və ölkəni gəzərək Sülh Andı Birliyinin ərzaq yardımı kompaniyası üçün vəsait toplayan bir pasifist idi. O, özünün “Bombalama ilə soyqırım” (1944) kitabında alman şəhərlərinin bombalanmasına qarşı etirazını bildirdiyi üçün tənqid olunmuşdur. 1930-cu ildən etibarən Britten pasifist jurnal “Sülh xəbərləri”-nin daimi əməkdaşı idi. Nəhayət, o jurnalın redaksiya heyətinin üzvü oldu və 1950-1960-cı illərdə aparteid və müstəmləkəçilik əleyhinə, nüvə tərksilahının leyhinə məqalələr yazırdı.[9]
Mədəni irsi
[redaktə | mənbəni redaktə et]1979-cu ildə BBC2-də "Gənclik əhdi" əsərinin ekranlaşdırılması zamanı Brittenin obrazı Çeril Kempbel tərəfindən canlandırılmışdır. Mahnı yazarı və Anqlikan Pasifist Birliyinin üzvü Syu Qilmori onun xatirəsinə "Vera" adlı mahnı yazmışdır.
1998-ci ildə Veranın Birinci Dünya Müharibəsi dövründə yazılmış məktubları Alan Bişop və Mark Bostric tərəfindən redaktə olunaraq "İtirilmiş nəsildən məktublar" adı altında çap olundu. Bu məktublar həmçinin Amanda Rut və Rapert Qreyvsin baş rol oynadığı "Radio 4" serialı üçün də istifadə olundu.
Brittenin Birinci Dünya Müharibəsi dövründə yazdığı nəzm və nəsr əsərlərinin seçilmişlərindən ibarət olan "Çünki sən öldün" kitabı Mark Bostricin redaktəsi ilə 2008-ci ildə atəşkəsin 19-illiyi münasibətilə çap olunmuşdur.
2008-ci il noyabr ayının 9-da BBC1-də Brittenin anım günü münasibətilə bir saatlıq sənədli film nümayiş olundu.[10]
2009-cu ilin fevral ayında "BBC Films"-in Brittenin memuarı olan "Gənclik əhdi" əsəri əsasında film çəkəcəyi xəbəri yayımlandı.[11] Vera Britten obrazını əvvəlcə irlandiyalı aktrisa Soris Ronanın canlandıracağı deyilsə də [12]., 2013-cü ilin dekabr ayında bu obrazı isveçli aktrisa Alisiya Vikanderin canlandıracağı elan olundu. Film Birinci Dünya Müharibəsi xatirələrinin bir hissəsi kimi 2014-cü ilin sonunda nümayiş olundu.[13] Filmdə həmçinin Kit Herinqton, Kolin Morqan, Teron Ecerton, Aleksandra Roç, Dominik Vest, Emili Uatson, Coanna Skanlan, Heyli Etvel, Conatan Beyli və Anna Çansellor da iştirak edirdi. Prodüserlər "Harri Potter" filminin prodüseri olmuş Devid Heyman və Rosi Elison idi.
2018-ci ilin 9 Noyabrında "Wall street" jurnalının şərhçisi Eron Şnor öz yazısında Brittenin "Bəlkə" şeri də daxil olmaqla Birinci Dünya Müharibəsi poeziyasının nə qədər dəyərli olduğunu vurğuladı.[14]
Brittenin yaşadığı evləri göstərən lövhələri Nyukasl-ander-laymda [15] Sidmaus 9 prospektində; Bakstonda [16]. Park Yolu 151-də; Blumsberidə, Doti Stritdə və Londonun qərbində, Meydə Veyldə, Vimeri Menşis 117-də görmək olar. Bundan əlavə Bakstonda Pavilion bağlarında da Brittenin xatirəsinə lövhə vardır lakin orda göstərilmiş tarixlər yanlışdır.
Vera Brittenin arxivi 1971-ci ildə Ontario, Hamiltondakı Mak-Master universitetinə satıldı. Onun tərcümeyi-halını yazarkən toplanmış, uzun bir tarixi əks etdirən məlumatlar Paul Beri və Mark Bostic tərəfindən Somervill Kollecinin kitabxanasına bağışlanmışdır.[17]
-
London,Doti Strit 58-dəki lövhə
-
Eduard Brittenin məzarı, Qrenezza ingilis qəbirstanlığı, Asiaqo yaylası
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 A Historical Dictionary of British Women (ing.). 2 Routledge, 2003. P. 65. ISBN 978-1-85743-228-2
- ↑ Vera Brittain // FemBio database (alm.).
- ↑ Higonnet, Margaret R. (1987). Behind the Lines: Gender and the Two World Wars. Yale University Press. səh. 70.
- ↑ Mark Bostridge (21 May 2012). "Vera's Testament is young again". The Daily Telegraph
- ↑ Mark Bostridge (15 March 2012). "The story of the friendship between Winifred Holtby and Vera Brittain Arxivləşdirilib 2017-02-20 at the Wayback Machine". The Daily Telegraph.
- ↑ Paul Berry in the foreword to Testament of Experience, 1980 Virago edition
- ↑ Berry and Bostridge, Vera Brittain: A Life, 1995 (səh. 523)
- ↑ "Prose & Poetry – Vera Brittain". Firstworldwar.com. August 2001. Retrieved 27 May 2008.
- ↑ Loretta Stec, "Pacifism, Vera Brittain, and India". Peace Review , vol. 13, no. 2, pp. 237–44, 2001.
- ↑ "BBC Two – A Woman in Love and War: Vera Brittain". Bbc.co.uk. 23 March 2010. Retrieved 16 March 2013.
- ↑ Film. "Vera Brittain to be subject of film". The Daily Telegraph, 13 February 2009. Retrieved 16 March 2013
- ↑ Anita Singh (20 May 2012). "Cannes 2012: BBC to dramatise life of WW1 writer Vera Brittain". The Daily Telegraph
- ↑ BamigboYye, Baz (19 December 2013). "Chiwetel in the danger zone: Star tells of the 'dark moment' he had to 'whip' actress in new film 12 Years A Slave[ölü keçid]". dailymail.co.uk. Retrieved 16 March 2014.
- ↑ WSJ – The Great War Produced Some Great Poetry Arxivləşdirilib 2017-02-20 at the Wayback Machine". wsj.com. 9 November 2018. Retrieved 28 April 2019.
- ↑ Newcastle-under-Lyme Civic Society (15 August 2010). "LOCAL COMMEMORATIVE BLUE PLAQUE SCHEME". Newcastle-under-Lyme Civic Society. Retrieved 22 September 2016.
- ↑ Vera Brittain author of "Testament of Youth" lived here 1907–1914". openplaques.org. Retrieved 9 November 2012
- ↑ "Special Collections". some.ox.ac.uk. Retrieved 28 August 2018.