Vaqner qrupu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vaqner qrupu
ЧВК «Вагнер»
Группа Вагнера
Ölkə
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vaqner qrupu yaxud "Vaqner" ÖHŞ (Özəl Hərbi Şirkəti)Rusiyada Sankt-Peterburqdan olan iş adamı Yevgeni Priqojin ilə əlaqəli qeyri-rəsmi silahlı birləşmədir. Qrupa daxil olan muzdluların Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, ZimbabveMərkəzi Afrika Respublikası da daxil olmaqla bir sıra Afrika ölkələrində təhlükəsizlik xidmətləri göstərdikləri güman edilir. Bəzi məlumatlara görə, onlar Suriyadakı, Donbas bölgəsindəki hərbi əməliyyatlarda da iştirak ediblər və prezident Ömər əl-Bəşirə dəstək vermək üçün Sudana göndəriliblər.[5]

Qrup 2022-ci ildə başlayan Rusiyanın Ukraynanı işğal etməsi əməliyyatında bir sıra istiqamətlərdə Rusiya ordusunun həyata keçirdiyi hücum əməliyyatlarına cəlb edilmişdir.

Bu qruplaşma hələ 2013-cü ildə Suriya döyüşlərində üzə çıxan "Slavyan korpusu" adlı Rusiya muzdlu birləşməsindən qaynaqlanır. Belə ki, 2013-cü ildə Homs şəhəri ətrafında Rusiyanın Krasnodar diyarının sakini Aleksey Malyutanın sənədləri suriyalı müxaliflər tərəfindən tapılıb. Məlum olub ki, həmin şəxs Sankt-Peterburqda yaradılan "Slavonic Corps Limited" adlı özəl hərbi şirkətin "işçisidir". Həmin ilin yazında bu şirkət "xaricə ezam olunmaq üçün" müxtəlif güc strukturlarının veteranlarını işə cəlb etməyə başlayıb. Onlarla söhbəti "Moran Security Group" adlı digər özəl hərbi şirkətin rəhbəri, Rusiya FSB-nin (Federal Təhlükəsizlik Xidməti) ehtiyatda olan podpolkovniki (AO-da polkovnik-leytenanta uyğun) Vyaçeslav Kalaşnikov aparıb. Nəhayət 2013-cü ilin sentyabrında "Slavyan korpusu"nun 267 nəfər "işçisi" Suriyaya göndərilib. Onlara ayda 4 min dollar maaş, həlak olacaqları və ya yaralanacaqları təqdirdə sanballı kompensasiya vəd ediblər. "Moran Security Group" şirkətinin əməkdaşı, Rusiya Müdafiə Nazirliyi kəşfiyyat xidməti olan QRU (keçmiş adı Baş Kəşfiyyat İdarəsi, indi Baş Qərargahın Baş İdarəsi, xüsusi xidmət, SSRİ və sonra da Rusiya MN xarici kəşfiyyatının orqanı), 2-ci əlahiddə briqadasının keçmiş bölük komandiri Dmitri Utkin (məlumata görə "Vaqner" ləqəbini də məhz o daşıyır) keçmiş döyüş yoldaşlarını toplayır və yeni özəl ordu yaradır. "Vaqner" ÖHŞ ilk dəfə 2014-cü ildə Krım əməliyyatında iştirak edir, referenduma hazırlığa nəzarət vəzifəsini yerinə yetirir. Daha sonra onun ordusunun sorağı Donbassdan gəlir.[6]

Qrupun başçısı "Vaqner" çağırış siqnalı ilə əlaqəyə girən QRU sabiq zabiti Dmitri Utkindir. Utkin nasistlərə rəğbət bəsləyir. Buna görə də qruplaşmanın adını seçərkən Hitlerin ən sevdiyi musiqiçi Riçard Vaqnerin adından istifadə edib.[7] Onun hələ 2013-cü ildən "Slavyanskiy korpus" adlı muzdlular briqadasının tərkibində Yaxın Şərqdə olduğu söylənilir. "Korpus"un Honq-Konqda "Slavonic Corps Limited" törəmə müəssisəsinin olduğu da məlumdur. "Slavyanskiy korpus"un rəhbərləri Yevgeni SidorovVadim Qusevin bir vaxtlar Suriyanın Deyr-əz-Zor şəhərindəki neft kəmərinin mühafizəsində iştirakı barədə məlumatlar mövcuddur.

Muzdluların xərclərinin ödənişində isə xüsusi metoddan istifadə olunur. Belə ki, Rusiya Müdafiə Nazirliyi müxtəlif məişət xidmətləri və dövlət satınalmaları barədə müqavilələrlə Suriyada və başqa qaynar nöqtələrdə "çirkli işi" yerinə yetirən şəxslərin rəsmi əməkdaşı olduğu qeyri-kommersiya şirkətlərinə vəsait köçürür. Tender qalibi elan edilən həmin şirkətlərin, əslində, hansı vəzifəni yerinə yetirdiyi də beləliklə malalanmış olur. "The Bell" saytı 2015-ci ildə qruplaşmanın illik büdcəsinin 10,3 milyard rubl (166 milyon dollar) olduğunu yazıb. "Vaqnerin qrupu"unun əsgərlərinə pulu nağd verirlər, onlar rəsmən heç yerdə işə götürülməyiblər, silahların və təchizatın alınması isə məxfiləşdirilib. RBC bildirir ki, həmin xərcləri dövlət və adları açıqlanmayan "yüksək rütbəli biznesmenlər" üzərlərinə götürüb. Məlumatlara görə, 6 min muzdlu əsgərdən ibarət olan "Vaqner"də muzdlu döyüşçülər aylıq 2–3 min dollar maaş alırlar. Bununla yanaşı, uğurlu əməliyyatlarda mükafatlar da əldə edirlər. Ölən əsgərin ailəsinə isə 50–80 min dollar təzminat ödənilir. "Vaqnerin qrupu"nun düşərgəsi Krasnodar diyarında, Krasnodar şəhərindən 30 kilometr cənubda, M-4 “Don” yolunun üzərindəki Molkino qəsəbəsinin yaxınlığında yerləşir. QRU-nun 10-cu əlahiddə xüsusi təyinatlı briqadası da orada dislokasiya olunub. Muzdluların bazası 2015-ci ilin ortalarından etibarən fəaliyyət göstərməyə başlayıb.[8]

Əməliyyatları

[redaktə | mənbəni redaktə et]

İddialara görə, Suriyada tarixi Palmira şəhərinin İŞİD-dən azad edilməsində "Vaqner qrupu" aparıcı rol oynayıb. Bu döyüşçülərin Şimali Qafqazda, əsasən Krasnodar vilayətindəki qapalı qəsəbələrdə xüsusi hazırlıq keçməsi barədə iddialar var.[9] 2017-ci ilin sonunda Suriyada bu gizli ordunun 1500–2000 arası döyüşçüsünün olduğu bildirilir. Bu döyüşçülərdən əsasən 2015-ci ildə münaqişənin pik həddinə çatdığı vaxtlarda istifadə olunub. Həmin vaxta kimi bu "gözəgörünməz" Rusiya ordusunun 150-dək döyüşçüsünün həlak olduğu barədə məlumatlar ictimaiyyətdən gizlədilir. Məxfi ordunun əsgərləri Əsədin hökumət qoşunları ilə çiyin-çiyinə döyüşür və Rusiyaya rəsmi ordunun itkilərini aşağı həddə saxlamaq imkanı verirlər. Conflict Intelligence Team adlı araşdırma qrupunun analizlərinə görə Rusiya Vaqner Qrupundan ona görə istifadə edir ki, Moskva Qərbə, "baxın biz sizin İraqda və Əfqanıstanda verdiyiniz itkilərdən qat-qat az itki ilə necə uğurlu kampaniya aparmışıq" deyə bilsin.[10]

2018-ci ilin fevralın 7-də "Vaqnerin ordusu" muzdluları Suriyada Deyr əz-Zor əyalətində ABŞ-nin dəstəklədiyi "Suriya Demokratik Qüvvələri"nin nəzarətində olan "Konoko" neft-qaz mədənlərinə hücum təşkil edib. [[Rusiya Dövlət Duması]]nın keçmiş deputatı Viktor Alksins bildirib ki, bu döyüşdə Amerika aviasiyasının endirdiyi cavab zərbələri nəticəsində 334 rusiyalı muzdlu həlak olub. Həlak olanlardan 217-i beşinci hücum dəstəsinə, 10-u ikinci hücum dəstəsinə, 94-ü "Vesna" hücum dəstəsinə və qalan 13-ü artilleriya diviziyonunun tərkibinə daxil olub. O bildirib ki, həmin rəqəm Suriyada döyüşənlərin ailələrindən alınan məlumatlara və son hadisələrin iştirakçıları ilə söhbətlərə əsaslanır. Alksins deyib ki, hücumda "Vaqnerin ordusu"nun muzdluları ilə yanaşı Rusiya Müdafiə Nazirliyinin xüsusi əməliyyatlar Qüvvələrinin hərbçiləri də iştirak ediblər, lakin xüsusi təyinatlıların arasında itkilər və yaralananlar haqda informasiya yoxdur. Rusiya Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski də həmin günü 300 rusiyalı ailənin "başsız" qaldığını bildirib. Onların arasında rusiyalı milli bolşevik fəalı Kiril Ananyev də yer alır.[11] Beynəlxalq kəşfiyyat şəbəkəsi "İnformNapalm" bildirib ki, bu hücumu hazırlayan və ona cavabdeh olan birinci şəxs 1978-ci il iyuln 23-də anadan olmuş Rusiya vətəndaşı, Sankt-Peterburqda qeydiyyatda olan, "Vaqner" özəl hərbi şirkətində qərargah rəisinin müavini-operativ şöbənin rəisi Sergey Borisoviç Kimdir. Bundan əvvəl Sergey Kim Donbassda "Vaqnerin ordusu"nun Ukrayna ordusuna qarşı hücumlarına rəhbərlik edib.[12]

Bu döyüşdən sonra qrupun Suriyadakı fəaliyyəti zəifləyib və qarovul xidməti ilə məşğul olmağa başlayıb. Qrupun ən qiymətli əməkdaşları rəqibləri tərəfindən başqa işə cəlb edilib. Məlumata görə Kreml həmin döyüşlə bağlı qrupa əmr verməyib, hətta onun bu məsələdən xəbəri olmayıb. Ələ keçən telefon danışıqlarından məlum olub ki, Yevgeni Priqojin bir neçə suriyalı həmkarı ilə danışıqlar apardıqdan sonra hücum həyata keçirməyə əmr verib.[13]

Vaqner qrupunun muzdlularının Suriyada mülki şəxslərə qarşı qırğınlarda və işgəncələrdə aktiv iştirakı barədə məlumatlar var. 2017-ci ildə "Vaqnerin ordusu" şirkətinin muzdluları Suriyanın Homs əyalətində Bəşər Əsədin ordusundan fərarilik etmiş əsgəri tutub vəhşi işgəncələrlə öldürüblər, daha sonra cəsədini təhqir ediblər və benzin töküb yandırıblar.[14]

Britaniyanın "The Telegraph" nəşri 2019-cu ildə "Vaqner" özəl hərbi şirkətinin 300-ə yaxın muzdlusunun Liviyanın bir hissəsinə nəzarət edən marşal Xəlifə Həftarın ordusuna dəstək verdiyini yazıb. "Vaqnerin ordusu"nun döyüşçüləri Benqazidə yerləşdirilib. Mənbə deyib ki, "Vaqnerin ordusu"nun muzdluları QRU tərəfindən idarə olunur, onların qarşısında Rusiya donanması üçün Tobruk və Derna limanlarının təhlükəsizliyini təmin etmək tapşırığı qoyulub. Habelə "vaqnerçilər" Liviyanın neft yataqlarının marşal Xaftar tərəfindən ələ keçiriləcəyi halda cənubi Avropaya neft nəqlinə nəzarət etməlidir.[15]

  1. 1 2 National State Television and Radio Company of the Republic of Belarus (belar.). 2020.
  2. https://www.svoboda.org/a/27642396.html.
  3. https://telegra.ph/Otvety-Evgeniya-Prigozhina-na-glavnye-voprosy-kotorye-est-u-obshchestva-05-06.
  4. DeepStateMapLive (ing.). 2022.
  5. "Ərdoğan Rusiyanın hərbi elitasını ittiham etdi". 2020-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-16.
  6. "Rusiyanın Suriyaya "özəl ordu" göndərdiyi üzə çıxdı". 2020-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-16.
  7. "Putin "gizli ordusu"nu türk əsgərlərinin üzərinə göndərdi". 2020-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-16.
  8. "Rusiya Vaqnerin ordusunu Qarabağa göndərir". 2020-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-16.
  9. Putindən Suriya üçün "Vaqner simfoniyası" –Peşəkarlardan ibarət rus qrupu ilə bağlı sensasion iddialar [ölü keçid]
  10. "Britaniya mətbuatı: Putinin Suriyadakı məxfi ordusu". 2020-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-16.
  11. "Jirinovski "Vaqner"in həlak olan 300 üzvü haqda". 2020-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-16.
  12. "Rusiya muzdlu ordusunu qırğına Kim aparıb". 2020-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-16.
  13. Hauer, Neil. "The Rise and Fall of a Russian Mercenary Army". Foreign Policy. 2022-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2020.
  14. ""Vaqnerin" başkəsənləri Suriyada fərari əsgəri vəhşicəsinə öldürüb başını kəsdilər". 2020-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-16.
  15. ""Aşbazın" ordusunu daha bir ölkədə görüblər". 2020-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]