Sadeq Xalxali

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sadeq Xalxali
fars. صادق خلخالی
İslam Şurası Məclisinin üzvü[d]
28 may 1980 – 28 may 1992
Şəxsi məlumatlar
Doğum tarixi 27 iyul 1926(1926-07-27)
Doğum yeri
Vəfat tarixi 26 noyabr 2003(2003-11-26) (77 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi
Dəfn yeri
Partiya
  • Kombatant Din Xadimləri Assosiasiyası[d],
  • Kombatant Ruhaniləri Assosiasiyası[d]
Təhsili Qum Mədrəsəsi
İxtisası İlahiyyatçı
Fəaliyyəti Ruhani xadim
Uşağı 3
Dini İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmməd Sadeq Xalxali (fars. صادق خلخالی‎; 27 iyul 1926-cı il, Qivi, Xalxal, Ərdəbil ostanı — 26 noyabr 2003-cü il, Tehran) — İranın dini lideri və teokratik siyasətçisi, ayətullah və hakim, İslam inqilabının lideri Ayətullah Xomeyninin yaxın silahdaşı. 1979–1980-ci illərdə — İslam İnqilab Məhkəməsinin sədri. İslam respublikasının teokratik rejiminin əleyhdarlarına qarşı dövlət terroru siyasəti yürüdürdü. O, şəxsən yüzlərlə adama ölüm hökmünü çıxararaq, "adam asan hakim" ləqəbini qazanıb. Korrupsiya ittihamı ilə istefaya göndərilmişdir. 1983–1991-ci illərdə — Ekspertlər Şurasının üzvü olmuşdur. 1989-cu ildə Seyyid Əli Hüseyni Xameneini İranın Ali Rəhbəri vəzifəsinə namizədliyi təklifini vermişdir.

Xomeyni hərəkatında

[redaktə | mənbəni redaktə et]

Sadeq Xalxalinin doğulduğu yerə gəlincə, bu barədə məlumatlarda uyğunsuzluq mövcuddur. Belə ki, onun rəsmi tərcümeyi-halına görə, o, İranın şimalında — Xalxal şəhərinin yaxınlığındakı Qivi kəndində (Xalxal şəhristanı, Ərdəbil ostanı) anadan olmuşdur.[1] Digər mənbələrdə onun Azərbaycan SSR-inin Qivi kəndində doğulduğu göstərilir. Hər iki halda Xalxalı ailəsi kəndli idi və miliyyətcə azərbaycanlı kökəninə malik idi.[2]

On dörd yaşında Sadeq Xalxali Quma gedərək mədrəsədə təhsil almağa başladı. İslam fundamentalizminin fəal tərəfdarından birinə çevrildi. 1955-ci ildən etibarən Ruhullah Xomeyninin yaxın çevrəsinə daxil oldu. Xomeyninin böyük oğlu Mustafanın ən yaxın etibarlı sirdaşı idi. İslam gizli hərəkatında iştirak etmiş, İslam fədailəri təşkilatını bərpa etmişdir. Bəzi məlumatlara görə, o, terror aktlarında iştirak etmişdir. Bununla bərabər o dövrdə onun adı geniş kütləyə məlum deyildi. Xalxali təşkilati işlərə üstünlük verərək, ictimai çıxışlardan çəkinirdi. Xalxali dəfələrlə Şah hakimiyyəti tərəfindən həbs edilmiş və dörd ilə yaxın məhbəs həyatı yaşamışdır.

Ayətullah Xomeyninin ardınca Fransaya mühacirət etmişdir. 1979-cu ilin yanvarında Xomeyninin vətənə qayıtmasından iki həftə əvvəl İrana geri dönmüşdür.

"Adam asan hakim"

[redaktə | mənbəni redaktə et]

1979-cu il fevralın 24-də İslam İnqilabının qələbəsindən az sonra, ölkənin ali rəhbəri olan Ayətullah Xomeyni Sadeq Xalxalini Ali İslam İnqilab Məhkəməsinin sədri təyin etdi. Xalxalinin rəhbərliyi ilə geniş səlahiyyətləri olan şaxəli fövqəladə məhkəmə sistemi quruldu. İslam inqilabi ədliyəsinin əsas məqsədi Şah rejiminin xidmətçilərinə qarşı açıq aşkar qisasçılıq idi.[3]

Xalxalinin rəhbərlik etdiyi İslam inqilab məhkəmələri yeni rejimin siyasi repressiyalarının əsas vasitələrindən biri sayılırdı. Onların baxdığı işlər arasına əks-inqilab, İslam əleyhinə fəaliyyət, casusluq, siyasi şantaj, qanunsuz silah saxlama, narkotik qaçaqmalçılığı, İslam əxlaq normalarının pozulmasına görə məsələlər daxil edilmişdi. Onların qarşısına açıq şəkildə müxalifəti məhv etmək tapşırığı qoyulmuşdu. Hakim və prokuror-ittihamçı eyni şəxsin timsalında çıxış edir, müttəhimlərin müdafiə hüququ olmurdu. Verilən ölüm hökmləri dərhal icra edilirdi.

Rəsmi təyinatdan əvvəl 1979-cu il fevralın 15-i axşamı Xalxalinin əmri ilə SAVAK-ın keçmiş direktoru Nemətullah Nasiri və Şah ordusunun generalları Manuçehr Xosroudad, Mehdi Rahimi, Reza Naji edam edilmişdi.[3].

Xalxalinin başçılığı ilə 13 mart 1979-cu il tarixində İran Hərbi aviasiyasının keçmiş rəisi general Nadir Cahanbani, Şah Mühafizəsi generalı Pərviz Amini-Aşfar, milli radio və televiziyanın rəhbəri Mahmud Cəfəraryan, televiziya və radio xəbərləri şöbəsinin redaktoru Pərviz Nikxa, SAVAK-ın bir neçə digər komandiri və funksioneri ölüm hökmü ilə edam edildi. 1979-cu il aprelin 7-də İranın keçmiş baş naziri Əmir-Abbas Hoveyda edam edildi (bir çox ölkələrin çoxsaylı əfv müraciətlərinə baxmayaraq). Aprelin 9-da Şah Hərbi Hava Qüvvələrinin son komandiri generalı Əmir Hüseyin Rabia haqda ölüm hökmü verildi. Aprelin 11-də keçmiş bir qrup Şah generalları və siyasətçiləri, o cümlədən keçmiş SAVAK direktoru Həsən PakrəvanNasir Müqəddəm, keçmiş xarici işlər naziri Abbas-Ali Halatbari, keçmiş Şah Mühafizə Komandiri Əli Neşat, keçmiş Tehran meri Qulam Reza Nikpei edam edildilər.[4]

Xalxali və ona tabe olan məhkəmələr təkcə devrilmiş Şah Məhəmməd Rza Pəhləvi tərəfdarlarına deyil, İran Xalq Mücahidləri Təşkilatı, İran Xalqı Fədailəri Təşkilatı və Forkan üzvlərinə, solçu fəallara, kürd hərəkatının üzvlərinə, Bəhai ardıcıllarına və Xomeyni teokratik rejiminin digər müxaliflərinə də ölüm hökmləri verirdilər. Eyni zamanda, İslam məhkəmələri cinayətkarlıq, soyğunçuluq və narkotik ticarəti, əxlaqsızlıq evlərinin saxlanmasına qarşı ciddi tədbirlər görürdü. Sadeq Xalxali tərəfindən çıxarılan ölüm hökmlərinin və onun rəhbərliyi altında edam edilənlərin sayı, müxtəlif mənbələrə görə yüzdən səkkiz minə qədər qiymətləndirilir. Ən dəqiq rəqən 1500-ə yaxındır. Xalxali özü isə beş yüz nəfərə edam cəzasının verdiyini deyirdi.[1]

Edamlar çox vaxt məhkəmələrin yerləşdiyi keçmiş məktəblərin damlarında icra olunurdu. Hökmlər güllələnmə və ya asma yolu ilə həyata keçirildi — buna görə də Xalxali ölkədə və dünyada "adam asan hakim" ləqəbini almışdı. Məhkəmə çıxışları misilsiz qəddarlıq, nümayişkaranə ittiham, açıq dini və siyasi motiv və istehza tonu ilə fərqlənirdi. Əsas ittihamlar yeni Cinayət Məcəlləsində tətbiq olunan "yer üzündə pozğunluğun yayılması", "haqq yolunun düşməni" kimi maddələr təşkil edirdi. Ölüm cəzasına məhkum edilmiş on altı yaşlı bir gəncə Xalxali günahsız olduğu təqdirdə cənnətə gedəcəyini söyləmişdi.[5] İslam repressiyalarının fəal iştirakçısı Qəsr həbsxanasının rəisi Mehdi Araqi Xalxalinin "əvvəl edam etdiyini, sonra ittiham etdiyini" heyranlıqla qeyd edirdi.[6]

Məhəmməd Rza Pəhləviyə də qiyabi ölüm hökmü çıxarılmışdı. Xalxali keçmiş şahı "Ağ Evin zirzəmisində gizləsə belə" öldürəcəyi ilə hədələyirdi. Ancaq Pəhləvi 1980-ci ildə Qahirədə ağır sürən xəstəlikdən öldü. Xalxali şahın əkiz bacısı şahzadə Əşrəf Pəhləvinin oğlu Şəhriyar Şafikin 1979-cu il dekabrın 9-da Parisdə qətlinin təşkilində ittiham olunur. Həmçinin 1984-cü il fevralın 7-də Parisdə Şah qvardiyasının rəisi, Tehran şəhərinin hərbi komendantı general Qulaməli Üveysi öldürüldü. Qeyd edək ki, Xalxali ona da qiyabi ölüm hökmü çıxarmışdı. 6 avqust 1991-ci il tarixində sonuncu Şah baş naziri Şapur Bəxtiyar siyasi sui-qəsd nəticəsində elə orada öldürüldü.

Xalxali keçmiş Şah Xarici İşlər Naziri və ABŞ-dakı səfiri Ərdəşir Zahidiyə də qiyabi ölüm hökmü vermişdi.

Teokratiyanın ideoloqu və siyasətçisi

[redaktə | mənbəni redaktə et]

İdeoloji və siyasi cəhətdən Sadeq Xalxali İslam respublikasının rəhbərliyində ən sərt xətti təmsil edirdi.[7] Şiə teokratik diktaturasının prinsiplərini hər şəkildə müdafiəsinə çalışırdı. Hər cəhətdən Ayətullah Xomeyninin qarşısında fərqlənməyə çalışırdı, yalnız siyasi kursda canfəşanlıq göstərmirdi həm də şəxsi ünsiyyətdə çox ehtiyatlı davranırdı.[8] Mehdi Bazərganın nisbətən mülayim hökumətinə qarşı çıxırdı və onun istefasında rolu az deyildi. Amerikalıların İranda girov götürülməsini tam şəkildə dəstəkləyirdi. Girovları hərbi yolla azad etmək cəhdinin uğursuzluğundan sonra, Xalxali ölən Amerika əsgərlərinin cəsədlərini kütləvi şəkildə təhqir etməyə və televiziyada nümayiş etdirilməsinə rəvac vermişdi.[9]

Sadeq Xalxali İran tarixinin İslamdan əvvəlki dövrünə və Şah irsinə şiddətlə nifrət edirdi. O, "Kirin yalanları və cinayətləri" adlı tarixi bir əsər də nəşr etdirmişdi.[10] Xalxali II Kirin məqbərəsini, Persepolisdəki kral sarayının memarlıq xarabalığının dağıdılmasına çağırırdı. O, həmçinin Tusdakı Firdovsinin məqbərəsinin də məhv edilməsinə çalışırdı. Onun bu cür cəhdlərinin qarşısı regional hakimiyyət və qəzəbli yerli sakinlər tərəfindən alındı. Lakin 1980-ci ilin mayında Xalxali Reydəki Rza Pəhləvinin türbəsinin sökülməsinə rəhbərlik etmişdi. Partiya mənsubiyyətinə görə, Xalxali sağçı dini klarekal-islamçı partiyanın, Döyüşən Ruhanilər Birliyinin və 1988-ci ildən islahatçı Hərbi Ruhanilər Birliyinin üzvü idi. Taktiki səbəblərə görə 1980-ci illərin əvvəllərində İran Kommunistlərinin Tudə partiyası tərəfindən dəstəkləndi. 1980-ci ilin mart ayında məhz Xalxalinin İslam məşvərət şurasına namizədliyini kommunistlər irəli sürmüşdülər.[11] Xalxalinin əleyhdarları Mehdi Bazargan və Mahmud Taleqaninin İran İslam Demokratik Azadlıq Hərəkatında və Məhəmməd Behiştinin İslam Respublika Partiyası ətrafında birləşmişdilər. Sadeq Xalxali ilə İranın ilk prezidenti Əbülhəsən Banisədr arasında münasibətlər ziddiyyətli şəkildə qurulmuşdu. Hətta Xomeyninin ətrafındakılar da onun məhkəmə terrorundan narazılıq ifadə edirdilər.[1]

Hakimiyyətdən uzaqlaşdırılması

[redaktə | mənbəni redaktə et]

Nüfuzlu Ayətullah Beheşti, müəyyən qanun normalarına riayət olunmasının tərəfdarı idi və Xalxalinin məhkəmə cəza tədbirlərinə sərt etiraz edirdi. 1980-ci il fevralın 23-də Xomeyni Beheştini İran məhkəmə sisteminin başçısı təyin etdi. Təyinatından bir həftə sonra onun ilk qərarlarından biri Xalxalinin İslam İnqilab Məhkəməsinin sədrliyindən uzaqlaşdırılması idi.[12] 1980-ci ilin dekabrında prezident Bənisədr Xalxalinin məhkəmə sistemindən kənarlaşdırılmasına nail oldu. Buna əsas edam və narkotik əleyhinə reydlər nəticəsində müsadirə zamanı əldə olunan 14 milyon dolların[7] mənimsənilməsi ittihamı idi.

O, Tudənin dəstəyi ilə Qumdakı seçki dairəsindən İslam məşvərət şurasına seçilməyi bacarsa da, Xalxalinin siyasi mövqeyi ciddi şəkildə sarsıldı. Terror hücumu nəticəsində Beheştinin qətli, 1981-ci ildə Bənisədrin hakimiyyətdən uzaqlaşdırılması və mühacirətə getməsi Xalxalinin mövqelərini bir qədər gücləndirdi. 1982-ci ildə o, narkotiklərin yayılması əleyhinə agentliyə rəhbər təyin olundu. 1983-cü ildən isə Sadeq Mütəxəssislər Şurasının üzvü seçildi.

1989-cu ildə Ayətullah Xomeyninin ölümündən sonra Sadeq Xalxali siyasi nüfuzunu bərpa etmək cəhdi etdi. Məhz Xalxali Seyyid Əli Hüseyni Xameneini ali rəhbərin varisi kimi namizədliyini irəli sürdü. Halbuki Əli Xameneinin Hücət-əl-İslam (Ayətullah deyil) titulu daşıması namizədliyinin sürülməsinə imkan vermirdi. 1989-cu il iyunun 3-də Mütəxəssislər Şurası Hüseyni Xameneini İranın Ali Rəhbəri olaraq təsdiqlədi.[2] Ancaq bu Xalxalinin siyasi mövqeyini möhkəmləndirmədi. 1991-ci ildə Sadeq Xalxali bütün dövlət vəzifələrini tərk edərək Qum şəhərinə yola düşdü. Bir neçə il mədrəsədə dərs dedi.

1997-ci ildə Məhəmməd Xatəmi liberal (İran standartlarına görə) və islahat proqramı ilə çıxış edərək İran prezidenti seçildi. Birmənalı nüfuzuna baxmayaraq, Sadeq Xalxali yeni kursu dəstəklədiyini bildirdi və Xatəmi komandasına qoşulmağa çalışdı. Ancaq yeni prezident və tərəfdarları "adam asan hakim"i aralarına qəbul etmədi.[13]

2000-ci ildə Sadeq Xalxali hakim olduğu vaxt fəaliyyətini tamamilə əsaslandırdığı avtobioqrafiyasını nəşr etdirdi. Xatirələrində o, "layiq olan hər kəsi öldürmədiyi üçün" təəssüfləndiyini bildirirdi.

Sadeq Xalxali 77 yaşında xərçəng və ürək-damar xəstəliklərindən öldü.

Ailəsi və ad-sanı (imici)

[redaktə | mənbəni redaktə et]

Sadeq Xalxali ailəli olmuş, bir oğlu və iki qızı var idi. Sadeq Xalxalinin qızı Fatimə Sadeqi politoloq və jurnalistdir. O, liberal-dünyəvi görüşlərə malikdir və qadın hüquqlarının müdafiəçisi kimi məşhurdur.

Xarici müşahidəçilər Sadeq Xalxalinin xarici imicinin və siyasi rolunun uyğunsuzluğunu dəfələrlə qeyd edirdilər. O, eynəkli, qısa boylu və yumru sifətə "xoş xasiyyətli bir təbəssümə və incə gülüşə" malik gülərüz bir adam təsiri bağışlayırdı.[9] Qara yumora meyilli idi. Müsahibələrindən birində Xalxali özünü Adolf Eyxman ilə müqayisə edildiyini xatırlatmiş və dərhal özünü "maraqlı, hörmətli və dost insan" adlandırmişdı.[5]

  1. 1 2 3 "آيت الله خلخالی؛ از انقلابی گری تا انزوا". 2019-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-10.
  2. 1 2 "The Guardian. Ayatollah Sadeq Khalkhali". 2022-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-10.
  3. 1 2 "اعدام اولین امیران ارتش شاه: نصیری، رحیمی، خسروداد و ناجی". 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-10.
  4. "از آخرین رئیس ساواک تا رئیس پیشین مجلس ؛ ۱۱ مقام عالیرتبه رژیم شاه اعدام شدند". 2020-08-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-10.
  5. 1 2 Hans-Peter Drögemüller. Iranisches Tagebuch. 5 Jahre Revolution / Libertäre Assoziation, 1983.
  6. "Rouhani as the Nobel Peace Prize Candidate". 2020-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-10.
  7. 1 2 "Исламская теократия Ирана зашла в тупик геронтократии". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-10.
  8. "شبي كه آيت الله خلخالي رقصيد!". 2019-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-10.
  9. 1 2 "The Telegraph. Ayatollah Sadeq Khalkhali". 2022-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-10.
  10. "کوروش به روایت خلخالی: دروغین و جنایتکار، جاه‌طلب و عیاش". 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
  11. "نبرد روحانیت و حزب بر سر توده مردم". 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
  12. "فرشاد مؤمنی: یکی از اولین اقدامات بهشتی برکناری خلخالی بود/ بهشتی رابطۀ دوستانه‌ای با طالقانی داشت". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
  13. "Sadegh Khalkhali, 77, a Judge In Iran Who Executed Hundreds". 2021-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]