Saara Aalto
Saara Aalto | |
---|---|
| |
Ümumi məlumatlar | |
Doğum adı | Saara Sofia Aalto |
Doğum tarixi | |
Doğum yeri | Oulunsalu, Finlandiya |
Vətəndaşlığı | Finlandiya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar |
Fəaliyyət illəri | 1998–h.h. |
Janr | Pop |
Musiqi alətləri | vokal, piano |
Səs tembri | lirik soprano[d] |
Albom şirkətləri |
Sony Music Warner |
saaraaalto.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Saara Sofiya Aalto (fin Saara Sofia Aalto; d. 2 may 1987, Oulunsalu, Finlandiya) — Finlandiya müğənnisi və bəstəkarı. Saara 2012-ci ildə Finlandiyanın The Voice səs yarışmasında iştirak etmiş və ikinci yeri qazanmışdır. Müğənni eyni zamanda Finlandiyanın Avroviziya Mahnı Müsabiqəsi üçün keçirdiyi milli seçim turlarında iki dəfə iştirak etmiş və hər iki cəhdində ikinci yerdə qərarlaşmışdır. Saara ilk dəfə 2011-ci ildə özünün bəstələdiyi "Blessed with Love" mahnısı ilə Avroviziyada ölkəsini təmsil etmək üçün Finlandiyanın Euroviisut mahnı müsabiqəsində iştirak etmişdir. Daha sonra isə 2016-cı ildə müğənni yenə də özü tərəfindən bəstələnmiş "No Fear" adlı mahnı ilə Finlandiyanın Avroviziya üçün keçirdiyi UMK mahnı müsabiqəsində iştirak etmiş və Saara hər iki müsabiqədə ikinci yerdə qərarlaşaraq, Avroviziyada iştirak hüququ əldə edə bilməmişdir. Saara eyni zamanda bir çox xarici cizgi filmlərinin və teleserialların dublyajlarında iştirak etmiş və müxtəlif obrazları səsləndirmişdir. O, Disneyin Donmuş cizgi filminin fin dilindəki versiyasında Şahzadə Anna obrazını səsləndirib. Saara Aalto Adam Lambertlə duet ifa etmiş və eyni zamanda Andrea Boçelli[1], Xose Karreras[2] və pianoçu Robert Uellslə birlikdə konsertlərdə iştirak etmişdir. Saaranın indiyədək 5 albomu işıq üzü görüb[3].
2016-cı ildə Saara Aalto ona dünya şöhrəti qazandıran Böyük Britaniyanın X Factor yarışmasında iştirak etmişdir. Böyük izləyici kütləsinə malik olan yarışmada Saara ikinci yerədək yüksəlməyə nail olmuşdur. Yarışmanın ardınca müğənni Böyük Britaniya və Finlandiyanın Sony Music şirkəti ilə müqavilə imzaladı[4]. Lakin dörd ay sonra Saara Sony ilə anlaşılmasından narazı olduğunu bildirərək müqaviləni ləğv etmiş və Warner Music Group-la yeni müqavilə imzalamışdır. 2018-ci ildə müğənni Finlandiyanın X Factor yarışmasında münsif olaraq yer alacaq. 7 noyabr 2017-ci il tarixdə isə Saara Aaltonun Finlandiyanı Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyi elan edilmişdir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Saara Sofiya Aalto 2 may 1998-ci ildə Finlandiyanın Oulunsalu şəhərində musiqiçi ailəsində anadan olmuşdur. O, kiçik yaşlarından Ukraynalı pianoçu Olqa Maslakdan pianoda ifa etməyi öyrənmişdir. Saara ilk mahnısını beş yaşında ikən yazmışdır. O, 11 yaşında Kotka musiqi festivalında öz bəstələrindən biri ilə qələbə qazanmışdır. Bundan başqa Saara bir neçə beynəlxalq musiqi festivallarında özünün bəstələdiyi mahnılarla Finlandiyanı uğurla təmsil etmişdir. Müğənni altı dildə səlis danışa bilir: fincə, ingiliscə, isveçcə, fransızca, çincə və yaponca. Saara homoseksual (lezbiyan) olduğunu 2016-cı ildə müsahibələrindən birində açıqlamışdır[5]. O, 2016-cı ilin avqust ayında qadın fanatlarından biri və eyni zamanda şəxsi məşqçisi olan Meri Sopanen ilə nişanlanmışdır[6][7].
Musiqi karyerası
[redaktə | mənbəni redaktə et]Saara Aalto çox gənc yaşlarından konsertlərdə, televiziya proqramlarında və musiqili tamaşalarda çıxışlar etmişdir. O, bir neçə böyük orkestrlarla birlikdə əməkdaşlıq etmiş və Finlandiyanın müxtəlif şəhərlərində konsert proqramları ilə çıxış etmişdir. Lakin dünya şöhrətli müğənni olmaq və bir çox dillərdə mahnılar ifa etmək Saaranın uşaqlıq arzusu olmuşdur. Məhz bu səbəbdən də ifaçı Böyük Britaniyanın X Factor yarışmasına qatılmışdır.
Saara Aalto bir neçə dildə mahnılar ifa edə bilir. O, ingilis, isveç, fransız, çin və yapon dillərində təhsil almışdır.[8] 2007-ci ildə Saara Finlandiyanın Talent Suomi məharət yarışmasında iştirak etmiş və üçüncü yerə layiq görülmüşdür.
Musiqi ilə yanaşı Saara eyni zamanda aktrisalıqla da məşğul olmuşdur. O, Finlandiyada bir çox musiqili tamaşalarda səhnə almışdır.
Finlandiyanın Avroviziya seçim turlarında
[redaktə | mənbəni redaktə et]Saara Aalto Finlandiyanın YLE telekanalının Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi seçim turunda iki dəfə iştirak etmişdir. İlk dəfə 2011-ci ildə özünün bəstələdiyi "Blessed with Love" mahnısı ilə seçim turunda iştirak etmiş və ikinci yerə layiq görülmüşdür.
O, ikinci dəfə 2016-cı ildə yenə də özü tərəfindən bəstələnmiş "No Fear" adlı mahnı ilə Finlandiyanın Avroviziya üçün keçirdiyi seçim turunda iştirak etmişdir. Lakin ifaçı növbəti dəfə yarışmada ikinci yerdə qərarlaşaraq, Avroviziyada iştirak hüququ əldə edə bilməmişdir.
Saara Aalto Finlandiyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. İfaçının müsabiqədə ifa edəcəyi mahnının təyin edilməsi üçün YLE telekanalı seçim turu təşkil etmişdir. Seçim turunda Saara üç mahnı ifa etmişdir və həmin mahnılar arasından ən çox səs toplayan "Monsters" ilə ifaçı Finlandiyanı Avroviziyada təmsil etmişdir. Müsabiqə üçün uzun sürən hazırlıqlardan sonra Saara 8 may tarixində baş tutan müsabiqənin birinci yarımfinal mərhələsində 15-ci səhnə almışdır. Nəticədə ifaçı üç illik fasilədən sonra ölkəsini Avroviziya finalına yüksəltməyə nail olmuşdur. Lakin finalda ifaçı nəticədə 46 xal toplayaraq, 25-ci yerdə qərarlaşmışdır.
The Voice yarışmasında iştirak
[redaktə | mənbəni redaktə et]Saara Aalto 2012-ci ilin fevral ayında Finlandiyanın The Voice səs yarışmasının dinləmələrində iştirak etmişdir. İlkin dinləmələrdə müğənni Selin Dionun "Taking Chances" mahnısını ifa etmişdir. Münsiflərdən Maykl Monronun komandasında yer alan Saara yarışma boyunca göstərdiyi yüksək səviyyəli ifalar sayəsində yarışmanın finalına yüksəlməyə nail olmuşdur. 20 aprel baş tutan finalda Saara özünün bəstələdiyi "My Love" mahnısını ifa etmiş və nəticədə ikinci yerə layiq görülmüşdür.
Çin nailiyyəti
[redaktə | mənbəni redaktə et]"Blessed with Love" mahnısı ilə Finlandiyanın Avroviziya üçün təşkil etdiyi seçim turunda iştirakdan sonra Saara həmin mahnının "Ai De Zhu Fu" adlı çin dilində olan variantını dinləyicilərinə təqdim etmişdir.
2012-ci ilin noyabr ayında Saara Şanxay teatrında Robert Uellsin Rhapsody in Rock şousunda iştirak etmişdir. 2013-cü ilin mayında ifaçı Şanxay konsert proqramı ilə çıxış etmişdir. O, daha sonra çin dilində bir neçə mahnı da bəstələmişdir. 2013-cü ilin iyun ayında Saara Şanxay Beynəlxalq Film Festivalının qapanış mərasimində tenor Han Penqlə birlikdə duet ifa etmişdir. Festivalı televiziya vasitəsi ilə 10 ölkədən 800 milyondan artıq insan izləmişdir.
Çin auditoriyasından əsasən müsbət reaksiya alan Saaranın 2013-cü ilin iyun ayında Ai De Zhu Fu adlı albomu işıq üzü görmüşdür. Albomda yer alan 13 mahnıdan 9-u çin dilində yazılan mahnılar olmuşdur.
The X Factor UK, 2018 Avroviziya Mahnı Müsabiqəsi
[redaktə | mənbəni redaktə et]2016-cı ildə Saara Aalto ona dünya şöhrəti qazandıran Böyük Britaniyanın X Factor yarışmasında iştirak etmişdir. İfaçı dinləmələrdə Siyanın "Chandelier" mahnısını ifa etmiş və münsiflər heyətinin üçündən müsbət rəy alaraq, yarışmanın növbəti mərhələsinə yüksələ bilmişdir. Böyük izləyici kütləsinə malik olan yarışmada Saara möhtəşəm performansları sayəsində finala yüksəlməyə nail olmuşdur. Dekabr ayının 11-də baş tutan finalda Saara ikinci yeri tutmuşdur. Yarışmanın ardınca müğənni Böyük Britaniya və Finlandiyanın Sony Music şirkəti ilə müqavilə imzalamışdır. Lakin dörd ay sonra Saara Sony ilə anlaşılmasından narazı olduğunu bildirərək müqaviləni ləğv etmiş və Warner Music Group albom şirkəti ilə yeni müqavilə imzalamışdır.
7 noyabr 2017-ci il tarixdə isə Saara Aaltonun Finlandiyanı Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyi elan edilmişdir. Saara müsabiqədə finala yüksəltməyə nail olsa da, finalda 25-ci yerdə qərarlaşmışdır.
Diskoqrafiya
[redaktə | mənbəni redaktə et]Albomlar
[redaktə | mənbəni redaktə et]Albom adı | İl |
---|---|
Blessed With Love | 2011 |
Enkeleitä – Angels | 2011 |
You Had My Heart | 2013 |
Ai De Zhu Fu | 2013 |
Tonight | 2015 |
Wild Wild Wonderland | 2018 |
Sinqllar
[redaktə | mənbəni redaktə et]Mahnı adı | İl |
---|---|
"Blessed with Love" | 2011 |
"You Had My Heart" | 2013 |
"Enkeleitä" | |
"Reach the Stars" | 2014 |
"You Raise Me Up" (Teemu Roivainen ilə duet) | |
"Feel Vegas" (Teemu Roivainen və Big Spender ilə birlikdə) |
2015 |
"No Fear" | 2016 |
"Monsters" | 2018 |
"Domino" | |
"Queens" | |
"DANCE!" | |
"Dance Like Nobody's Watching" | 2019 |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Andrea Bocelli Setlist at Hartwall Areena, Helsinki, Finland - Tour: A Passion for Life". 25 yanvar 2015. 2017-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-08.
- ↑ "Jose Carreras Concert with Saara Aalto 2 May 2013 Shanghai Daning Theatre". 4 March 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2017.
- ↑ "Saara Aalto: "I want my song to be the happy funeral of fear, where people are dancing together!" (Finnish semifinalist – Exclusive Interview)". www.esc-plus.com. 29 yanvar 2016. 2017-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-08.
- ↑ "X Factor 2016: Saara Aalto CONFIRMS record deal with an album out next year". TellyMix. 2017-07-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2016.
- ↑ "X Factor's Saara Aalto was one of Finland's first open lesbian artists and is proud to be an inspiration". Mirror. 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-08.
- ↑ "X FACTOR REVEALS SAARA AALTO'S FEAR OF NEEDLES…AS HEAT MAGAZINE REPORTS ON HER ENGAGEMENT". Wiwibloggs. 4 oktyabr 2016. 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-08.
- ↑ "X Factor's Saara Aalto exclusively reveals the moment her girlfriend proposed: 'For me, it was a surprise!'". OK!. 22 noyabr 2016. 2019-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-08.
- ↑ "The X Factor Backstage with TalkTalk Saara Aalto shows off her language skills!". 23 oktyabr 2016. 2017-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2017.
Əvvəlki: Norma John "Blackbird" |
Finlandiya Avroviziya Mahnı Müsabiqəsində 2018 |
Sonrakı: Darude ilə Sebastian Reyman "Look Away" |