Qasımov qardaşları
Qasımov qardaşları — XIX əsrin sonları, XX əsrin əvvələrində Bakı şəhərində tikilmiş binaların əksəriyyətinin tikintisini həyata keçirmiş "Qasımov qardaşları və K" şirkətinin sahibləri. Qasımov qardaşları tərəfindən Bakıda İsmailiyyə Sarayı, Səadət Sarayı [1], Yeni Avropa otelinin binası, Mitrofanovun sarayı kimi monumental binalar tikilmişdir.[2] Musa Nağıyevin Bakıda tikdirdiyi əksər binaların tikintisini həyata keçirən qardaşlar[3] Fuad Axundova görə İstiqlaliyyət küçəsi və 28 May küçəsində yerləşən və həmin dövrdə tikilən bütün binaların tikinti işlərini həyata keçiriblər.[4] Bundan başqa qardaşlar xeyriyyəçiliklə də məşğul olublar.[4]
Qardaşlar
[redaktə | vikimətni redaktə et]Qasımov qardaşlarının atası Hacı Məmməd Əli Molla Qasım oğlu Ordubadda yerləşən xalça yununun rənglənməsi üzrə emalatxananın sahibi olub. Qardaşlar Bakıya gələrək burada işləməyə başlayırlar.[4]
Böyük qardaş Hacı Qasımov 1867-ci ildə anadan olub. Bakıya gələrək xarratlıqla məşğul olub. O, qısa bir zamanda ətrafına peşəkar ustaları yığaraq tikinti arteli yaradır. Daha sonra Hacı Qasımov qardaşları ilə birgə tam tikinti işlərini yerinə yetirən şirkət yaradır. Sifarişçi layihə ilə tanış olduqdan sonra ödəniş edib və təyin olunmuş vaxtda işi təhvil alırdı. Qardaşların yaratdığı şirkət tikinti materiallarının alınması və çatdırılması, tikinti işlərinin aparılması, fasadların bədii tərtibatı, apartamentlərin işlənməsi və digər öhdəlikləri üzərinə götürürdü. Daha sonra qardaşlar Bakıda parket zavodu açıblar.[5]
Ortancıl qardaş Əli Qasımov 1873-cü ildə anadan olub. Qardaşları arasında öz ciddiliyi və sakitliyi ilə fərqlənib. Şirkətdə maliyyə işlərinə nəzarət onun vəzifəsi olub.[4]
Kiçik qardaş İmran Qasımov şirkətin işlərində uğurlu olmaqla yanaşı incəsənətə və teatra da böyük maraq göstərirdi. O həm də Azərbaycanın ilk aktyorlarından biridir. 1907-ci ildə ilk milli Azərbaycan operası olan "Leyli və Məcnun"[6][7] operasının məşqləri Üzeyir Hacıbəyovun yaxın dostu İmran Qasımovun təklifi ilə Qasımovların evinin üçüncü mərtəbəsindəki geniş zalda keçirilirdi.[8] 25 yanvar 1908-ci ildə opera ilk dəfə səhnəyə qoyulanda İmran Qasımov burada iki rolu oynayır. "Kəngərlinski" ləqəbi ilə çıxış edən o, həm Leylinin atası – Fəttah, həm də Məcnunun dostu — Zeyd rollarını ifa edir.[9] Azərbaycan, rus və fransız dillərini bilib. Xeyriyyəçi kimi məşhur olan o bir çox aktyorların ailəsinə də maddi kömək edirdi. İstiqlaliyyət və Murtuza Muxtarov küçələrinin kəsişməsində yerləşən şəhərdə tanınan kitab mağazalarından biri yandıqdan sonra İmran Qasımov həmin mağazanın təmirini öz üstünə götürərək ora bəzi qiymətli kitabları da alır.[9] Saədət Sarayının podratçısı[10] İmran Qasımov tikilməkdə olan binanın eyvanındakı cəngavər heykəlini yerləşdirərkən yerə yıxılır və vəfat edir. Onun həyat yoldaşı Rübabə xanım isə bu hadisəyə dözə bilməyib 2 həftədən sonra özünə qəsd edir[11][12].
25 noyabr 1918-ci ildə böyük qardaş Hacı Qasımovun nəvəsi dünyaya gəlir. O isə dünyasını dəyişmiş qardaşının xatirəsini əbədiləşdirmək üçün ona İmran adını verir. Sonradan Hacı Qasımovun nəvəsi İmran Qasımov dramaturq, kinossenarist, Azərbaycan SSR xalq yazıçısı, Azərbaycan SSR dövlət mükafatı və "Lenin" ordeni laureatı olur.[13]
Fəaliyyətləri
[redaktə | vikimətni redaktə et]Bir çox milyonçuların sifarişlərini yerinə yetirən Qasımov qardaşları demək olar ki Musa Nağıyevin binalarının əksəriyyətinin podratçısı olublar[14]. Təkcə 1908–1910-cu illərdə onlar Musa Nağıyevə məxsus 7 gəlir evi və mülkün tikintisi ilə məşğul olublar. Nağıyevin binalarını tikməklə yanaşı eyni dövrdə onlar özləri üçün Bakı Texniki Peşə Məktəbinin qarşısında bir bina tikirlər. Binanın birinci mərtəbəsində Qasımov qardaşlarına məxsus o dövrdə Bakının ən böyük tikinti mağazalarından biri yerləşib. Binanın üst mərtəbələri isə kirayə verilirdi.[9]
Xeyriyyəçiliklə də məşğul olan qardaşlar Bakı Real Məktəbinin tikintisinə də dəstək olublar. 1900–1904-cü illərdə tikilən binanın tikintisi Şəhər Dumasının maliyyə çatışmazlığına görə uzanırdı buna görə də tikintini Bakı milyonçuları öz üstlərinə götürürlər. Bu binanın da tikinti işlərini Qasımov qardaşları şirkəti görür və öz növbələrində binanın döşməsəni üzləmək üçün lazım olan palıddan düzəldilmiş parketləri təmənnasız məktəbə hədiyyə edirlər.[4]
Azərbaycanın qızıl ordu tərəfindən işğalından sonra isə qardaşların əmlakları müsadirə edilərək özləri isə həbs olunurlar. Həbs müddəti uzun çəkmir və onlar bir neçə günə azad edilirlər. Sonradan Hacı Qasımov "Azneft"-də iş icraçısı kimi fəaliyyət göstərib və onun rəhbərliyi ilə Bakıda bir çox evlər o cümlədən Dövlət Bankının işçilərinin evi də tikilmişdir. Ortancıl qardaş Əli Qasımov isə Bərdə-Xankəndi yolunun tikintisinə rəhbərlik edib. Yeni iqtisadi siyasət dövründə qardaşlar döşəmə daşları istehsal edən kiçik zavod açıblar.[4]
Qardaşlar tərəfindən tikilmiş binalar
[redaktə | vikimətni redaktə et]Qardaşlar Bakıda 100-ə yaxın binanın sahibi olan Musa Nağıyevin əksər binalarının[3][15] eləcə də fəaliyyət göstərdikləri dövrdə Bakıda tikilmiş əsas monumental tikililərin tikintisini həyata keçiriblər. Fuad Axundova görə onların şirkəti İstiqlaliyyət küçəsi və 28 May küçəsində yerləşən və həmin dövrdə tikilən bütün binaların tikinti işlərini həyata keçiriblər.[4] "Qasımov qardaşları və K" şirkəti tərəfindən Bakıda tikilən əsas binalar:
№ | Bina | Ünvan | Qısa təsvir | Şəkil | Koordinantları |
---|---|---|---|---|---|
1 | Murtuza Muxtarovun dördmərtəbəli mədaxil evi | Bakı, Nizami küçəsi, 81 | Qoqol küçəsi 16 və Nizami küçəsi 81 küçələrinin kəsişməsində yerləşən Murtuza Muxtarovun dördmərtəbəli mədaxil evi. Bina Muxtarovun sifarişi ilə 1896-cı ildə İohan Edelin layihəsi üzrə Qasımov qardaşları tərəfindən inşa edilib.[16] Sonradan əlavə edilmiş dördüncü mərtəbə isə 1910-cu ildə memar İosif Ploşko tərəfindən layihələndirilərək tikilib.[17] | 40°22′22″ şm. e. 49°50′25″ ş. u.HGYO | |
2 | Mitrofanovun evi | Bakı, Səid Rüstəmov küçəsi 3 | Səid Rüstəmov 3 və Həsən Abdullayev 6 küçələrinin kəsişməsində yerləşən Dmitri Mitofanovun sarayı 1898–1903-cü illərdə tikilib.[18] Neft sənayeçisi Dmitri Mitrofanovun sifarişi ilə tikilən binanın memarı İohann Edeldir.[19] [20]Tikinti işlərini isə "Qasımov qardaşları və K" şirkəti görüb. Fransız neorenesansın klassik üslubunda tikilən bina, Mart soyqırımından sonra Bakı Kommunası tərəfindən qərargah kimi istifadə olunub. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra isə binada Fransa səfirliyi yerləşib. 1920-ci il aprel işğalından sonra isə bina müxtəlif mənzillərə bölünüb.[21] | 40°22′06″ şm. e. 49°49′45″ ş. u.HGYO | |
3 | Bakı Texniki Peşə Məktəbinin binası | Bakı, Azadlıq prospekti, 20 | Bakı Texniki Peşə Məktəbinin binası 1898–1900-cü illərdə İosif Qoslavskinin layihəsi əsasında Azadlıq küçəsi 20 ünvanında Bakı orta texniki peşə məktəbi üçün tikilib.[22][23] Tikinti işlərini şəhərin tanınmış şirkəti olan "Qasımov qardaşları" həyata keçiriblər.[4][24] 1899-cu ildə başlanan tikinti işləri 1900-cü ildə yekunlaşır.[25] Hazırda binada Azərbaycan Dövlət Neft və Sənaye Universiteti yerləşir.[26] | 40°22′43″ şm. e. 49°50′53″ ş. u.HGYO | |
4 | Bakı Real Məktəbinin binası | Bakı, İstiqlaliyyət küçəsi, 6 | 1901–1904-cü illərdə mülki mühəndis Dmitri Buynovun layihəsi ilə[27] Bakı real məktəbi üçün tikilmiş bina.[28] Binanın tikintisi Şəhər Dumasının maliyyə çatışmazlığına görə uzanırdı buna görə də tikintini Bakı milyonçuları öz üstlərinə götürürlər. Bu binanın da tikinti işlərini Qasımov qardaşları şirkəti görür və öz növbələrində binanın döşməsəni üzləmək üçün lazım olan palıddan düzəldilmiş parketləri təmənnasız məktəbə hədiyyə edirlər.[4] Hazırda binada Azərbaycan Dövlət İqtisad Universiteti fəaliyyət göstərir.[29] | 40°22′03″ şm. e. 49°49′56″ ş. u.HGYO | |
5 | Qəni Məmmədovun evi | Bakı, A. Zeynallı küçəsi, 45 | Binanın tikintisinə 1908-ci ildə pambıq taciri və dənizdə bir çox gəminin sahibi olan Qəni Məmmədovun sifarişi ilə başlayıblar.[30] Memarı Nikolay Bayev olan binanın tikintisini həyata keçirən "Qasımov qardaşları və K" şirkəti mürəkkəb detallı və çox böyük olan bu binanı cəmi 1 il ərzində təhvil verir. Sovet işğalından sonra bina bir müddət boş qalsa da sonradan buradan uşaq bağçası kimi istifadə edilib. Daha sonra isə binanın mərtəbələri müxtəlif mənzillərə bölünüb.[31] Bu isə binanın interyerinin məhv olmasına səbəb olub. | 40°21′54″ şm. e. 49°50′07″ ş. u.HGYO | |
6 | İsmailiyyə Sarayı | Bakı, İstiqlaliyyət küçəsi, 10 | Bina 1908–1913-cü illərdə Musa Nağıyevin sifarişi ilə, oğlu İsmayılın şərəfinə qotik üslubda inşa edilib.[32][33] Memarı İosif Ploşko [34] olan bina "Qasımov qardaşları və K" şirkəti tərəfindən tikilib.[35] Saray ilk olaraq Müsəlman Xeyriyyə Cəmiyyətinin qərargahı kimi istifadə olunub. 1918-ci il Mart soyqırımında bina ermənilər tərəfindən yandırılıb.[36][37][38][39]Bina 1922–1923-cü illərdə Aleksandr Dubov tərəfindən təmir edilib.[40] Hal-hazırda binada AMEA-nın Rəyasət Heyəti yerləşir.[41] | 40°22′06″ şm. e. 49°50′01″ ş. u.HGYO | |
7 | Bakı Kommersiya Məktəbi | Bakı, Zərifə Əliyeva küçəsi, 39 | Bakı Kommersiya Məktəbinin binası 1909–1914-cü illərdə tikilib. Binanın tikinti işləri "Qasımov qardaşları və K" şirkəti tərəfindən aparılıb.[4][42]Binada Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universiteti yerləşib.[42] Hazırda binada Azərbaycan Dövlət Pedaqoji Universiteti yerləşir. | 40°22′22″ şm. e. 49°50′53″ ş. u.HGYO | |
8 | Murtuza Muxtarovun üçmərtəbəli mədaxil evi | Bakı, Rəşid Behbudov küçəsi, 25 | Bina 1910-cu ildə Murtuza Muxtarovun sifarişi ilə İosif Ploşko tərəfindən layihələndirilib.[43] Fasad memarlığında İtaliya intibah memarlığının formalarından istifadə olunan binanın tikinti işlərini "Qasımov qardaşları və K" şirkəti görüb.[16] | 40°22′46″ şm. e. 49°50′37″ ş. u.HGYO | |
9 | Sadıqov qardaşlarının mədaxil evi | Bakı, İstiqlaliyyət küçəsi, 21 | 1909-cu ildə bu evin layihəsinin tərtib olunması üzrə ümumrusiya müsabiqəsi elan edilir.[44] Müsabiqədə Qavriil Ter-Mikelovun layihəsi birinci seçilir. Bina "Qasımov qardaşları və K" şirkəti tərəfindən[4] 1910–1912-ci illərdə[45] Milli-romantik memarlıq stilində inşa edilib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə binada Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəyli yaşayıblar. Sovet işğalından sonra isə binada Azərbaycan SSR Mərkəzi İcrayə Komitəsi yerləşib.[46] | 40°21′51″ şm. e. 49°49′50″ ş. u.HGYO | |
10 | Bakı İctimai Məclisinin binası | Bakı, İstiqlaliyyət küçəsi, 2 | Bakı İctimai Məclisinin binası 1910–1912-ci illərdə mülki-mühəndis Qavriil Ter-Mikelovun layihəsi əsasında Niyazi küçəsi və İstiqlaliyyət küçəsinin kəsişməsində, sonradan Filarmoniya bağı adlandırılmış park ərazisində inşa edilib.[47] "Qasımov qardaşları və K" şirkəti tərəfindən 2 ilə tikilən binada 1936-cı ildən Dövlət Filarmoniyası yerləşir.[4] | 40°21′50″ şm. e. 49°49′54″ ş. u.HGYO | |
11 | Musa Nağıyevin dördmərtəbəli mədaxil evi | Bakı, Xaqani küçəsi, 47 | Xaqani küçəsi, 47 ünvanında yerləşən Ağa Musa Nağıyev tərəfindən sifariş verilmiş dörd mərtəbəli mədaxil evi.[48] 1910–1912-ci illərdə inşa edilmiş binanın memarı isə İosif Ploşkodur.[49] | 40°22′32″ şm. e. 49°51′04″ ş. u.HGYO | |
12 | Səadət Sarayı | Bakı, Murtuza Muxtarov küçəsi, 6 | Səadət sarayı və ya Muxtarovun sarayı Murtuza Muxtarovun sifarişi ilə 1911–1912-ci illərdə həyat yoldaşı üçün inşa edilib. [50][51]Sarayın layihə müəllifi memar İosif Ploşkodur. Binanın tikintisini "Qasımov qardaşları və K" şirkəti yerinə yetirib. Tikinti işləri zamanı binanın üzərindəki cəngavər heykəlini yerləşdirərkən yerə yıxılır və bir müddət sonra dünyasını dəyişir[52]. Sovet işğalından sonra Bakıda baş verən Talan həftəsində[53] bolşeviklər Muxtarovun da sarayına qarət məqsədilə soxulurlar. Murtuza Muxtarov buna dözməyərək əvvəlcə onları, daha sonra isə özünü güllələyir[54]. Sonradan bu binada Əli Bayramov adına Türk Qadın Klubu[55][56], Şirvanşahlar muzeyi və Nikah evi yerləşib. 2012-ci ildə restavrasiya edilmiş bina hazırda Nikah evi kimi fəaliyyət göstərir[57]. | 40°22′07″ şm. e. 49°49′54″ ş. u.HGYO | |
13 | Yeni Avropa otelinin binası | Bakı, Hacı Zeynalabdin Tağıyev küçəsi, 13 | Bina Ağa Musa Nağıyevin sifarişi ilə 1910–1913-cü illərdə modern üslubda inşa edilib.[58] Otel binası 4 lift, sanitar-texniki avadanlıqlar, buxar isidiciləri, gizli elektrik şəbəkəsi ilə təchiz edilmişdir. Binanın əsas konstruksiyası kimi burada dəmir-betondan geniş istifadə olunmuşdur. Liftlər olan hissə və pilləkən qəfəsinin önündə geniş künc vestibül yerləşir. Yastı damın üstündə estradasılı (çıxış etmək üçün səhnə) yay restoranı üçün məkan yerləşir. Otaqlar dəhlizlərin hər iki tərəfində düzülüb. Binanın həcmi — eyvanların plastikası və şaquli erekerlərin ahəngi sayəsində uğurlu memarlıq həllini tapmışdır. Birinci mərtəbənin yarımpərgar şəkilli yastı taxçaları və yonulmamış daşla hörülmüş kürəciklər müəllifin order sisteminə olan meylini büruzə verir.[59] Memarı İosif Ploşko olan bina[60][61] "Qasımov qardaşları və K" şirkəti tərəfindən tikilib.[4] | 40°22′11″ şm. e. 49°50′20″ ş. u.HGYO |
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Əliyev, 2010. səh. 251
- ↑ Fətullayev/BM, 2013. səh. 147
- ↑ 1 2 Dilarə Nağıyeva-Muxtarova. Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti. Bakı: Elm . 2011. səh. 78. ISBN 978–9952–453–19–5. Archived from the original on 2021-11-17. İstifadə tarixi: 2021-11-17.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Fuad Axundov. "Касумовы Гаджи, Али и Имран - строительные подрядчики" (rus). ourbaku.com. 02.04.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.04.2021.
- ↑ "Bakıda "Family Run" layihəsinin növbəti tədbiri keçirilib" (az.). facemark.az. 10 oktyabr 2015. 23 iyun 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyun 2021.
- ↑ Jeff Seroy. "Layla and Majnun" (ingilis). theparisreview.org. 17 oktyabr 2016. 18 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2021.
- ↑ Meline Toumani. "For the Love of Layla" (ingilis). nytimes.com. 27 fevral 2009. 25 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2021.
- ↑ ""İlk Azərbaycan operası necə yaranmışdı" - Ceyhun Hacıbəylinin xatirələrindən" (az.). azadliq.org. 10 dekabr 2016. 22 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2021.
- ↑ 1 2 3 Nuranə Namazova. "Гаджи, Али и Имран Касумовы: братья, построившие Баку" (rus). ens.az. 1 avqust 2019. 29 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2021.
- ↑ "İlham Əliyev Səadət sarayının əsaslı təmirdən sonra açılışında iştirak etmişdir" (az.). president.az. 05.07.2012. 02.04.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.04.2021.
- ↑ Elmin Nuri. "Bakının «Tac-Mahal»ı" (az.). aztc.gov.az. 22.12.2016. 23.04.2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.04.2021.
- ↑ Вячеслав Сапунов. "Баку. 5 зданий имперской эпохи" (rus). 1news.az. 31.01.2014. 24.10.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17.11.2021.
- ↑ Oksana Bulanova. "Имран Касумов, писатель и человек / İmran Qasımov, yazıçı və insan" (rus). Exo . 26 noyabr 2017. 6 dekabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2021.
- ↑ Dilarə Nağıyeva-Muxtarova. "XIX əsrin sonu – XX əsrin əvvəllərində Şimali Azərbaycanda xeyriyyəçilik hərəkatı və A.M.Nağıyev" (PDF) (az.). static.bsu.az. 2013. 31.03.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 02.04.2021.
- ↑ Ramella İbrahimxəlilova. "İki dəfə qaçırılan, Bakıda 100 bina tikməyi arzulayan, kasıb saman tacirinin milyonçu oğlu" (az.). oxu.az. 01.09.2019. 02.09.2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19.11.2021.
- ↑ 1 2 Fətullayev, 2013. səh. 152
- ↑ Fətullayev/BME, 2013. səh. 245-246
- ↑ Fətullayev/BME, 2013. səh. 316
- ↑ Əliyev, 2011. səh. 231
- ↑ Fətullayev/BM, 2013. səh. 117-118
- ↑ "Дом Д. Митрофанова (Баку) / D.Mitrofanovun evi (Bakı)" (rus). ourbaku.com. 14 may 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2021.
- ↑ Fətullayev/BM, 2013. səh. 210
- ↑ Əliyeva, Elmira, "Йозеф Гославский: его называли кавказским Растрелли" (PDF), Bakinski raboçi, Bakı, 19 July 2013, 5, 2021-11-17 tarixində arxivləşdirilib (PDF)
- ↑ Oksana Bulanova. "Тайны Баку: АзИНЕФТЕХИМ – От училища до университета" (rus). azerhistory.com. 12 sentyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17.11.2021.
- ↑ Fətullayev/BM, 2013. səh. 192
- ↑ Oruc Mustafayev. "Qafqazın ən məşhur ali təhsil müəssisəsi" (az.). muallim.edu.az. 5 iyun 2020. 2021-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2021.
- ↑ Г.Салаев. "Первые учебные заведения Баку" (rus). azerhistory.com. 25.02.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19.11.2021.
- ↑ Fətullayev/BME, 2013. səh. 138
- ↑ "Бакинское реальное училище" (rus). ourbaku.com. 30.04.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19.11.2021.
- ↑ Fətullayev/BME, 2013. səh. 112-113
- ↑ "Architecture of the Oil Baron Period Mammadov Residence" (ingilis). azer.com. 1998. March 8, 2001 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 19, 2021.
- ↑ Fətullayev/BM, 2013. səh. 244
- ↑ Əliyev, 2011. səh. 145
- ↑ Əliyev, 2010. səh. 164
- ↑ Bulanova, Oksana, "Исмаилие: красота, родившаяся из трагедии", Exo , London, 9 January 2016, 1–5, 2020-02-15 tarixində arxivləşdirilib
- ↑ Qaliboğlu, Elçin, "1918-ci ildə Bakıda mart qırğınları / 2-ci yazı", Xalq Cəbhəsi, Bakı, 4 April 2018, 13, 2020-05-17 tarixində arxivləşdirilib
- ↑ Abışov, Vaqif, "1918-ci il Bakı qırğını" (PDF), Azərbaycan , Bakı, 12 March 2015, 10, 2021-11-17 tarixində arxivləşdirilib (PDF), İstifadə tarixi: 2021-11-17
- ↑ Məmmədzadə, Natiq, "Город, потопленный в крови", Region Plus, Bakı, 2018, 16–19, 2020-01-11 tarixində arxivləşdirilib
- ↑ Solmaz Rüstəmova-Tohidi, "Bakıda mart qırğınları" (PDF), Azərbaycan , Bakı, 29 March 2014, 6, 2021-11-17 tarixində arxivləşdirilib (PDF)
- ↑ "Здание "Исмаилия" - Мусульманское Благотворительное об-во, Президиум АН Азербайджана (Баку)" (rus). ourbaku.com. 2021-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17.11.2021.
- ↑ "Tarixi binalar" (az.). science.gov.az. 19.10.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19.10.2021.
- ↑ 1 2 Oksana Bulanova. "1901 г.: Рождение Бакинского коммерческого училища" (rus). azerhistory.com. 25.04.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19.11.2021.
- ↑ Fətullayev/BME, 2013. səh. 309
- ↑ Fətullayev/BME, 2013. səh. 141
- ↑ Əliyev, 2010. səh. 90
- ↑ "Дом братьев Садыховых" (rus). baku-media.ru. 14.01.2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17.11.2021.
- ↑ Əliyev, 2010. səh. 100
- ↑ Fətullayev/BM, 2013. səh. 250-251
- ↑ Fətullayev/BME, 2013. səh. 390-391
- ↑ Fətullayev/BM, 2013. səh. 239
- ↑ "M��həbbət məbədi adlandırılan "Səadət sarayı"" (az.). az.baku-art.com. 11.01.2021. 2021-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.04.2021.
- ↑ Oksana Bulanova. "Тайны Баку: Загадки Мухтаровского дворца" (rus). azerhistory.com. 19.01.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.11.2021.
- ↑ Əzizə Nəzrəli. XI Красная армия в Северном Азербайджане: оккупация, расправы, бесчинства / XI Qırmızı Ordu Şimali Azərbaycanda: işğal, zorakılıq, özbaşınalıq (PDF). Bakı: Elm və təhsil nəşriyyatı. 2014. səh. 161.
- ↑ Qılman İlkin. Bakı və bakılılar (PDF). Bakı: Nurlar nəşriyyatı. 2006. səh. 210. ISBN 9952 - 426 - 12 – 7.
- ↑ Tahirə Əliyeva. "Azərbaycanda klub işinin tarixindən" (az.). medeniyyet.az. 20.05.2011. 26.08.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.11.2021.
- ↑ "Центральный женский клуб им. Али Байрамова" (rus). ourbaku.com. 24.10.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.11.2021.
- ↑ "Bakıdakı Səadət sarayı əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir" (az.). sabail-ih.gov.az. 05.07.2012. 18.11.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.11.2021.
- ↑ Fətullayev/BM, 2013. səh. 238
- ↑ Bakının memarlıq ensiklopediyası. səh. 270
- ↑ Voyçex Quretski. Bakıda polyak məkanları (PDF). Bakı: Polşa Respublikasının Bakıdakı Səfirliyi. 2012. səh. 9. ISBN 9788393172818. Archived from the original on 2021-11-17. İstifadə tarixi: 2022-04-11.
- ↑ Fətullayev/BM, 2013. səh. 262
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Şamil Fətullayev. XIX əsr - XX əsrin əvvəllərində Azərbaycanda şəhərsalma və memarlıq (PDF). Bakı: Şərq-Qərb . 2013. 480. ISBN 978-9952-32-020-6. Archived from the original on 2021-08-30. İstifadə tarixi: 2021-11-17.
- Elçin Əliyev . Məkanların astanasında Bakı tarixini yazan qapılar: 1867-1913 / Baku Doors and Entrance Halls: 1867-1913 (PDF). Bakı. 2011. 379. ISBN 978-9952-8033-27.
- Şamil Fətullayev. Bakının memarlıq ensiklopediyası (PDF). Bakı: Şərq-Qərb . 2013. 528. ISBN 978-9952-32-020-6. Archived from the original on 2021-06-24. İstifadə tarixi: 2021-11-17.
- Elçin Əliyev . Bakı memarlıq abidələrində fasad heykəltəraşlıq nümunələri: XIX əsrin sonu-XX əsrin əvvəlləri=Facade sculptures in Baku: XIX and early XX c (PDF). Bakı. 2010. 320. ISBN 978-9952-8026-89.
- Şamil Fətullayev. Bakı memarları XIX əsrin sonu - XX əsrin əvvəlində (PDF). Bakı: Şərq-Qərb . 2013. 296. ISBN 978-9952-32-020-6. Archived from the original on 2021-01-11. İstifadə tarixi: 2021-11-17.