Qarımış qız
Qarımış qız — qadınların adətən evləndiyi yaş həddini keçsə də, ailə həyatı qurmayan qız. Bu ifadə heç vaxt evlənmə ehtimalı olmayan qızlar barəsində də istifadə edilə bilər.[1]
Etimologiyası və tarixi
[redaktə | mənbəni redaktə et]İngilis dilində "qarımış qız"ı ifadə edən "spinster" sözü hələ sənaye əsrindən xeyli əvvəlki dövrlərdə yun əyirən qız və qadınları işarə etmək üçün istifadə edilərdi. Onlayn Etimoloji Lüğətə görə, yun əyirmək fəaliyyəti ilə əksərən evlənməmiş qızlar məşğul olduğundan, XVII əsrdən başlayaraq XX əsrin əvvəllərinədək hüquqi sənədlərdə belə xanımlar spinster adlandırılırdı. 1719-cu ildən etibarən isə spinster dedikdə "hələ də ailə həyatı qurmayan və evlənmək üçün orta statistik yaş həddini keçən" qızlar başa düşülürdü.[2] Bu ifadənin evlənməyən qızlarla bağlı hüquqi kontekstdə istifadəsi 1699-cu ilə[3] — Anqlikan kilsəsinin nikahları qadağan etdiyi zamanlara gedib çıxır; belə ki, gəlin ola biləcək xanımlar kilsədə "prixodun spinsteri" adlandırılırdı.[4]
Oksford Amerika Lüğəti "spinster" (ərə getməmiş və evlilik yaşını keçmiş qadın deməkdir) sözünün "alçaldıcı" və "neytral mənada istifadə edilə bilməyəcək qədər öz həqiqi mənasından o dərəcə uzaqlaşıb güclü anlam qazanan sözlərə ən yaxşı nümunə" olduğunu qeyd edir.[5]
Merriam Vebster Lüğətinin 1828 və 1913-cü il nəşrləri spinsteri iki mənada oxuculara təqdim edirdi:
- Yun əyirən qadın.
- Hüquqda: Ərə getməmiş və ya subay qadın.[6]
XIX əsrdən spinster termini ilə ərə getməyi seçməyən qadınlar da əhatə olunmağa başlandı. Bu dövrdə orta sinif spinsterlər və onların evli yaşıdları sevgi və evlilik ideallarına çox ciddi yanaşırdılar və spinsterlik, həqiqətən də, onların bu ideallara sadiq qalmalarının bir nəticəsi idi. Belə qadınlar kişilər aşağı gəlirli olduğuna görə deyil, ürəkdən sevdikləri birini tapa bilmədiklərinə görə evlənmirdilər.[7]
XIX əsrdə dərc edilən Peterson's Magazine jurnalının bir sayında qadınlar, hətta heç vaxt evlənməmək bahasına belə olsa, həyat yoldaşı seçərkən seçici olmağa təşviq edilirdilər. "Qarımış qız olmaq çox zaman daha şərəflidir" başlıqlı həmin məqalədə qadınlara tövsiyə edilirdi: "Bir ailəyə sahib olmaq üçün evlənin: qarımış qız lağından qurtulmaq üçün deyil! Sevə bilməyəcəyiniz, hətta hörmət edə bilməyəcəyiniz bir kişinin həyat yoldaşı olmaqla Uca Tanrının ən müqəddəs qurumunu pozmağa necə cəsarət edə bilirsiz?"[7]
Qadınların evlənməmə səbəbləri
[redaktə | mənbəni redaktə et]Qadınların ailə həyatı qurmamasının müxtəlif səbəbləri ola bilər: şəxsi istəkləri, uyğun bildikləri kişilərin azlığı (müharibə dövründə belə kişilərin sayı kəskin şəkildə azala bilər), sosial-iqtisadi şərtlər (yəni qadınlar üçün yaşayış imkanlarının mövcudluğu). Yazıçı spinster Luiza Mey Alkottun bu məsələ ilə bağlı məşhur sözü var: "azadlıq bir çoxumuz üçün sevgidən daha yaxşı ərdir".[8] Bir qadının öz sosial statusundan aşağı səviyyədə olan biri ilə evlənməsinin qadağan olunduğu və yaxud da qızın valideynlərinin qızla eyni sosial statusda olan biri ilə evlənməsini dəstəkləmək üçün kifayət qədər maddi imkanı olmadığı hallarda məhz sosial status problemləri qadınların evlənməsinə mane olur.[9]
XIX əsrin əvvəllərində, xüsusən də İngiltərədə, ərə gedən qadınlar həyat yoldaşlarının "himayə"sinə (ing. Coverture) keçmiş sayılırdılar: bu səbəbdən, qadının adına olan bütün mülklər və müqavilələr həyat yoldaşlarının adına keçirdi. Bu hal xüsusilə şəxsi biznesi olan qadınlar üçün keçərli idi.
Daha sonra isə Birinci Dünya müharibəsi bir nəslin qadınlarının əksəriyyətinin romantika və nikah yaşamaq və ya uşaq sahibi olmaq arzularının qarşısını aldı.[10]
Hazırda əsasən sülhün bərqərar olduğu və nəticə olaraq da sevgi, evlilik və uşaq sahibi olmaq imkanlarının yüksək olduğu cəmiyyətlərdə qadınların nikaha yaxın durmamaları başqa amillərlə izah edilir. Psixoloq Erik Erikson 18–39 yaşlı şəxslərin əks cinsə yaxınlıq istəyi (yəni evliliyə aparan sadiq münasibətlər) ilə təcrid olunmaq istəyi (yəni öhdəlik qorxusu) arasında daxili qarşıdurma yaşadılarını söyləyirdi.[11] Qadınların ailə həyatı qurmaq istəməməklərini həm də karyeraya diqqət ayırmaları, azad həyat tərzi sürmək istəyi, maddi qayğılar və ya bir evlilikdə mümkün ola biləcək güzəştlərə getmək istəməməkləri ilə izah etmək olar.[12]
Bəzi yazıçılar qadınların niyə evlənmədiklərini anlamaq üçün təklif edirlər ki, gərək "qadınlar niyə evlənir" və "nəyə görə düşünülür ki, qadınlar hər şeydən öncə ailə həyatı qurmalıdırlar" kimi sualların cavabı araşdırılsın. Adrienna Riç hesab edirdi ki, "qadınlar ərə gedir, ona görə ki, maddi cəhətdən təmin olunsunlar, maddi məhrumiyyətlərdən əziyyət çəkməyəcək və cəmiyyətdən təcrid edilməyəcək uşaqlara sahib olsunlar, onlara hörmət edilsin və bir qadından gözlənilən hərəkəti etsinlər. Çünki bu zaman özlərini "normal" hiss edə bilərlər və heteroseksual romantizm bir qadının yaşaya biləcəyi ən böyük macəra, vəzifə və öhdəlik kimi göstərilir."[13]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Spinster", Merriam-Webster Dictionary, 2016-09-17 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2020-09-12
- ↑ Douglas Harper. "spinster defined". Online Etymology Dictionary. Dictionary.com Unabridged. 2010. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 June 2014.
- ↑ "John West, Sexual Offences: assault with intent". Old Bailey Proceedings Online. 13 December 1699. 30 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2012.
for assaulting on Mary Bowden, Spinster, a Virgin, under the Age of Ten Years
- ↑ "Marriage service rubric". The Book of Common Prayer.
- ↑ "spinster defined". American English. Oxford dictiionaries. 13 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 June 2014.
- ↑ "Webster's Revised Unabridged Dictionary (1913 + 1828)". 22 February 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 November 2012.
- ↑ 1 2 Zsuzsa Berend. "'The Best Of None!' Spinsterhood In Nineteenth-Century New England". Journal of Social History. Summer 2000.
- ↑ "Louisa May Alcott, Spinster, Enjoys Valentine's Day 1868". New England Historical Society. 14 February 2015. 3 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 October 2016.
- ↑ Hill, Bridget. Women Alone Spinsters in England 1660-1850. Yale University Press. 2001. səh. 10. ISBN 0300088205.
- ↑ Nicholson, Virginia. Singled Out: How Two Million Women Survived Without Men After the First World War. 2007.
- ↑ Harder, Arlene. The Developmental Stages of Erik Erikson. 2009.
- ↑ Schwartz, Pepper. "Why more women choose not to marry". CNN. 2022-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-13.
- ↑ "Compulsory Heterosexuality and Lesbian Existence." Signs, Vol. 5, No. 4, Women: Sex and Sexuality. (Summer, 1980), pp. 631–660.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Spinsterlərə əlvida, Vendi Breytmen