Musa Cəlil

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Musa Cəlil
Musa Mustafa oğlu Cəlilev
Musa Cəlil və qızı Çulpan
Musa Cəlil və qızı Çulpan
Doğum tarixi
Doğum yeri Orenburq, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Berlin, III Reyx
Vəfat səbəbi Gilyotində edam olunmuşdur
Fəaliyyəti hərbi müxbir[d], şair, tərcüməçi, yazıçı
Fəaliyyət illəri 1931–1944
Partiyası
Mükafatları Sovet İttifaqı Qəhrəmanı "Lenin" mükafatı
"Lenin" ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Musa Cəlil (tat. Муса Җәлил, Musa Cəlil, موسا ﺟﮫليل; Муса Мостафа улы Җәлилев, Musa Mostafa ulı Cəlilev; 2 (15) fevral 1906–25 avqust 1944) — XX əsr tatar ədəbiyyatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı (1956).

Musa Cəlil Rusiyanın Orenburq şəhərində anadan olmuşdur. Uşaqlıqdan atasını itirmiş, anasının himayəsində yaşamışdır. Keçən əsrin 20-ci illərindən bədii yaradıcılığa başlamış, şeirlərini vətən, xalq, ayrılıq mövzularında yazmışdır. 1919-cu ildə komsomol təşkilatına qoşulmuş və Rusiyada vətəndaş müharibəsinin iştirakçısı olmuşdur. 1931-ci ildə Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsini bitirən Musa Cəlil əvvəl tatar dilində nəşr olunan bəzi uşaq jurnallarının redaktoru, sonralar isə yenə tatar dilindəki "Kommunist" qəzetinin redaktor müavini olmuşdur. Tatar gənclər təşkilatına rəhbərlik edən Musa Cəlil, İkinci dünya müharibəsi illərində sovet ordusunun tərkibində vuruşmuş, 1942-ci ildə almanlara əsir düşərək Şpandau toplama düşərgəsinə göndərilmişdir.

Əsirlikdə də fəallıq göstərmiş, almanların tatarlardan təşkil etdiyi İdil-Ural Legionunun üzvləri arasında antifaşist qüvvələrin yaradıcılarından olmuşdur. 1944-cü ilin avqustunda əsirlərin kütləvi şəkildə qaçışını təşkil etmişdir. Lakin onları satmışlar və Musa Cəlil tutularaq 25 avqust 1944-cü ildə Berlindəki Plötzenzee həbsxanasında digər məşhur tatar yazıçısı Abdulla Alişlə birlikdə edam edilmişdir. Sovet hökuməti ona Vətən xaini damğası "vurmuş", ailəsini isə sürgün etdirmişdir. 1949-cu ildə Musa Cəlilin belçikali əsir yoldaşı SSRİ-nin Brüsseldəki konsulluğuna gələrək onun əsirlikdə olarkən antifaşist qüvvələrinin döyünən ürəyi və düşünən beyni olduğunu söyləmiş, əvvəlcə onun bir neçə şeirini, bir müddət sonra isə iki kitabını konsulluğa təqdim etmişdir. Bu kitablar tezliklə çap olunmuş, 1956-cı ildə şairə bəraət verilmiş və onun əsərlərinin çapına qoyulan qadağa birdəfəlik aradan qaldırılmışdır. Həmin il Musa Cəlilə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı, 1957-ci ildə isə Lenin mükafatı verilmişdir. Kazan şəhərində onun heykəli ucaldılmış, tatar milli dram teatrına onun adı verilmiş, adına ədəbi mükafat təsis olunmuşdur. 1954-cü ildə böyük Azərbaycan şairi Səməd Vurğun Musa Cəlilin xatirəsinə həsr olunmuş "Musa Cəlilə" şeirini yazıb.

XX əsr tatar ədəbiyyatının tanınmış nümayəndəsi Musa Cəlil(Zalilov) 2 fevral 1906-cı ildə Orenburq vilayətinin Şarlık rayonunun Mustafin kəndində anadan olmuşdur. Əvvəlcə Mustafin kənd ibtidai məktəbində,1913–1918-ci illərdə isə Orenburq şəhərində fəaliyyət göstərən Hüseyn mədrəsəsində təhsil almışdır. O, uşaq yaşlarında ikən atadan yetim qalmış, ailəni dolandırmaq məqsədi ilə ağır zəhmətə qatlaşmağa məcbur olmuşdur. Musa Cəlil ilk şeirini 8 yaşında yazmışdır. Şeirlərini ilk dəfə 1919-cu ildə dərc olunmuşdur. M. Cəlil 1919-cu ildə komsomol sıralarına daxil olmuş, komsomol fəalı kimi tanınmışdır. O, Rusiyanı bürüyən vətəndaş müharibəsinin faciələrini gözləri ilə görmüş, gənc olmasına baxmayaraq, siyasi proseslərin önündə getmişdir.1921-ci ildə ölkədə kütləvi aclığın başlaması nəticəsində M. Cəlil doğma kəndini tərk edir və Kazan şəhərinə köçür. O,1923-cü ildə Kazanda rabfaka(fəhlə fakültəsi) daxil olur,1927-ci ilə qədər Orsk və Orenburq komsomol təşkilatlarında çalışır. M. Cəlil 1927–1931-ci illərdə Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsində təhsil almışdır. Universiteti bitirdikdən sonra əvvəlcə Balaca dostlar adlı tatar uşaq jurnalının redaktoru, daha sonra Kommunist qəzetinin redaktor müavini olmuşdur. Bu dövrdə o, intensiv şəkildə yaradıcılıqla məşğul olmuş, müəyyən sayda şeir, poema, mahnı mətni, ballada, opera librettosu və publisistik əsərlər yazmışdır. M. Cəlil 1935–1938-ci illərdə Tatarıstan Dövlət Opera Studiyasında,1939-cu ildən 1941-ci ilə qədər Tatarıstan Yazıçılar Birliyinin sədri vəzifəsində işləmişdir.İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar 1941-ci ildə cəbhəyə getmiş, Volkov cəbhəsinin orqanı olan "Otvaqa" qəzetində cəbhə müxbiri vəzifəsində çalışmışdır. M.Cəlil  25 iyun 1942-ci ildə Volkov cəbhəsinin Qluxar-Krest çayı sahilində partlayış dalğası nəticəsində ayağından yaralanmış və faşistlərə əsir düşmüşdür.Vətənpərvər şair 1942-ci ildə Çuss,1943-cü ildə Radom-Yedlina,1944-cü ildə Tegel və s. düşərgələrində məhbəs həyatı keçirsə də, işgəncələrdən qorxmayaraq Qumerov familiyası altında gizli şəkildə fəaliyyət göstərmiş,əsirlərin düşərgədən qaçmasına kömək göstərmişdir. Moabit həbsxanası Musa Cəlil üçün daha çox işgəncə və sınaq meydanı olmuşdur. Müharibədən sonra onun kamera yoldaşlarının Moabit ölüm zindanında şairin işgəncələr qarşısında qeyri-adi dözümlüyü və iradə möhkəmliyi haqqında dediklərinə heyrətlənməmək qeyri-mümkündür. Musa Cəlil antifaşist təbliğatı aparmasına və əsirlərin kütləvi şəkildə düşərgədən qaçmasını təşkil etməsinə görə ölüm cəzasına məhkum edilmiş, 25 avqust 1944-cü ildə Pletenze həbisxanasında gilyotin üsulu ilə başı kəsilmişdir. Lakin müharibədən sonra ona vətən xaini damğası vurulmuş, ailə üzvləri Tatarıstandan sürgün edilmişdir. Xoşbəxtlikdən Musa Cəlilin ölüm düşərgələrində yazdığı şeirləri itməmiş,onların bir qismi məhbəs yoldaşları tərəfindən qorunub saxlanılmışdır.1946-cı ildə şəxsiyyəti haqqında məlumat verməyən bir şəxs onun şeirlərini Tatarıstan Yazıçılar Birliyinə təqdim etmişdir.1949-cu ildə M.Cəlilin belçikalı əsir yoldaşı Andre Timmermans şairin ərəb əlifbası ilə yazılmış şeirlərini (M.Cəlil bu şəxsə bir neçə şeir həsr etmişdir) SSR-nin Brüsseldəki səfirliyinə çatdırmış, onun anti-faşist fəaliyyəti barədə məlumat vermişdir.1956-cı ildə Musa Cəlilə bəraət verildiyi üçün vətən xaini damğası üzərindən götürülmüş, əsərlərinin nəşrinə, bədii irsinin tədqiqinə qoyulan qadağalar ləğv edilmişdir. Musa Cəlilin əsirlikdə bir yerdə olduğu həmyerlisi Qimran Təlqətov 1956-cı ildə onun şeirlər kitabını çap etdirmişdir. Musa Cəlil 1956-cı ildə Sovet İttifaqı Qəhrəmanı adına, Moabit zindanxanasında yazdığı şeirlər əsasında 1957-ci ildə çap olunmuş kitabına görə isə Lenin mükafatına layiq görülmüşdür.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Musa Cəlilin ilk əsəri 1919-cu ildə dərc olunmuşdur. 1925-ci ildə onun "Biz gəlirik" adlı şeir və poemalar toplusu işıq üzü görmüşdür. 1941-ci ildə "Altun çeç" və "İldar" operaları üçün 4 libretto yazmışdır.

Alman əsirliyində yazdığı "Moabit gündəliyi" adlı şeirlər toplusuna görə ölümündən sonra Lenin mükafatına layiq görülmüşdür (1957).

Musa Cəlil XX əsr tatar ədəbiyyatında lirik şeirlər,epik poemalar,librettolar,felyetonlarpublisistik əsərlər və s. müəllifi kimi şöhrət tapmış, əməlləri ilə qəhrəmanlıq, dözüm və Vətənə sədaqət simvoluna çevrilmişdir. Təsadüfi deyildir ki, Azərbaycanın xalq şairi S.Vurğun M. Cəlilin qəhrəmanlıq taleyini Bayronun,PetefininYulis Fuçikin taleyi ilə eyniləşdirmiş, yaradıcılığı və hünərpərvər ölümü ilə ölməzliyə qovuşduğunu qeyd etmişdir.

M. Cəlilin lirikası tatar poeziyasının zirvəsi hesab olunur. Onun lirikasının siyasi tutumu olduqca böyükdür. Uşaqlıq dövrünün keşməkeşləri, vətəndaş və Böyük Vətən müharibəsinin faciələri Musa Cəlil yaradıcılığında ağrı qatı əmələ gətirmiş, siyasi pafosunu gücləndirmiş, onu tribun şairinə çevirmişdir.

Mənim həyatım-xalqın nəğməsi, Mənim ölümüm-döyüş cəngəsi.

Demək olar ki, şairin əksər əsərləri onun bioqrafiyasından xəbər verir. Çünki Musa Cəlil istər vətəndaş müharibəsi(20-ci illər), istər Moskvada oxuduğu(30-cu illər), istərsə də Böyük Vətən müharibəsi illərində(1941–1944) yazdığı şeirlərində mövzudan asılı olmayaraq(müharibə, sevgi və s. şeirlərində) hadisələri öz taleyi ilə bağlaya bilmiş, lirik hiss və siyasi baxışlarını əks etdirmişdir.

Öldür! Diz çökmərəm qarşında, qatil!
Dustağam, ürəyim sənə qul deyil?
Başımı baltanla üzə bilərsən, Fəqət ayaq üstə öləcəyəm, bil!
("Qatilə", 1949)

M. Cəlil böyük amal şairidir. O, özünü insanlığın əsgəri hesab edir. Azadlıq yolunda mübarizə aparmaqdan qorxmayan şair qul olmaqdansa, ölməyi üstün tutur. M. Cəlilin 15 yaşında yazdığı "Müqəddəs diləklər" şeirində üsyankar şairin ictimai-siyasi baxışlarının yetkinliyi açıq-aşkar hiss olunur.

Azad bir qüvvətik, Qalxıb uçarıq, Ən uca, ən parlaq zirvələrdə biz, Bütün xalqlar üçün yollar açarıq. Bütün diləklərə yetərik Şəksiz.

Ölüm-dirim cəngi getdiyi yerdə Səmum da, tufan da bizi saxlamaz, Assalar, kəssələr, öldürsələr də Bizi heç bir zaman qul etmək olmaz.

"Moabit dəftəri" şeirlər silsiləsi Musa Cəlil yaradıcılığının zirvəsi və şairin qəhrəmanlıq ruhunun təcəssümüdür. 1942–1944-illərdə həyatla ölüm arasında qələmə alınmış bu silsilədə vətənə sədaqət, qələbəyə inam, düşmənə nifrət hissləri poetik ümumiləşmədə əksini tapa bilmişdir. Bu silsiləyə daxil olan "Yaz gələr", "Elim-obam" , "Oğluma" , "Yaz iməcliyi" və s. kimi onlarla şeirlərində vətən gözəlliklərinin tərənnümü ilə yanaşı, yurd həsrəti, vətənə qovuşmaq istəyi özünəməxsus ifadədə diqqəti cəlb edir, oxucunu təsirləndirə bilir.

Səninçün burnumun ucu göynəyir, Yarı canım qalıb o bağça-bağda. Doğma yurd!
Qar altda yatan güllərin Bahar günəşını arzulamaqda…

"Moabit dəftəri" şeirlər silsiləsində şair qəlbinin dərinliklərində yer alan vətən sevgisini görməmək mümkün deyil. Qəribədir ki, Musa Cəlil bu gündən sabah yaşamaq ümidini itirsə də, qələbəyə olan inamını itirmir, düşmənin məğlub olacağına şübhəsiz yanaşır. Düşmən önündə əyilməməyi, vətən andına sadiq qalmağı, yurd üçün qurban getməyi hər şeydən üstün tutan şair "Quşcuğaz", "Yalnız, yalnız azadlıq", "Mənim nəğmələrim", "Azadlıq" və s. şeirlərində əsl vətəndaş mövqeyini nümayiş etdirir, bir növ "nəğmələri ilə düşməni məhv etməyi" bacarır: Azad yaşamağı öyrətdi nəğməm Ölərkən əyilmə!-söylədi təkrar Qəmli bir nəğməydi həyatım mənim, Elə ölümüm də bir nəğmə olar.

1943-cü ilin may ayında yazılmış "Aşiq və inək" şeirinin məzmununda sanki “Leyli və Məcnun” əfsanəsi yatır: Oğlanın sevdiyi qıza hədiyyə etdiyi gül dəstəsi pəncərədən aşağı atılır. Bu zaman bir qaşqa inək gülləri yeyir. Bunu görən oğlan əsəbləşir. Amma biləndə ki, sevdiyi qız həmin inəyin südündən, qaymağından istifadə edir, öz nəfəsi və gülün ətri inəyin südünə qarışsın deyə inəyə yemək üçün gül dəstəsi gətirir:

İnəyə baxdıqca təsəlli tapdım, Yığdım təzə çiçək-təzə hədiyyə, Qızın yox, inəyin yanına çapdım, Öpdüm qaşqasından:-Buyur,-dedim, ye!

Musa Cəlil poeziyasının mövzu dairəsi genişdir. Zindanda ölümün qaşla göz arasındakı məsafəsi şairin sevib-sevilmək, yaşamaq duyğularının ahəngini poza bilməmişdir. Ona görə də bu poeziyada onun belçikalı dostu Andre Timmermansa ("Yeni il dəftərləri", "Hədiyyəm"), yuxularında, xəyallarında görüşdüyü, bağrına basdığı övladlarına ("Zindanda yuxu", "Ana bayramı" və s.), məhəbbətin tərənnümünə ("Sevgilimə", "Əzizim", "Bəla", "Qızın sevib-seçdiyi", "Sevgi", "Bir qıza", "Aşiq və inək") və s. həsr etdiyi şeirlərində həyatdan zövq alan, yaşamaq eşqi ilə çırpınan ürəyinin döyüntülərini nəinki hiss edir, həm də insanlara təsirinin şahidinə çevrilirik.

Həyatda hər şeydən əzizdir mənə Sənin məhəbbətin, sənin ülfətin. Əgər gözləməsən, unutsan, gülüm, Çətin yaşayaram cahanda, çətin!

Eşqin qarşısında diz çökür ölüm, Üzmə ümidini, məni gözlə sə Sudan, oddan çıxıb gələrəm, gülüm, Əgər məni sevsən, məni gözləsən.

Musa Cəlilin bədii irsi tatar xalqının milli-mənəvi dəyərlərini zənginləşdirmiş, əbədiyaşar sənət nümunəsinə çevrilmışdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]