40°29′30″ şm. e. 50°08′34″ ş. u.HGYO

Mərdəkan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mərdəkan
40°29′30″ şm. e. 50°08′34″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Xəzər rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2 m[1]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 24.965 nəf. (2019)[2]
Mərdəkan xəritədə
Mərdəkan
Mərdəkan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

MərdəkanAzərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbədir. Mərdəkan Abşeronun şimal-şərqində Xəzər sahillərində yerləşir və Bakının Xəzər rayonunun mərkəzi sayılır. Abşeronun ən qədim kəndlərindən biri olan Mərdəkan 1936-cı ildə qəsəbə statusu almışdı. 1933-cü ildə Şağan kəndi Mərdəkan kənd sovetinin tərkibinə daxil edildi, 1945-ci ildə ayrılsada, 1948-ci ildə yenidən birləşdirildi və 1990-cı ildə Şağan yenidən ayrılaraq qəsəbə statusu aldı.[3]

Mərdəkanın adı "Mərdlər məkanı" kimi tərcümə olunur, bu da yaşayış məskəninin qədim Mard tayfaları tərəfindən salınmasına işarədir. Mardların adına isə ilk dəfə Qafqaz Albaniyasında yaşayan tayfaların sırasında rast gəlinir. Mərdəkan yaxınlığında qayalarda tunc dövrünə (e.ə. 3–2-ci minilliklər) aid keçi, kaman və s. təsvirləri, habelə qədim yaşayış yerləri aşkar edilmişdir. Tədqiqatçı etnoqrafların bir qismi "Mərdəkan" sözünü burada məskunlaşmış "mardlar" tayfasının adı ilə, bir qismi isə yerli əhali etimalogiyasına görə "Mərdi məkan" sözü ilə bağlayır. Tarix elmləri doktoru, görkəmli Bakı tarixçisi Sara xanım Aşurbəylinin fikrincə "Mərdəkan" toponimi vaxtilə burada yaşamış, əsl mərdəkanlıların ulu babası "Mərd" qəbiləsinin adı ilə bağlıdır, "kan" fars dilində "məkan" demək olmaqla bərabər, "doğulduğu yer", "vətən" mənasını da bildirir. Deməli, Mərdəkan Mərd qəbiləsinin yaşadığı yer, Mərd qəbiləsinin vətəni deməkdir.[3] memarlığının mərkəzi sayılan Mərdəkan haqqında müxtəlif xarici səyyahların salnamələrində məlumatlar var. Bakı milyonçularından Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev və başqalarının burada bağları, yaraşıqlı binaları olmuşdur. Məşhur rus şərqşünası İ.N.Berezin "Abşeron yarımadasına səyahət" (1845) adlı əsərində Mərdəkanda olmasından, bu kəndin tarixi-memarlıq abidələrinin qeyri-adiliyindən yazmışdır. O, 1720–21-ci illərdə Bakı hakimi Mİrzə Məhəmməd xan tərəfindən tikdirilmiş bir qalanı (hazırda dağılmışdır) təsvir etmişdir. Tədqiqatçılar bildirirlər ki, Herodot, Strabon kimi səyyahların da Mərdəkan haqqında yazıları olub.[4]

Mərdəkan əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə, hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. Mərdəkanda evlərin sayı 1849-cu ildə 90, 1886-cı ildə 131 və 1921-ci ildə 235 idi. Əhali sayı 1842-ci ildə 307, sonrakı illərdə daha sürətlə artmış və 1886-cı ildə 930, 1913-cü ildə 3430 və 1939-cu ildə 6521 nəfər olmuşdur. Əhali sayı 1959-cu ildə 10,2 min, 1979-cu ildə 12,9 min, 1989-cu ildə 16,0 min, 2009-cu ildə 23,6 min,2016-ci ildə 24,3 min və 2020-ci ildə 25232 nəfər olmuşdur. Qəsəbənin hazırda əhali sayı 40 min nəfərə yaxındır. Əslində mövcud və ya qeydiyyata alınmayanların sayı 15 minə yaxın, həmçinin keçmiş pioner düşərgələrində (20 sayda) məskunlaşan köçkünlərin sayı 5 mindən artıqdır. Mərdəkanın Əncirli, Qızılqum, Köçərilər bağ yerlərinin böyük hissəsi daimi yaşayış yerlərinə çevrilmişlər.[3]

Dördkünc Mərdəkan qalası

Mərdəkanın qədim tikililərinə dördkünc Mərdəkan qalası-1 (XIV əsr), dairəvi Mərdəkan qalası-2 (1232), Xanbaba hamamı (XIX əsr), Şeyx Kazım hamamı, Pir-Həsən məqbərəsi (1612), Tağıyevin imarəti (1900-cü illər), Tuba Şahi məscidi (1482) ,türbələr (XV və XVII əsrlər) və sair daxildir.Mərdəkan qəsəbəsinin axundu Hacı Saleh Qafarovdur.

Dördkünc qala dördkünc həyətin içərisində tikilib. Həyət yeddi metr hündürlüyündə qala divarları ilə əhatə olunmuşdur. Qalanın hündürlüyü 22 m. Kvadrat qalanın üzərindəki yazıda belə məlumat verilir: Müdrik İslamın şahı, Şirvanşah Ahsitan, II Mənuçöhrün oğlu hicri ilə 583-cü il (1187–1189 illər).

İnfrastrukturu

[redaktə | mənbəni redaktə et]

Mərdəkanın şəhərsalma quruluşu dörd funksional zonadan ibarət olmaqla inkişaf etmişdir: yaşayış zonası; ictimai mərkəz; əkin sahələri; bağlar zonası.

Yaşayış zonası Dördkünc qalanın ətrafında kiçik torpaq sahələrinə malik olmaqla cəmləşmişdir. Həyətlərin belə kiçik olması, müdafiə qalasına yaxınlıq istəyindən irəli gəlmişdir. Bu, strateji – müdafiə ənənələri ilə əlaqədar idi. Orta əsrlər dövründə kənddə iki məhəllə — dördkünc qala ətrafında formalaşan "Yuxarı" məhəllə və ondan aşağıda sonradan salınmış "Aşağı" məhəllə mövcud olmuşdur. Kəndin inkişafı ilə əlaqədar XIV əsrdə dairəvi qala ətrafında ― Qum məhəlləsi formalaşmışdır. Mərdəkanda əsasən 10-na yaxın iri nəsillər məskunlaşmış, sonralar isə bunların bəziləri xırda nəsillərə bölünmüşdür: Rəhimlilər, Sübhanlılar, Nəzərlilər, Bürclülər, Babarzavəndlilər, Xəlilvəndlər, Ocaqquluvəndlilər, Tahirvəndlilər və d. XX əsrin əvvəllərində Dördkünc müdafiə qalası yaxınlığında vətəgə sahibi Heydər Almaszadə tərəfindən daha bir məscidin inşasına göstəriş verilmiş, bu da yeni dini mərkəzin formalaşmasına səbəb olmuşdur. Kəndin diqqəti cəlb edən II dərəcəli memarlıq abidələri məscidlərdir. Mərdəkanda indiki dövrə qədər 3 məscid binası inşa edilmişdir. Əhali əkin və maldarlıq üçün kəndin kənarındakı torpaq sahələrindən istifadə etmişdir. Mərdəkan kəndinin cənubunda yerləşən əkin sahələri "Uzun dərə", Mərdəkanla Şağan kəndi arasındakı bostan və buğda sahələri "Bənd üstü" adlandırılmışdır. Kəndin cənub-şərq hissəsində "Ağ daş" toponimini alan sahədə Abşerona xas ağ əhəngdaşı çıxarılmışdır ki, bu da yerli inşaat materialı kimi tikintidə geniş istifadə olunmuşdur. "Təmənni" ərazisi mal-qara otarılması üçün ayrılmışdır.

Mərdəkan Azərbaycanın ən mühüm dənizkənarı iqlim kurortudur. Burada ixtisaslaşdırılmış kardioloji, nevroloji (Günəşli), qastroentoroloji (Abşeron, Bakı), uraloji (Qaranquş) vərəm və d. sanatoriyalar, pansionatlar, iqlim müalicəsi üçün istirahət və müalicə yerləri vardır. Dəniz sahilində akvaparklar, idman kompleksi "Dalğa Arena" fəaliyyət göstərir. Qəsəbədə Xəzər rayon İH binası, H.Əliyev mərkəzi, Dendrologiya parkı və burada S.Yeseninin ev muzeyi, Xəzər rayon xəstəxanası, Özəl tibb müəssisələri, internat, musiqi məktəbi, 2 ATS, mədəniyyət və gənclər evi, poçt məntəqəsi, 2 kitabxana və d. sosial binalar vardır. Burada 7 məktəbdə 5233 şagird təhsil və 3 uşaq bağçasında 306 uşaq tərbiyə alır (2011). Məktəblərin çoxu qəsəbənin köhnə hissəsində yerləşdiyi üçün yeni salınan məskənlərdə məktəb və uşaq bağçalarına böyük ehtiyac vardır. Mərdəkanda müasir ticarət mərkəzləri fəaliyyət göstərir. İstehsalat müəssisələrindən yeyinti sənayesinə aid olan makaron fabriki qismən fəaliyyət göstərir. Bir neçə kiçik müəssisə vardır. Burada ovuntu metallurgiyası və büllur istehsal müəssisələri artıq fəaliyyət göstərmirlər. Mərdəkanda məşğulluq probleminin həlli üçün buranı beynəlxalq əhəmiyyətli müalicə-istirahət, turizm mərkəzinə çevirmək üçün bütün imkanlar vardır.[3]

  1. Google Maps. 2005.
  2. http://www.xazar-ih.gov.az/page/12.html.
  3. 1 2 3 4 R.Əliyeva, E.Bədəlov "Abşeronda məskunlaşma və memarlıq". Bakı — "Avropa" — 2016.264 səh.
  4. Bakı kəndləri[ölü keçid]
  • Azərbaycan Sovet Ensiklopediyası

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]