Mübahisə
Mübahisə — fikirlərin, mövqelərin kəsişməsi. O zaman tərəflər öz mövqeyini müdafiə edərək rəqibin dəlillərini təkzib etməyə çalışır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Mübahisələr, söz çəkişmələri, fikirlərin çarpışması, müzakirələr insan durumunun təbii hallarıdır. Buna görə də onlar, gədim zamanlardan bəri öyrənilmiş, onların tərifləri verilmişdir. Mübahisələr qədim Hindistanda, Babildə, Misirdə, İranda əsasən dini zəmində kahinlər arasında aparılmışdır. Buna örnək olaraq Musa peyğəmbərin Fironla, Maninin zərdüşt kahinləri ilə baş verən çəkişmələrini xatırlamaq olar. O zaman hər bir yeni düşüncəni ortalığa çıxarmış adam onunla başqa adamların, özəlliklə də çarların və kahinlərin qarşısında çıxış etməli, ona qarşı olanlara qalib gəlməli idi. Bir çox durumlarda çəkişmədə uduzan tərəf qalibin dininə (əqidəsinə) keçməli, ya da öldürülməli idi. Mübahisələri uduzan tərəfin ardıcılları da təqib olunurdular.
Qədim Yunanıstanda çəkişmələrin qaydaları dəyişmişdir. Burada artıq təkcə dini deyil, həm də dünyəvi problemlər haqqında çəlişmələrə yol verilirdi. Burada ilk dəfə olaraq, ontoloji, antropoloji, siyasi, iqtisadi və s. problemlər müzakirə obyekti olmuşdur. Daha sonra orada fəlsəfi məktəblər yaranmışdır.
İlk Yunan mübahisə ustalarından biri hər şeyin dəyişdiyini və bir yerdə durmadığını iddia edən Efesli Heraklit (yun. Ἡράκλειτος ὁ Ἐφέσιος; e.ə. 544–483) olmuşdur.
Heraklitə görə şeylərdə həm də ziddiyət və birlik vardır, olnarın arasında mübarizə gedir. O bütün bu müddəaları təcrübədə işlədib, başqa adamlarla və həttə keçmişdə yaşamış mütəfəkkirlərin fikirləri ilə mübahisələr aparmışdır. Mübahisələr zamanı Heraklit hər bir şeyin nisbi və subyektiv olmasını iddia etmişdir.[1]
Aristotelə görə, ilk çəkişənlərdən biri Eleyalı Zenon (yun. Ζήνων; e.ə. 490–430) olmuşdur. O, öz aporiyalarında (paradokslarında) hərəkətin, məkanın və çoxluğun olmamasını sübut etməyə çalışırdı. Xəbərlərə görə, Zenon öz fikirlərini dialoq formasında izah edirdi. Onun yaradıcılığından belə qənaətə gəlmək olar ki, o həqiqətin mübahisə yolu ilə acılmasını iddia edirdi. Zenona görə doğru düşüncədə ziddiyətlər olmamalıdır. Hərəkət, məkan və çoxluq anlayışlarında nisbilik və ziddiyətlər vardır. Buna görə də bunlar yalnız hisslərin aldatmasıdır və əslində yoxdur[2].
Antik dünyada çəkişmənin ilk nəzəriyyəçilərindən mübahisə və söhbət ustası olan Afinalı Sokrat (yun. Σωκράτης; e.ə. 469–399) olmuşdur. O hətta bunun metodunu da irəli sürmüşdür. Bu metod istehza, mayevtika və induksiyadan ibarət olmişdur. İstehza (İroniya) (yun. εἰρωνεία — eirnia) hərfi məhasına əks olan bir sözdür. Əslində bu, mahiyyəti gülünc olan anlayışdır. Başqa sözlə, belə bir anlayışdır ki, söyüş ondan yaxşıdır.
İroniya ondan ibarətdir ki, hər bir ağıllı adam ilk növbədə özü öz lovğalığını, geri zəkalığını etiraf etməli, özü-özünə istehza ilə baxmalı va özünə gülməlidir. Sokratın şüarı "Mən bilirəm ki, mən heç nə bilmirəm" olmuşdur. İroniyası olmayan adam heç də ağıl sahibi deyil, sadəcə boşboğaz yaxud ehkamçıdır. O bir dəfə nəyisə bilib, onu da yüksək həqiqət hesab edir, bildiyinə yeni baxışları qatmır. İroniya isə məhz təkəbbürün, "hər şeyi bilirəm, yalnız mən dediyim həqiqətdir, yalnız mənim baxışların həqiqətdir" kimi iddiların qarşısını almaq üçün lazımdır. İlk öncə hər bir insan "mən heç nə bilmirəm" müddəasından çıxış edərək, həqiqəti araşdırmalıdır. Yüksək müdriklik məqamına çatmışlar məhz lovğalığın, təkəbbürün, özündən razılığın qarşısını almalıdırlar. Əslində bütün bunlar nadanlıqdır. Sokrat afinalılarla söhbətlər edərək onları düşündürmüş, öncə həqiqət bildiyi şeylərə şübhə ilə yanaşmağa məcbur edirdi. Ehkamlaşmış düşüncəyə qalib qəlmək və inkişaf etmək üçün ironiya lazımdır.
Sokratın mübahisə və söhbət qaydalarının ikinci metodu məcazi olaraq mamalıq sənəti adlanır. Yunanca buna maieutike (Μαιευτική) deyilir. Bu metodun vasitəsilə Sokrat, müzakirə edilən mövzu ətrafında dolayı sualların verilməsi ilə, insanda olan biliyi üzə çıxarırdı. Mamalıq terminindən bilinir ki, bu prosesi o qadının doğumuna bənzər görürdü. Sadəcə mamalığın nəticəsində Sokrat uşağın deyil, həqiqətin və biliyin doğulmasına nail olurdu. Onun rolu yalnız köməkçi sualların verilməsindən ibarət olmuşdur. Bunu edərkən o, özünün heç bir şeyi bilmədiyini, sadəcə mübahisə etdiyi insandan haqiqətin çıxarılması üçün bir yardımçı olduğunu iddia edirdi. Bu halda təkəbbürdən, saxtakarlıqdan, özündən razılıqdan azad olmuş adam həqiqəti özü doğurdu. Beləliklə həqiqəti insanların özləri doğmalıdır. Deməli maieutike həm də sualların düzgün verilməsindən ibarətdir.
Sokrat metodunda təriflərin araşdırılması, induksiya, və definisiya anlayışları önəmli olmuşdur. Tərif hər hansı bir şey (yaxud olay) üçün onun çeşidinin (yaxud cinsinin) araşdırılması və bunların arasında münasibətlərin təyin edilməsidir.
İnduksiya [latınca — inducsio (yönəltmə)] hər hansı bir şey haqqında özəl durumların (yaxud olayların) müqayisəsi və yanlışlıqların istisnası yolu ilə tərifin verilməsidir. Sokrat hansısa bir şeyin mahiyyətinə varmaq üçün həmsöhbətlərindən onun tərifinin verilməsini istəyirdi. Onlar bu tərifi verəndən sonra, o həmsöhbətlərini məsələyə başqa yöndən baxmağa dəvət edib, onunla bağlı düşünmədikləri şeylərə diqqəti cəlb etmişdir. Sonra o, verilən təriflərin doğru olub-olmaması haqqında sual verirdi. Həmsöhbətləri, bu faktların danılmaz olduğunu görərək, öncə verdikləri tərifləri dəyişdirirdilər. Beləliklə, hər hansı bir şey haqqında obyektiv anlayış yaranırdı və həqiqət açılırdı. Həqiqətin açılması onun induksiya vasitəsilə təsbitləşməsi ilə bitmiş olur. Buna ''definisiya'' [latınca defiicio (tərif)]deyilir. Təsbitləşmiş definisiyanı yeni istehzaya məruz qalmalıdır. Onda ziddiyətlər olarsa yenə də induksiya və mayevtika yolları ilə yeni definisiya tapılmalıdır. Bu proses, sürəkli olur, daim həqiqətin açılmasına gətirib çıxarır.[3] Daha sonra e.ə. V-IV-cı əsrlərdə bir tərəfdən ''sofistlər'' (σοφιστής) məktəbindən olan Protaqorun (Πρωταγόρας), Gorgiasın (Γοργίας), Antifonun (Ἀντιφῶν) və başqalarının, garşı tərəfdən Platonla (Πλάτων) Aristotellə (Ἀριστοτέλης) çəkişmələri baş vermişdir. Bu mübahisələr zamanı tərəflər öz dəlillərinin, düşünçələrinin sistemləşdirilməsinə diqqət yetirmişdirlər. O zaman onlar çəkişmə və məntiq üzrə nəzəri əsərlər yazmışdırlar. Platon və Aristotel yalnız həqiqətin üzə çıxarılmasına yönəlmiş üsullardan istifadə edirdilər.
Sofistlər isə gözəl deyilmiş nitqlərə və geniş biliklərə önəm verirdilər. Lakin gələcəkdə sofistlər həqiqətin açılması üçün deyil, sadəcə öz dediklərini doğruya çıxarmaq üçün mübahisələr aparmışdırlar. Onların məqsədi yalnız çəkişmədən qalib çıxmaq olmuşdur, hətta cəfəngiyyat desələr belə. Onlara görə hər şeyin ölçüsü insandır. Buna görə də birinə həqiqət görsənən şey başqası üçün həqiqət olmaya bilər. Beləliklə onların bir çoxu sonda boşboğazlığa enmiş, mübahisələri mübahisə naminə etmiş və hörmətdən düşmüşdürlər. Bu günə kimi sofistika həm də çəkişmədə bilərəkdən yanlış dəlillərdən istifadə edilməsi, başqa sözlə, saxtakarlıq mənasında işlənilir.[4]
Eyni zamanda, sofistlər çəkişmə sənətini inkişaf etdirmiş və yeni üsullar tətbiq etmişdirlər. Aristotelə görə, onlar sözlərin çoxmənalı olmasını əsas gətirərək, söhbəti uzadıb, qarşı tərəfi çətin duruma salmağa çalışırdırlar; rəqibi çaşdırmaq üçün uzun və anlaşılmayan cümlələri işlədirdilər. Onlar həm də qarşı tərəfi qəzəbləndirməyə və emosional duruma salmağa çalışırdılar. Bu durumda isə, təbii olaraq, hər bir adam dediklərini qarışdırır, məntiqdən yayınır, emosiyalara qapanır, cəfəngiyyat danışır. Bununla da sofistlər çəkişmədə qalib gəlirdilər. Onlar hətta zəif və cəfəng bir dəlili gətirərək çəkişmədə qalib gəlmə metodunu işləyib hazırlamışdırlar. Protaqorun "Mübahisənin elmi" kitabı bu sahədə dünya tarixində ilk əsərlərdən biri olmuşdur.
Sofistlərin çalışmaları başqa düşünürləri onların metodlarını təkzib etməyə sövq etmişdir. Bu qəbil əsərlərdən ən tanınmışı Aristotelin "Sofistlərin təkzib edilməsi" olmuşdur.
Orta əsrlər boyu da antik çəkişmə metodlarından istifadə edilmişdir. Lakin o zaman bu metodlardan dinlərin və məzhəblərin müddəalarını yeritmək və qorumaq üçün istifadə edirdilər. Bu barədə çoxlu kitablar da yazılmışdır. Özəlliklə apologetika adlanan dini müddəaların müdafiə edilməsi üçün edilən mübahisələr aparılırdı. Eyni zamanda orta yüzilliklər boyu varlığa, idrak, metafizika, antropologiya, aksiologiya və s. mövzular üzrə fəlsəfi çəkişmələrdə aparılırdı. Orta şağlar çəkişmələrinin örnəyi kimi xristian keşişlərinin Kilsə Məclislərindəki ixtilaflarını, yaxud mütəzililərin başqa müsəlman məktəbləri ilə şiddətli mübahisələrini göstərmək olar.
O dönəmlərdən başlayaraq mübahisə təkcə dini və fəlsəfi deyil, həm də elmi sahəyə keçmişdir. Bu sahələrdə də müzakirələr zamanı həqiqət əldə edilirdi.
Çəkişmə nəzəriyyələri XIX-cu yüzillikdə Alman klassik fəlsəfəsində də ətraflı işlənmişdir. Özəlliklə bu istiqamətdə G. V. F. Hegelin (Georg Wilhelm Friedrich Hegel) (1770–1831) əməyi qeyd edilməlidir. Hegelə görə, dialektikada idrak prosesləri tezis-antitezis-sintez sxemi ilə həyata keçirilir. Nəyisə dərk edən tərəf (subyekt) gerçəkdə olan bir şey üzərində dayanır, onun üçün tərif, anlayış ifadə edir və ya mülahizə yürüdür. Onun üçün bunlar tezisdir. Sonra dərk etmə prosesi davam edərək, o şey haqqında tezisin qarşılığı (əksi) olan antitezisin yaranmasına gətirib çıxarır. Bundan sonra subyekt tezislə antitezisin arasında olan qarşılıqlı bağlılığın dərk edilməsinə addımlar atır. Bunun nəticəsində də həqiqəti əks etdirən sintez yaranır.
Həqiqətə çevrilmiş sintez yeni bir tezisə çevrilir. O həqiqət kimi yeni antitezisin yaranmasına qədər qəbul edilir. Sonra yeni sintez alınır. Bu proses bu cür sonsuzluğa qədər davam edə bilər.[5]
Çağdaş dönəmimizdə mübahisələrər
[redaktə | mənbəni redaktə et]Çağdaş zamanımızda da mübahisələr, çəkişmələr, ziddiyətlər yeni formalarla davam etməkdədir. Yeni texniki vasitələr çəkişmələrin daha geniş kütlələr arasında aparılması üçün imkanlar vermişdir. Artıq çəkişmələrə millionlarla insan cəlb olunmuşdur. Hal hazırda siyasi xadimlər, iqtisadçılar, siyasətçilər, incəsənət adamları, alimlər, filosoflar və başqa sahələrin nümayəndələri televiziya, radio, internet vasitəsilə bütün ölkələrdə çeşidli səviyyələrdə mübahisələr aparırlar.
Bununla belə, mübahisələrin mənfi cəhətləri də üzə çıxmışdır. Birinci növbədə çəkişmələrdə məğlub olanlar ağır psixiki zərbə alırlar, qalib tərəf isə heç də həmişə üstünlüyü həqiqəti ifadə etməklə əldə etmir. Mübahisələr fiziki zorakılığa da gətirib çıxara bilər. Lakin onlar olmasa inkişaf da ola bilməz. Hər bir alim tənqid olunduqca inkişaf edir, rəqiblərinə cavab vermək üçün əsərlər axtarır, elmi nəzəriyyələr qurur. Həm də elm adamları arasında mübahisələr zamanı bir-birlərinin mövqelərinin anlaması, tanıması prosesi gedir. Onlan bir-birindən çox şeyləri öyrənib öz elmi işlərini təkmilləşdirirlər.
Alimlər üçün elmi və ya fəlsəfi nəzəiyyə yalnız həqiqətin axtarılmasıdır, həqiqətin özü deyildir. Buna görə də nəzəriyyələr arasındakı ziddiyətlər təbiidir. Çəkişmələr zamanı bu ziddiyətlər sağlam düşüncəli adamların bir-birinə qarşı dözümlülüyünə, öz elmi və həyat nəzəriyyələrinin təkmilləşdirilməsinə, bütün suallara cavabların tapılmasına gətirib çıxarır. Bununla da elmi nəzəriyyələr yetkinləşir.
Beləliklə çağdaş mübahisələr çəkişmədə qalib gəlmək, söz ustalığı, şəxsi ambisiyaları təmin etmək üçün deyil, ehkamlardan ayrılıb obyektiv həqiqətin tapılması üçün ararılmalıdır. Həqiqəti axtaran adam heç vaxt çəkişmədə öz dediklərini yeganə həqiqət saymaz, rəqibinə qəzəblənməz, təkəbbürlük göstərməz. Həqiqət rəqibində varsa, onu qəbul edər. Buna görə də hər adamla mübahisəyə girmək olmaz.
Həqiqətin araşdırılmasını heç də hamı istəmir. Çox vaxt buna onların bilikləri, səviyyəsi və tərbiyəsi imkan vermir. Nadanlıq hətta yüksək elmi, siyasi və iqtisadi rütbələrə çatmış adamlarda da ola bilər. Eyni zamanda hansısa bir sadə əkinçi, fəhlə, sıravi mühəndis müdrik və tərbiyəli ola bilər. Nadanla çəkişməyə girmək özünü hörmətdən salmaqdır, onun səviyyəsinə enməkdir. Çəkişməni yalnız bilikli, tərbiyəli, öz ambisiyalarını və maraqlarını yeritmək məqsədini güdməyən, özünü göstərmək istəməyən, yalnız həqiqəti axtaran adamla keçirmək olar.
Lakin bəzi hallarda bu qaydadan istisnalar da ola bilər. Bəzən həqiqət o qədər ucuzlaşır, cəfəngiyat və nadanlıq hər yeri o qədər bürüyür ki, artıq doğru söz, həqiqət, ədalət uğrunda çarpışmaq lazım olur. Bu halda müdrik insanlar, həqiqəti söyləmək üçün hətta alçalmalara və təqiblərə məruz qalsalar belə, doğru sözü deyib nadanlığın, ədalətsizliyin qarşısını imkanları çərçivəsində almalıdırlar. Onların doğru sözünü insanlar eşidib, çox şeylər haqqında düşünə bilərlər. Bununla da cəmyyət saflaşa bilər.
Bəzi filosoflar bu yolda hətta canlarını da qurban veriblər. Buna ən gözəl örnək Sokratdır. Hətta onu ölümə məhkum edəndən sonra zindandan qaçırmaq imkanı yaranmışdır. Lakin Sokrat qaçmadı. Çünki o, ömrü boyu həqiqət və doğru söz uğrunda çarpışmış, bu yolda lazım gələrsə canından keçməyi insanlara öyrədirdi. İndi o, zindandan qaçsaydı, öz sözlərini təkzib etmiş olardı, özünü insanlar arasında rüsvay edərdi. Buna görə də Sokrat qaçmadı, ölümü qəbul etdi. Beləliklə o, həqiqət, ədalət və doğru sözün şəhidi oldu; həyatı və ölümü ilə əbədi olaraq tarixə düşdü. Sokratın həyatı və ölümü nadanlığın, lovğalığın, təkəbbürün, savadsızlığın, fırıldağçılığın üzərində qələbə rəmzinə çevrilmişdir.[6]
Beləcə doğru söz və həqiqət heç də hamının xoşuna gəlmir, özəlliklə də bizim zamanımızda. Bu gün bütün dünyada yalnız şəxsi maraqlar ortalıqa qoyulur, əxlaqi və mənəvi dəyərlər ucuzlaşır, həqiqət deyil, hansısa şəxsin iqtisadi və siyasi maraqları güdülür. İncəsənət, elm, savad, istedad, peşəkarlıq, əxlaq və başqa bu kimi kateqoriyalar yalnız piarla, reklamla, səs çoxluğu ilə dəyərləndirilir. Bu şəraitdə həqiqət ucuzlaşıb ortalıqdan çıxmış olur. Yalnız az saylı müdrik insanlar hələ də öz şəxsi təşəbbüsləri ilə onu araşdıdır və doğru sözü şəxsi maraqlardan üstün tuturlar. Bu da onların təbiətindən irəli gəlir. Onlar, sadəcə, kütlənin, səs çoxluğunun, güc sahiblərinin, pullu adamların arxasınca getmirlər, həqiqəti axtarırlar. Bu adamlar, Sokrat kimi, lazım gələrsə yoxsulluğa və təhqirlərə dözməyə hazırdırlar. Onlar həqiqəti yüksək tutur, yalnız onu tanıyırlar.
Mübahisələrin çeşidləri
[redaktə | mənbəni redaktə et]1. Polemika (yunanca πολεμικά) hansısa konkret sahədə (siyasətdə, incəsənətdə, dində, fəlsəfədə və s.) aparılan söz və fikir çəkişməsidir. Polemika zamanı çəkişən tərəflər yalnız öz fikirlərini və mövqelərini rəgibə yeritmək, onu məğlub etmək istəyirlər. Hətta bu söz yunancadan "düşmənçilik" kimi tərcümə olunur. Çəkişmədən fərqli olaraq, polemikada tərəflər arasında ziddiyət təşkil edən tezis irəli sürülür və onun ətrafında mübahisələr aparılır. Bu barədə onlar, bir-birlərini eşidərək, növbə ilə çıxış edib öz mövqelərini sübut, rəqibin dəlillərini isə təkzib etməyə çalışırlar.
2. Diskussiya (latınca discussio — baxılma, araşdırılmadır) hansısa çəkişməyə səbəb olan məsələnin müzakirəsidir. Diskussiya yalnız dəlillərin ortalığa qoyulması ilə aparılır. Mübahisəli problemi müzakirə edərkən çəkişənlər öz mövqelərini təsdiq edən dəlillərlə çıxış edirlər. Mətbuatda, yığıncaqlarda, televiziyada və s. gedən ictimai mübahisələri də diskussiya adlanır. Diskussiyaların özəlliyi ondadır ki, orada hansısa bir konkret tezis irəli sürülmür. Bu özəllik onu polemikadan fərqləndirir. Söhbətlər zamanı hansısa mövzular, aktual problemlər müzakirə olunur. Elmi konfranslarda da tezislər irəli sürülmədən çəkişmələr gedir. Çəkişmələrin çeşidləri vardır:
- Apodikdik diskussiyada tərəflər həqiqəti araşdırırlar;
- Dialektik diskussiyada həqiqətə bənzərliyə iddia olunur;
- Eristik diskussiyada bir tərəf rəqibini öz fikrini qəbul etdirməyə çalışır. Sofistikadan fərqli olaraq burada saxtakarlıqlar olmur;
- Sofistik diskussiyada isə hansı yolla olursa olsun (hətta hilə və saxtakarlıq işlədərək) diskussiyada qalib gəlmək üçün aparılır.
3. Disput (latınca dispute) elmi mövzular üzrə tamaşaçılar önündə açıq çəkişmələrdir.
4. Debatlar (ingiliscə debate) tərəflərin üçüncü tərəfi (hakimləri, tamaşaçıları) inandırmaq üçün apardıqları çəkişmələrdir. Bu diskussiyanın bir çeşididir. Debatlər üçün bəlli qaydalar tərtib olunur. Udan və uduzan tərəf tamaşaçıların səsverməsi, yaxud hakimlərin rəyləri ilə təyin olunur. Debatlar televiziya vasitəsilə bir çox qərb ölkələrində seçkilər ərəfəsində iddiaçıların arasında keçirilir. Bir çox hallarda şou xarakteri daşıyır.
Mübahisələrin ayrılmaz hissəsi olan məntiq (yunanca — λογική/logike, doğru ağıl yürütmədir) hələ əski Hindistanda, Yunanıstanda və Romada məhkəmələr prosesləri və natiqlik üçün tətbiq edilirdi. Məntiq insanın dillə gərçəkləşən düçüncə fəaliyyətinin üsul, forma və qanunları haqqında elmdir. Onu düzgün düşünmə haqqında elm kimi də tərif edirlər.
Mübahisələrin aparılması üçün gərəkli olan anlayışlar
[redaktə | mənbəni redaktə et]Çəkişməyə aid bir sıra nəzəri anlayışlar vardır. Onlardan bəziləri:
1. Arqument (latınca — argumentum) nəyisə sübuta yetirən bir şeydir[7].
2. Fakt (latınca — faktum) gerçəkdə olan və sübuta yetirilən bir şeydir[8].
3. Hipotez (yunanca — ὑπόθεσις/hipotesis) biliyə və təcrübəyə arxalanan, lakin dəlillərlə sübuta tam olaraq yetirilməyən iddiadır[9].
4. Tezis həqiqət sayılması üçün sübuta yetirilməli olan və müzakirə üçün irəli sürülən bir iddiadır[10].
5. Antitezis tezislə ziddiyət təşkil edən iddiadır[11].
6. Önərmə (mühakimə) qərarın verilməsinin təməlində duran iddia və yə fikirdir[12].
7. Sillogizm (yunanca — συλλογισμός) iki önərmədən çıxarılan və nəticə olan qərardır. Sillogizmlər böyük və kiçik önərmələrdən ibarətdir. Böyük önərmədə ümumi nəticə, kiçik önərmədə isə subyektin nəticəsi vardır. Sillogizmin örnəyi: Hər bir insan ölməlidir (böyük önərmə). Sokrat da insandır (kiçik önərmə). Deməli Sokrat da ölməlidir (qərar).
8. Predikat (latınca — praedicatum) Predikat fikir yürüdülən seylər haqqında anlayışdır. Həm də predikat o şeyin ümumi anlamını açır. Bu termin deyilənləri ümumiləşdirir. Örnək: Sokrat insandır, Platon insandır. Hər iki cümlədə insanlıq vardır. Deməli burada insanlıq həm Sokrata, həm də Platona aiddir, o ümumidir və predikatdır.[13]
İnternetdə mübahisələr və onların faydası
[redaktə | mənbəni redaktə et]Əski dönənlərdə çəkişmələr hansısa özəl yerlərdə keçirilirdisə, bu gün onların məkanı əsasən İnternetin sosial şəbəkələri, forumları və eləcə də bloqları, çatlarıdır. O zaman müzakirələri yannız ayri-ayri adamlar edirdilərsə, bu gün onlara geniş kütlələr cəlb edilib. Buna görə də polemikaların, diskussiyaların, fəlsəfi düşüncənin bu gün heç kəsə lazım olmadığını, keçmişdə qaldığını, gündəmdə olmadığını iddia edənlər yanılırlar. Əksinə, bütün bunlar daha da intensivləşib, geniş kütlələrə məxsus olub. Müzakirələr zamanı insanlar çeşidli problemlər üzrə bir-birləri ilə çəkişmələr apararaq inkişaf edirlər, tanışlıq əldə edirlər, tanınırlar, işbirliyinə nail olurlar.
İnternetdə çəkişmələr ən çox forumlarda aparılır. Qədim Romada "Forum Romanum" adlanan mərkəzi meydan şəhərin ictimai mərkəzi olmuşdur. İnternet-forumlarda istifadəçilərin yığışdığı yer olduğumdan ona bu ad verilmişdir. Orada söhbətlərin aparılması üçün bütün zəruri texniki inkanlar vardır. Forumlar konkret mövzulara aid olan və ümumi ola bilər.
Kütləvi internet istifadəçiləri üçün onların hansına qatılmasının fərqi yoxdur. Lakin peşəkarlar, ağıl baxımdan irəliləmiş adamlar, özəlliklə fəlsəfə elmləri ilə bağlı olanlar üçün, öz ixtisasları və maraq dairələrinə cavab verən forumlara qatılmaları daha xeyirlidir. Çünki onlar təkcə ara söhbətlərə qatılmaq üçün deyil, mübahisələrdən faydalanır, biliklərini təkmilləşdirir, orada elmi iş görməyə çalışırlar. Bu baxımdan forumlar fəlsəfə, din, tarix, ailə, təbabət, riyaziyyat, biologiya, kimya, dilçilik və s. yönümlü olur. Bəzi forumlar isə, kütləvi olaraq, bütün bu sahələri əhatə edir, sadəcə orada hər bir mövzuya ayrıca yer verilir. Bunun üstünluyü ondan ibarətdir ki, istifadəçilər çeşidli bölümləri oxuyub, başqa fənlərlə də maraqlana bilər.
Ciddi çəkişmələrə qatılanlanın təbii istedadı, geniş dünyagörüşü, yüksək səviyyədə ümumi bilikləri, tərəqqipərvər və çağdaş düşüncəli; müzakirə edilən konkret mövzü haqqında dərin bilikləri; analitik düşüncəsi və düzgün nəticələrə gəlmək qabiliyyətləri olmalıdır; söhbət zamanı qeyri-standart və gözlənilməyən gedişlər etmək qabiliyyəti olmalıdır.
İnternet çəkişmələri apararkən qanun pozğunluğuna yol vermək olmaz. Buna görə məsuliyyətə çəkilmə ehtimalı vardır. Lakin bəzi hallarda hətta qanun pozğunluğu olmasa belə hüquq və məhkəmələrə cəlb olunma ehtimalı da vardır. Bu təsadüfən və ya hansısa siyasətin yeridilməsi üzündən ola bilər.
İnternetdə mübahisələrin imkanları
[redaktə | mənbəni redaktə et]- İstinadların dərhal verilməsi. Adi mübahisələrdə ədəbiyyatı və ya şəkili dəlil gətirmək problemlidirsə, internet müzakirədə bunu etmək çox rahatdır.
- İstifadəçilər sizin bilmədiyiniz, barəsində düşünmədiyiniz problemləri qaldıraraq sizi maraqlandırıb müzakirələrə qata bilər. Bu halda siz problem haqqında çəkişərək, fikrinizi əsaslandırmaq üçün o məsələni öyrənib ona dair dəlillər axtarırsınız. Bu proses davamlı olanda çox böyük intellektual irəlləyiş əldə etmək olar.
- Çox adamlarla eyni vaxtda çəkişmələrin aparılması. Onlara cavablar verərək müzakirə edilən mövzunu hərtərəfli açmaq olar.
- Elm adamları müzakirələr zamanı yazdıqları fikirlərin və tapdığı istinadların əsasında çoxlu elmi məqalələr və kitablar yaza bilərlər. Burada yeni fikirlər, qeyri-standart düşüncələr yaranır.
- Elmi və ictimai əlaqələrin qurulması. Forumlarda faydalı adamlarla, toplumlarla əlaqələr yaradıb, gələcəkdə onların vasitəsilə daha geniş fəaliyyət imkanları əldə etmək olar.
- Müzakirələrdən sonra rəqiblərin və sizin dediklərinizin əsas məzmununu redaktə edib, onu çox maraqlı diskussiya və ya polemika şəklində dərc etmək olar.
- Real çəkişmədən fərqli olaraq, internet forumlarda hətta, bəzi hallarda, aşağı səviyyəli və dərin bilikləri olmayan, kobud və nadan rəqiblərlə də müzakirələr aparila bilər. Onlar sizi hansısa maraqlı fikirə, nəticələrə gətirib çıxara bilər. Bu da internet çəkişmənin üztünlüyüdür. Onların dedikləri ilə sizin cavablarınızı redaktə edib ardıcıllığa gətirilsə, çox keyfiyyətli məqalə və polemika ortalığa qoymaq olar.
- İnternetin forumlarında subyektiv amillərə görə özünə ad qazanmaq mümkün deyil. Tanışlıqla, qohumbazlıqla, pulla, özünü dartmaqla orada heç nə həll edilmir. Yalnız orada bilinir kim kimdir. Səviyyəsiz adam, nə qədər vəzifəsi və imkanları olsa belə, özünə hörmət qazandıra bilməz. Onlar orada yalnız rüsvay olarlar, və ya heç nəyə qadir olmadıqlarını göstərərlər.
- Forumlarda müzakirələr zamanı hətta tanışlığın olduğu adamların da həqiqi səviyyələrini, xassiyətlərini, əsl simalarını görmək olar. Çünki real həyatda çox adamlar öz səviyyəsizliklərini, mədəniyyətsizliklərini, nöqsanlarını, ürəklərində olan çirkabı, başqa qüsurlarını gizlədə bilirlər. Lakin yazıda, çəkişmələrdə bunu gizlədə bilmirdər. Yazı hər şeyin güzgüsüdür.
İnternet mübahisələrinə qatılanlar üçün bəzi tələblər
[redaktə | mənbəni redaktə et]- Çağdaş informasiya texnologiyalardan və İnternetdən şəbəkəsindən yüksək səviyyədə istifadə etməyi bacarmaq;
- Ciddi və tanınmış ümümi və ixtisas forumları və sosial şəbəkələri seçmək. Orada peşəkarlar və daha böyük oxucu kütləsi çəkişmələri izləyirlər;
- Müzakirə edilən mövzu haqqında internetdə olan mənbələri, ədəbiyyatı yaxşı bilmək, onlara dərhal müraciət edib fikirləri əsaslandırmaq;
- İnternet şəbəkəsinin axtarış sistemlərinin imkanlarından məharətlə istifadə etmək, axtarış sistemlərinə açar sözləri düzgün seçmək;
- Yalnız yaxşı bildiyi mövzularla bağlı cəkişmələrə qatılmaq;
- Müzakirələr aparıldığı dili, onun qrammatikasını yaxşı bilmək, yazıda fikirləri düzgün ifadə edib, məna və qrammatik səhvləri buraxmamaq. Əks təqdirdə oxucular yazılanlara ciddi baxmayacaqlar.
- Xarici dilləri (heç olmasa rus, ingilis və türk) dilləri bilmək, bir dildə internetdə dəlil tapmadıqda başqa dillərdə dəlil axtarmaq.
- Yazılar yalnız müzakirə mövzusuna aid olmalı, qısa və konkret ifadə edilməlidir. Uzun yazılar darıxdırıcı və qarışıq olur, onları heç kim oxumur.
- İnternet şəbəkəsində gətirilən dəlillər konkret olmalıdır, uzun və ümumi səhifələrə linklərin verilməsi məsləhət deyil. Onlar oxunmur. Oradan lazım olan konkret sətirləri çəkişmədə gətirilməlidir.
- Fikirləri və tezisləri sübuta yetirmək üçün şəkillərdən istifadə etmək məsləhətdir. Çox vaxt oxucular yazıda nəyisə qaçıra bilərlər, şəkillər isə gözdən yayınmır. Bundan başqa şəkillər olan yerdə çox yazmanın mənası da olmur.
- Şəkillərin araşdıdılması üçün axtarış sistemlərində düzgün açar sözlər seçilməlidir;
- Rəqiblərə cavabları çox ləngidməmək. Əks təqdirdə söhbətə maraq itir, onu heç kəs izləmir.
- Səviyyələri aşagı olanlarla, cəfəngiyyat yazanlarla, qeyri-ciddi adamlarla ciddi cəkişmələrə girməmək;
- Çəkişmədə rəqibləri düzgün seçmək, səviyyəli və biliklilərlə yazışmaq;
- Bəzən, darıxdırıcı olmasın deyə, söhbətə zarafat qatmaq;
- Maraqlı, aktual və gündəmdə olan mövzuları müzakirə etmək;
- Rəqiblərə fikirlər, hətta doğru olsa belə, zorla yeridilməməli, səbir edilməlidir. Məqsəd onun fikrindən dönməsi deyil, oxucuların gözündə qalib görsənməkdir;
- Rəqibin dediklərində mexaniki səhvlərə əhəmiyyət verilməməlidir, hərfçiliyə, sözgüzəşdirməyə yol vermək olmaz. məqsəd yalnız mövzunun əsas müddəalarına yönəlməli, həqiqət axtarılmalıdır.
- Gerçəkdə olan şeylər haqqında danışılmalı, fantaziyalara yol verilməməlidir.
- Çəkişmə zamanı yazılara ciddi yanaşılmalı, öndən sona qədər yazılara fikir verilməli, ziddiyətlərə yol verilməməmidir. Çəkişmənin bir yerində irəli sürülən fikir başqa yerində olana zidd olmamalı, onu təkzib etməməlidir.
- Çəkişmə zamanı yalnız obyektiv amillərə vurğu edilməli, subyektivliyə yol verilməməlidir.
- Fərziyyə olan bir şey fakt kimi təqdim edilməməlidir.
- Yazılan dəlillər, düşüncələr sadə, hamı tarəfindən anlaşılan dildə olmalıdır. Hansısa anlaşılmayan terminlərə ehtiyac olarsa, onları dərhal izah etmək lazımdır.
- Təcrübəli və bacarıqlı çəkişmə ustalarına öz adları ilə çıxış etmək məsləhətdir, çünki bunun vasitəsilə onlar özlərinə ad qazana bilərlər;
- Çəkişmələr təcrübəsi olmayanlar öz adlarını gizlədib, başqa adlarla çıxış etməli, təcrübə və bilik yığmalıdırlar. Əks təqdirdə polemikada zəif görsənib, öz həqiqi adlarını ləkələyə bilərlər. Onlar yalnız öz güclərini sınayıb, uzun illər boyu biliklər və təcrübə toplayandan sonra öz adları çəkişmələrə qatıla bilərlər.
Əlavə tələblər
[redaktə | mənbəni redaktə et]- Öz tezislərini aydın bildirməli, onların sübuta yetirilməsi üçün dəqiq planı cızmalıdırlar;
- Rəqibin nəyə qadir olduğunu sağlam düşüncə ilə dəyərləndirməlidirlər;
- İstifadə etdiyi anlayışların mənalarını bilməlidirlər;
- Emosiyalara qapılmamalıdırlar, qəzəblənməyə yol verməməlidirlər. Əks təqdirdə fikirləri qarışacaq, müzakirənin gedişinə nəzarət edə bilməyib məğlub olacaqlar;
- Tezisləri ardıcıl olaraq arqumentlərdən çıxarmalıdırlar, arqumentlər həqiqi və şübhəsiz olmalıdırlar;
- Öz mövqelərini qorumaq öçun çoxlu arqumentlər irəli sürməlidirlər;
- Rəqibin ikinci dərəcəliləri deyil, ən əsas arqumentlərini təkzib etməyə çalışmalıdırlar;
- Rəqibin tezuslərinə nəzarət etməli, onların dəyişdirmələrinə yol verməməlidirlər;
- Çəkişmənin hilələrini bilməli və söhbət zamanı rəqibin onları işlətmək cəhdlərinin qarşısını almalıdırlar;
- Rəqibin bütün fikirləri ilə razılaşmamağı məqsədə çevrilməməlidirlər. Həqiqət axtaran adam rəqibin fikirlərində olan doğru məqamlarla razılaşmalıdır;
- Rəqiblərin şəxsiyyətlərini deyil, yalnız müzakirə edilən mövzunu müzakirə etməlidirlər;
- Rəqibə hansısa bir fikri, istinad etdiyi mənbənin ümumi kontekstindən çıxarıb, öz mövqeyini bərkitmək imkanını verməməlidirlər. Bunun üçün onun istinad etdiyi mənbə diqqətlə araşdırmalıdırlar.
- Rəqibin yürütdüyü hər hansı fikrin istinadını tələb edilməlidirlər;
- Yalnız müzakirə mövzusu haqqında danışmalı, rəqibin mövzudan yayınma cəhdlərinin qarşısını almalıdırlar.
Tövsiyyə: Çəkişmədə rəqibinizlə qarşılıqlı anlaşılma əldə etmək üçün onun problemin hansı yönünə əhəmiyyət vermədiyini araşdırmaq lazımdır. Çünki o, yalnız bu tərəfi anlayır, bilir və həqiqət sayır. Belə olanda onunla razılaşmaq lazımdır, lakin problemin başqa yönünü də ona göstərmək lazışdır. Bununla rəqib razılaşacaq, çünki o səhv etmədiyini, sadəcə nəyəsə biganə yanaşdığını, nəyisə gözündən qaççırdığını zənn edəcək. Bu isə ona ağır gəlməz.
İnternet çəkişmələrdə bəzi taktik gedişlər
[redaktə | mənbəni redaktə et]- Vaxtın uzadılması. Çəkişməyə qatılan nəyisə bilmədiyi ilə üzləşə bilər. Halbuki onun cavabının olduğunu dəqiq bilir. Belə olanda rəqibdən məsələni araşdırıb düşünmək üçün vaxt istəmək lazımdır. Udulan vaxt ərzində İnternet, sorğu və ya kitablar vasitəsilə lazım olan cavabları almaq olar.
- Faktın gizlədilməsi. Çox vaxt çəkişmələrdə tezislər önə çəkilir, sonra onun haqqında müzakirələr aparılır. Lakin bəzən tezisi deyil dəlilləri önə çəkib, onlardan tezisi çıxarmaq daha əlverişli olur. Hətta qəsdən yanlış dəlil gətirmək olar ki, rəqib onu inkar edib, özü olqunu ifadə etsin.
- Diskussiyanın uzadılması. Əgər rəqib çəkişmədə uduzduğunu görərək sizi çaşdırmaq üçün təkrar sualları verir, söhbəti uzadır, gətirilmiş dəlillərin yenidən gətirilməsini istəyir, mövzudan yayınır, onda söhbəti izləyən internet istifadəçilərə müraciət edib onların məsələni necə anladığını soruşmaq lazımdır. Əğər onlar sizin dəlillərinizi məqbul saysalar, onda rəqibin bu hiləsi boşa çıxır.
- Rəqiblərin arasında anlaşılmazlığın salınması. Əgər internet forumunda sizə qarşı bir neçə rəqib çıxış edirsə, onda onların arasında anlaşılmazlıq salmağa cəhd etmək lazımdır. Bunun üçün müzakirə edilən mövzunun ətrafında onların ixtilafına səbəb olan bir şeyi ortalıqa atıb, rəqiblərin özləri arasında çəkişmə salmaq qalib gəlmək üçün yaxşı zəmin yaradır. Əksinə, siz toplumla çıxış etsəniz və aranızda ixtilaf olsa, onda dərhal xırda məsələlərə fikir verməmək, əsas məsələnin müzakirəsini davam etdirmək təklifi edilməlidir.
- Nəyisə sübuta yetirməyi rəqbin üzərinə atmaq. Bəzən öz dəlillərinizlə və tezislərinizlə çıxış etmək məqsədəuyğun deyil. Belə olanda yalnız rəqibin mövqeyinin tənqid edilməsi və ondan dəlillərin tələb olunması daha əlverişli olur.
- Çəkişmədə gözləmə mövqeyi tutmaq. Özünü məğlub olmağa yax��n olan tərəf kimi göstərmək, internet-rəqiblərdə qələbə əhvalının yaradılmasıdır. Bu halda rəqib bütün dəlillərini ortalığa qoyub, öz mövqeyini tam açıqlamış olur. Bu halda onun dəlillərini diqqətlə öyrənib cavabları hazırlayaraq sonda çıxış edib, onu məğlub etmək olar.
Rəqiblər tərəfindən işlənilən bəzi hilələr və təhqirlər
[redaktə | mənbəni redaktə et]İnternet forumlarda rəqiblər tərəfindən hilələrin işlədilməsi və hətta təhqirlərə keçməsi halları da olur. Buna hazır olmaq lazımdır. Özəlliklə bunu güclü və bilikli iştirakçılara qarşı edirlər. Onlardan bəziləri:
1. Çox yazmaq, uzun postlara əl atmaq, ümumi sözlər işlətmək. Rəqib tezislərinin və dəlillərinin təkzib olunacağından ehtiyat edərək, böyük postlar yazır, ümumi sözlərə əl atır, konkretlikdən qaçır, külli miqdarda mövzuya aid olmayan istinadlar gətirir. Bu gediş özünü ağıllı və bilikli göstərmək və zorla özünü galib kimi qələmə vermək üçün edilir. Bu halda onunla danışıq dərhal kəsilməlidir. Başqa oxuculara müraciət edilməli, onlara onun yazısında konkretliyin, tezislərin və dəlillərin olmaması göstərilməlidir.
2. Heç nəyi sübut etməyən istinadların gətirilməsi. Rəqib külli miqdarda tanınmış admlara və alimlərə istinadlar edərək öz mövqeyinin güclü olmasını göstərmək istəyir. Lakin onlara diqqətlə fikir verilsə görünür ki, onlar ümumi xarakter daşıyır və konkret müzakirə edilən mövzuya aid deyil. Bu halda bütün bunları ona yazmaq və oxucuları buna fikir verməyə çağırmaq lazımdır.
3. Rəqibin sizin dediyinizi eşitməməsi, öz iddiasının davam etdirməsi. Rəqib onun yazdıqlarını təkzib edən nə qədər çox və tutarlı dəlillərin olmasına baxmayaraq, öz iddialarını davam etdirir, sanki bunları görmür. Bu halda yenə də yazışma kəsilməli, oxuculara bu barədə bildirilməlidir.
4. Moderatorları öz tərəfinə çəkmək. Çəkişmədə zəif olduğunu görən rəqib forumun moderatoru ilə qəsd hazırlayır. Bu qəsd bir neçə formada ola bilər:
- Müzakirə zamanı yazdığınızın əhəmiyyətli məqamlarının pozulması ilə sizi zəif, rəqibinizi isə güclü göstərmək.
- Yazılanlara toxunmayaraq, sizi təqib etmək. O zaman moderator ikili standartlar tətbiq edir, sizi daim nədəsə (özünüzü pis aparmaqda, rəqibinizə hörmətsizlik etməkdə, onun əqidəsinə və inanclarına hörmətsizlik etməkdə) ittiham edərək, yazıda məhdudlaşdırır.
- Moderator foruma girməyinizi müvəqqəti yaxud daimi kəsə bilər.
Bu hallarda forumların rəhbərliyinə şikayət edilməlidir. Əgər bunun müsbət nəticəsi olmasa, onda bu forumu tərk edib, başqalarında iştirak etmək lazımdır. Yalnız ikili standartlara son qoyularsa, oraya qayıtmaq olar. Ehtiyac olarsa, başqa adla yenidən müzakirələrə qatılmaq olar. Amma özünü tanıtdıran və hörməti qazanan qatılanlara bunu etmək məsləhət görülmür, çünki bu saxtakarlıqdır.
5. Rəqiblər tərəfindən təhqir edilmə. Bunu məğlubiyyətini görüb qəzəblənən rəqib edir. O sizin də qəzəblənmənizi və bununla qələbənizin heçə endirilməsini istəyir. Bu halda ona cavab verilməməlidir. Onu tamamilə özünüz üçün forumda silmək olar (bunun üçün texniki imkan var). Belə olduqda o nə yazarsa siz onu görməyəcəksiniz. Lakin bunu etdiyinizi hamıya bəyan etməlisiniz. Eyni zamanda forumun moderatoruna da şikayətlə müraciət etmək olar.
6. Təhqirlərə tutarlı cavabın verilməsi yolu. Əgər təhqirlərə məruz qalandan sonra forumun rəhbərliyi buna əhəmiyyət verməsə, təhqirçilərlə əlbir olsa, onda:
- etikadan uzaq olan təhqirləri yığmaq, sistemləşdirmək, onları şərh etmək, təhqirçiləri gülünc vəziyyətdə göstərməklə satirik bir məqalə yazmaq olar. Sonra bu məqaləni populyar internet portallarda dərc edərək o forumun moderatorlarını, rəhbərliyini və təhqirçiləri rüsvay etmək olar.
- təhqir edən haqqında yetərli məlumat toplamaq və onun İnternetdəki tərbiyəsizlikləri haqqında dostları, iş yoldaşları, qonşuları, tanışlarına məlumat verməklə rüsvay etmək olar.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Aydın Əlizadə. Əski və çağdaş zamanda söz çəkişmələri // Dövlət və Din ictimai fikir toplusu. Arxivləşdirilib 2015-03-31 at the Wayback Machine — 2011. — № 6. — S. 66–83.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Heraclitus Arxivləşdirilib 2015-01-10 at the Wayback Machine / Stanford Encyclopedia of Philosophy.
- ↑ Zeno of Elea Arxivləşdirilib 2022-09-27 at the Wayback Machine / Stanford Encyclopedia of Philosophy.
- ↑ Socrates Arxivləşdirilib 2022-09-25 at the Wayback Machine / Stanford Encyclopedia of Philosophy.
- ↑ Sophists Arxivləşdirilib 2022-09-24 at the Wayback Machine /Internet Encyclopedia of Philosophy.
- ↑ Georg Wilhelm Friedrich Hegel Arxivləşdirilib 2019-04-30 at the Wayback Machine / Stanford Encyclopedia of Philosophy.
- ↑ "Apology of Socrates". 2010-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-30.
- ↑ Аргумент / БСЭ.
- ↑ Факт / Cловарь по естественным наукам. Глоссарий.ру
- ↑ Гипотеза / Лопатников Л. И. Экономико-математический словарь:Словарь современной экономической науки. — 5-е изд., перераб. и доп. — М.: Дело, 2003.
- ↑ Тезис / Толковый словарь русского языка: В 4 т./ Под ред. Д. Н. Ушакова. — М.: Гос. ин-т "Сов. энцикл."; ОГИЗ; Гос. изд-во иностр. и нац. слов., 1935–1940.
- ↑ Антитезис / БСЭ.
- ↑ Посылка / Cловарь по естественным наукам. Глоссарий.ру
- ↑ Силлогизм / Cловарь по естественным наукам. Глоссарий.ру