38°04′24″ şm. e. 46°18′03″ ş. u.HGYO
Bu, seçilmiş məqalədir. Daha çox məlumat üçün klikləyin.

Göy məscid (Təbriz)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Göy məscid
Xəritə
38°04′24″ şm. e. 46°18′03″ ş. u.HGYO
Ölkə İran
Şəhər Təbriz
Yerləşir Xaqani parkı
Aidiyyatı Qaraqoyunlu dövləti
Sifarişçi Cahanşah Həqiqi
Tikilmə tarixi 1465
Göy məscid (İran)
Göy məscid
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Göy məscid (fars. مسجد کبودMəsced-i Kabud) — Təbriz şəhərində yerləşən məşhur tarixi memarlıq abidəsi, Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biri.[1][2][3][4]

Abidədə yüzilliklərin yetkinləşmiş bədii memarlıq üslubu, məscid planının ustalıqla hazırlanması, kompozisiya kamilliyi, Azərbaycan memarlığında geniş yayılmış motiv və formaların yüksək bədii tərzdə yaradılması, zəngin memarlıq bəzəyindəki nəfislik əks olunmuşdur.[5]

Qaraqoyunlular dövrünün yadigarı, vaxtı ilə böyük və əzəmətli memarlıq kompleksindən ibarət olan bu tikili hazırda xarabalıq şəklindədir. İnşası zamanı 52 metr uzunluğunda olmuş baş fasadın qarşısında geniş həyət vardı. Arkadalı hasara alınmış məscid həyətində hovuz olmuşdur. Mərkəzi günbəzli məscidin özünəməxsus planına, binalarına Azərbaycanın başqa dini binalarında rast gəlinmir.

Təbrizdə baş verən zəlzələdən sonra Göy məscidin xarabalıqları

XV əsrdə Təbriz özünün memarlıq – planlaşdırma inkişafının əhəmiyyətli çağlarından birini keçirirdi. QaraqoyunluAğqoyunlu hökmdarları – Cahanşah Həqiqi (1438–1467), Uzun Həsən (1453–1478) və Sultan Yaqub (1478–1490) bu zaman Azərbaycanın paytaxt şəhərində düşüncə genişliyi ilə seçilən şəhərsalma tədbirləri görürlər. Təbrizdə bir sıra iri memarlıq kompleksləri – Müzəffəriyyə, Qeysəriyyə, Nəsriyyə, Maqsudiyyə, Həşt Behişt saray kompleksi və Baqe Şemal və başqa Azərbaycan memarlığının maraqlı və dəyərli nümunələri olan memarlıq kompleksləri meydana gəlir.[6] Mərkəzi meydan – Sahibabad meydanı ətrafında inzibati, dini və ticarət binalarının gərgin tikintisi nəticəsində Təbrizin ümumi şəhər mərkəzi xeyli böyüyür və daha mütəşəkkil olur.[7]

Böyük Azərbaycan sərkərdəsi və dövlət xadimi, yüksək təhsilli hakim və incəsənət hamisi olan Cahanşah "Həqiqi" təxəllüsü ilə Azərbaycan türkcəsində şeirlər yazırdı. Cahanşahın tikdirdiyi çoxsaylı gözəl binalar sifarişçinin bədii fəallığını və incə zövqünü yaxşı əks etdirir. Bu abidələrin çoxunun adı türk alim–səyyahı Övliya Çələbinin (XVII əsr) kitabından bəllidir. O, Təbrizin ən yaxşı tikililərini sadalayaraq onlardan bir neçəsinin də adını çəkir – "Cahan şah imarəti", "Cahan şah hamamı", "Cahan şah karvansarası", "Cahan şah binası" – və qeyd edir ki, "Təbrizdə ən böyük mədrəsə Cahan şah mədrəsəsidir".[8]

Cahan şah dövrünün ən görkəmli abidəvi tikintisi 1467-ci ildə tamamlanmış Müzəffəriyyə memarlıq kompleksidir. Onun tərkibinə cümə məscidi, xanəgah, kitabxana, mədrəsə, türbə və digər tikililər daxil olmuşdur. Kompleksin qərb hissəsində isə Cahan şah hamamı yerləşmişdir. Bu nəhəng memarlıq kompleksindən dövrümüzə yalnız kompleksin baş tikilisi – memarlıq tarixinə Göy məscid adı ilə daxil olmuş əzəmətli cümə məscidi qalmışdır.

Quran yazıları ilə örtülmüş və məscidin giriş baştağının dərin tağçasını dövrələyən "П" formalı çərçivə içərisindəki yazı Müzəffəriyyə kompleksinin tikilmə tarixini (870[9]) göstərməklə "Əqəl-əl–ibad (aciz qul) Neymətullah bin Məhəmməd əl–Bəvvab" sözləri ilə bitir.[10] Bir qrup araşdırmaçı bu yazıya əsaslanaraq güman edirlər ki, Göy məscidin inşaatçısı – memar Neymətullah Bəvvabdır.[11] Lakin burda məsələni dolaşdıran odur ki, usta orta əsr abidələrinin inşaat epiqrafikalarının bir çoxunda olduğu kimi öz inşaat adını göstərməmişdir. Burda isə konkret halda Neymətullah Bəvvabın şəxsiyyətini və kimliyini bəzi orta əsr müəllifləri işıqlandırır. Lakin onların hamısı təbrizli Neymətullah Bəvvabı yalnız dövrün mahir xəttatı kimi təqdim edirlər. Məlumatlara görə bu sənətkar təkcə Müzəffəriyyə kompleksinin deyil, həm də Cahanşah Həqiqinin inşa etdirdiyi iri dövlət müəssisələrinin dekorativ yazılarını icra etmişdir.[12] Neymətullah Bəvvab memarlıq–tikinti fəaliyyəti göstərsəydi, bu fakt həmin müəlliflərin, xüsusilə Təbrizin memarlıq abidələrini geniş işıqlandıran Hüseyn Kərbəlayinin (XVI əsr) diqqətindən çətin yayınardı. XVI əsr müəllifi Qazi Əhməd öz risaləsində açıqca bildirmişdir ki, Müzəffəriyyə tikilisinin yazılarının "hamısı onun (Neymətullah Bəvvabın) xəttindəndir".

Göy məscidin müəllifinin şəxsiyyəti haqqında başqa, daha öncəki bir versiya da sənədli və elmi cəhətdən əsaslandırılmışdır. XX əsrin əvvəllərində alman alimi E. Dits Məşhəddəki Şah məscidini Təbrizin Göy məscidi ilə müqayisə edərək yazır: "Böyük inamla demək olar ki, bu iki abidə bir memara – Şah məscidinin kitabəsində adı olan Əhməd Təbriziyə məxsusdur". O, dövrün bir çox alimi kimi, E. Dits də yanlış olaraq Göy məscidin Şah məscidindən tez inşa edildiyini güman edir və belə bir fərziyyə irəli sürürdü ki, Əhməd Təbrizi gözəl Təbriz məscidini tikdikdən sonra məşhur memar olmuş və Məşhədə çağırılmışdır.

Lakin Cəfər Qiyasi qeyd edir ki, "aydın göründüyü kimi Göy məscidin yanında Şah məscidi təkcə ölçücə deyil (onun böyük günbəzinin diametri 6 metrdən bir az çoxdur), həm də memarlıq bədii keyfiyyətlərinə görə çox aşağıdır. Kiçik ölçülü Məşhəd məscidində Təbriz məscidinin parlaq xüsusiyyətləri – planın klassik ciddiliyi və dəqiq rəsmi, iç məkanın üzvi birliyi çatışmır. Göy məscid kimi nadir və mükəmməl tarixi–memarlıq abidəsini yaratdıqdan sonra memarın Şah məscidi kimi ortabab bir bina inşa etməsi isə inandırıcı deyil".[11]

Tarixi gerçəklik olduğu kimi verildikdə belə (Göy məscid Şah məscidindən 14 il sonra ucaldılmışdır), bu abidələrin bədii ifadəliliyi arasındakı kəskin fərqi Əhməd Təbrizinin 14 illik yaradıcılıq təcrübəsinin və ustalığının artması ilə izah etmək çətindir. Göy məscidin Şah məscidinə nisbətən memarlıq–bədii səciyyəsi çox yüksəkdir. Bu abidələrin memarlıq–planlaşma həlli arasında olan oxşarlıq onların bir memarın yaradıcılıq səpkisinə deyil, bir memarlıq məktəbinin arealına aid olması ilə bağlıdır.

Özünün "Rouzat əl–cinan və cənnət əl cinan" (Cənnət bağları və cənnətlər cənnəti) əsərində Hafiz Hüseyn bildirir ki, Cahan şahın sevimli arvadı Xatunxan Bəyim saraya xüsusi çağırılmış hörmətli adamlar içərisində Müzəffəriyyə kompleksinin əsasını qoymaq üçün Küçəçi kəndindən Şeyxlər nəslindən olan Xacə Məhəmməd ibn Xacə Osmanı seçdi. XVI əsr müəllifi bildirir ki, "buna görə bu binanın əsasını o (Xacə Əli) qoydu. Deyirlər ki, onun planlaşdırmasına görə bu binanın çox yüksək bədii forması var".[13] Sonra, Təbriz yaxınlığındakı Lala kəndindən söz düşəndə Hafiz Hüseyn daha aydın yazır: "Xacə Əli tikinti ixtisasından tam xəbərdar olduğuna görə, o bu yerlərin binalarının çoxunu tikmiş və planlarını tərtib etmişdir".[13] Bu sətirlər artıq şübhə yeri qoymur ki, bu iki keyfiyyətin bir şəxsdə birləşməsinə görə Xatunxan Bəyim onu iri Müzəffəriyyə kompleksinin tikintisinə başçılıq etmək üçün seçmişdir.

XX əsrin 70-ci illərində Göy məscidin "təmizlənməsi" və "bərpası" zamanı üstü yazılı kvadrat kaşı lövhə tapılmışdır. Onun üstündə qabarıq hərflərlə nəsx xətti ilə yazılmışdır: "Be sərkareye İzzətdin Qapuçi ibn Məlik". Beləliklə, Göy məscidin inşasına başçılıq edən mütəxəssislər müəyyənləşdirilmişdir: baş memar – Xacə Əli Küçəçi, monumentalist xəttat – Mövlanə Nemətullah Bəvvab və baş iş icraçısı – İzzətdin Qapuçi. Bu yüksək ixtisaslı yerli ustalar Təbriz memarlıq məktəbinin zəngin ənənələri mühitində, təsiri Azərbaycanın hüdudlarından kənara çıxan nadir memarlıq əsəri yaratmışlar.

Göy məscid – Yaşıl Cami paralelləri

[redaktə | mənbəni redaktə et]

XX əsrin əvvəllərində türk alimi C. Ə. Ərsevən qeyd edir ki, "Təbrizdə sünni məscidinin (Göy məscidin) planı Bursadakı Yaşıl camini (1413–1421) çox xatırladır". Bu fikri sonralar bir çox alimlər də bölüşmüşlər. Cəfər Qiyasi isə qeyd edir ki, "istənilən memarlıq əsərinin, xüsusilə Göy məscid kimi epoxal tikintinin müəyyən memarlıq–bədii məktəbə şamil edilməsi onun genetik köklərinin və memarlıq planlaşma xarakteristikasının aydınlaşdırılmasını tələb edir. Konkret halda ancaq Yaşıl cami və Göy məscidin planlaşma quruluşunun təkamülünü izləmək, onları tutuşdurmaq yolu ilə Yaxın Şərqin bu məşhur abidələrinin – iki türk memarlıq nümunəsinin paralelliyini və özümlüyünü dəqiqləşdirmək olar".[14]

Cahanşah Həqiqinin Göy məsciddəki məzarı

Bursadakı Yaşıl cami ilk osmanlı məscidlərinin ən yetkin örnəyi olub daha çox zaviyyə kimi tanınır və planı "T" formalıdır. Görkəmli türk araşdırmaçısı E. H. Ayverdinin "qanadlı cami" adlandırdığı[15] bu tip məscidlər Bursada XIV–XV yüzilliklərdə formalaşmışdır. Yan qanadları olan ilk məsciddə – Orxan camisində (1339) türk memarları birinci dəfə sadə fəndlərlə çoxsütunlu məscidin dağınıq planını yığcam planlaşma ilə əvəz etdilər. Onun düzbucaqlı ibadət salonu aralarında tağ olan və günbəzlə örtülü iki kvadrat hissədən ibarətdir. Vestibül və yan otaqlar salonun şimal hissəsi ətrafında simmetrik yerləşmişdir. Planın belə sadə qurulması özünü müəyyən iqtisadi və konstriktiv cəhətdən doğrultmuş, az vəsaitlə sütunlara bölünməyən xeyli böyük ibadət salonu əldə etməyə imkan vermişdir. Daha monumental formalarla həll edilmiş Yaşıl camidə də bu ideya gözlənilmişdir. Qanadlı Bursa məscidlərinin ibadət salonları əslində tağla birəşmiş planda kvadrat biçimli iki səlcuq məscididir. Təbriz zonasında isə belə uzunsov salonlar adətən tağ tavanla örtülürdü.

Cəfər Qiyasi qeyd edir ki, Göy məscid və Yaşıl caminin planlarının oxşarlığı ancaq onların "T" formalı ümumi biçimlərindədir.[14] Hər bir məsciddə isə otaqların tərkibi və qruplaşması özümlü həll edilmişdir. Yaşıl Caminin plan quruluşunda funksional ayrılma kəskin bölgü və hər yerləşgənin izolə edilməsi yolu ilə aparılmışdır. Onun planının kompozisiyasını qapalı, funksional, sərbəst və bir–biri ilə dəhlizsiz birləşən otaqlar təşkil edir. Ondan fərqli olaraq Göy məsciddə bina içərisində məkanların salon sistemi ilə qruplaşması fəndi işlədilmişdir. Göy məscidin əsas hissəsi bir–birindən izolə edilməmiş yerləşgələrdən – mərkəzi günbəzli salon, onu üç tərəfdən dövrələyən qalereyalar və kiçik örtülü künc salonlardan ibarətdir. Bütün yerləşgələrin sıx qarşılıqlı əlaqəsi yolu ilə vahid məkan – salon əldə edilmişdir.

Göy məscidin iç məkanının üzvi bütövlüyünü nəzərə alan başqa bir türk alimi O. Aslanapa ona daha yaxın analogiya gətirərək östərmişdir ki, Vandakı böyük kərpic məscidin planını ancaq Təbrizin Göy məscidi ilə tutuşdurmaq olar. Araşdırmaçının müşahidəsinə görə, hər iki məsciddə "bütün məkanın sadə günbəz və tağlar sistemi ilə birləşdirilməsi heyrət doğurur".[16] Cəfr Qiyasi isə qeyd edir ki, Cahan şahın atası, Qaraqoyunlu türk sülaləsinin banisi Qara Yusifin (1389–1400) hakimiyyəti dövründə inşa edilmiş Böyük Van Məscidi Təbriz memarlıq məktəbi arealına daxildir. Həcm–məkan quruluşunun təşkili və memarlıq dekorunun xarakterinə görə isə Van məscidi MərəndUrmiyanın cümə məscidlərinə yaxındır.[14]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Matrakçı Nasuhun "Təbriz" miniatüründə Göy məscidin təsviri

Göy məscid, yaxud "Cahan şah məscidi" tikildikdən az sonra Təbrizin ən bəlli memarlıq abidəsi olub, bu günəcən çoxlu memar, səyyah və alimlərin diqqətini özünə çəkir. Göy məscidin iki əsas hissədən ibarət olan planı ox simmetriyalıdır. Onun düzbucaqlı hissəsini mərkəzi kvadrat salon (16,5 x 16,5), ona üç tərəfdən birləşən qalereyalar və iki künc salonu əmələ gətirir. Planda kvadrat biçimli olan üçüncü salon – Göy salon cənub tərəfdən mərkəzi salona bitişir və məscidin planına bütövlükdə "T" şəkilli biçim verir.

Məscid planının kompozisiya mərkəzində yerləşdirilmiş kvadrat salon (16 x 16) sferik formalı günbəzlə örtülü olmuşdur. Salon geniş eyvanlar vasitəsilə günbəzlərlə örtülü kvadrat otaqlarla əlaqələndirilmişdi. Nisbətən böyük olan iki künc otaqları baş fasadın yan tərəflərini bağlayaraq dar keçidlər vasitəsilə iki minarə ilə əlaqədar imiş. Mərkəzi salonun arxasında, baş kompozisiya oxu üzərində bir qədər kiçik (9 x 9 m) günbəzli salon yerləşmişdi. Divarında mehrab olan bu otaq ibadətgah, məbəd vəzifəsini görürmüş.

Konstruktiv dayanıqlılığı təmin etmək üçün, ayrıca olaraq böyük günbəzin (diametri 16,5) yıxıcı qüvvəsinin söndürülməsi üçün ibadət salonunun mərkəzi məkanı ilə yan qalereyaları arasında yoğun dayaqlar qoyulmuş və onların arasında dərin tağ açırımları yaradılmışdır. Onlardan fərqli olaraq cənub dayaqları arasındakı açırımlar dayazdr – bu hissədə dayaqların kəsimi kvadrata yaxındır. Bunun sayəsində ibadət salonuna giriş qarşısında dəhlizvari məkan yaranmasının qarşısı alınmışdır.

İbadət üçün nəzərdə tutulmuş ümumi sahəni xeyli genişləndirən şərq və qərb qalereyaları, həmçinin künc salonlarının bir hissəsi, qadınlar üçün nəzərdə tutulmuş və mərkəzi salondan xüsusi pərdələr və ağac şəbəkələrlə ayrılmışdır. Şimal qalereyası özümlü vestibül – bölüşdürücü olmuşdur. Orta əsr şərq memarlığında ikinci dərəcəli otaqların aydın ifadə olunmuş özək – kvadrat salon ətrafında yerləşdirilməsi Göy məsciddə özünün yetgin və çox orijinal həllini almışdır. Bir sıra müəlliflər Göy məscidin plan quruluşunun özümlüyünü ötəri qeyd etməyə, ayrı–ayrı alimlər isə onun analogiyasını səthi tutuşdurma yolu ilə tapmağa cəhd etsələr də, indiyəcən onun planının genezisi ilə heç kim məşğul olmamışdır.

Planlanlaşdırılma tarixi

[redaktə | mənbəni redaktə et]
Göy məscidin "T" şəkilli planı

XI–XII yüzilliklərdə Azərbaycanda əsas monumental məscid tipi planda kvadrat biçimli salonu olan, tək sferik günbəzlə örtülən yerli "köşk" tipli məscid idi. Onun cənub divarı adətən qapalı olub, içəri səthində mehrab quraşdırılırdı. İbadət salonunun qalan divarlarında enli tağ açırımları olurdu. Belə həcm–məkan quruluşu sonralar, zərurət yarananda, yeni yerləşgələr birləşdirilməklə ibadət salonunu üç istiqamətdə genişləndirməyə imkan verirdi. Adətən artırılan yerləşgələr çoxsütunlu salonlar kimi bir–biri ilə sivri tağlarla birləşən sütunlardan əmələ gəlirdi. Səlcuq köşkü ətrafında bir neçə əsr ərzində MərəndUrmiya cümə məscidləri beləcə yaranmış və asimmetrik həcm–planlaşma quruluşu almışdır. Azərbaycanın bu iki dəyərli tarixi memarlıq abidəsi ilə eyni planlaşma sxemi olan Böyük Van məscidi də belə inşa edilmişdir. Eyni zamanada Atabəylər Memarlıq Kompleksinə daxil olan Naxçıvan Cümə məscidinin də dövrümüzə çatan təsvirlərindən görünür ki, planda kvadrat biçimli mərkəzi məkana bitişən yan yerləşgələr var imiş.

Təbriz zonasında Cümə məscidlərinin sonrakı təkamülünü P. Dyubronun rəsmindən bəlli olan və XIII əsrin sonu – XIV əsrin əvvəllərinə aid edilən Sultaniyyədəki məscid təmsil edir. Bu məscid göstərir ki, artıq Elxanilər dövründən başlayaraq Azərbayanda yan qanadları olan məscidlər əmələ gəlir. Dövrün artan tələbini ödəyən iri vahid məkan almaq üçün memarlar günbəzli kvadrat və çoxsütunlu salonları bütöv bir vəhdətdə birləşdirirlər. Tikintinin bir mərhələli olması nəticəsində onlar belə məsciddə simmetrik kompozisiya verirdilər. Bu məscidlərin kompozisiya simmetrikliyini mərkəzi salona cənubdan birləşən və baş oxda çıxıntı şəklində yerləşən mehrab otağı, yaxud türbə daha da gücləndirir. Təbriz memarlıq–bədii zonasında "T" formalı planı olan məscidlər belə yaranmışdır. Qeyd edilməlidir ki, bu dövrün klassik əsərləri, Azərbaycan memarlığının incilərindən biri olan Olcaytu Xudabəndə türbəsinin (XIV əsrin əvvəlləri) planı da "T" formalıdır. Bu formanı əsas həcmə cənubdan birləşən günbəzli kiçik salon əmələ gətirir.

Təbriz zonasında cümə məscidlərinin plan quruluşunun inkişafı XV yüzildə yerli ənənələrin kamilləşməsi yolu ilə getmişdir. Bu baxımdan göy məscid həmin regionda bu tip tikililərin təkamülünün yekunu olmuşdur.[17] Bu məsciddə memar mərkəzi kvadrat salonun məkanını üç tərəfdən dövrələmə qalereyalar və künc salonları ilə genişləndirib Mərənd, Van, Urmiya və Sultaniyyə məscidlərinin planlaşma ideyasını yaxşılaşdırmış və inkişaf etdirmişdir.

Göy məscidin planı quruluş yığcamlığına, cizgi dəqiqliyinə və funksional məsələlərin düşünülmüş təşkilinə görə öz sələflərindən fərqlənir. Təbriz məscidi həm də daha iri miqyaslıdır – onda mərkəzi günbəzin aşırımı böyüdülmüş, uyğun iri elementlər – dövrələmə qalereyalar və künc salonları işlədilmişdir. Bununla yanaşı, Göy məsciddə bütün elementlər güclü şəkildə mərkəzi salona tabe edilmişdir ki, bu daha əvvəlki dövrə aid cümə məscidlərində zəif hiss olunur. Bundan başqa Mərənd, Van, Urmiya, hətta Süleymaniyyənin göstərilən məscidlərində planlaşma quruluşu hələ inkişaf üçün açıqdırsa, Göy məscidin planının tam bitkin sistemi var. Sistemin bitkinliyi iki künc minarəsi ilə daha qabarıq gözə çarpdırılmışdır. Bütün sadalanan faktları nəzərə alan əksər tədqiqatçılar Göy məscidin planının Mərkəzi Azərbaycan məscidlərinin yerli memarlıq tipinin təkamülü nəticəsində yaranması və onun kökünün yerli ənənələrlə bağlı olmasını bildirirlər.[18]

Monumental saray məscidi Təbriz şəraitində daha yetkin və özümlü ifadəsini Göy məsciddə almışdır. Bu abidəvi tikilidə Təbriz bədii zonası ənənələrinin konstruktiv, kompozisiya–plastik və dekorativlik–ornamental baxımdan sonrakı təkamülünü izləmək olar.

Kaşı işləmələri

[redaktə | mənbəni redaktə et]

Təbrizin Göy məscidi, başlıca olaraq özünün fasad və interyerlərinin nəfis və ecazkar bəzəkləri ilə şöhrət tapmışdır. Bu memarlıq dekorasiyalarında tətbiq edilmiş bədii üsul və vasitələr olduqca çox olmuşdur. Baş fasadda, kiçik salonun kürsülüyündə və oyma mərmər şəbəkələrdə tətbiq edilən daş hissələrlə yanaşı binanın bəzəyində yüksək dərəcəli bədiiliyə malik keramik dekorlardan da geniş istifadə olunmuşdur. Burada keramik bəzəklərin iki növü var. Onlardan biri iri ölçülü kaşı lövhələrdən, ikincisi isə xırda, standart formada kəsilmiş, mozaika tipli kaşı bəzəyindən ibarətdir.[19]

Əvvəlki dövrə nisbətən bu binada keramik bəzəyin rəng qamması xeyli genişlənmişdir. Burada yenə də əvvəlki kimi şirlə işlənmiş süd rəngli dümağ yazılar və firuzəyi rəngli, mürəkkəb formalı nəbati naxışlar tünd göy rəngli yerlikdə verilirdi. Ustalar göy rəngin bənövşəyidən başlamış firuzəyi rəngə qədər bütün çalarlarından məharətlə istifadə etmişlər. Kaşı bəzəklərində göy şirdən başqa açıq yaşıl, sarı şirlərdən də istifadə edilmişdir. Göy və firuzəyi kaşı lövhələrin üzərində naxışlar cızmaqla bədii kompozisiyanın rəng qamması saxsının üzə çıxmış qırmızı rəngi hesabına daha da zənginləşdirilib. Məscidin böyük günbəzini bəzəmiş əlvan naxışlar çox orijinaldır. Kiçik salonun günbəzinin tünd göy rəngi üzərində ağ ulduzlar, böyük salonun günbəzinin yaşıl rəngi üzərində isə çiçəklər təsvir edilmişdir.

XIV əsrdə Təbrizdə olmuş İbn Batuta bu şəhərdəki abidələrin bədii keramik dekorlarının Əndəluzun və Şimali Afrikanın kaşı bəzəklərindən üstün olduğunu qeyd etmişdi.

Məscidin kufi və nəsx xəttləri ilə yazılmış yazıları onun memarlıq bəzəyinin mühüm cəhətlərindəndir. Dini məzmunlu yazılar ya medalyonların daxilində yerləşdirilmiş, ya da ki, bordyur formasında nümayiş etdirilmişdir. Göy məscidin kerammik dekorları ona dünya şöhrəti qazandırmışdır.

Mühəndis–konstruktiv cəhətdən Göy məscid Təbriz memarlıq məktəbinin ən böyük nailiyyətlərindəndir. Bu məktəbin XIV əsr incisi Sultaniyyədəki Olcaytu Xudabəndə türbəsində olduğu kimi Göy məsciddə də mərkəzi günbəzin üfüqi yıxıcı qüvvəsi bütün quruluş boyu bərabər paylanır. Bu məsciddə vahid konstruktiv sistemin hər bir hissəsi təkcə daşıyıcı kimi deyil, həm də dairəvi qalereya və köməkçi otaqlar şəklində faydalı məkan yaradıcı kimi işlədilmişdir. Onun ifadəsi iç məkanlarının təşkili və xarakterində günbəz və tağ konstruksiyalarının uğurlu birləşməsi həlledici rol oynamışdır.

Zəlzələ və baxımsızlıq üzündən Göy məscidin örtükləri uçmuşdur. Buna görə də indiki görkəmi onun həcm–məkan quruluşu haqqında dolğun təsəvvür yaratmır. Lakin qrafik bərpa yolu ilə, bərpa sxemləri çəkməklə bu klassik memarlıq əsərinin bədii surəti haqqında təsəvvür yaratmağa, onun bayır memarlıq həllini dəyərləndirməyə cəhdlər edilmişdir.

Məscidin planından da göründüyü kimi, Göy məscidin baş fasadının simmetrik quruluşu var. Fransız araşdırmaçısı P. Kostanın XIX əsrdə məscidin ancaq baş fasadının sxemini verməsini də bəzi tədqiqatçılar bununla izah edirlər. Bu ilk bərpa sxemində Göy məscidin baş fasadına çox sadə memarlıq həlli verilmişdir: mərkəzdə həcmlə ayrılmış baştağ verilmiş, ona bitişən yan qanadlar minarələrlə qapanmışdır. Baştağın arxasında – simmetriya oxunda mərkəzi salonun nəhəng qübbəsi ucalır. Türk rəssamı Nasuh Matrakçının XVI əsrin I yarısında çəkdiyi "Təbriz" miniatürünə əsaslanan V. Muradov isə fransız tədqiqatçının təklifinə əsaslı düzəlişlər etmişdir.

Matrakçının həmin miniatürünün yuxarı sağ küncündə çəkilən monumental dini tikili ilə həm kompozisiya, həm də şəhər quruluşunda yerləşməsinə görə, şübhsiz ki, rəssam Göy məscidin baş fasadın təsvir etmişdir. Azərbaycan memarlıq tarixi üçün olduqca dəyərli sənəd olan bu təsvir göstərir ki, Göy məscidin baş fasadının P. Kostanın təsəvvür etdiyindən daha mürəkkəb və plastik memarlıq həlli olmuşdur.[14] Türk rəssamının təsvirində məscidin mərkəzi günbəzindən başqa simmetrik qoyulmuş hündür barabanlı iki kiçik günbəz də göstərilir. Burdan belə nəticəyə gəlinir ki, künc salonların, eləcə də Göy salonun günbəz örtükləri (diametrləri uyğun olaraq 8,5 m və 9 m) Göy məscidin ümumi gövdəsindən xeyli hündürə qalxmış, beləliklə, ilkin halda mərkəzi günbəzin ətrafında ucalan beş kiçik günbəz də Göy məscidin kompozisiyasında əhəmiyyətli rol oynayırmış.

Matrakçının miniatüründə mərkəzi günbəzin barabanı daha uca və münasibdir, minarələrin biçimi, nisbətləri və ucalığı isə daha inandırıcıdır. P. Kostanın təklifində günbəzin abrisi, baştağın üst hissəsi və minarə şərəfəsinin biçimi şübhə doğurur və formaca XV yüzilin Azərbaycan memarlığının Təbriz məktəbinin memarlıq abidələrinin uyğun elementləri ilə düz gəlmir.

Göy məscidin uçulmamışdan qabaq – 1537-ci ildə naturadan çəkilmiş rəsmində türk rəssamının təsviri həmin regionun sağ qalmış XV əsr abidlərinin memarlıq kompozisiyasına oxşardır. Lakin bu təsvir də obyekti olduğu kimi verməmiş və o, miniatür sənətinin səciyyəsindən irəli gələn şərtlilik nəticəsində müəyyən deformasiyalar uğramışdır. Professor Cəfər Qiyasi isə Matrakçının miniatürü və P. Kostanın ölçü çertyojları, eləcə də həmin dövrün sağ qalmış digər memarlıq əsərləri əsasında Göy məscidin daha düzgün və dolğun bərpa sxemini işləmişdir. Mütəxəssis qeyd edir ki, məscidin yeni bərpa sxemini işləyərkən, xüsusilə onun baştağı və mərkəzi günbəzinin biçimlərini aydınlaşdırarkən Təbrizdən olan Azərbaycan memarının tikdiyi və Göy məscidə memarlıq–planlaşma və konstruktiv xüsusiyyətlər cəhətdən yaxın olan Məşhəddəki Şah məscidə (1451) xüsusi diqqət ayırmışdır.

Göy məscidin bərpa sxemi əsasında demək olar ki, müəllif iç quruluşla tam uyğun olan dış memarlıq həlli seçmişdir. Memar əsas otaqları – ibadət salonlarını həcmlə ayırmışdır. Onların müxtəlif ölçülü, hündür barabanlı günbəzləri yapıx biçimli əsas tutumun damı üzərində ucalırdı. İncə silindrik minarələrin vertikalları məscidin kompozisiya quruluşunda həcmlərin bölgüsünü tamamlayırdı. İç məzmundan irəli gələn belə mürəkəb həcm quruluşu məscidin əsas hissələrini gözə qabarıq çatdırırdı. Simmetriya oxunda yerləşən mərkəzi günbəz bütün hissələri bir yerə toplayaraq onları vahid və ahəngdar məkan sistemində birləşdirirdi.

Həcm elementlərinin – kritik nöqtələrin Göy məscid tikilisində sayca artması binanın siluetini zənginləşdirir və onun həcm–məkan quruluşunu daha da strukturlu edirdi. Binanın üst qatını təşkil edən həcmlərin plastik biçimləri və ritmləri kompozisiyaya təkcə ifadəli fəzalıq yox, həm də təsirli görkəm verirdi. Memarlıq bəzəyinin qeyri–adi zənginliyi və incəliyi ilə memar bu əsas ideyanı davam və inkişaf etdirmişdir.

Göy məscid orta əsr Azərbaycan memarlıq dekorunun az qala bütün nailiyyətlərini özündə toplamışdır. Onun zəngin ornamental kompozisiyaları müxtəlif materiallarla və müxtəlif üsullarla yerinə yetirilmişdir: yığma kaşı mozaikası, mərmər və gəc üzərində oyma, bişmiş və şirəli kərpiclərin naxışlı hörgüsü və sair. Buna baxmayaraq Göy məscidin bəzəyi hər şeydən öncə inkişaf etmiş kaşı bəzəyidir ki, bu bəzək də öz yüksək bədii və texniki keyfiyyətləri ilə bütün görkəmli Yaxın Şərq memarlığı araşdırmaçılarının (O. Aslanapa[20], B. Denike[21] və b.) diqqətini cəlb etmişdir. Onların çoxu bu regionda keramik memarlıq dekorunun inkişafında Təbrizin rolunu yüksək qiymətləndirmiş və göstərmişlər ki, kaşı mozaikası özünün ən yüksək səviyyəsini göy məsciddə almışdır.

Həm interyer, həm də fasad bəzəyinin rəng koloritində göy rəng üstün olduğundan abidə Göy məscid adını almışdır.[22] Göy məscidin bütün gövdəsini örtən kaşı üzlüyünün heyrətləndirici maviliyi və parlaqlığı isə başqa bir adın – "İslamın firuzəsi"[14][23] epitetinin də yaranmasına səbəb olmuşdur.

Göy məscidin ornamental dekorunda rəngli xırda kaşı lövhələrindən əmələ gələn incə və mürəkkəb bitki motivləri üstünlük təşkil edir. Eyni zamanda onda səkkizbucaqlı ulduz və çoxbucaqlı formalı kaşı lövhələrindən quraşdırılmış həndəsi ornamentlər də işlədilmişdir. Onların iç səthləri bitki və epiqrafik naxışlarla doldurulmuşdur. Rəsmin çox xırdalanması (ayrı–ayrı kaşı detallarının ölçüsü 2–3 sm-ə qədər xırdalanır), bitki ornamentləri elementlərinin natural formalara yaxınlığı Göy məscidin bəzəyinə onu Orta Asiya və Şimal–Şərqi İranın Teymurlular dövrü tikililərinin kaşı bəzəyindən fərqləndirən özümlülük verir.

Göy məscidin interyeri

Göy məscidin fasad və interyerlərinin tamam kaşı üzlüyünə tutulması tədqiqatçı Q. Puqaçenkova tərəfindən Teymurluların monumental memarlığının təsirləri ilə bağlanmışdır.[24] Lakin Cəfər Qiyasi bu məsələnin mübahisəli olduğunu yazaraq, bildirir ki, "əksinə, Teymurlu dövrünün bir yandan Məşhəd, Herat, Səmərqəndİsfahan, başqa yandan BursaKonya memarlıq abidələrinin kaşı bəzəyində görünən oxşarlığı hər iki zonada ustaları çalışmış Təbrizin müəyyən təsiri ilə izah edən araşdırmaçıların fikrində daha çox inandırıcılıq vardır".[14] Göy məscidin kaşı üzlüyü yerli köklərlə bağlı olub, elxanilər dövründə Təbriz zonasında yaranmış və kökləri Marağa–Naxçıvan memarlıq məktəbinin ənənələrinə gedir.[1] Orta və Kiçik Asiyada, İranda, Volqa boyunda aktiv yaradıcılıq ilə məşğul olan Təbrizin orta əsr memarlıq bəzəyi ustaları, sanki bütün bacarıqlarını Göy məsciddə nümayiş etdirərək kaşı mozaikasının təkamülünü başa çatdırmışlar. Göy məscid dekoru və incə üslubu ilə orta əsr Azərbaycan memarlığında memarlıq bəzəyinin zəriflik, zənginlik, əlvanlıq və gözəllik zirvəsidir.[14]

Öz həcm–məkan həllinə görə Göy məscid Azərbaycan memarlığında yeganə olmamışdır. Göy məsciddən qabaq və sonra tikilmiş iki abidə göstərir ki, XV əsrdə Təbriz arealında bu məscidin də daxil olduğu dini tikililərin xüsusi tiplolji qrupu olmuşdur. Həmin abidələrdən birincisi Məşhəddəki şah məscididir. Araşdırmaçların fikrincə memar Əhməd Təbrizi bu məscidi tikməklə Təbriz memarlıq məktəbi ənənələrini Xorasana gətirmişdir. Məşhəd məscidinin mərkəzi günbəzli salonu hər tərəfdən qalereya və yerləşgələrlə əhatə olunmuşdur. Şah məscidinin Göy məscidlə tip ümumiliyi planların ümumi həllində, xüsusilə simmetrik quruluşlu baş fasadın işlənməsində özünü göstərir.

Matrakçının "Təbriz" miniatüründə 1478–1485-ci illərdə tikilmiş Uzun Həsən məscidi də təsvir edilmişdir. Bu təsvir göstərir ki, Göy məscid və Uzun Həsən məscidləri təkcə xronoloji cəhətdən deyil, həm də tipoloji baxımdan yaxın tikililər olmuşlar.

Göstərilən hər üç abidənin müqayisəsi nəticəsində aydınlaşdırılmışdır ki, Göy məscid bu tipoloji qrupda əsas mövqe tutmuşdur. Özünün bütün kyfiyyətləri – funksional–texniki və memarlıq bədii göstəriciləri ilə bu məscid Təbriz memarlıq məktəbinin yetkin dövrünün zirvəsi olub, dünya memarlıq inciləri sırasına daxil edilmişdir.[14]

  1. 1 2 Azərbaycan incəsənəti. Bakı: 2007
  2. Архитектура средневековья
  3. "Архитектура". 2011-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-20.
  4. "Гияси. Архитектура азербайджанского средневековья". 2016-03-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.
  5. "Искусство Азербайджана – Всеобщая история искусств. Том 2, книга вторая". 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-20.
  6. "Кара-Коюнлу". 2014-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.
  7. "История Азербайджана". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-20.
  8. Övliya Çələbi. Səyahətnamə. Bakı: 1993
  9. H. Q. 01.01.870–30.12.870 = M. 01.09.1465-21.08.1466
  10. Blue Mosque, Tabriz [ölü keçid]
  11. 1 2 Cəfər Qiyasi. Təbrizin Göy məscidi. Qobustan, 1972, № 1
  12. Azərbaycan incəsənəti. Bakı: 2007, səh. 241
  13. 1 2 Hafiz Hüseyn. Rouzat əl–cinan və cənnət əl cinan. II cild, Tehran, 1343
  14. 1 2 3 4 5 6 7 8 Cəfər Qiyasi. Təbriz Göy Məscidi. Qobustan, № 1, Bakı, 1974
  15. Ekrem Hakkı Ayverdi. Osmanlı Mimarisinin İlk Devri. İstanbul, 1989, səh 345
  16. Aslanapa, O. "Anadolu Selçuklu Sanatı". I. Uluslararası Selçuklu Kültür ve Medeniyeti Kongresi, C: I, Konya, 2001
  17. Cəfər Qiyasi. Təbrizin Göy məscidi. Qobustan, № 1, Bakı, 1974
  18. Azərbaycan incəsənəti. Bakı: 2007, səh. 124
  19. "Азербайджанского средневековья". 2016-03-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.
  20. Oktay Aslanapa. Türk Cumhuriyetleri Mimarlık Abideleri. Ankara: 1996, səh. 256
  21. Б. Денике – Искусство Востока. Казань: 1923
  22. "Blue Mosque Britannika". 2014-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-20.
  23. "Blue Mosque". 2017-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-20.
  24. Пугаченкова Г. А., Ремпель Л. И. Выдающиеся памятники архитектуры Узбекистана. Таш., 1958

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]