Future Diary
Future Diary | |
未来日記 (Mirai Nikki) azərb. Gələcək gündəliyi | |
---|---|
Janr | döyüş, psixoloji triller,[1] romantika[2] |
Manqa | |
Manqaka | Sakae Esuno |
Nəşriyyat | Kadokawa Shoten |
Tərcüməçi nəşriyyat | |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 26 yanvar 2006 – 25 dekabr 2010 |
Cildlər | 12 (cild siyahısı) |
Fəsil sayı | 59 |
Manqa | |
Future Diary: Mosaic/Paradox/Redial | |
Manqaka | Sakae Esuno |
Nəşriyyat | Kadokawa Shoten |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 26 noyabr 2008 – 26 iyul 2013 |
Cildlər | 3 (cild siyahısı) |
Fəsil sayı | 15 |
Anime | |
Rejissor | Naoto Hosoda |
Ssenarist | Katsuhiko Takayama |
Bəstəkar | Tatsuya Kato |
Studiya | Asread |
Digər lisenziyalar | |
Kanal | Chiba TV (2011–12) |
Buraxılış tarixi | 10 oktyabr 2011 – 16 aprel 2012 |
Seriyalar | 26 + OVA (seriya siyahısı) |
Anime | |
Future Diary: Another:World | |
Rejissor | Miçiko Namiki, Şoqo Miyaki |
Prodüsser | Ryota Fucino |
Ssenarist | Sayaka Kuvamura Kaeko Hayafune |
Bəstəkar | Şuiçiro Fukuhiro |
Kanal | Fuji TV |
Buraxılış tarixi | 21 aprel 2012 – 30 iyun 2012 |
Seriyalar | 11 |
Future Diary və ya Yaponiyada tanınan adı ilə Mirai Nikki (未来日記?, azərb. Gələcək gündəliyi) — Sakae Esuno tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. Manqa seriyası gələcəkdə baş verəcək hadisələr haqqında xəbər verən gündəliklərə malik 12 şəxsin tanrı olmaq üçün qatıldıqları ölüm oyunundan bəhs edir. Manqa seriyası 2006-cı ilin yanvarından 2010-cu ilin dekabrına kimi Kadokawa Shoten nəşriyyatının "Monthly Shōnen Ace" jurnalında nəşr olunmuşdur. Yaponiyada 12 tankobon cildi çap edilmişdir. Manqa Tokyopop tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır. Tokyopop manqanın 10 cildini Şimali Amerikada nəşr etdirmişdir, lakin manqanı nəşr etməyi dayandırdığından son iki cild çapdan çıxmamışdır. Pilot anime seriyası 2010-cu ilin dekabrında manqanın 11-ci cildi ilə birlikdə buraxılmışdır. Asread studiyası tərəfindən istehsal olunmuş 26 seriyadan ibarət anime serialı Yaponiyada 2011-ci ilin oktyabrından 2012-ci ilin aprelinə kimi yayımlanmışdır. Funimation animeni Şimali Amerika regionu üçün lisenziyalaşdırmışdır. 2012-ci ilin aprel-iyun aylarında isə 11 seriyadan ibarət dorama efirə buraxılmışdır.
Sakae Esuno 3 əlavə manqa da yazmışdır və hər biri 5 fəsildən ibarətdir. "Future Diary: Mosaic" Minene Uryuudan və əsas hadisələrin qaranlıq qalmış nüanslarından bəhs edir. "Future Diary: Paradox" ("Young Ace" jurnalında nəşr olunmuşdur) Aru Akise və Murmurun alternativ zaman xəttində başına gələn hadisələrdən söz açır. "Future Diary: Redial" isə əsas hadisələr üçün epiloq rolunu oynayır.
Məzmun
[redaktə | mənbəni redaktə et]Yukiteru "Yuki" Amano vaxtının çoxunu mobil telefonuna gündəliyini yazmaqla və xəyalında uydurduğu dostları — zaman və məkan tanrısı Deus Ex Machina və onun xidmətçisi Murmurla söhbət etməklə keçirən tənha şagirddir. Bir gün Deus Ex Machina hansısa bir oyundan bəhs edərək Yukiyə xüsusi gündəlik verir. Qəribəsi odur ki, yeni gündəlik Yukiterunun növbəti 90 gündə yazacağı şeyləri artıq yazır və bununla da Yukiteruya bir növ gələcəkdən xəbər verir. Deus Yukiyə başa salır ki, onunla birlikdə daha 11 nəfərin belə gündəliyi var. Hər gündəlik sahibindən asılı olaraq ayrı xüsusiyyətə və formaya malikdir. Deus bildirir ki, o və digər 11 nəfər yeni zaman və məkan tanrısı olmaq üçün keçirilən ölüm oyununda iştirak edir. Ölüm oyunun qaydaları sadədir: gündəlik sahibləri bir-birilərini tapmalı və öldürməlidirlər. Sonda sağ qalmış bir gündəlik sahibi 90 gün sonra baş verəcək qiyaməti dayandıra və yeni tanrı ola bilər.
Yuki əvvəlcə oyunda qalib gəlməyə həvəsli olmur. Lakin Deus digər iştirakçıları məlumatlandırır ki, 1-ci gündəlik sahibi, yəni Yuki oyunun favoritlərindən biridir. Yuki onu həddən artıq sevən və qorumağa çalışan, sinif yoldaşı və 2-ci gündəlik sahibi olan Yuno Qasay ilə komanda olmağa məcbur olur. Yuki Yunonun onu qoruması üçün özünü qeyri-səmimi aparır, lakin başa düşür ki, Yuno psixopatik şəxsiyyətə malikdir, Yuki üçün təhlükə hesab etdiyi hər şeyi ortadan qaldırmaq fikrindədir. Yuno Yukiyə deyir ki, onun gündəliyinə görə oyunun son və 90-cı günü onlar üçün "Xoşbəxt sonluq" olacaq. Yunonun anormallığına və Yukidən nəsə gizlətdiyi açıq-aydın olduğu görünməsinə baxmayaraq, oyunun gedişatında Yunonun Yukiyə olan məhəbbətinin səmimi olduğu gün üzünə çıxır. Hətta Yuki digər gündəlik sahiblərinə güvənə bilməyəcəyini öyrəndiyində belə, Yunoya güvənməyə davam edir. Çünki Yunonun Yukiyə qarşı hisləri həqiqidir və Yuki sağ qalmaq üçün təkbaşına döyüşə bilməz.
Oyunun gedişatında Yukinin valideynlərinin ölməsi hər şeyi dəyişdirir. Yunodan tanrı olacağı təqdirdə valideynlərini, hətta istənilən şəxsi həyata geri qaytara biləcəyini öyrənəndən sonra Yuki insafsız, manipulativ terroristə çevrilir, digər gündəlik sahiblərini öldürmək üçün günahsız insanları tərəddüd etmədən öldürməyə başlayır. Yukinin bu hərəkətləri dostlarını, xüsusilə Yunonun nəsə gizlətdiyindən şübhələnən detektiv Aru Akiseni şoka salır. Yuno və Yuki son gündəlik sahibləri qalanda Yukinin dostlarını onları dayandırmağa çalışırlar. Aru Yukiyə xəbərdarlıq edir ki, Yuno onu aldadır və onun gizli niyyəti var. Həqiqəti qəbul etməyən və Yunonun əmirlərinə qulaq asan Yuki dostlarını daha sonra yenidən həyata geri qaytaracağını düşünərək onları həvəsiz öldürür. Aru Yukini xəbərdar etmək üçün etdiyi son ümidsiz cəhddə həyatını qurban edərək Yukiyə Yunonun əsl şəxsiyyəti haqqında ipucu verə bilir.
"Xoşbəxt sonluq" yaxınlaşdıqca Yuki Arunun son anda verdiyi ipucu haqqında fikirləşməyə başlayır. Yuki Yuno ilə ilk dəfə cinsi əlaqədə olduqdan və Yunonu öldürməkdənsə, ikisinin eyni anda intihar etməsini təklif etdikdən sonra Arunun ipucusu haqqında da söz açır. Bu zaman Yuno qəfildən Yukini balta ilə öldürməyə çalışır, Yuki bu gözlənilməz hərəkətdən çaşmış qalmış vəziyyətdə qaçmağa başlayır. Bu zaman Yukinin dadına Murmur yetişir. Murmur ona başa salır ki, onun əslində yaşadığı dünya ikinci dünyadır. Hazırda onu öldürməyə çalışan Yuno birinci dünyanın Yunosudur və əvvəlki — birinci dünyada baş tutan ilk ölüm oyununda qalib gəlibmiş və tanrı olubmuş. Murmur isə onun xidmətçisinə çevrilibmiş. Birinci dünyanın Yunosu tanrı olduqdan sonra Yukini diriltməyə çalışmış, lakin tanrı olduqda belə insanları dirildə bilməyəcəyini anladıqdan sonra Yuki ilə yenidən bu oyunu oynamaq üçün keçmişə — ikinci dünyaya gəlmişdir. İkinci dünya ikinci dünyanın Yunosunu öldürərək onun yerinə keçmiş və özünü ikinci dünyanın Yunosu kimi göstərmişdir. Eyni zamanda birinci dünyanın Murmuru da ikinci dünyanın Murmurunun yerinə keçmişdir.
Birinci dünyanın Murmuru izahatını bitirdikdən sonra Yuno başa salır ki, hər ikisinin ölməsi mənasızdır. Əgər Yuki onu öldürməyəcəksə, onda əvvəl-axır Yuno onu öldürməli olacaq. Yunonun əsl niyyəti Yukini öldürmək, yenidən tanrı olmaq, yenidən keçmişə — üçüncü dünyaya qayıdıb Yuki ilə yenidən bu oyunu oynamaqdır. Yuno Yukini az qala öldürəcək ikən, ölmüş hesab olunan 9-cu gündəlik sahibi Minene Uryuu qəfildən peyda olaraq Yukini xilas edir. Yuno və Murmur onları tərk edərək üçüncü dünyaya gedirlər, lakin Yuki və Minene onların arxasınca gələ bilirlər. Minene başa salır ki, ikinci dünyada Deus Murmurun və Yunonun paralel dünyalardan olduqlarından şübhələnibmiş, onların oyunu korlamaqlarının qarşısını almaq üçün Mineneyə öz gücünün bir hissəsini veribmiş və onu ölü kimi göstəribmiş. Üçüncü dünyaya çatanda başa düşürlər ki, hazırda oyunun başlamasına iki il var. Minene əvvəlki dünyalarda gündəlik sahiblərinin başına gələn bədbəxt hadisələrin qarşısını alır. Bunun nəticəsində üçüncü dünyanın Yunosu başa düşür ki, onun valideynləri onu qorumaq istəyirlər. Yuki birinci dünyanın Yunosunu üçüncü dünyanın Yunosunu öldürməməyə razı salır. Yuki ondan onu öldürməsini və dünyasına qayıdaraq özü üçün daha yaxşı dünya yaratmasını istəyir. Lakin Yukiyə olan sevgisinə görə Yuno Yukini öldürə bilmir və əvəzində özünü öldürür. Oyun başa çatır və Yuki ikinci dünyanın yeni tanrısı olur.
Yeni statusuna və güclərinə baxmayaraq Yuki Yunonun ölümünə çox üzülür, gündəliyindəki "Yuno öldü" cümləsinə gözlərini zilləyir. Yuki ikinci dünyanın Murmuru ilə öz post-apokaliptik kainatının boşluğundan 10.000 il keçirir. Üçüncü dünyanın Yunosunda isə Yuki haqqında xatirələr canlanmağa başlayır. Birinci dünyanın Murmurunun köməyi ilə Yuno birinci dünyanın Yunosunun xatirələrinə sahib olur və Yukini sevdiyini xatırlayır. Yuno bir neçə cəhddən sonra boşluqda yaşayan Yukini tapıb üçüncü dünyaya dəvət edir. Deus onları öz varisləri kimi təyin edir. Yuno və Yuki üçüncü dünyada xoşbəxt şəkildə yaşamağa başlayırlar.
№ | Sahib | Təmsil etdiyi tanrı |
Gündəliyi | Məlumat |
---|---|---|---|---|
1 | Yukiteru Amano | Yupiter | Təsadüf gündəliyi | Yukinin gözündən qarşısına çıxan təsadüfi şeylərdən xəbər verir. |
2 | Yuno Qasay | Yunona | Yukiteru gündəliyi | Ancaq Yukiterunun başına gələcək hadisələrdən xəbər verir. |
3 | Takao Hiyama | Vulkan | Qətliam gündəliyi | Növbəti qurbanları və onları harada öldürəcəyi haqqında xəbər verir. |
4 | Keyqo Kurusu | Merkuri | Kriminal tədqiqat gündəliyi | Baş verəcək cinayət hadisələri haqqında xəbər verir. |
5 | Reysuke Hoco | Serera | Hipergörmə gündəliyi | Gün boyunca görəcəyi kiçik işlərdən xəbər verir. |
6 | Tsubaki Kasuqano | Prozerpina | Gələcəyi görmə gündəliyi | Lideri olduğu təriqətin izləyicilərinin görəcəyi şeylərdən xəbər verir. |
7 | Marko İkusaba və Ay Mikami | Mars və Venera | Mübadilə gündəlikləri | Bir-birilərinin gələcəyindən xəbər verir. |
8 | Kamado Ueşita | Vesta | Bloq gündəliyi | Digərlərinə "Şagird gündəlikləri" verməyə imkan verir. |
9 | Minene Uryuu | Minerva | Qaçış gündəliyi | Çətin vəziyyətlərdə qaça biləcəyi ən yaxşı yolları göstərir. |
10 | Karyuudo Tsukişima | Diana | Damazlıq gündəliyi | İtlərinə düşmənlərinə hücum etməyi əmr verməyə imkan verir. |
11 | Con Bakkus | Dionis | İzləyici gündəliyi | Digər gündəlik sahiblərinin gündəliklərindəki yazılanlara baxmağa imkan yaradır. |
12 | Yomotsu Hirasaka | Pluton | Ədalət gündəliyi | Gələcəkda baş verəcək bədbəxtliklər haqqında xəbər verir. |
Media
[redaktə | mənbəni redaktə et]Manqa
[redaktə | mənbəni redaktə et]"Future Diary" Sakae Esuno tərəfindən yazılmış və çəkilmiş manqa seriyasıdır. Manqa 26 yanvar 2006-cı ildən 25 dekabr 2010-cu ilə kimi Kadokawa Shoten nəşriyyatının "Shōnen Ace" jurnalında nəşr olunmuşdur.[3] Kadokawa Shoten manqanın fəsillərini 12 cilddə, yan hekayə manqaları olan "Future Diary: Mosaic" və "Future Diary: Paradox" manqalarının hərəsini 1 cilddə toplamışdır. Tokyopop manqanı Şimali Amerika regionu üçün lisenziyalaşdırmışdır, lakin 10 cildini nəşr etdikdən sonra 31 may 2011-ci ildə nəşri dayandırmışdır. "Future Diary: Redial" (未来日記リダイヤル, Mirai Nikki Ridaiyaru?) "Shōnen Ace" jurnalının 26 mart 2013-cü ildə satılmış may 2013 buraxılışında nəşr olunmuşdur. "Future Diary: Redial" manqanın tək cildi 2013-cü ilin iyulunda çapdan çıxmışdır.[4]
Cild siyahısı
[redaktə | mənbəni redaktə et]Anime
[redaktə | mənbəni redaktə et]Asread studiyası tərəfindən Naoto Hosodanın rejissorluğu ilə çəkilən anime serialı 10 oktyabr 2011-ci ildə yayımlanmağa başlamışdır.[5] Personajları Eyci Hirayama və Ruriko Vanabe dizayn etmişdirlər. Səkkiz dəqiqəlik pilot seriyası manqanın 11-ci cildinin məhdud nəşri ilə birlikdə 9 dekabr 2010-cu ildə yayımlanmışdır.[6] Anime serialı üçün 4 mahnıdan istifadə olunmuşdur: iki açılış və iki bağlanış mahnısı. İlk 14 seriyada açılış mahnısı kimi Yosey Teykoku tərəfindən ifa olunan "Kūsō Mythology" (空想メソロギヰ, Kūsō Mesorogii?, azərb. "Fentezi mifologiyası") mahnısı, bağlanış mahnısı kimi Faylan tərəfindən ifa olunan "Blood Teller" (azərb. "Qan nağılçısı") mahnısı səsləndirilmişdir. 15-ci seriyadan etibarən açılış mahnısı Faylan tərəfindən ifa olunan "Dead End" (azərb. "Yolun sonu") mahnısı, bağlanış mahnısı isə Yosey Teykoku tərəfindən ifa olunan "Filament" (azərb. "Lif") mahnısı olmuşdur. Pilot seriyası üçün istifa olunmuş əsas mahnısı Yosey Teykokunun "The Creator" (azərb. "Yaradıcı") mahnısıdır. Funimation anime serialını Şimali Amerika regionu üçün lisenziyalaşdırmış və Niconico vasitəsilə yayımlamışdır.[7]
"Future Diary: Redial" adlı OVA seriyası anime serialında baş verənlər üçün epiloq rolunu oynayır. OVA seriyası 19 iyun 2013-cü ildə Niconico-da xüsusi olaraq yayımlanmışdır. OVA seriyası eyniadlı manqa cildi ilə birlikdə buraxılmışdır. OVA seriyasının açılış mahnısı Yosey Teykoku tərəfindən ifa olunan "Kyōki Chinden" (狂気沈殿?, azərb. "Dəlilik yağışı") mahnısı, bağlanış mahnısı Faylan tərəfindən ifa olunan "Happy End" (azərb. "Xoşbəxt sonluq") mahnısıdır.
Vizual roman
[redaktə | mənbəni redaktə et]Kadokawa Shoten manqa əsasında "Future Diary: The 13th Diary Owner" (未来日記 -13人目の日記所有者-, Mirai Nikki 13-nin-me no Nikki Shoyūsha?, azərb. "Gələcək gündəliyi: 13-cü gündəlik sahibi") adlı vizual roman istehsal etmişdir. Vizual roman Yaponiyada 28 yanvar 2010-cu ildə buraxılmışdır.[8] Oyunun yeni qrafiklərə və stilə malik, personajları animedəki seyyuular tərəfindən səsləndirilmiş yeni versiyası 26 aprel 2012-ci ildə satışa buraxılmışdır.
Dorama
[redaktə | mənbəni redaktə et]21 aprel 2012-ci ildən 30 iyun 2012-ci ilə kimi Fuji TV-də 11 seriyadan ibarət dorama yayımlanmışdır.[9] Doramanın anime və manqadan fərqlənən orijinal süjet xətti var.
Qəbul
[redaktə | mənbəni redaktə et]2008-ci ilin noyabrının ortalarında "Future Diary" manqasının yeddinci cildi Yaponiyada ən yaxşı satan 21-ci kitab olmuşdur.[10] Növbəti həftə ilk otuzluqdakı yerini qorusa da, 25-ci yerə düşmüşdür.[11] 2012-ci ilin aprelinə qədər manqanın Yaponiyada 4 milyondan çox nüsxəsi satılmışdır.[12]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "The Future Diary". Funimation. 2016-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2016.
- ↑ "Future Diary Volume 1". About.com. 2014-07-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2016.
- ↑ "少年エースA 2011年 02月号" (Japanese). Amazon.co.jp. 2021-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2016.
- ↑ "Part of Future Diary Redial Manga to Be Published in March". Anime News Network. February 23, 2013. 2021-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2016.
- ↑ "Future Diary/Mirai Nikki TV Anime Confirmed for Fall". Anime News Network. April 21, 2011. 2011-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2016.
- ↑ "Future Diary, Sora no Otoshimono Anime DVDs Listed". Anime News Network. March 23, 2010. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2016.
- ↑ "Funimation to Simulcast Is This a Zombie? of the Dead, Jormungand Anime". Anime News Network. April 7, 2012. 2012-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2016.
- ↑ "未来日記 -13人目の日記所有者-". Neowing (Japanese). 2020-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2016.
- ↑ "Ayame Gōriki Stars in Live-Action Future Diary/Mirai Nikki". Anime News Network. February 29, 2012. 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2016.
- ↑ "Japanese Comic Ranking, November 18–25". Anime News Network. 2010-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2016.
- ↑ "Japanese Comic Ranking, November 26 – December 2". Anime News Network. 2010-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2016.
- ↑ "Live-Action Mirai Nikki/Future Diary 's Promo Streamed". Anime News Network. April 9, 2012. 2021-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2016.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- future-diary.tv — Rəsmi saytı (yap.)
- Future Diary (manqa) Anime News Network Ensiklopediyasında
- Manqa seriyaları
- 2006-cı ilin manqaları
- 2008-ci ilin manqaları
- 2011-ci ilin anime serialları
- Döyüş anime və manqaları
- Asread
- Uydurmada ölüm oyunları
- Fuji Television verilişləri
- Funimation
- Kadokawa Shoten manqaları
- Uydurmada paralel kainatlar
- Elmi fantastika anime və manqaları
- Şonen anime və manqaları
- Zaman səyahəti komiksləri
- Zaman səyahəti teleserialları
- Tokyopop komiks başlıqları
- Doramalar