Butmir mədəniyyəti
Butmir mədəniyyəti — Bosna çayının (Bosniya) yuxarı və orta axarında Son Neolit – Erkən Eneolit dövrünə (e.ə. 5200–4600) aid abidələrin lokal qrupu.[1]
Təsviri
[redaktə | mənbəni redaktə et]Adı 1893–1906-cı illərdə tədqiq olunmuş Butmir məskənindən (Sarayevo şəhəri yaxınlığında) götürülmüşdür. Ocaqları bayır tərəfdə yerləşən yarımqazma və yerüstü möhrə evlərdən ibarət kiçik kənd yerləri, həmçinin çaxmaqdaşı alətləri emalatxanalarının qalıqları aşkar olunmuşdur. Butmir mədəniyyətinə aid qaracilalı kasalar, bardaqlar, səhənglər, altlıqlı piyalələr, armudvarı amforalar, sivri oturacaqlı və konusvarı qablar, oyma, yaxud cızma və nöqtəşəkilli naxışlarla (kannelür, spiral, üçbucaq, romb və ziqzaqlar) bəzədilmiş dördayaqlı “mehrablar”, həmçinin naxışsız kobud keramika tapılmışdır. Antropomorf və zoomorf heykəltəraşlıq mövcud olmuşdur. Çaxmaqdaşıdan düzəldilmiş bıçaqşəkilli lövhələr, ərsinlər və oxlara rast gəlinmişdir. Təsərrüfatın əsasını toxa əkinçiliyi (buğda, arpa, mərci), qaramal, donuz yetişdirilməsi təşkil edirdi. Butmir mədəniyyətinə Vinça mədəniyyətinin güclü təsiri olmuşdur. Herseqovina, Dalmasiya, Adriatik dənizi adalarında Butmir mədəniyyətinə yaxın Xvar-Lisiçnitsi qrupu abidələri yayılmışdır. Son vaxtlar onları Butmir-Xvar mədəniyyətində birləşdirirlər.[1]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Butmir mədəniyyəti// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 133.