Bernhard fon Bülov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bernhard fon Bülov
alm. Bernhard von Bülow
Almaniyanın kansleri[d]
17 oktyabr 1900 – 14 iyul 1909
Şəxsi məlumatlar
Doğum adı Bernhard Heinrich Martin Karl von Bülow
Doğum tarixi 3 may 1849(1849-05-03)[1][2][…]
Vəfat tarixi 28 oktyabr 1929(1929-10-28)[1][2][…] (80 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xəstəlik
Təhsili
Fəaliyyəti siyasətçi, diplomat, dövlət xadimi, müəllif
Dini protestantlıq
Hərbi xidmət
Döyüşlər

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bernhard Henrix Karl Martin fon Bülov (alm. Bernhard Heinrich Martin Karl Fürst von Bülow‎; 3 may 1849[1][2][…]28 oktyabr 1929[1][2][…], Roma, İtaliya krallığı[3]) — alman dövlət və siyasi xadim və 1900-1909-cu illərdə Almaniya imperiyasının reyxkansleri.

Reyxkanslerliyi

[redaktə | mənbəni redaktə et]

Bernhard fon Bülov 1900-cu ildə Xlodviq Hohenloedən Almaniya imperiyasının reyxkansleri təyin olundu və ilk olaraq aşağıdakı islahatları həyata keçirdi.

1900-cü ildə qəbul edilən qanuna əsasən ölkə daxilində ayrı-ayrı təşkilatların koalisiyalar yaratmasına icazə verildi. Həmin ildə qəbul edilmiş digər bir qanuna əsasən istehsalatda bədbəxt hadisələrə görə xəsarət almış şəxslərə kompensasiyaverilməsi nəzərdə tutulurdu. 1900-cü ildə həmçinin kənd icmalarında arbitraj məhkəmələrin yaradılması haqqında qanun qəbul edildi.

Bülovun daxili siyasətində Otto fon Bismarkla oxşarlığı onda idi ki, o da Bismark kimi ölkənin gələcəyini məhz sənayenin, ticarətin inkişafında görürdü. 1902-ci ildə Bülov reyxstaqın ölkəyə gətirilən taxıl və taxıl məhsulları üzərinə qoyduğu gömrükhaqlarının artırılması ilə yeni tarifin tətbiq olunmasına nail oldu. Yeni tarif 1902-ci ildə qəbul olunsa da, 1904-cü ilin yanvar ayının 1-dən qüvvəyə mindi. Həmin tarifə görə ölkəyə gətirilən arpa, buğda, çəltik məhsulları üzərinə qoyulan gömrük rüsumu 3 dəfəyədək artırıldı. Eyni zamanda 1902-ci il tarifi əhalinin aztəminatlı təbəqələrinin və sənaye burjuaziyasının ərzaq və xammala sərf etdiyi xərcləri kifayət qədər artırmış oldu ki, bu da narazılıqların baş verməsinə səbəb oldu. 1903-cü ildə 12 yaşına çatmamış uşaqların istehsalatda çalışması qadağan edildi.

1904-cü ildə Almaniya Cənub-qərbi Afrikada hottentot və perero tayfalarının üsyanları ilə üzləşdi. Məsələnin mahiyyəti Almaniyanın burada yaşayan təqribən 200 mindən çox əhalisi olan bu tayfalara qarşı soyqırım həyata keçirməsində idi. 1904-1905-ci illər üsyanı zamanı bu tayfalarda cəmi 50-60 min əhali qalmışdı. Rezervasiyaların yaradılması, torpaqlarının əllərindən alınması, qul kimi istismar olunmaları bu tayfaları 1904-cü ildə üsyana qaldırdı. Hökumət bu üsyanı yatırmaqda çətinlik çəkdiyi üçün əlavə olaraq buraya 17 minlik alman qoşunlarının göndərilməsi haqqında məsələni reyxstaqda müzakirəyə çıxardı. 17 minlik ordu əlavə maliyyə tələbatına ehtiyac yaradırdı. Lakin bu məsələdə Katolik Mərkəz Partiyası hökumət qarşısında bir şərt qoydu. Bütün müstəmləkə sistemində adminstrasiyaların yaradılması prosesində Katolik Mərkəz Partiyası ilə katolik kilsəsi hökmən iştirak etməli idilər. Lakin onların bu şərti hökumət və kayzerin ətrafı tərəfindən qətiyyətlə rədd edildi. Belə olan halda konstitusiyadan istifadə edən bunderstaqın vasitəsi ilə reyxstaqın qovulması haqqında qərar qəbul etdi. 1906-cı ildə yeni parlament seçkiləri keçirildi. Bu seçkilər həddən artıq şovinist, millətçilik əhval-ruhiyyəsində keçirildi. 1906-cı il reyxstaq seçkilərində hökuməti təmsil edən partiyalar, hər iki liberal partiyası və Milli Liberalların sağ qanadı və hər iki mühafizəkarlar partiyası əldə etdilər. 397 deputat yerindən 220 yerə sahib oldular. Reyxstaqda Bülovun istədiyi formada bir ittifaq təşkil olundu. Bu ittifaqa Bülov bloku və yaxud Hottentot bloku da deyilir.

1904-cü ildə Kulturkampf siyasətinin qanunlarından biri olan yezuitlərin ölkədən qovulması haqqında olan qanun ləğv edildi. Lakin onların təhsil və nikah üzərində nəzarət hüquqları bərpa edilmədi. 1906-cı ildə reyxstaqın deputatlarına maaşların verilməsi haqqında qanun qəbul edildi.

1908-ci ilin aprelində Bülovun təşəbbüsü ilə “İttifaqlar və toplantılar haqqında imperiya qanunu” adlı yeni bir qanun qəbul edildi. Qanuna əsasən qadınların siyasi təşkilat və toplantılarda iştirakına icazə verildi. Eyni zamanda 18 yaşına çatmamış gənclərin bu toplantılarda iştirakı qadağan olundu. Ölkədə bütün antimilitarist meyilli partiyalar, təşkilat və toplantılar qadağan edildi.

1908-ci ilin oktyabr-noyabr aylarında Bülovun nüfuzuna zərbə vuran bir neçə hadisə baş verdi. 1908-ci ildə II Vilhelm İngiltərə qəzetlərindən birinə müsahibə verdi. Belə ki, belə müsahibələr götürülərkən sorğular öncədən dövlət başçılarına təqdim edilir və dövlət başçıları bu sualları cavablandırdıqdan sonra hər hansı bir düzəlişə ehtiyacın olub olmaması üçün baxış keçirilməsi məqsədi ilə öz müşavirlərinə göndərirlər. Daha sonra isə bu müsahibə qəzetdə çap edilir. II Vilhelm də qəzetdən xahişi aldıqdan sonra öz çıxışı ilə bağlı mətni hazırlatı və onu bir növ redakta olunması üçün Bülova göndərdi. Lakin Bülov II Vilhelmin çıxışına baxmır və onu birbaşa öz köməkçisinə göndərir. Köməkçisi də eynən Bülov kimi bu işə məsuliyyətsiz yanaşır. Nəticədə II Vilhelmin müsahibəsi olduğu kimi mətbuatda dərc edilir və dərc olunduğu andan etibarən böyük səs-küyə səbəb olur. Kayzer bu müsahibəsində bildirirdi ki, Almaniyada onun özündən və ətrafından ibarət kiçik bir qrupdan başqa hər bir kəs İngiltərəyə qarşı düşmən mövqedədir. Digər bir tərəfdən II Vilhelm bildirirdi ki, böyük bir dəniz donanması yaratmaqda Almaniyanın məqsədi heç də İngiltərə ilə hərbi əməliyyatlarda istifadə etmək üçün deyil, əksinə gələcəkdə baş verə biləcək hər hansı bir prosesdə birgə çıxış etməkdir. Müsahibədə bildirilirdi ki, İngilis-Bur müharibəsi zamanı Fransa və Rusiya İngiltərəyə qarşı çıxmaq istəmişlər, lakin məhz II Vilhelm buna mane olmuşdur. Müsahibə dərc edildikdən sonra Fransa və Rusiya İngiltərəyə bütün bunların uydurma olduqlarının bildirdilər, Almaniyaya nota göndərildi. Ölkənin daxilində kayzerin bu çıxışı müzakirə olundu və onun səlahiyyətlərinin məhdudlaşdırılması istiqamətində belə çıxışlar oldu. Bülov bu məsələdə öz günahını boynuna almaq əvəzinə bütün günahları kayzerdə gördü. Artıq baş verənlərdən sonra II Vilhelmə Bülovu vəzifəsindən uzaqlaşdırmaqdan ötrü bir bəhanə lazım idi. Belə bir bəhanə isə 1908-ci ildə əldə edildi.

1908-ci ildə maliyyə islahatı keçirildi və islahata əsasən donanmanın maliyyələşdirilməsi ilə bağlı məsələ də müzakirə olundu. Donanmanın maliyyələşdirilməsi əlavə olaraq 4 milyard büdcə kəsirinin yaranmasına səb��b olurdu. Büdcə kəsirini aradan qaldırmaq üçün hər il 500 milyon marka məbləğində büdcəyə gəlir daxil olmalı idi. Bununla bağlı yeni bir layihə irəli sürüldü. Mahiyyətə əsaasən 400 milyon marka dolayısı vergilərin təyin edilməsi ilə toplanmalı idi. Yerdə qalan 100 milyon isə vərəsəlik hüququ əsasında toplanmalı idi. 1909-cu ilin iyunun 24-də Bülov növbəti dəfə qanun layihəsi təqdim etdikdə parlamentdə uğursuzluğa düçar oldu. 1909-cu ilin iyulunda artıq hakimiyyətdə qalmağın mənasız olduğunu başa düşən Bülov istefa ərizəsini imperatora təqdim etdi.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Bernhard Heinrich Martin Karl Furst von Bulow // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Deutsche Nationalbibliothek Record #118517023 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.