Azatlar
Azatlar — Sasanilər İmperiyasında, eləcə də Atropatenada mövcud olmuş sosial təbəqə.
İran tarixçisi Səid Nəfisi azad məfhumunu belə izah edir: "Arilər İran ərazisinə gəldikdən sonra yerli türk əhalidən fərqlənmək üçün özlərini azat adlandırmışlar. Sonralar azat məfhumu nəcib, alicənab mənalarında da işlədilmişdir. Sasanilər dövründə mövcud olan süvari (səvari) yaxud əsvaran silki də onlardan törəmişdir. Pəhləvi dilində olan əsvari terminindən müasir səvar termini əmələ gəlmişdir. Ərəblər isə bu sözü cəm halında əsavirə ilə əvəz etmişlər. Bu təbəqə əsas etibarilə əkinçiliklə məşğul olurdu. Lakin bu işi onların ixtiyarında olan kəndlilər icra edirdilər. Azatların bir qismi sarayda yüksək mövqe sahibi idi. Belə ki, II Xosrovun oğlanlarının tərbiyəçisi bu silkdən olmuşdur."
Sasanilər dövründə bu silkə irsi olaraq kəndlilərin idarə edilməsi tapşırılmışdı. "Tanserin məktubu"nda göstərildiyinə görə əyanların (yuxarı silkin) hökmranlıq hüququ irsi olmuşdur. Lakin M.Ravəndi bu fikrin əleyhinə çıxaraq yazır ki, ""Tanserin məktubu"nda olan yuxarıdakı fikir inandırıcı deyil. Çünki bir sıra mənbələrdən məlum olur ki, hökmdar məsləhət və məşvərət etmədən öz arzusuna görə yeni hakimlər təyin edir və istədiyi şəxsləri, hətta onlar əyan ailəsindən olmuş olsalar belə işdən azad edirdi". Lakin Fazili Abdulla qeyd edir ki, hökmdarın bir əyani işdən götürəsi və yaxud məsləhətsiz digərinə rütbə verməsi hakimlərin, habelə əyanların irsi olması fikrini inkar etmir.
M. Ravəndi yazır: "Sasani dövlətinin arxalandığı əsas təbəqə sayca çox olan və geniş əkinçi silkini istismar edən azat mülkədarlar idi. Bu dövrdə azatlar həm də Sasani ordusunun özəyini təşkil edirdi. Bu silk Məzdəkilər hərəkatından sonra sarayın diqqətini daha çox cəlb etməyə başlamışdı. Bundan sonra onlara müstəqil silah almaq hüququ verilirdi. Digər tərəfdən onların bir çoxu əsilzadə hüququ da aldı".