Azərbaycanın bank sistemi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Azərbaycanın bank sistemi — "Banklar haqqında" qanunla tənzimlənir.

Qanunvericiliyə əsasən ölkənin bank sistemi ikipilləlidir – Azərbaycan Respublikasının Mərkəzi Bankındankredit təşkilatlarından ibarətdir.

Əsas pilləni təmsil edən Mərkəzi Bank dövlətin mərkəzi bankıdır və onun fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanun, Mülki Məcəllə və digər normativ hüquqi aktlarla tənzimlənir. Qanunvericiliyə uyğun olaraq Mərkəzi Bank – bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir.

Bank sisteminin ikinci pilləsini kredit təşkilatları təşkil edir. Kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, "Banklar haqqında" qanun, Mülki Məcəlləsi, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Bank olmayan kredit təşkilatları haqqında" və "Kredit İttifaqları haqqında" qanunlar və s. normativ hüquqi aktlarla tənzimlənir.

Bank sektorunun inkişafı səviyyəsini cəmi aktivlərin ÜDM-ə nisbəti ilə də ölçmək olar. Ekspertlərin hesablamalarına görə, iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdə bank sektorunun cəmi aktivlərinin ÜDM-də payı 5%-i ötmür. Azərbaycanda bank sektorunun cəmi aktivlərinin ÜDM-də payı təxminən 32%-ə bərabərdir.

XX əsrin əvvəlləri

[redaktə | mənbəni redaktə et]

XX əsrin əvvəllərində Azərbaycanda borc-bank sisteminin inkişafı, borc verən idarələrin ayrı-ayrı ərazilər üzrə qeyri-bərabər paylanması bəzi rayonlarda bank kapitalının daha çox, digərində isə az cəmlənməsi kapitalist təsərrüfat sisteminə xas olan sənaye kapitalı ilə bank kapitalının çulğaşması ilə xarakterizə olunurdu.

Neft sənayesinin XX əsrin əvvəllərindəki dünya böhranının nəticələrinə məruz qalmış Bakı şəhərində 1909-cu ilə qədər, 1907-ci ildə fəaliyyətə başlayan şəhər xüsusi lombardından başqa, borc verən heç bir yeni idarə açılmamışdı. Neft istehsalının və neft məhsulları ilə ticarətin həcminin azaldığı, gəmiçilikdə yük daşınmasının ixtisara düşdüyü, əməyə tələbatın xeyli azaldığı, vergilərin çoxunun geri qaytarıldığı və bir çox idarənin iflasa uğradığı[1] şəraitdə Rusiya səhmdar kommersiya bankları öz fəaliyyət dairələrini genişləndirmək, Bakı rayonunda yeni şöbələr açmaq istəmirdi.

Kredit-bank sistemi

[redaktə | mənbəni redaktə et]

1909-cu ildə neft sənayesi və onunla bağlı istehsal müəssisələri uzunmüddətli durğunluqdan sonra öz fəaliyyətini bərpa etdiyi bir şəraitdə Bakıda kredit-bank sisteminin yeni inkişaf mərhələsi başladı. 1909-cu ildə Sankt-Peterburq Beynəlxalq Kommersiya Bankı Balaxanı kəndində özünün ikinci şöbəsini açdı.[2] 1914-cü il aprelin 15-də ilk yerli səhmdar kommersiya bankı - Bakı Tacir Bankı açıldı.[3] Onun idarə heyətinin sədri Musa Nağıyev, bank şurasının sədri isə H.Z.Tağıyev idi. 1900-1913-cü illərdə Bakıdakı 9 bank kontoru arasında ən mühümləri Əbdül Həmid Ələsgərov, Hacı Şıxəli Dadaşov, H.Z.Tağıyev və Tumanyan qardaşlarına məxsus idi, onlar kommersiya banklarından daha çox ixtisaslaşması ilə fərqlənirdi. Səhmdar bankların inkişafı ilə əlaqədar olaraq onların rolu heçə endi.

Bakıda borc (kredit) verən Qarşılıqlı Borcvermə Cəmiyyəti, Şəhər Borcvermə Cəmiyyəti, xəzinəyə və xüsusi şəxsə məxsus olan şəhər lombardı kimi idarələr də fəaliyyət göstərirdi.

Gəncə, Şuşa, Şəki, Lənkəran və Naxçıvan kimi ticarət-sənaye mərkəzlərində də kredit-bank sistemi inkişaf edirdi. Bu şəhərlərdəki kredit-bank sisteminin xüsusiyyəti dünya sənaye sistemini bürümüş böhrandan sonrakı durğunluq dövründə də inkişaf etməsi idi. Bunun başlıca səbəbi böhranın, neft sənayesindən fərqli olaraq, yerli sənaye sahələrinə və sənətkarlığa göstərdiyi təsirin zəif olmasında idi. Əvvəlki dövrlərin kapital yığımı sayəsində Şuşada yerli tacirlərin və sənaye sahiblərinin təşəbbüsü ilə 1904-cü ildə ilk kredit idarəsi - Qarşılıqlı Kredit Cəmiyyəti,[4] 1910-cu ildə Volqa-Kama Kommersiya Bankı Tiflis şöbəsinin komisyonerliyi,[5] 1914-cü il iyulun 25-də isə nizamnaməsi hələ 1905-ci ildə təsdiq olunmuş Qarşılıqlı Kənd təsərrüfatı Kredit Cəmiyyəti açıldı.[6][7]

Bank idarələrinin mövcud olduğu Gəncə şəhərində 1905-ci il yanvarın 3-dən Qarşılıqlı Borcvermə Cəmiyyəti, iki ildən sonra isə 1910-cu il yanvarın 1-dən Yelizavetpol Qarşılıqlı Kredit Kommersiya Cəmiyyəti adlandırılan ikinci belə cəmiyyət,[8] həmin il Volqa-Kama Kommersiya Bankı Tiflis şöbəsinin 1913-cü ildən həmin bankın agentliyinə çevrilən komisyonerliyi, 1912-ci il avqustun 16-dan Tiflis kommersiya bankının şöbəsi fəaliyyətə başladı.[9]

Şəkidə ilk bank idarəsi - Qarşılıqlı Kredit Cəmiyyəti 1908-ci il mayın 20-də,[10] bir ildən sonra Əhmədov qardaşlarının Banklar Evi[11] və və 1910-cu ildə isə Tiflis Kommersiya Bankının şöbəsi açıldı.[12]

Uluxanlıdan İran sərhədinə qədər dəmir yol xətti çəkildikdən sonra XX əsrin əvvəllərində mühüm ticarət mərkəzinə çevrilmiş Culfada 1910-cu ildə Azov-Don Kommersiya Bankının şöbəsi,[13] 1911-ci ildə İran Hesab-Borc Bankının şöbəsi[14] və 1912-ci ildə isə Tiflis Kommersiya bankının şöbəsi yaradıldı.[15]

Azərbaycanın başqa şəhərlərində - 1910-cu ildə Naxçıvanda Qarşılıqlı Kredit Bankının şöbəsi, 1911-ci ildə Lənkəranda Rus-Asiya bankının 1913-cü ildə həmin bankın şöbəsinə çevrilən komisyonerliyi, Astarada İran Hesablama-Borc Agentliyinin şöbəsi açıldı.

Kommersiya bankları

[redaktə | mənbəni redaktə et]

Kommersiya bankları XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən kredit-bank sistemində əsas həlqə idi. Rusiyanın Azərbaycan ərazisini fəaliyyət mühiti etmiş dövlət və səhmdar torpaq bankları sırasına 1900-cü ildən Don Səhmdar Torpaq Bankı, 1903-cü ildən Yaroslavl-Kostroma Səhmdar Torpaq Bankı,[16] 1907-ci ildən Poltava Səhmdar Bankı,[17] 1906-cı il fevralın 15-dən Kəndli Torpaq Bankın ın Zaqafqaziya şöbəsi daxil idi.[18]

Dövlət zadəgan torpaq bankı Zaqafqaziya şöbəsinə öz fəaliyyətini Azərbaycanda yaymağa icazə vermişdi, lakin bankın mərkəzi idarəsinin siyasəti yerli mülkədar və bəyləri onun müştərisi olmaqdan məhrum etmişdi. Bunun başlıca səbəbi onların imtiyazlısilkə mənsubluğunu və mülklərinin sərhədlər üzrə onların mülkiyyətində olduğunu təsdiqləyən sənədlərin olmaması idi. Yerli və Qafqaz inzibati orqanları bankın mərkəzi idarəsi qarşısında dəfələrlə vəsatət qaldırdığına baxmayaraq, bəylər öz torpaqlarını burada girov qoymaq hüququ ala bilməmişdilər. Yalnız xan nəslindən olanlar və rus əsilzadələri öz torpaqlarını bu banka girov qoya bilərdilər.

Kredit (borcvermə) idarələri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın kredit-bank sisteminin digər bir həlqəsi kiçik kredit (borcvermə) idarələri idi. Rusiyanın, o cümlədən Azərbaycanın kənd təsərrüfatında XX əsrin əvvəllərində kapitalist münasibətlərinin inkişafı ölkədə kiçik kreditin vəziyyətini əsaslı surətdə dəyişməyi tələb edirdi. Çar hökumətinin 1904-cü il iyunun 7-də təsdiq etdiyi "Kiçik kredit idarələri haqqında əsasnamə"yə görə, Rusiya dövlət bankı - kiçik kredit işləri üzrə idarə yaradıldı və ona tapşırıldı ki, kiçik kredit müəssisələri yaradılmasına himayədarlıq, onların fəaliyyətinə nəzarət və rəhbərlik etsin.[19]

Bu qanun Rusiyada kiçik kredit idarələri şəbəkəsinin yaradılması işini geniş inkişaf yoluna saldı. Azərbaycanda bu istiqamətdə ilk addımlar 1906-1907-ci illərdə atıldı. Dövlət bankının Tiflis və Bakı şöbələrinin nəzdində kiçik kredit üzrə Bakı və Yelizavetpol quberniya komitələri yaradıldı. Bank şöbələrində çalışan müfəttişlər kəndli təsərrüfatlarının xahişlərini nəzərdən keçirməli, imkan olduqda kiçik kredit müəssisələri açmalı idilər.

Kiçik kredit müəssisələri açılması Maliyyə Nazirliyinin 1905-ci ilin noyabrında təsdiq etdiyi Nizamnamə əsasında tənzimlənməli idi. Bu sənəd Azərbaycanda kiçik kredit müəssisələrinin iki növünün - kredit və borc-kredit şirkəti açılmasına yol verirdi.

Lakin kiçik müfəttişlərin sayca məhdudluğu, haqq-hesabın yerli dildə aparılmaması, qolçomaq-sələmçilərin müqaviməti və s. ona gətirib ona çıxartdı ki, Azərbaycanda ilk kiçik kredit müəssisəsi yalnız 1908-ci ildə açıldı. 1909-1913-cü illərdə kiçik kredit müəssisələrinin artım mənzərəsi belə idi: 1909-cu ildə 9, 1910-cu ildə 12, 1911-ci ildə 5, 1912-ci ildə 42, 1913-cü ildə 19, ümumiyyətlə isə həmin müddətdə cəmi 86 kiçik kredit müəssisəsi açılmışdı.[20]

Kiçik kredit müəssisələrinin çoxu Bakı quberniyasında, 8-i Naxçıvan qəzasında, 2-si isə Zaqatala dairəsində idi. Kredit şirkətləri çoxluq, borc-əmanət şirkətləri isə azlıq təşkil edirdi. Azərbaycanda kiçik kredit müəssisələri şəbəkəsinin genişliyi öz əksini bankir idarələri, qarşılıqlı kredit cəmiyyətləri və Bakı tacir bankı yaradılmasında tapırdı. Bu isə maliyyə oliqarxiyasının hakimiyyətinə gətirib çıxardı.

Azərbaycan iqtisadiyyatında rolu

[redaktə | mənbəni redaktə et]

Həmçinin bax: https://unec.edu.az/application/uploads/2022/11/M-mm-dov-li-Az-r.pdf

Kredit-bank müəssisələrinin sürətli artımı Azərbaycan iqtisadiyyatında kapitalist inkişafının tələbi ilə şərtlənirdi. Bank kapitalı kredit müəssisələri çoxaldıqca və fəaliyyətlərini genişləndirdikcə yerli sənayenin, ticarət və kənd təsərrüfatının, əhalinin təsərrüfat həyatının bütün sahələrini əhatə edirdi. Girov əvəzinə verilən borclar, bankların fəal əməliyyatının yayılma dairəsinin həcmi və s. bank kreditinin Azərbaycan iqtisadiyyatı ilə nə qədər geniş qovuşduğunu sübut edir.

Bakı banklarının, demək olar ki, hamısı əsasən neft sənayesi, ona xidmət edən sənaye sahələri və neft məhsulları ticarəti ilə bağlı idi və onlara xidmət edirdi. Veksel və əmtəə kreditlərinin əsas hissəsi neft sənayesi sahəsinə düşürdü. Çəltik və buğda dəyirmanları, tütün fabrikləri, balıq sənayeçiləri, manufaktura tacirləri, qənd, meyvə, pambıq və s. ilə ticarət edənlər də bank kreditindən geniş istifadə edirdilər.

Rusiya kommersiya banklarının Bakı şöbələri neft sənayesi ilə, yerli sənayenin başqa sahələri və ticarətlə qovuşdu, bank kapitalı sənaye kapitalı ilə qaynayıb qarışdı. Bankların şöbələri kapitalın və inhisarların təmərküzləşməsi prosesini sürətləndirib gücləndirdi, iqtisadiyyatın müxtəlif sahələrindəki qarşılıqlı əlaqələri yüksək dərəcədə qüvvətləndirdi. Bankların şöbələri təsərrüfat həyatının mərkəzinə çevrildi.

Bank şöbələrinin Gəncə qrupu 7-10 mln rublluq veksellərin hesabını aparırdı.[21] Gəncədəki bütün bank şöbələri kənd təsərrüfatının müxtəlif sahələrini, əsasən isə çaxır və araq istehsalını, pambıqçılığı və ipəkçiliyi kreditlə təmin edirdi. Nuxa və Şuşa bankları baramaçılığa və ipək sənayesinə, həmçinin başqa istehsal sahələrinə kredit verirdi. Bank şöbələrinin apardığı veksel hesabının məbləği hər il Nuxada 3-4, Şuşada isə 2-3 mln rubl olurdu.

Torpaq banklarının bir qrupu özlərinin 1916-cı ilə qədərki fəaliyyəti dövründə kənd malikanələrini girov götürməklə, Azərbaycanın torpaq sahiblərinə 7 mln rubl uzunmüddətli borc vermişdi.[22] Mülkədarlar bu kapitalın müəyyən hissəsini öz təsərrüfatlarını genişləndirməyə, onları kapitalist yolu ilə inkişaf etdirməyə yönəltmişdilər. Bu banklar, yəni Bakıda fəaliyyət göstərən Bakı şəhər Kredit Cəmiyyəti, Tiflis Zadəgan Torpaq Bankı, Don Torpaq Bankı, Tiflis Zadəgan Bankının Şuşadakı agentliyi, Poltava torpaq bankının Gəncədəki agentliyi həmin şəhərlərdə aparılan inşaat işləri üçün girov müqabilində borc vermişdi.

Azərbaycanda fəaliyyət göstərən kiçik kredit müəssisələri 1909-cu ildən 1913-cü ilədək xırda kənd burjuaziyasından olan üzvlərinə 6,5-7 mln rubla qədər borc vermişdi. Bu məbləğ kənd təsərrüfatının müxtəlif sahələrinə qoyulmuşdu.

Beləliklə, müharibədən qabaqkı illərdə Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə - sənaye, kənd təsərrüfatı və ticarətə hər il 100-150 mln rubl bank kapitalı yönəldilmişdi.

Bank kapitalı Azərbaycan iqtisadiyyatının bütün sahələrinə daxil olmuş, təsərrüfatı aparmaq üsullarını, onun strukturunu, bütün pul münasibətlərinin mahiyyətini dəyişmiş, sənayedə, kənd təsərrüfatında və ticarətdə əmtəə təsərrüfatı və kapitalizmin inkişafını sürətləndirmişdi.

2010-cu ildə bankların aktivlərinin cəmi 13290,81 milyon manat təşkil etmişdir. Orta hesabla bir bankın aktivi 295,35 milyon manata bərabər olub. Ölkənin bank sistemində təmərküzləşmə (konsentrasiya) səviyyəsi 60,7% təşkil edir. 5 bankın (Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Bank Standard, Xalq BankPaşa Bank) aktivlərinin cəmi bütün aktivlərin 60,7%-ni təşkil edir. Ölkə üzrə bankların nizamnamə kapitalının 39,2%-i, depozitlərin 61,9%-i, kredit portfelinin 58,2%-i adıçəkilən 5 bankın payına düşür.

Bank sistemində yeganə dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankıdır. Aktivlərin 41,6%-i Azərbaycan Beynəlxalq Bankına məxsusdur. Ölkə üzrə kredit portfelinin 41%-nə, depozitlərin 36%-nə bu bank nəzarət edir.

Yerdə qalan 20 bankın bazar payı 5%-dən də azdır. Bu bankların aktivləri ümumilikdə 639 milyon manat, orta hesabla hər bankın aktivi isə təxminən 32 milyon manata bərabərdir. Ölkə üzrə kredit portfelinin 8,3%-i, depozitlərin 2,5%-i bu bankların payına düşür. Orta hesabla hər bir bankın kredit portfeli 38 milyon Azərbaycan manatı, depozit portfeli isə 6,9 milyon Azərbaycan manatıdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Ежегодник. Баку и его районы, 1909, Изд. Шапсовича М.С., səh.173-174
  2. Ежегодник. Баку и его районы, 1909, Изд. Шапсовича М.С., səh.21
  3. Rusiya MDTA, f. 595, siy. 6, iş 183, v. 63.
  4. Отчет о деятельности Шушинского общества впаимного кредита за время с 31 января 1904 г. по 1 января 1905 г. Первый операционный год. Шуша, 1905, səh. 1
  5. Шушинский листок. 14 окт., 1912, № 14, səh. 3-4
  6. Шушинский листок, 1914-cü il, 17 iyul, № 56, səh.1
  7. Русские банки в 1917 г.Петроград, 1918, səh. 248.
  8. Rusiya MDTA, f. 587, siy. 47, iş 180, v. 1-4.
  9. Gürcüstan MDTA, f. 391, siy. 1, iş 309, v. 3-9
  10. Rusiya MDTA, f. 587, siy. 47. iş 190, v. 1
  11. Rusiya MDTA, f. 583, siy. 1, iş 454, v. 2-8
  12. Rusiya MDTA, f. 1290, siy. 5, iş 231, v. 13
  13. Gürcüstan MDTA, f. 14, siy 1, iş 144, v. 2
  14. Azərb. MDTA, f. 811, siy. 1, iş 72, v. 205, 207
  15. "Закавказская речь", 11 окт., 1911, № 225, səh.4
  16. Rusiya MDTA, f. 592, siy. 1, iş 281, v. 5.
  17. Rusiya MDTA, f. 626, siy. 1, iş 1030, v. 2-8.
  18. Rusiya MDTA, f. 592, siy. 1, iş 297, v. 135.
  19. Государственный банк.Банковская энциклопедия. Т. I. Киев, 1914,səh. 50.
  20. Ежегодник России на 1904 г. СПб., 1905, стр. 380-381; на 1911 г., разд. XII, стр. 92; на 1912 г., разд. XII, стр. 92; на 1913 г., разд. XII, стр. 92; на 1914 г., разд. XII стр. 96; на 1915 г., разд. XII, стр. 96.
  21. Об открытии в г. Елизаветполе отделения Гос. банка. "Южный Кавказ", 15 дек. 1911, № 58, səh. 2-3.
  22. Rusiya MDTA, f. 395, siy. 2, iş 3085а, v. 10
  • Ахундов Б.Ю. Монополистический капитал в дореволюционной бакинской нефтяной промышленности. Москва, 1959.
  • Государственный Банк. Банковская Энциклопедия. T.I, Киев, 1914
  • Ибрагимов М . Предпринимательская деятельность Г.З. Тагиева.Баку, 1990.
  • Русские банки в 1917 гг., Петроград, 1918