Antena
Aşağıdakı seriyaya aiddir: |
Antenalar |
---|
Antena — elektromaqnit dalğalarının şüalandırılması və qəbulu üçün istifadə olunan radiotexniki qurğudur. Antena istənilən radioverici və radioqəbuledici qurğunun əsas tərkib hissələrindən biridir. Bu qurğuların işinin effektivliyi antena-fider sisteminin düzgün seçilməsindən və razılaşdırılmasından əhəmiyyətli dərəcədə asılı olur. Antena-fider sistemləri aviasiyada xüsusi əhəmiyyət kəsb edirlər. Belə ki, burada radiotexniki sistemlərə və vasitələrə spesifik tələblər qoyulur. Müasir hava limanları və gəmiləri tərkibində antena olan müxtəlif lokasiya, naviqasiya və rabitə qurğuları ilə təmin olunur. Antenanın növü, onun konstruksiyası və parametrləri həlli tələb olunan məsələnin xarakterindən asılı olur. Burada rupor, dalğaötürən-yarıq, parabolik-güzgü və s. antenalardan geniş istifadə olunur. Bu qurğular ifratyüksək tezlikli (İYT) şüalanma mənbələri olub, bəzi hallarda insan orqanizmi üçün təhlükəlidirlər[1][2][3][4]. Hava limanları və gəmilərinin tərkibində olan radiotexniki sistemlərin istismarı ilə məşğul olan radiomühəndis aviasiyada istifadə olunan antena-fider sistemlərinin konstruksiyalarını, parametrlərini və xarakteristikalarını bilməli, istifadə olunan dalğaların yayılma mexanizmi haqqında dəqiq təsəvvürə malik olmalıdır.
Təyini və istifadə məqsədi
[redaktə | mənbəni redaktə et]Ötürmə xəttinin (fiderin) köməyi ilə radioverici şüalandırıcı antenaya, radioqəbuledici isə qəbuledici antenaya qoşulur. Fiderlərdə yük və cərəyanlarla bağlı olan istiqamətləndirilən (bağlı) elektromaqnit sahələri yayılır. Şüalandırıcı və qəbuledici antenalar arasında azad elektromaqnit dalğaları yayılır. Həm bağlı, həm də azad elektromaqnit dalğaları radiosiqnaldırlar. Ona görə də antena-fider qurğusu bağlı dalğaların azad dalğalara əlverişli (iqtisadi cəhətdən) çevrilməsini və ötürülən informasiyanın təhrifsiz canlandırılmasını təmin etməlidir. Bundan əlavə verici antena azad dalğaların istiqamətlənmiş şüalanmasını təmin etməlidir. Bunun nəticəsində müxtəlif radiostansiyaların qarşılıqlı maneələri zəiflədilir. İstiqamətlənmə xassəsi antenanın əsas xassələrindən biridir. Radiolokasiya, kosmik rabitə, radioastronomiya və s. antenaları böyük istiqamətlənməyə malik olurlar. Bəzi hallarda antenalardan bütün istiqamətlərdə eyni dərəcədə şüalandırılması tələb olunur. Məsələn, hər hansı bir məkanda yerləşdirilmiş radioyayım və televiziya antenaları Yer müstəvisində (horizontal müstəvidə) bütün istiqamətlərdə eyni cür şüalandırmalıdır[5].
Verici və qəbuledici antenalar
[redaktə | mənbəni redaktə et]Yüksək tezlikli cərəyanın enerjisini verilmiş istiqamətlərdə şüalandırılan azad elektromaqnit dalğaların enerjisinə çevirən radiotexniki qurğuya verici (şüalandırıcı) antena deyilir. Verilmiş istiqamətlərdən gələn azad elektromaqnit dalğaların enerjisini yüksək tezlikli cərəyan enerjisinə çevirən radiotexniki qurğuya qəbuledici antena deyilir. Verici və qəbuledici antenalarda baş verən proseslərin xarakteri onların istifadəsinin dəyişkənliyini göstərir, yəni verici antena qəbuledici antena kimi və əksinə istifadə oluna bilər. Bu zaman verici rejimindən qəbuledici rejiminə və əksinə keçən antenanın əsas parametrləri dəyişməz qalır. Bu prinsip böyük praktiki əhəmiyyətə malikdir. Belə ki, impuls metodu ilə işləyən radiolokasiya stansiyaları, rabitə üçün istifadə olunan təyyarə və s. radiostansiyalar şüalanma və qəbul üçün ümumi antenaya malik olurlar.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Can RFID Be Harmful to the Human Body?". 2019-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-28.
- ↑ RADİASİYADAN MÜHAFİZƏ
- ↑ "High Frequency Radiation and Human Exposure" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-09-28.
- ↑ "Влияние СВЧ на организм человека". 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-28.
- ↑ "Antennas and transmitters". 2022-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-28.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- А.М. Пашаев, А.Р. Гасанов. Антенны и распространение радиоволн. Баку: НАА. 2007.-135 с.
- Левичев В.Г. Радиопередающие и радиоприемные устройства. М.: Воениздат, 3-е, переработ. и дополн. 1974.-510 с.