Adi nar
Adi nar | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Adi nar |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Adi nar (lat. Punica granatum) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin ağlarotukimilər fəsiləsinin nar cinsinə aid bitki növü.
Narın elmi adı iki latın sözünün birləşməsindən əmələ gəlmişdir. "Punica" — tünd qırmızı və ya parlaq qırmızı, "granatus" isə dənə deməkdir.
Nar çox qədimdən becərilən və istifadə olunan bitkidir. Onun ən qiymətli sortu eramızdan əvvəl Qədim Yunanıstanın Karfagen vilayətində becərilmişdir.
Hündürlüyü 1,5–4 (5) m olan, budaqları qarşı-qarşıya yerləşmiş balaca ağac və ya koldur. Qısalmış budaqları çox vaxt tikanlara çevrilir.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Vətəni Kiçik və Orta Asiya, Dağıstan, Şərqi və Cənubi Zaqafqaziyadır.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]3–5 m hündürlüyündə çoxlu gövdələrə malik, yarpağını tökən kol və ya kiçik ağacdır. Cavan budaqlarının qabığı yaşıl-boz, sonralar isə qəhvəyi rəngli olur, çılpaq, üzərində tikanları vardır. Yarpaqları xırda, uzunsov və ya enli-neştərvari, sadə, küt uclu, tam kənarlı, çılpaq və parlaq olub, qısa saplaqlıdır. Uzunluğu 3–8 sm, eni 1–2 sm-dir. Narın çiçəkləri əsasən iki tiplidir. Çiçəkləri 3 sm diametrində olub, iri, tək-tək və ya dəstə ilə yerləşir, ləçəkləri qırmızı rənglidir. Kasacığı rəngli, dərili, 5–7 ətli, üçkünc hissəlidir. Ləçəkləri və erkəkcikləri kasacığın ağızcığında birləşmişdir; sütuncuğu bir, bir az qalınlaşmış dişicik ağızlıdır. Müxtəlif çeşidlərdə çiçəklərinin rəngi çəhrayı, ağ, alabəzək və ya sarı olur. Meyvələri iri, yetişdikdə qabıqlarının rəngi sarı, qırmızı və s. rəng alır. Toxumları çoxsaylı, bir meyvədə 1000–1200-dək və daha çoxdur. Hər toxum sulu, yeməli örtüklə əhatə olunmuşdur. Aprel ayında çiçəkləyir, meyvələri sentyabr-oktyabr aylarında yetişir. Kolun bölünməsi və ya qələmlərlə çoxaldılır.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Nar işıqsevəndir, işıq çatışmadıqda nar ağacında çiçəkləmə müşahidə edilmir.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Adi nar təbii halda Alazan-Əyriçay vadisində, Kür-Araz ovalığında, Lənkəran-Astara ovalığında, Abşeronda bitir. Dendrologiya İnstitutunun kolleksiyalarında meyvəsinin formasına, ölçüsünə, rənginə və digər morfoloji xüsusiyyətlərinə görə fərqlənən çoxlu forma müxtəlifliyi vardır.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Narın meyvələrindən həm təzə, həm də emal edilmiş halda istifadə edilir. Meyvəsinin qabığında aşı maddəsi vardır. Müxtəlif formalarından yaşıllaşdırmada istifadə edilir.
Yarpaq: Yarpaqları qarşı-qarşıya və ya dəstə halında yaxınlaşmişdir, uzunsov və ya uzunsov-neştərvaridir, küt və ya sivritəhərdir, qalın dərili, tamkənarlıdır, parlaqdır, alt tərəfdən orta damarcıq aydın görünür və yarpaqlar töküləndir.
Çiçək: Çiçəkləri iri, diametri 4–4,5 sm-dir, tək-tək və ya 2–3 ədəd olmaqla qısa çiçək saplağında düzülmüşdür və qoltuq çiçəkləridir. Ləçəkləri al-qırmızı rəndədir, uzunluğu 3–5 sm, nazikdir və kasacığn bölümləri ilə əvəz olunmuşdur.
Meyvə: Meyvəsi iridir, diametri 10 sm, şarşəkillidir, tünd qırmızı və ya sarımtıl rəngli olub, yetişən zaman qeyri-düzgün çatlayır. Toxumları çoxsaylıdır, uzunluğu 6–12 (14) mm-dir, üçtinlidir və lətli örtüklə örtülmüşdür.
Çiçəkləməsi: (May) İyun-İyul; bəzən Sentyabr-Oktyabrda ikinci dəfə çiçəkləyir .
Meyvə verməsi: Sentyabr-Oktyabr
Azərbaycanda yayılması: BQ (Quba), Samur-Şabran oval., Qobustan, BQ şərq, BQ qərb, KQ mərkəzi, KQ şimal, KQ cənub,
Alazan-Əyriçay, Kür-Araz oval., Kür düz., Nax. düz., Lənk., Muğan-Lənk. oval. Aşağı dağ qurşağına qədər.
Yaşayış mühiti: Çay boyunca, qumlu torpaqlarda, quru-çınqıllı yamaclarda rast gəlinir. Qrup və səpələnmiş halda rast gəlinir
və bəzən mühüm sahələrdə təbii cəngəlliklər əmələ gətirir.
Nar Azərbaycanda
[redaktə | mənbəni redaktə et]Azərbaycanın "şah meyvəsi" olan Narın yetişdirilmə tarixçəsi vətənimizin tarixi qədər qədimdir.
Ölkəmizin unikal iqlim imkanları hesabına narın yetişdirilməsi üçün münbit şərait demək olar ki vətənimizin hər bir bölgəsində mövcuddur. Əsasən yarı-quru mülayim və subtropik iqlimdə yetişdirilsə də, sərt qış və isti yay fəsillərini yaşayan bölgələrdə də nar, cox asan uyğunlaşa bilir. Bunun nəticəsidir ki, Azərbaycan "şah meyvəsinin" bütün növlərinin yetişdirildiyi yeganə ölkədir.
Narın Azərbaycanda bu qədər önəmli yer tutması nəticəsində ondan geniş çeşidli məhsulların istehsalı zamanı əsas tərkib hissəsi kimi istifadə olunur. Bu qədimdən gələn ənənədir, çünki hələ keçmişdən narın insan sağlamlığı üçün nə qədər faydalı olduğu xalqımıza məlumdur. Buna görə də nar bir çox qida və dərman məhsullarının istehsalı zamanı əsas tərkib hissəsi kimi istifadə olunur. Xüsusi ozunəmaxsus dadı və faydası nəticəsində — qida, gözəllik və dərman məhsullarının bazara çıxarılmasına imkan verir. Bu qeyd etdiyimiz sahələrdən əlavə, nar həmçinin boya və dekorativ maddə kimi də istifadə edilir. Nar — milli mədəniyyətimizdə, rəssamlıqda, dəbdə, ədəbiyyatda, milli kulinariyamızda xüsusi yer tutur.
Hazırda Zaqafqaziya respublikalarında nar ağacı geniş becərilir. Azərbaycanın bir sıra rayonlarında Ağsu, Göyçay, Ağdaş, İsmayıllı, Lənkəran, Masallı, Şəmkir və s. çoxdan nar bağları salınıb. Bundan əlavə həmin rayonların meşələrində, dağ yamaclarında cır nara da rast gəlinir.
Azərbaycanda becərilən nar öz keyfiyyəti ilə fərqlənir. Son 25–30 ildə Muğan zonasında — Əli Bayramlıda, Sabirabadda, Saatlıda, Salyanda, Neftçalada, Cəlilabadda, Kürdəmirdə, Beyləqanda narın müxtəlif sortları müvəffəqiyyətlə becərilir və sahələri ildən-ilə genişləndirilir.
Azərbaycanda təbii sahələrdə miqdarı azalmaqda olan relikt növdür və Ağdaş, Dəvəçi, Ağsu, Astara, Lənkəran, Şəki rayonlarında, Türyançay qoruğunda və Naxçıvan MR yayılmışdır. Hüdürlüyü 1–10 m olan, parıltılı uzun lansetvari yarpaqlara malikdir. Çiçəkləri qırmızı rəngdə olur və iyul-avqust aylarında çiçəkləyir.
Narın müalicəvi xassəsi
[redaktə | mənbəni redaktə et]Narın müalicəvi xassəsi eramızdan hələ çox qabaq assuriyalılara, misirlilərə, yəhudilərə, yunanlara və romalılara məlum idi. Eramızdan 1500 il əvvəl Çin təbibləri nar qabığını qurd dərmanı kimi işlətmişlər. Azərbaycanda da nardan və onun meyvələrinin qabığından istifadə olunur. Lakin buna baxmayaraq, nar elmi təbabətə, ancaq 1807-ci ildən etibarən daxil edilmişdir. Bunun təşəbbüskarları Hindistan təbibləri olmuşlar.
Nar bitkisi qədim dövrlərdən bəri dərman bitkisi kimi istifadə edilir. Nar şirəsi iştahanı qaldırır, mədənin fəaliyyətini tənzimləyir və ağrısızlaşdırıcı xassəyə malikdir. Çiçəklərindən soyuqdəyməyə qarşı, toxumlarından isə sarılıq xəstəliyində, ürək döyünməsində, sinə ağrılarında və iştahanı qaldırmaq üçün istifadə edilir. Kök və budaqların qabığı lentşəkilli qurdlara qarşı iflicedici təsir göstərir. Narın növündən və sortundan asılı olaraq meyvələri şirin və turş olur. Nara turş dad verən onun şirəsindəki limon turşusudur.
Mədəni üsülla becərilən narın meyvəsinin şirəsində 2–4%, cır narda isə 6–9% limon turşusu var. Nar meyvəsinin tərkibi şəkər və limon turşusu ilə yanaşı, vitaminlərlə, boyayıcı maddələrlə, makroelementlərlə də zəngindir.
Cır nar meyvəsinin şirəsindən təbabətdə və yeyinti məhsulları sənayesində istifadə etmək üçün limon turşusu istehsal olunur. Meyvəsinin qabığı da faydalıdır. Onu çay kimi dəmləyib, mədə-bağırsaq xəstəliklərində ishala və dezinteriyaya qarşı qəbul edirlər. Böyrək və qaraciyər xəstəliklərinə tutulanlara nar şirəsi içmək çox xeyirlidir. Şəkər xəstəliyi olanlara cır narın şirəsindən içmək məsləhətdir.
Nar şirəsilə 10–12 gün davam etdirilən müalicə nəticəsində gündə 4–5 dəfə, hər dəfədə 60 damcı, yeməkdən 5–10 dəqiqə qabaq xəstələrin hamısında ürək yanğısının azalması, ağızda quruluğun və acılıq hissinin itməsi, başağrısının kəsilməsi kimi müsbət dəyişikliklər müşahidə edilmişdir.
Xalq təbabətində nar meyvəsinin qabıqlarından "nar qəzəli" adı ilə, eləcə də nar ağacının gövdə və qol-budaqlarının toz formasında və sulu bişirmə şəklində qurd əleyhinə dərman kimi istifadə edilir.
Şəki rayonunda nardan iştah artırmaq üçün "nardaşa" adlanan şərbət mürəbbə hazırlanır. Bunun üçün vələs və ya Göyçay rayonunda "kəmşirin" sortlu gülövşə nar meyvəsinin dənələrini ayırıb onu şəkər şərbətində qaynadırlar. "Nardaşa"dan plov, kabab və lüləkabab yeməklərində iştahartırıcı və tamverici kimi istifadə edirlər.
Azərbaycanda qədim zamanlardan mədəni nar növündən "narrub" şirəsi, cır nardan isə "narşərab" hazırlanır. "Narşərab" həzmetmə prosesinə kömək edir və sınqa xəstəliyinin müalicəsində yaxşı nəticə verir. "Narrub" isə zəifləmiş orqanizmi möhkəmləndirir, xəstənin ürəyini sərinləşdirir və susuzluğun qarşısını alır.
Xalq təbabətində şəkər xəstəliyi zamanı nardan təzə alınmış şirəni ürək yanğısını söndürən və susuzluğun qarşısını alan dərman kimi içirlər.
Nar şirəsindən hipertoniya xəstəliyinin müalicəsində, eləcə də ürək ağrılarında istifadə olunur. Belə hallarda nar şirəsinin şəkərdə hazırlanan şərbəti də xeyirlidir. Həmin şərbəti döş ağrıları zamanı öskürək dərmanı kimi də qəbul etmək olar.
Şirin nar meyvəsinin şirəsi böyrək xəstəliklərində, eləcə də temperaturu aşağı salmaq üçün içmək məsləhətdir. Kəmşirin nar meyvəsinin şirəsindən böyrəklərdə və öd kisəsində daş bağlayan zaman istifadə olunur. Nar şirəsi babasil xəstəliyini müalicə etmək üçün də faydalıdır.
Xalq təbabətində nar şirəsindən yel xəstəliyinə qarşı sürtmə dərmanı kimi işlədilir. Nar ağacının kökünü qurudaraq toz halına salıb, onu əzvayla bərabər miqdarda qarışdırırlar, sonra çıxıqlarda, əziklərdə təpitmə şəklində ağrıkəsici kimi işlədirlər.
Nar qabıqlarını və çiçəklərini çay kimi dəmləyib, boğaz ağrılarında, angina, diş ətinin iltihabı xəstəlikləri zamanı antiseptik qarqara dərmanı kimi istifadə edirlər. Baytarlıqda isə narın qabıqlarından yarasağaldıcı dərman kimi istifadə olunur. Bu məqsədlə qurudulmuş qabıqları xırdalayır, kül ilə qarışdırır, sonra atın belində yəhərin əmələ gətirdiyi yaraların üstünə səpirlər.
Narda 15% karbohidrat, 0,8% protein, B1 və B2 vitaminləri ilə bərabər kalsium, fosfor və dəmir var. Nar həmçinin dəniz tutmalarına qarşı da yaxşı təsir göstərir. Narı içindəki pərdə ilə birlikdə yedikdə mədə yarasını müalicə edir. Nar suyu böyrək və qaraciyər xəstəliklərində çox faydalıdır.
Nar suyu yüksək təzyiqin müalicəsində, ürək ağrılarında, babasil xəstəliyində faydalıdır. Nar suyu hərarəti götürür. Nar şirəsinin şərbəti sidikqovucu xassəyə malikdir. Şirəsini bədəndə revmatizm ağrıları olan nahiyələrə vurduqda ağrıları kəsir. Ürəkgetmə zamanı xəstəyə nar şərbəti içirilməlidir. Meyvəsi və qabıqları da yararlıdır. Çiçəyi bağırsaqdakı yara və iltihabı yaxşılaşdırır. Boyun tutulmasında nar çiçəyinin xəşili şəfavericidir. Qabığı çay kimi dəmlənib içildikdə mədə və bağırsaq xəstəliklərinə, ishal və dizenteriyaya qarşı olduqca faydalıdır.
Xayfa Texnionun tədqiqatçılari aşkar ediblər ki,nar şirəsi şəkərli diabetdən əziyyət çəkənlər üçün əsl dərman ola bilər. "Atherosclerosis" jurnalında dərc edilmiş tədqiqatın nəticələrinə görə 3 ay müddətində hər gün 180 ml nar şirəsi içmiş pasientlərdə damarlarda aterosklerozun inkişaf riski əhəmiyyətli dərəcədə enmişdir. Ateroskleroz-diabetiklərin ölümünün əsas səbəbidir: mədəaltı vəzin çatışmazlığından əziyyət çəkənlərin 80%-i ondan tələf olur.
Ən təəcüblüsü odur ki, nar şirəsinin tərkibində olan şəkər qanda şəkərin səviyyəsini qaldırmır — texnionun tibb fakültəsinin professoru, tədqiqat qrupunun rəhbəri Mixael Aviram bunu xüsusi qeyd edir. Alimlər bunu başqa meyvələrdən fərqli olaraq, nar şirəsinin tərkibindəki şəkərin unikal antioksidantla bağlı olması ilə izah edirlər ki, bu da onu ateroskleroza qarşı preparata çevirir. Lakin qeyd etmək lazımdir, bu tədqiqatda yalnız 20 pasient iştirak etdiyinə görə nəticələrin yoxlanmağa və təsdiqə ehtiyaci vardır.
ABŞ alimlərinin axırıncı tədqiqatları göstərdi ki, nar şirəsi kişi potensiyasına viaqradan pis təsir göstərmir. Hesab edirlər ki, nar şirəsi qan dövranını gücləndirən natioksidantlarla zəngindir. O eyni ilə impotensiyanın müalicəsində istifadə olunan dərmanlar kimi azot oksidinin səviyyəsini yüksəldir, bu da qan damarlarının genişlənməsini sürətləndirir.
Zəif cinsi disfunksiyadan əziyyət çəkən 53 nəfər 21 yaşdan 70 yaşa qədər könüllü 1 ay müddətində şam yeməyindən sonra 1 stəkan nar şirəsi içmişdir. Demək olar ki, onların yarısı məhəbbət sahəsindəki uğurları haqda alimlərə məlumat veriblər.
Kaliforniya universitetinin doktoru Kristofer Forest ereksiyanın pozğunluğundan əziyyət çəkənlərin müalicəsində nar şirəsinin böyük potensiala malik olduğunu söyləyir.
Ürək xəstəlikləri və prostat vəzin xərçəngi riskini azaltmaq qabiliyyətinə görə nar meyvəsi artıq "super meyvə" hesab olunub. Alimlərin fikrinə görə digər meyvələr, çay və qırmızı şəraba nisbətən onun tərkibində daha çox antioksidant vardır.
Nar tumunun yağı
[redaktə | mənbəni redaktə et]Nar tumunun yağı soyuq ekstrasiya ilə alınır. Tərkibində doymamış yağ turşusu göstəricisi (punica asid) yüksək olur. Bu maddə güclü antioksidant olaraq xərçəng hüceyrələrini məhv etmə, qanın tərkibindəki şəkərin miqdarını tənzimləmə və insan dərisinə regenerasiya edici (cavanlaşdırıcı) təsirlərə malikdir. Nar tumunun yağı son dərəcə qidalı və zəngindir. Kosmetik və dərman məqsədləri üçün istifadə olunur. Nar tumu yağının bərpaedici xüsusiyyətləri onu bir çox dəriyə qulluq məhsullarında əvəzedilməz tərkib hissəsinə çevirir. Nar tumu yağı sabun, duş geli, masaj yağları, nəmləndirici və digər dəriyə qulluq məhsulları kimi əksər kosmetik vasitələrin formulasına daxildir. Əsasən Sabinen, Mycenae, Limonene, Alpha Pinene və Terpinenol kimi maddələrdən ibarətdir.
Nar qabığı
[redaktə | mənbəni redaktə et]Nar qabığı — Limon turşusu, tanninlər və təbii boyalarla çox zəngindir. Soyuq tərkibinə, həmçinin çox sayda pektin maddələr də daxildir. Nar qabıqları ürək üçün çox faydalıdır- ürək əzələsini qoruyur, damarları möhkəmləndirir və təmizləyir. Xolesterolu azaldır, beta hüceyrələrini artıraraq şəkər, ürək-damar xəstələrinə daha çox fayda göstərir. Pankreas, qida borusu, dəri, bağırsaq, prostat, döş xərçənglərində əks təsir yaradır. Nar qabığının tərkibində olan ellagik turşu xərçəngi də müalicə etməyə yardımçı olur. Evdə özünüz də dəmləyə biləcəyiniz nar qabığı çayı ilə dəri, pankreas kimi ciddi xərçəng növlərinin qarşısını ala və ya müalicə edə bilərsiniz.
Əfsanəsi
[redaktə | mənbəni redaktə et]Nar ağacının vətəni İran hesab olunur. Qədim zamanlardan Şərqdə nar "bütün meyvələrin şahı" sayılır. Bu ola bilsin ki, "tac" forması yaradan kasayarpaqların məhz həmin orijinal formasına görədir. Hətta hesab olunur ki, məhz nar kralların baş geyimi olan tacı insanlara təlqin etmişdir.
- Çoxsaylı tumları ilə, nar uzunmüddət məhsuldarlıq, bolluq və daimi həyat simvolu hesab olunur.
- Nar Yunanıstanda ər-arvadın sadiqliyinin simvolu olmuşdur. Yunanlar hesab edirdilər ki, nar Dionisin qanından yaranmış, nar ağaclarında isə xüsusi nimfalar, royadlar yaşayır. Yunan əsatirində nar dənələrini yeyən Persefona Aidin arvardı olur və iki ilin üçdə ikisini yeraltı səltənətdə qalır, Yer üzərində payış və qış olur.
- Qədim Misirdə isə vəfat edənlərin qayıtmasına ümidi simvolizə edən nar meyvələri ilə basdırırdılar.
- Azərbaycan əfsanələrində isə deyilir ki, nar sevgi və ehtiras simvoludur. Sözlərlə sevgini bildirmək nəzakətli hesab olunmurdu. Gənc oğlanlar qızlara nar meyvələrini gətirməklə öz hisslərini bildirir və sevgilərini təklif edirdilər.
- Yuxu yozanlar iddia edirlər ki, əgər yuxuda nar görmüş olarsansa, bu sizin öz istedadınızı müdrikliklə istifadə edəcəyinizi göstərən işarədir.
Narla bağlı mifologiyalar
[redaktə | mənbəni redaktə et]Qədim zamanlardan Şərqdə narı bütün meyvələrin şahı hesab edirlər. Hətta xarici görkəminə görə də o, digər meyvələrdən yüksəklikdə dayanan odlu-qırmızılı tac kimi seçilir. Rəvayətə görə, narın məhz orijinal kasayarpaqlı formalı çiçәklәri tacın formasına oxşarlığı fikrini irəli sürməsinə səbəb olmuşdur.[2]
- Narın təsvirləri Misir ehramlarında, qədim Bizans parçalarının üzərində, qədim yunanların və ərəblərin ornament və naxışlarında tapılmışdır. Fironlar təzə nar şirəsini çox dəyərləndirir, onu çox gözəl təsir edən, nəinki bədəni, eləcə də ruhu möhkəmləndirən ecazkar meyvə hesab edirdilər. Qədim misirliləri narlarla birlikdə dəfn etməklə onların tez dirçəlməsinə ümid edirdilər. Həmçinin qədim misirlilər və assuriyalılar öz heykəltəraşlıq əsərlərində narı tez-tez müqəddəs ağac və ya "həyat ağacı" kimi təsvir edirdilər.
- İtalyanlar belə hesab edirlər ki, Həvvanı cənnətdə narla şirnikləndirib yoldan çıxartmaq istəyirdilər. Fars İmperiyasının banisi hökmdar Kir isə narın içərisində dənələrin olduğu sayı qədər bacarıqlı sərkərdələrin olmasını arzu etmişdir. Sonralar Məhəmməd peyğəmbər narın paxıllığı, nifrəti və kini təmizlədiyinə görə öz ardıcıllarına nar yeməyi məsləhət etmişdi.
- Yunan mifologiyasına görə nar allahların sevimli yeməyidir və bu da bir çoxlarını inandırmağa təhrik edirdi ki, nardan istifadə əbədiliyə doğru aparır. Aid bu meyvənin toxumlarını əkinçilik ilahəsinə təklif etmişdir. Əkinçilik ilahəsi qiymətli daşa oxşayan bu, yaquta bənzər meyvənin qarşısında öz nəfsinin təsiri altına düşәrәk onu qəbul edir və bununla da özünü Aidin yeraltı səltənətində bir neçə ay ərzində yaşamağa məhkum etdi.
- Qədim yunanlar inanırdılar ki, birinci nar ağacını məhəbbət ilahəsi Afrodita Kipr adasında becərmişdir. O vaxtdan etibarən nar şirəsi "sevgi içkisi" adını qazanmışdır. Bizim dövrdə yunanlar ənənəyə uyğun olaraq, toylarda məhsuldarlıq rəmzi kimi narları parçalayırlar.
- Çində şirin nar dənələrini toy vaxtı yeyirlər və bununla da yeni evlənənlərə xeyir-dua verilir. Yetişmiş nar təsvirli rəsm əsəri isə toy hədiyyəsi kimi geniş yayılmışdır.
Yayılması
[redaktə | mənbəni redaktə et]BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur- Dəvəçi ovalığı, Qobustanın rayonlarında arandan aşağı dağ qurşağına kimi yayılmışdır. Quru və çınqıllı yamaclarda, çay vadilərində seyrək, və ya qrup şəklində bitir, bəzən böyük sahələrdə təbii cəngəlliklər əmələ gətirir. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir və relikt növdür.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 472.
- ↑ Nar haqqında[ölü keçid]
- ↑ Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019