Şəhristani

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şəhristani
ərəb. عبد الكريم بن أبي بكر أحمد الشهرستاني
Doğum tarixi 1086
Vəfat tarixi 1153[1][2][…]
Fəaliyyəti filosof, üləma, tarixçi, ilahiyyatçı

Əbülfəth Məhəmməd Şəhristani (10861153[1][2][…]) – üləma.

Əbülfəth Məhəmməd ibn Əbülqasım Əbdülkərim ibn Əbu Bəkr Əhməd Şəhristani hicri 469-cu (miladi 1076) ildə Xorasanın şimalında yerləşən Şəhristanda anadan olmuşdur. Bəzi mənbələr isə Şəhristaninin hicri 479-cu ildə doğulduğunu qeyd edir. Doğulduğu şəhərə görə Şəhristani adıyla tanınan alimin əl-Əfzəl, Əlamət, Tac əl-Miləl vəd-Din kimi ləqəbləri də vardır.

Şəhristani elmlə məşğul olmağa ilk dəfə atası vasitəsilə Qurani-Kərimi öyrənməklə başladı. Daha sonra Ərəb dili və ədəbiyyatı, riyaziyyat və məntiq fənləri üzrə müxtəlif müəllimlərdən dərs aldı. Bundan sonra təhsilini davam etdirmək üçün Xarəzm şəhərinə yollandı. Burada bir müddət qalaraq dövrün məşhur hədis alimlərindən Əli ibn Əhməd Mədəninin hədis dərslərində iştirak etdi.

Şəhristaninin bu səfəri haqqında mənbələrdə müxtəlif məlumatlara rast gəlinir. Bir məlumata görə, Şəhristani doğma şəhərini tərk edərək əvvəlcə Nişapura səyahət etmişdir. Digər bir məlumata əsasən Şəhristani Xarəzmə Nişapur səfərindən sonra gedib. Mənbənin qeyd etdiyinə görə, Şəhristani Xarəzm şəhərini tərk edərək Nişapura yollandı. Orada İmam Qəzalinin müasirlərindən olan Şafii məzhəbinə mənsub Əhməd HəvəfiƏbu Nasir Kuşeyridən fiqh (islam hüququ) dərsləri aldı. Bundan sonra Əbu Nasir əl-Ənsaridən kəlam, cədəl (polemika) üsulu və ilahiyyat fəlsəfəsini öyrəndi. Şəhristani Nihayət əl-İqdam adlı əsərində bu müəllimini xatırlamışdır.

Şəhristaninin Nişapurda nə qədər yaşadığı haqda dəqiq məlumat olmasa da onun məhz bu şəhərdə yaşayarkən elminin yüksək pilləsinə ucaldığı məlumdur. Belə ki, Nişapuru tərk etdikdən sonra ona verilən "Əfzəl" ləqəbi bunun sübutudur.

Şəhristani Nişapurdan sonra Xarəzmə qayıtdı və dövrünün bəzi məşhur alimləriylə tanış oldu. Əsəd Müheyni (ö.h/527, m/1133), fars tarixçisi Məhəmməd ibn Mahmud ibn Aslan Xarəzmiylə görüşərək müxtəlif mövzularda elmi diskussiyalar apardı. Şəhristani bir müddət Xarəzmdə qaldıqdan sonra h.516-cı ildə həcc ibadətini yerinə yetirmək üçün Hicaza yola düşdü. Oradan qayıtdıqdan sonra köhnə dostu Əsəd Müheyninin köməyilə Bağdaddakı Nizamiyyə mədrəsəsində dərs deməyə başladı. Dediyi dərslər və verdiyi moizələr nəticəsində xalqın etibarını qazandı və üç il burada qaldı.

Bağdadda üç il qaldıqdan sonra Xorasana gedərək Səlcuqilərin sultanı Əhməd Səncərin vəziri Əbülqasım Məhəmməd ibn əl-Müzəffərin yanında xidmət göstərdi. Onun "əl-Miləl vən-Nihal" adlı məşhur əsərini də bu vəzirə ithaf etdiyi məlumdur.

Bundan sonra Şəhristaninin Tirmiz şəhərinə getdiyi məlumdur. Orada dövrünün müxtəlif elmlərinə maraq göstərən Naqib əl-Əşrəf Əbülqasım Əli ibn Cəfər əl-Musəvinin yanında fəaliyyət göstərərək "əl-Miləl vən-Nihal" adlı əsərinin bir nüsxəsini ona təqdim etdi. Şəhristaninin Əbülqasım əl-Musəvinin yanında nə qədər qaldığı məlum deyildir. Onun "Musaraa" adlı əsərini Tirmiz şəhərində yazdığı ehtimal olunur.

Mənbələr Şəhristaninin doğma şəhəri olan Şəhristanda vəfat etdiyini qeyd edir. Tələbəsi əl-Səmani onun h.548/m.1153-cü ildə Şəhristanda vəfat etdiyini bildirmişdir. Şəhristaninin evlənib evlənmədiyinə və övladlarının olub-olmaması haqda mənbələrdə heç bir məlumata rast gəlinmir. Elmi şəxsiyyəti: Müxtəlif təfəkkür formalarının İslam dünyasına girməsindən sonra eyni mədəniyyət və mühitlərin kəlam və fəlsəfi mirası islam mütəfəkkirləri tərəfindən öyrənilməyə başlanmışdır. Bu fəlsəfi mübahisələr və mədəni müxtəlifliklər kəlam elmi vasitəsilə gündəmə daxil olmuşdur.

Əvvəllər daxili məsələlər kimi hesab edilən bu mövzular (böyük günah və s.), sonralar hindyunan fəlsəfələri ilə tanışlıqdan sonra yerli kəlami və fəlsəfi istiqamətlər əmələ gəlmişdir. Bu çərçivədə islam fəlsəfəsi və kəlamı öz problemlərini (məsələlərini) meydana gətirərək islam düşüncəsi və mirasına böyük töhfələr verdi.

Fəlsəfi düşüncənin Əhli-Sünnət düşüncəsində ilk təzahürü İmam Əşarinin şəxsində otraya çıxmışdır. O, mötəzilənin dəlillərinin əsassız olmasını isbat etmək üçün fəlsəfəyə müraciət etmişdir. Bu mənada Qəzali də filosofları tənqid edərkən fəlsəfəyə baş vurmuşdur. Kəlamın öndərləri olan Əşari və Qəzalidən sonra bu cərəyanın ən ciddi davamçılarından biri Şəhristani idi.

Şəhristani Qəzalinin kəlam sisteminin ilk ardıcılı da hesab edilə bilər. İslam elm dünyasının öndə gələn simalarından olan Şəhristrani dinlər tarixi, fəlsəfə, kəlam və ədəbiyyata dair əsərlər yazmışdır. Öz əsərlərində dəfələrlə Əhli-Sünnətdən olduğunu vurğulayan Şəhristani özünü "bir Əhli-Sünnət kəlamçısı" olaraq təqdim etmişdir. O, müxtəlif əsərlərində Əbülhəsən əl-Əşari haqqında "ustadımız" ifadəsini işlədərək Əhli-Sünnət çərçivəsində hərəkət etdiyini göstərməyə çalışmışdır.

Əşari sisteminin məfhum və metodlarının inkişaf etdirilməsində Şəhristaninin təsiri açıq-aydın müşahidə edilir. Bütün bunlara baxmayaraq bəzi fikirlərində Şiəİsmaili meylli olduğu iddia edilmişdir. Ancaq əsərlərində Şiə və ya İsmaili meyllərə dair hər hansı bir fakta rast gəlinməmişdir.

Şəhristaninin fəlsəfi terminologiyadan istifadə üslubu hər kəs tərəfindən qəbul edilmişdir. Şəhristani fikirlərini ifadə edərkən son dərəcə analitik bir düşüncə sistemi izləməyə səy göstərmiş, tənqid edərkən də qələmini kəskin istifadə etməkdən çəkinməmişdir. Əşari ilə başlayan kəlam mübahisələri Qəzali ilə birlikdə fəlsəfi bir ruha bürünmüşdür. Şəhristani də sələflərinin yolunu davam edərək filosofları ciddi şəkildə tənqid etmiş, Əhli-Sünnət işığında fikirlərini bildirmişdir.

Şəhristaninin İbn Sinanı kifayət qədər anlamadığı da iddia edilmişdir. Burada əhəmiyyətli bir məsələ onun İbn Sinaya yönəlmiş tənqidinin çıxış nöqtəsidir. Burada müşahidə edilir ki, Şəhristani İbn Sinanı tənqid edərkən kəlamçı həssaslığı göstərməkdədir və çıxış nöqtəsi Qəzalinin çıxış nöqtəsi ilə eynidir. Şəhristani müxtəlif sahələrə aid dərin və əhatəli əsərlər yazmış bir alim olaraq islam düşüncəsi tarixində yüksək yer tutmuşdur.

Yuxarıda qeyd edildiyi kimi, geniş biliyə malik olan Şəhristani bir çox sahələrə aid əsərlər yazmışdır. Təəssüflə qeyd etməliyik ki, Şəhristaninin əsərlərinin böyük bir qismi günümüzədək gəlib çıxmamışdır. Əsərlərinin bir qismi çap edilmiş, digər bir qismi isə əlyazması şəklində günümüzə qədər qorunub saxlanmışdır.

Şəhristaninin diqqəti ən çox cəlb edən əsərləri fəlsəfə və kəlam aid olan əsərlərdir. O, əsərlərində dini və fəlsəfi nöqteyi-nəzərdən çıxış etməyə çalışmışdır. "Musaraa" adlı əsərini Əbülqasım Əli ibn Cəfər Musəvinin istəyi ilə qələmə aldığını, məqsədinin İbn Sinanı tutduğu yüksək mövqedən endirmək olduğunu bildirərək öz-özünə inad etməmək, müştərək həqiqətləri qəbul etmək barəsində cədəlci və sofistik üslub istifadə etməyəcəyini qeyd etmişdir. Şəhristaninin "Musaraa" adlı əsərindən başqa digər əsərlərini üç qismə ayıra bilərik: əlyazması əsərləri, çap olunmuş əsərləri və günümüzədək gəlib çıxmayan əsərləri.

Əlyazması əsərləri

[redaktə | mənbəni redaktə et]

Şəhristaninin əlyazması əsərlərindən bəzilərinin bütöv adlarına qaynaqlarda rast gəlinmir. Burada risalə olaraq adı çəkilən bəzi əsərlər misal kimi göstərilə bilər. Şəhristaniyə aid olduğu bildirilən risalələr aşagıda göstərilən üç risalədir:

Qazi Ömər ibn Səhlə göndərilən və İbn Sinanın sözlərinə Şəhristaninin etirazlarını ehtiva edən risalə. Bu əsərin adı barəsində qaynaqlarda hər hansı bir məlumata rast gəlinmir.

"Elmi İlahi" – Şəhristani bu əsərini məşhur təbib Məhəmməd İylaqi üçün yazmışdır. "Elmi İlahi" adındakı risalədə Məhəmməd İylaqinin metafizikaya dair suallarına cavab axtarılır.

Məhəmməd Səhlaniyə yazılan risalə. Şəhristaninin bu risaləsinin adı qaynaqlarda bildirilməmiş, sadəcə Məhəmməd Səhlaniyə yazdığı bildirilmişdir.

Qissatu Seyyidinə Yusuf, Məfatih əl-Əsrar və Məsabih əl-Əbrar, Mənahic fi ilm əl-Kəlam

Çap olunmuş əsərləri

[redaktə | mənbəni redaktə et]
  1. "Məclis əl-Xalq və əl-Əmr". İranda Məhəmməd Cəlali tərəfindən farscaya tərcümə edilmişdir.
  2. "Əl-Miləl vən-Nihal". Şəhristaninin bu əsəri dinlər və məzhəblər tarixinə aiddir. Əsərdə din və fəlsəfənin eyni qaynaqdan meydana gəldiyi ifadə edilməklə yanaşı fəlsəfəyə aid məlumatlar da qeyd edilmişdir.
  3. "Nihayə əl-İqdam fi ilm əl-kəlam". Şəhristaninin bu əsəri kəlam sahəsinə aiddir. Kəlam sahəsinə dair ən çox mübahisə mövzusu olan və ixtilafa səbəb olan məsələləri araşdırılan əsər Alfred Güllam tərəfindən Londonda 1934-cü ildə nəşr edilmişdir.
  4. Həsən ibn Səbbaha aid farsca dörd fəsilin tərcüməsi. Şəhristaninin bu əsəri də "Əl-Miləl vən-Nihal" adlı əsərin ilk fəslində 437-ci səhifədən etibarən Məhəmməd Fəthullah Berdan tərəfindən təhqiq edilib nəşr edilmişdir.
  5. Cövhəri fərdin isbatı. Alfred Güllam Şəhristaninin "Nihayə əl-qdam" adlı əsərinin sonuna əlavə edərək nəşr etmişdir.

İtmiş kitabları

[redaktə | mənbəni redaktə et]

Şəhristaninin bu əsərləri qaynaqlarda itmiş əsərlər olaqraq göstərilmişdir.

  1. Əl-İrşad ilə Əqaid əl-İbad
  2. Əsrar əl-İbadət
  3. Əl-Əqtar fil Üsul
  4. Tarix əl-Hükəma
  5. Təlxis əl-Əqsam li Məzəhib əl-Ənam
  6. Dəqaiq əl-Əvham
  7. Risalə fi məbdə və Məad
  8. Sibhat, Procles, Aristo və İbn Sina
  9. Əş-Şəcərə əl-İləhiyyə
  10. Əl-Uyun vəl-Ənhar
  11. Qayə əl-Məram fi ilmi əl-Kəlam
  12. Qissə Musa və Xızır
  13. Məclisi fi Usuli hikmət
  14. Məclisi fi hasri və Ənva ət-Təqaddumat
  15. Məclisi fi qıssatu seyyidinə Musa
  16. Mənazirat məal-İslamiyyət
  17. Nihayə Əvham əl-Hukəma əl-İlahiyyun.
  1. 1 2 Али-заде А. Шахрастани Мухаммад (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.