Şüeyb

Vikipediya, azad ensiklopediya
(Şüeyb peyğəmbər səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Şüeyb
ərəb. شُعَيْب
Vəfat tarixi bilinmir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şüeyb (ərəb. شعيب‎) — Quranda adı çəkilən Mədyən əhlinə göndərilən peyğəmbər, Musa peyğəmbərin qayınatası.

Şüeybin adı və əsil-nəsəbi

[redaktə | mənbəni redaktə et]

Adı və nəsəbi barədə tarixyazarlar arasında ixtilaf olan peyğəmbərlərdən biri də həzrət Şüeybdir. İbni Əsir "Kamilut-tarix" kitabında nəql edir ki, bəziləri onun adını Yəsrun, bəziləri isə Şüeyb kimi qeyd ediblər. "Dehxoda" ensklopediyasında onun adı Yəsrin, farscası Büveyb, bəziləri Yəsrun, bəziləri isə Yəsrub olduğunu qeyd ediblər. Bir başqaları isə Yəsrub ibni Büveyb olduğunu yazırlar. Məlumdur ki, qeyd olunanlarda düzəliş və dəyişiklər aparılmışdır. Həqiqi adı bunlardan biri olmuşdur. Tövratda da onun adı Yəsrun gəlmişdir. Tarixçilərin böyük bir qrupu isə Allahın Qurani-Kərimdə gətirdiyi adı – Şüeybi (siryani dilində Yəsrun deyilir) yazmışlar.

Şüeybin əsl-nəsəbinin İbrahim peyğəmbərə yetişməsi ixtilaflıdır. Bəziləri onu İbrahim peyğəmbərin övladlarına aid olan fəsildə gəldiyi kimi, Mədyən ibni İbrahimin övladlarından olduğunu bilmişlər .

Yəqubi onun ata-babalarını belə yazır: Şüeyb–Büveyb-Əya-Mədyən–İbrahim.

Təbəri isə belə yazır: Şüeyb–Səbfun-İnqad–Sabit–Mədyən–İbrahim.

Məsudi də "Mürucuz-zəhəb"də belə qeyd edir: Şüeyb–Nüveyt–Rəvil–Mərbən–Ənqa–Mədyən–İbrahim. "İsbatul-vəsiyyə"də isə belə yazır: Şüeyb –Nabit ibni İbrahimin övladlarından olmuşdur və İsmayılın, ya da İshaqın nəslindən deyil.

Bu qrupun əksinə olaraq bəziləri onu İbrahimin nəslindən bilmirlər. Bəlkədə onun əsli İbrahim peyğəmbərə iman gətirib və onunla Şama mühacirət edənlərə yetişir. Amma ana tərəfindən nəsli Lut peyğəmbərə yetişir. Bu nəzəri İbni Əsir "Kamilut-təvarix"də bəzilərindən nəql etmişdir. Ravəndinin "Qisəsul-ənbiya" kitabında da Vəhbdən mötəbər sənədli rəvayətdə belə deyilir: Şüeybin, Əyyubun və Bələm Bauranın nəsli İbrahim peyğəmbər Nəmrudun tonqalından xilas olan günü ona iman gətirib və onunla Şama mühacirət edənlərə yetişir. İbrahim özü Lutun qızlarını onlarla evləndirdi və İbrahim peyğəmbərdən sonra Bəni-İsrailə qədər gələn peyğəmbərlərin hamısı onların nəsillərindəndir.

Şüeybin qövmü və Mədyən şəhəri

[redaktə | mənbəni redaktə et]

Bu barədə olan bütün ayələrdən, tarix və təfsir alimlərinin yazdıqlarında belə məlum olur ki, "mədyən" sözü həm Şüeybin şəhərinə və həm də qövmünə deyilmişdir. Qurani-Kərimin yeddi surəsində "Mədyən" adı gəlmişdir:[1],[2],[3],[4],[5][6].

"Əraf", "Ənkəbut" və "Hud" surələrində "mədyən" sözü Şüeybin qövmünə, başqa surələrdə isə onun yaşadığı qəsəbə, yaxud kəndə deyilmişdir. Şüeybin əhvalatına aid olan ayələr bu cümlə ilə başlayır: "Mədyən qövmünə də qardaşları Şüeybi (peyğəmbər) göndərdik."[1]

Yaqut Həməvi belə deyir: -"Qeyd olunan şəhər və onun camaatı Mədyən ibni İbrahimin adı ilə adlandırılmışdır və Mədyən tayfası da onun övladlarındandır. Bəziləri isə Mədyən camaatını ərəblərdən və İsmail peyğəmbərin övladlarından bilirlər. Amma birinci nəzər daha düzgün nəzərə çarpır.

Bəzi tarixçilər tam əminliklə demişlər ki, Mədyən şəhəri elə indi İordaniyadan Məkkəyə gedən hacıların yolunun üstündə yerləşən Muğan şəhəridir. "Möcəmul-buldan" Əbu Zeyddən nəql edir ki, Mədyən şəhəri Qulzum dənizinin (indiki Qırmızı dəniz) sahilində və Təbuk şəhərinin qarşısında yerləşir. Davam edərək deyir: -"Əbu Zeyd demişdir ki, Musanın Şüeybin qızları üçün su çəkdiyi quyu hələ də o şəhərdə qalmaqdadır və onun üstündə balaca bir otaq tikiblər, mən özüm oranı görmüşəm". Bəzi tarixçilər isə Sina adası ilə Furat çayı arasında olan məsafənin Mədyən və orada Əqəbə körfəzi ilə Furat çayının arasında yaşayan əhalini isə Mədyən qövmü adlandırıldığını deyiblər.

Əshabi-Əykə kimlərdir?

[redaktə | mənbəni redaktə et]

Diqqət yetiriləsi və Qurani-Kərimin "Hicr", "Şüəra", "Sad" və "Qaf" surələrində adı çəkilmiş "Əshabi-Əykə"dir. Allah taala Şüeyb peyğəmbəri onlara göndərdi və bununla onlara öyüd-nəsihət verib gələcək ilahi əzabdan qorxutmaq istədi, amma bütün peyğəmbərlər kimi onu yalançı adlandırdılar. İndi görək Əshabi-Əykə elə həmən Mədyən camaatıdır, yoxsa ayrıca bir tayfadır və onlar da Mədyən camaatı tək onu təkzib etdilər.

Lüğət alimləri "Əykə" sözünün mənasında belə deyiblər: -"Əykə -meşə, sıx v bir-birinə sarılmış ağaclar. Bir çox tarix və təfsir alimləri deyirlər ki, Əshabi-Əykə həmən Mədyən camaatıdır. O şəhərin kənarında bir meşə var idi və camaat oradan bəhrələnirdilər. Beyzavinin dediyinə əsasən isə elə o camaat orada da məskunlaşmışdılar. Bəziləri yazırlar ki, Şüeyb iki dəfə peyğəmbərliyə seçilib, bir dəfə Mədyən camaatına, ikinci dəfə isə Əshabi-Əykəyə, bununla da onları ayrı-ayrı tayfa bilirlər. "Əl-mizan" təfsirində deyilir ki, "Əykə" Mədyən şəhərinin yaxınlığındakı meşənin adı olub və orada bir tayfa yaşayırdı və Şüeybin tayfası deyildi. Bu səbəbdən də Allah taala "Şüəra"surəsində belə buyurur: -"Əshabi-Əykə (Allah tərəfindən) göndərilənlərin hamını yalançı adlandırdılar." Bu zaman Şüeyb onlara dedi: -"Qorxmursunuz!?" Əgər qohumluğu olsaydı başqa yerdə olduğu kimi, əhvalatı belə başlayardı: -"Qardaşları Şüeyb…"

Həzrət Şüeybə, Mədyən camaatına və Əshabi-Əykəyə aid olan ayələrdə diqqət ediləsi məsələlərdən biri də budur ki, (birinci nəzəriyyəyə və "Əl-mizan"ın sözünə təsdiq olaraq) hər iki tayfanı camaatın alış-verişində onları aldatmamağa və çəkini düz verməyə dəvət etmişdir. Məsələn, "Hud" surəsində Şüeybin Mədyən camaatı ilə mübahisəsində Allah taala belə buyurur: -"Qardaşları Şüeybi Mədyənə tərəf yolladıq. O, onlara belə dedi: -"Ey camaat, yeganə Allaha ibadət edin, Ondan başqa məbud yoxdur. Peymanəni və tərəzidə çəkini az verməyin, mən sizin vəziyyətinizi yaxşı görürürəm (sizin camaatı aldatmağa ehtiyacınız yoxdur) və sizin üçün gələcək əzab günündən (ki, bütün kafirləri bürüyəcək) qorxuram. Ey camaat, tərəzini ədalətlə çəkib camaata verin, onların malını (alış-verişdə) azaltmayın və yer üzündə fəsad törətməyə səy göstərməyin!"

"Əraf" və "Ənkəbut" surələrində də bunlara oxşar ayələr Mədyən camaat��nın barəsində gəlmişdir. "Şüəra" surəsində Əshabi-Əykə barəsində belə buyurur: -"Əshabi-Əykə göndərilənləri yalançı sandı. Şüeyb onlara belə dedi: -"Niyə qorxmursunuz! Mən Allahın əmin elçisiyəm, Allahdan qorxun və Ona itaət edin! Mən bunların əvəzində sizdən heç bir muzd istəmirəm, mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir." Bu ayələrin davamında "Hud" surəsində olan ayələrə oxşar ayələrdə camaatı çəkini düzgün verməyə dəvət edir. Ayələr belədir: -"Çəkini düzgün verin və (alış-verişdə) camaatı aldadanlardan olmayın. Tərəzini düz çəkin, camaatın malını azaltmayın və yer üzündə fəsad törətməyə səy göstərməyin!"

Mümkündür belə oxşarlıqdan və Şüeybin öyüd-nəsihətindən onların bir olması başa düşülsün, amma onların ayrı-ayrı tayfa olması, bir-birlərini qonşuluğunda məskunlaşması və Mədyən camaatının pis xüsusiyyətlərinin onlara keçməsi heç də uzaq deyildir. Şüeyb necə ki, Mədyən camaatını hidayət etmək üçün əmr olunmuşdu, eləcə də Əshabi-Əykəni hidayət etməyə əmr olundu.

Şüeybin dəlil-sübut gətirməsi

[redaktə | mənbəni redaktə et]

Şüeyb (ə) özünün şirin, dolğun və eyni halda möhkəm məntiqi ilə xalqa nəsihət etməyə başladı. Lakin buna baxmayaraq, onlar əks mövqe tutdular, nemətlər qarşısında şükür etmək əvəzinə Şüeybin dəvətini qəbul etməyib onu "yalançı" adlandırdılar, onu şəhərdən qovmaqla daş-qalaq etməklə hədələdilər. Bəziləri başqa İlahi peyğəmbərlərin öz ümmətləri tərəfindən məntiqsiz dəlillərlə cadugərlikdə töhmətləndirildikləri kimi, Şüeybə töhmət vurub onu ələ saldılar.

Əraf surəsində

[redaktə | mənbəni redaktə et]

"Əraf" surəsində belə nəql olunur: "Biz qardaşları Şüeybi (ə) Mədyən xalqına tərəf göndərdik."[1] O, onlara dedi: -"Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Artıq sizə Rəbbinizdən aşkar bir dəlil (möcüzə) gəldi. Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini (və ya onların haqqını) azaltmayın. Yer üzü (peyğəmbərlərin şəriətləri sayəsində) düzələndən sonra orada fitnə-fəsad törətməyin. Əgər siz mö’minsinizsə, bu (dediklərim) sizin üçün xeyirlidir! Hər yolun başında əyləşib Allaha iman gətirənləri qorxudaraq Onun yolundan döndərməyin, onu (Allah yolunu) əymək istəməyin. (Ey Mədyən tayfası!) Xatırlayın ki, bir zaman siz çox az idiniz, amma (Allah) sizi çoxaltdı. Bir görün fitnə-fəsad törədənlərin axırı necə oldu!…"[7] Bəzi təfsirçilər bu ayələrdən istifadə edərək Şüeybin (ə) qövmünün tərəzidə az verməsindən (əskik satmasından) əlavə başqa böyük bir günah etmələrini də qeyd etmişlər. Onlar yollarda pusqu quraraq yol kəsirdilər. Əlbəttə qeyd etmək lazımdır ki, onların yol kəsmələri, dininin qarşısında maneəçilik törətmələri.

1. Qiymətli gövhər olan imanın qabağını alması uzaq ehtimal deyildir. Elə buna görə də sözünün davamında buyurulur: -"Allaha iman gətirəni yolundan saxlayır və azdırırsınız…." Bəzi təfsirçilərin qeyd etdiyi kimi onlar Şüeybə(ə) iman gətirənlərin yolu üstündə durur, onları hədələyərək bu işdən əl çəkmələrini tələb edirdilər. Hər halda, yuxarıda qeyd olunan ayələrin ardınca mütəal Allah Şüeybin (ə) qövmünün o həzrətə verdikləri cavabı belə xatırladır: -"Onun qövmünün başçıları və inadkarlar təkəbbürlük edərək dedilər: -"Ey Şüeyb(ə)! Biz ya səni və sənə iman gətirənləri öz kəndimizdən qovacağıq, ya da bizim dinimizə qayıdacaqsınız".

Şüeybə (ə) iman gətirənlər o nadan camaatın qarşısında dedilər: -"Allah bizi sizin dininizdən azad edəndən sonra yenidən ona qayıdaraq Allaha iftira bağlayaq. Biz ona qayıtmayacağ. Məgər ki, Allah istəyə. Bizim pərvərdigarımızın elmi hər bir şeyi əhatə edibdir. Biz Allaha təvəkkül edirik. Pərvərdigara bizimlə qovmumuzun arasında hakimlik et. Sən ən yaxşı hakimsən" .

Ancaq Şüeybin (ə) cahil və məğrur qövmü özlərinin yanlış fikirlərinə israr edərək dedilər: -"Əgər Şüeybə (ə) itaət etsəniz ziyana uğrayacaqsınız" . Pərvərdigar bu təkəbbürlüyün nəticəsini belə buyurur: -"Onlara zəlzələ gəldi və evlərində cansız oldular. Şüeybi (ə) yalançı adlandıranlar sanki heç vaxt o evlərdə olmamışdılar. Şüeybi yalançı adlandıranlar özləri ziyankar oldular" .

Hud surəsində

[redaktə | mənbəni redaktə et]

(Onların) qardaşları Şüeybi (ə) Mədyənə göndərdik. O, onlara dedi: -""Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Ölçünü və çəkini əskiltməyin. Mən sizi xeyir-bərəkət içində (firavan yaşamaqda) görürəm. Bununla belə (Allahın hökmlərinə riayət etməyəcəyiniz təqdirdə) sizi (hər tərəfdən) bürüyəcək bir günün əzabından qorxuram! Ey qövmüm! Ölçüdə və çəkidə düz (ədalətli) olun. İnsanların heç bir şeydə haqqını əskiltməyin (adamların mallarının dəyərini aşağı salmayın, hər kəsin haqqı nə isə, onu da verin). Yer üzündə gəzib fitnə-fəsad törətməyin! Əgər möminsinizsə, (bilin ki, ölçüdə və çəkidə düz olandan sonra) Allahın (halal olaraq) verdiyi mənfəət (dünyada və axirətdə) sizin üçün daha xeyirlidir. Mən də sizə nəzarətçi deyiləm!""[8]

Xoşbəxtlikdən uzaq olan o xalq onun caabında dedilər: -"Sənin namaz və dinin əmr edirmi ki, biz ata-babalarımızın ibadət etdiklərindən əl çəkək və öz mal-dövlətlətimizdə istədiyimiz kimi istifadə etməyək, doğrudan da sən səbirli və başa düşənsən…" Şüeyb onlara buyurdu: -"Ey camaat! Sizin fikrinizcə əgər mənim pərvərdigarımdan dəlilim olsa və mənə ruzi əta etmiş olsa (Onun itaətindən necə çıxa bilərəm)?!. Mən istəmirəm ki, sizə qadağan etdiyim şeydə (əməl etməklə) sizinlə müxalifətçilik edəm. Mənim hədəfim bacardığım qədər islah etməkdir. (Mənim öz dəvətimdə) Tovfiq təkcə Allahın iradəsi ilədir. Yalnız Ona təvəkkül edir və yalnız onun dərgahına üz tuturam. Ey camaat! Mənimlə müxalifət və düşmənçilik etmək Nuhun, Hudun, Salehin və Lutun qövmünə gələn bəlanın sizə gəlməsinə səbəb olmasın! Öz Pərvərdigarınızdan bağışlanmaq istəyib onun dərgahına üz tutun və tövbə edin! Həqiqətdə mənim Pərvərdigarım rəhimli və mehribandır. "

Amma onlar bu böyük Peybəmbərin cavabında boş sözlərindən əl çəkməyərək, dedilər:

– Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmür və səni aramızda zəif (gücsüz) görürük. Əgər əşirətin (dinimizə tapınan qəbilən) olmasaydı, səni daşqalaq edərdik. Yoxsa sən bizim üçün əziz (hörmətli) bir adam deyilsən![9]

Şüeyb (ə) güclü məntiqlə və möhkəm dəlillə onlara cavab verərək buyurdu:

– Ey qövmüm! Məgər mənim əşirətim sizə Allahdan da əzizdir ki, Onu unudub saymırsınız? Həqiqətən, Rəbbim (elmi ilə) nə etdiklərinizi biləndir! 93 Ey qövmüm! Əlinizdən gələni edin. Mən də etdiyimi edəcəyəm. Rüsvayedici əzabın kimə gələcəyini və kimin yalançı olduğunu biləcəksiniz. (Əzabı) gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyirəm![10] Yəni siz Allahın vədə verdiyi əzabı gözləyin, mən də o əzabın sizə gələcəyini gözləyirəm.

İbn Abbas demişdir: -"Yəni, siz əzabı gözləyin, mən də haqqın rəhmət və köməyini gözləyirəm. Hər halda, Allahın göndərdiyi peyğəmbər yalançı adlandırmağın nəticəsi Pərvərdigarın buyurduğudur: -"Bizim əmrimiz gəldiyi zaman Şüeyb və ona iman gətirənlərə öz rəhmətimizlə nicat verdik. Zülm edənləri isə asimani bəla əhatə etdi. Onlar öz evlərində cansız olaraq qaldılar. Sanki heç zaman orada olmamışlar. Hudun qövmü məhv olduğu kimi, Mədyən camaatı da tələf oldular" . Bunun ardınca əksər peyğəmbərlərin öz ümmətlərinə dedikləri sözü qövmünə xatırladaraq buyurdu: -"Mən öz peyğəmbərliyimə görə sizdən heç bir muzd istəmirəm. Mənim mudzüm təkcə aləmlərin Pərvərdigarının öhdəsinədir". Daha sonra öz vəzifəsini onlara agah edib buyurdu: -"Ey camaat! Çəkidə düz verin və azaltmayın. Tərəzidə düz çəkin. Xalqın aldığını azaltmayın. Yer üzündə fəsad törətməyə çalışmayın. Sizi və sizdən qabaqkı insanları yaradan Allahdan qorxun!" .

O, camaat həyasızcasına Şüeybə belə cavab verdilər: -"Doğrudan da sənə cadu ediblər, sən də bizim kimi (adi) bir insansan, biz sənin yalançı olmağını düşünürük."

Sonra öz həyasızlıqlarında daha da ifrata varıb dedilər: -"Əgər düz deyirsənsə, asimanın bir hissəsini bizim üstümüzə at!"

Şüeyb (ə) onların cavabında buyurdu: -"Mənim Pərvərdigarım sizin etdiklərinizə daha alimdir" . Allah taala onların sonunu belə nəql edir: -"Onlar Şüeybi təkzib edib yalançı adlandırdılar və günün əzabına (atəş saçan kölgə əzabına) düçar oldular. Həqiqətən də (bu gün) böyük əzab günü idi. Bu hadisədə ibrət vardır. Onların çoxusu mömin deyildilər."

Şüeybin kor olması

[redaktə | mənbəni redaktə et]

Bəzi təfsirçilər "Hüd" surəsinin 92-ci ayəsinin -"Biz səni öz aramızda zəif görürük" təfsirində belə deyirlər: -"Onların bu sözünün səbəbi Şüeybin kor olması idi. Onların "zəif və gücsüzdür" -dedikdə məqsədləri onun görmə qabiliyyətini əldən verməsi idi. Təbəri bu sözü öz kitabında Səid ibn Cübeyr və başqalarından nəql etmişdir.

"Kamülut-təvarix"in müəllifi də bu sözü qeyd etmişdir.

Lakin bunların qarşısında başqa təfsirçilər Şüeybin (ə) kor olmasını inkar etmiş, peyğəmbərlərinin xalq arasında nifrət yaradan xəstəliklərdən uzaq olmalarını sübut gətirmişlər. Onlar kor olmağı xalq arasında nifrət yaradan xəstəliklərdən sayaraq, o həzrətin kor olmasını inkar etmişlər.

Bu kimi təfsirçilərin qarşısında başqa bir qrup da birinci dəstənin tərəfdarlığına qalxmış, korluğun xalq arasında nifrət yaradan xəstəliklərdən olmamasını deyərək, bütün peyğəmbərlərin (ə) ona düçar ola bilməsi ehtimalını irəli sürmüşlər və demişlər ki, bu xəstəlik onların ilahi vəzifələrini yerinə yetirməsinə mane olmamışdır.

Şeyx Səduq "İləluş-şəraye" kitabında Rəsuli Əkrəmdən (ə) bir hədis nəql etmişdir ki, onun düz olduğu təqdirdə hər iki dəstənin nəzəriyyəsini düzgün hesab edə bilərik, beləliklə də qarşıya çıxan müşkül bir qədər həll olmuş olar. O, öz sənədi ilə Ənəsdən, o da Allahın Rəsulundan (s) belə rəvayət edir: -"Şüeyb Allaha olan eşqinə görə o qədər ağladı ki, axırda gözləri tutuldu. Allah onun görmə qabiliyyətini yenidən ona qaytardı. Ancaq Şüeyb yeidən o qədər ağladı ki, gözləri (ikinci dəfə) kor oldu. Allah təzədən körmə qabiliyyətini ona qaytardı. Şüeyb yenə də ağlayaraq kor oldu. Üçüncü dəfə də pərvərdigar onun gözlərini ona qaytardı. Bu iş dördüncü dəfə təkrar olunduqda Allah ona belə vəhy etdi: -"Ey Şüeyb! Həmişə belə ağlamaq istəyirsən?! Əgər sənin qorxun cəhənnəm odundadırsa Mən sənə pənah verərəm, yox əgər behişt eşqindəndirsə onu sənin üçün mübah edirəm!"

Şüeyb cavabında dedi: -"Ey mənim məbudum! Ey mənim ağam! Sən Özün bilirsən ki, mən cəhənnəm qorxusu və behişt arzusundan ağlamıram! Mən Sənin aşiqin olmuşam, özümü saxlaya bilmirəm. Fəqət Sənə çatmaq istəyirəm!" Pərvərdigar da ona belə vəhy etdi: -"Əgər belədirsə Mən öz kəlimim Musanı sənə xidmətçi göndərirəm.

Mərhum Məclisi bu hədisin şərhində deyir: -"Kamil mərifət istəyi, istedad bacarıq və bütün qüvvə ilə olmuşdur. Yəni, daim Sənin eşqindən ağlayır, bu yolla mərifət və yəqinin yüksək həddinə çatmaq istəyirəm. Yəqinə çatmaq- haqqı görmək kimi ifadə olunur.

Şüeybin qövmüna əzabin nazil olma səbəbi

[redaktə | mənbəni redaktə et]

Ravəndi (r.ə) imam Səcaddan (ə) nəql edir ki, o Həzrət belə buyurmuşdur: -"İlk dəfə tərəzi və peymanəni öz qövmü üçün düzəldən həzrət Şüeyb (ə) olmuşdur ki, bundan sonra onlar peymanə və tərəzi ilə işləməyə başladılar. Bir müddət keçdikdən sonra (tərəzidə) az verməyə başladılar. Bu da ilahi əzaba səbəb oldu."

Ravəndinin Vəhb ibn Münəbbih və başqalarından nəql etdiyi rəvayətdə qeyd edilir ki, Şüeyb, Əyyub və Bələm ibn Baura ki, İbrahimin Nəmrudun odundan nicat tapdığı gün ona iman gətirən və onunla birlikdə Şama hicrət edənlərin övladı idilər.

İbrahim Lutun qızlarını onlara zövcə qərar vermişdi. Onun dediyinə görə İbrahimdən sonra və bəni İsraildən qabaq məbus olmuş peyğəmbərlərin hamısı onların nəslindən olmuşdur. Mütaal Allah Şüeybi Mədyənə göndərdi. Mədyən əhalisi onun qohum və qəbiləsindən deyildilər. Bu zaman onlara zəmanəsində bir kəsin qarşılaşa bilməyəcəyi zalım bir padşah hökumət edirdi.

Yuxarıda adı çəkilən camaat çəkidə az verir, xalqın aldıqlarını azaldırdılar, bunlardan əlavə dünyanı yaradan Allaha kafir olur və İlahi Peyğəmbərləri yalançı adlandırır, haqq qarşısında təkəbbürlük edirdilər. Özləri üçün çəkdikləri zaman peymanə və tərəzini düzəldirdilər.

Onlar adi həyat sürürdülər. Padşahları onlara yemək məhsullarını yığıb saxlamaqla və az çəkməyi tapşırdı. Şüeyb onlara öyüd-nəsihət etməyə başladı. (Az verməkdən çəkindirdi). Padşah Şüeybi çağırıb dedi: -"Mənim əmrimi qarşısında nə fikirdəsən? Ondan razısan, ya yox? Şüeyb dedi: -"Mütaal Allah mənə vəhy etmişdir ki, hər zaman bir padşah sənin kimi rəftar etsə, onu "facir padşah" çağırırlar." Padşah onu yalançı adlandırıb qohum-əqrəbası və tayfası ilə birlikdə şəhərdən çıxartdırdı. Məhz bu zaman ilahi əzab nazil oldu.

Şüeybin qövmünün cəzası

[redaktə | mənbəni redaktə et]

Qurani-Kərimin ayələrin də deyildiyi kimi (Əraf surəsi) Şüeybin qovmunun əzabı "Rəcfə" -yəni zəlzələ olmuşdur. "Hud" surəsində qeyd olunur: -"O zülm edənləri isə, dəhşətli bir səs bürüdü və onlar öz evlərində diz üstə çöküb qaldılar (bir göz qırpımında məhv oldular). Sanki onlar heç yaşamamışdılar.."[11] Şüəra surəsində əzab "Yəvmuz-zullə", yəni yandırıcı kölgə adlandırılmışdır.

Əvvəldə qeyd etdiyimiz kimi, bəzi təfsir və tarix alimləri demişlər: -"Şüeyb iki dəfə xalqa yol göstərib təbliğ etməyə məmur olmuşdu. Birinci dəfə Mədyən camaatı, digəri isə Əshabi Əykə üçün." Bunlar deyirlər: -"Mədyən camaatı "Rəcfə" və zəlzələyə, Əshabi Əykə isə "Yəvmuz zullə" əzabına duçar olmuşdular. Lakin başqaları belə deyirlər ki, Mədyən və Əshabi Əykə camaatı eyni bir xalq idilər. "Zəlzələ" və "Yamuzzullə" əzablarının hər ikisi də həmin xalqa nazil olmuşdur. Belə ki, əvvəldə zəlzələ baş vermiş, onun ardınca isə yandırıcı bulud onlara kölgə salaraq hamısını həlak etmişdi.

İbn Abbas və başqaları deyirlər: -"Şüeybin qovmu şiddətli və yandırıcı istiyə düçar olmuşlar. Evlərinin daşları və sular da onları o əzabdan xilas edə bilmədi. Onlar da qızışmışdı. Bu vaxt Allah sərin külək əsdirən bir bulud göndərdi. Camaat o buludun altına yığılıb xilas olmaq istədilər. Başqalarını da öz yanlarına çağırdılar. Hamısı bir yerə yığıldıqdan sonra buluddan atəş yağmağa başladı, torpaq ayaqlarının altında lərzəyə gəldi. Başlarına göydən atəş yağmağa, ayaqlarının altından isə torpaq titrəməyə başladı, hamısı yanıb külə çevrildi. Beləliklə dünya həyatları sona çatdı.

Vəhb deyir: -"Mütəal Allah onlara yandırıcı isti göndərdi. Doqquz gün şiddətli istinin əzabına mübtəla oldular. Suları içilməsi mümkün olmayan isti həmimə dönmüşdü. Bu zaman Allah onlar üçün bir bulud göndərdi. Hamısı onun altına toplaşdılar. Allah təala o buluddan onların başına atəş yağdırdı. Bir nəfər belə ondan canını qurtara bilmədi.

Beləliklə, deyə bilərik ki, zəlzələ və yandırıcı buludun əzabına düçar olanlar Mədyən ya Əshabi Əykə olmuş, hər iki əzab onlara göndərilmişdir. "Hud" surəsində olan "Seyhə"dən məqsədin də göyün guruldaması, yaxud Cəbrayılın (ə) seyhəsi çəkməsi mümkündür. Bu Seyhə, əzab onlara nazil olmamışdan, yaxud məhv olmamışdan qabaq onlara yetişmişdi. Bəzi təfsirçilərin dediyi kimi "Seyhə"dən məqsəd onların həlak və məhv olmasıdır. Belə ki, ərəblər məhv olmuş qövmün haqqında "Sahəz zəmanu bihim", yəni "O qövüm məhv oldu"- :deyirlər.

Həzrət Şüeybin (ə) Mədyən camaatı üçün göndərdiyi elçinin əhvalatı

[redaktə | mənbəni redaktə et]

Ravəndinin "Qisəsül-Ənbiya" və başqa kitablarda müəyyən qədər ixtilaflı olaraq belə gəlmişdir: -"Hişam ibn Əbdül-Məlikin vaxtında Fələstin torpaqlarında kanal çəkmək üçün bir yeri qazdılar, bir kəllə sümük tapıb onun ətrafını qazdılar. Bu zaman ağ paltara bürünərək daşın üstündə oturmuş bir kişini müşahidə etdilər. Başında yara vardı, sağ əlini onun üstünə qoymuşdu. Yeri qazanlar onun əlini yaranın üstündən götürdülər. Bu vaxt yaradan qan axmağa başladı. Əlini boşladıqları zaman yenidən yaranın üstünə qalxdı və qan kəsildi. Paltarına diqqət yetirdikdə üstünda belə yazını gördülər: -"Mən Şüeybin öz qövmü üçün göndərdiyi elçiyəm. Onlar məni döyüb əzab-əziyyət verdikdən sonra bu quyuya ataraq üstümə torpaq tökdülər."

Bu əhvalatı Hişama xəbər verdilər. O, cavab yazaraq onun üstünə yenidən torpaq tökmələrini və kəhriz üçün başqa yeri qazmalarını tapşırdı.

Hz. Şüeybin ömrü

[redaktə | mənbəni redaktə et]

Bəzi rəvayətlərdə deyilir ki, qövmü nabud olduqdan sonra Şüeyb (ə) ona iman gətirənlərlə birlikdə Məkkəyə gələrək ömürlərinin axırına qədər orada qaldılar.

Başqa bir rəvayətdə isə belə deyir: -"Şüeyb camaat məhv olduqdan sonra Mədyənə gəldi. Mədyəndə olduğu zaman Musa o şəhərə gələrək onunla görüşdü və qızları ilə evlənmək məsələsi qarşıya gəldi."

Musanın Mədyənə gəldiyi zaman görüşdüyü və qızı ilə evlənmə barəsində müzakirə etdiyi adamın Şüeyb (ə), yaxud başqa bir adamın olması barədə ixtilaf vardır. (O başqa adam həzrətin qohumlarından, yaxud ona iman gətirənlərdən idi). İnşaallah, bu barədə daha ətraflı bəhs edəcəyik.

Şüeybin ömrü haqqında ixtilaf vardır. İbn Abbasdan nəql olunur ki, Şüeyb 242 il ömür sürmüşdür. Bəzi rəvayətlərdə o həzrətin daha çox ömür sürdüyü deyilmişdir.

Şüeybin (ə) dəfn olunduğu yer

[redaktə | mənbəni redaktə et]

Tarix və rəvayətlərdə Şüeybin (ə) dəfn olunduğu yer barsində bir şey qeyd olunmamışdır. Bircə bunu qeyd etmək olar ki, Əbdul Vəhhab Nəccar özünün "Qisəsül-Ənbiya" kitabında yazır: -"Həzrəmutda bir qəbir vardır ki, oranın əhalisi o qəbrin Şüeybin (ə) olmasına inanırlar. Bu qəbir Şəbamın şimalında yerləşir və oradan Şəbama qədər iki saatlıq yol vardır . O qəbri ziyarət etmək üçün "İbn Əli" vadisindən keçmək lazımdır. O qəbrin ətrafında heç bir abadlıq yoxdur. Heç kəs o qəbrin ziyarətiən getmir. Axırda əlavə edib deyir: -"Mən bu qəbrin Şüeybin (ə) olması barədə şübhə edirəm.

Seyyid Kamal. Peyğəmbərlərin həyatı. — Bakı, 2004. S.107–110.

  1. 1 2 3 Əraf surəsi, 85
  2. Tövbə surəsi, 70
  3. Hud surəsi 84, 95
  4. Həcc surəsi, 44
  5. Qəsəs surəsi, 22, 32, 45
  6. Ənkəbut surəsi, 36
  7. Əraf surəsi, 85–86
  8. Hud surəsi, 84–86
  9. Hud surəsi, 91
  10. Hud surəsi, 92–93.
  11. Hud surəsi, 94–95
Qurandakı peyğəmbərlər
Adəm  • Şeys  • İdris  • Nuh  • Hud  • Saleh  • İbrahim  • İsmail  • İshaq  • Lut  • Yaqub  • Yusif  • Əyyub  • Şüeyb  • Musa  • Harun  • Davud  • Süleyman  • Yunis  • Zəkəriyya  • Yəhya  • İsa  • Məhəmməd
Ayrıca bax: Allah , Din , İslam , Quran