İosif Brodski

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İosif Brodski
Doğum adı Иосиф Александрович Бродский
Doğum tarixi 24 may 1940(1940-05-24)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 28 yanvar 1996(1996-01-28)[2][3][…] (55 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • San-Mikel qəbiristanlığı[d]
Fəaliyyəti şair, tərcüməçi, esseist, yazıçı, dramaturq, dramaturq, mühazirəçi
Fəaliyyət illəri 1956-cı ildən
Əsərlərinin dili rus dili, ingilis dili
Janr poeziya
Üzvlüyü
Mükafatları "Fəxri legion" ordeni kavaleri
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İosif Brodski (rus. Иосиф Бродский; 24 may 1940[1][2][…], Leninqrad[4]28 yanvar 1996[2][3][…], Bruklin, Nyu-York ştatı[5]) — yəhudi əsilli görkəmli RSFSR və ABŞ şairi, esseist, dramaturq, tərcüməçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1987).

Yəhudi əsilli rus-amerikan şairi İosif Aleksandroviç Brodski Leninqradda (indiki Peterburq), fotoqraf ailəsində doğulmuşdu. Uşaqlıq illəri Leninqradın blokadası, müharibədən sonrakı yoxsulluq və ehtiyac dövrünə təsadüf etmişdi. Yeddinci sinifdən sonra məktəbi ataraq zavodda tornaçı şagirdi olmuşdu. Bu bir tərəfdən valideynlərinə maddi kömək etmək arzusu ilə bağlı idi. Digər tərəfdən isə İosif Brodski ayrı-ayrı müəllimlərin timsalında üzləşdiyi antisemitizmə etirazını bu yolla bildirmişdi. Dənizçilik məktəbinə daxil olmaq cəhdləri boşa çıxdıqdan sonra o, matros, qazançı, geoloji ekspedisiyada fəhlə kimi müxtəlif peşələr dəyişmişdi. Bir müddət həkim olmaq fikrinə düşmüş və təcrübə toplamaq üçün Leninqraddakı məşhur Kresti həbsxanasının ölüxanasında işə düzəlmişdi.

Ali məktəbdə oxumaq imkanından məhrum olsa da, bütün bu illər ərzində İosif Brodski sərbəst şəkildə, ardıcıllıq və inadla təhsili ilə məşğul olurdu. İngilispolyak dillərini öyrənirdi, bədii əsərlər, din və fəlsəfəyə dair kitablar oxuyurdu.

İlk şeirlərini yeniyetməlik dövründə yazmışdı. Poeziyaya marağının yaranmasında Boris Slutskinin əsərləri mühüm rol oynamışdı. 1961-ci ildə tanış olduğu Anna Axmatovanın şeirləri haqqındakı ruhlandırıcı sözləri də Brodski üçün ciddi stimula çevrilmişdi. Marina SvetayevaYevgeni Baratınski, sonrakı illərdə isə Osip Mandelştam onun öyrəndiyi və təsirləndiyi ədəbi simalar idi. Yevgeni Reyn, Vladimir Uflyand, Stanislav Krasovitski kimi "qeyri-rəsmi" şairlərin yaradıcılığı ilə tanışlıq ədəbi zövqünün formalaşmasına təsirsiz qalmamışdı.

1962-ci ildə gənc rəssam Mariya Basmanova ilə tanış olduqdan sonra şeirlərinin əksəriyyəti ona bəslədiyi hisslər və Leninqradın təkrarsız gözəllikləri üzərində qurulmuşdu. İosif Brodski 60-cı illər sovet cəmiyyəti üçün qəbuledilməz sayılan bir həyat tərzi keçirmək – istədiyi şəkildə yaşamaq və azad sənətkar kimi yazıb-yaratmaq fikrinə düşmüşdü. Bu isə avtoritar rejim şəraitində qeyri-mümkün idi.

"Veçerni Leninqrad" qəzeti 1963-cü ildə bir qrup müəllifin imzaladığı "Ədəbiyyatın yan-yörəsində fırlanan eşşəkarısı" adlı satirik yazı çap etmişdi. Sovet demaqoqiyasının tipik nümunələrindən olan bu məqalədə İosif Brodskinin "parazit həyat tərzi" ifşa obyektinə çevrilmişdi. Yazının sifarişli olduğu şübhə doğurmurdu. Bu sovet ideologiyasına yad müəllifin təqibi, bəlkə də həbsi üçün hazırlıq idi. Brodskinin dediyinə görə həmin dövrdə onu belə şeylərdən daha çox Mariyanı itirmək qorxudurdu. Ayrıldıqlarına görə şair hətta intihara cəhd göstərmişdi.

1964-cü ilin fevralında İosif Brodski həbs edildi. Məhkəmə tüfeyli həyat tərzinə görə onu icbari əməklə məşğul olmaq şərti ilə beş illiyinə Arxangelsk vilayətinin Konoş rayonuna sürgün edilməsi haqqında qərar çıxardı. Müsahibələrinin birində şair Norenskoe kəndində keçən sürgün aylarını həyatının ən qayğısız, rahat və xoşbəxt dövrü adlandırmışdı.

Jan-Pol Sartr, Dmitri Şostakoviç, Yevgeni Yevtuşenko kimi məşhur simaların işə qarışması sovet rəhbərliyini qərarına yenidən baxmağa vadar etdi. İl yarımdan sonra Brodski sürgündən geri qaytarıldı. O, özü də müsahibələrində elə bir samballı dissident olmadığını, Sovet hakimiyyətinə qarşı heç bir mübarizə aparmadığını, ətrafındakı hadisələrin qəsdən dramatikləşdirildiyini qeyd etmişdi.

1972-ci ilin mayında müvafiq orqanlar Brodskini dilemma qarşısında qoydular – ya ölkəni tərk etməli, ya da dəlixananı seçməlidir. Həmin dövrə qədər iki dəfə məcburi şəkildə psixdispanserə salındığından şair birinci təkliflə razılaşdı. İyun ayında Vyanaya gələn Brodski tezliklə ABŞ-də yerləşdi və Miçiqan universitetində rus ədəbiyyatı tarixi, XX əsr rus poeziyası və şeir nəzəriyyəsi fənlərini tədris etməyə başladı. Hətta orta təhsili olmayan Brodskinin ABŞ və Böyük Britaniyanın altı tanınmış universitetində professorluq etməsi ən azı qəribə idi. O, tədricən şeir və esselərini ingilis dilində yazmağa başlamışdı. Orijinal yaradıcılığı ilə birlikdə qarşılıqlı şəkildə rus və ingilis dillərindən tərcümələrə də diqqət yetirmişdi.

İosif Brodskinin ABŞ-də, ingiliscə çap etdirdiyi "Birdən az" esselər toplusu 1986-cı ildə ilin ən yaxşı ədəbi-tənqidi kitabı sayılmışdı. 1987-ci ildə isə o, "parlaq poeitiklik və aydın fikirlə zəngin olan əhatəli yaradıcılığına görə" Nobel laureatı olmuşdu. İvan Bunindən sonra Brodski mühacirətdə Nobel mükafatı alan ikinci rus müəllif idi. Təqdimat mərasimi üçün gəldiyi Stokholmda özünü daha çox rus, yaxud amerikalı sayması haqqında suala Brodski belə cavab vermişdi: "Mən yəhudiyəm, rus şairiyəm və ingilis tənqidçisiyəm".

Şübhəsiz, Nobel laureatı kimi İosif Brodski rus ədəbiyyatının ən parlaq nümayəndəsi deyildi. Əgər mükafat mütləq rus yazıçısına veriləcəkdisə, ondan daha layiqli namizədlər tapmaq mümkün idi. Təbii ki, bir sıra digər təsadüflərdəki kimi burada da siyasi amillər ədəbiyyat meyarlarını üstələmişdi.

Mühacirət dövründə şair valideynləri ilə görüşə bilməmişdi. Ürəyində açıq cərrahiyyə əməliyyatı aparıldığı 1978-ci ildə ABŞ-nin israrlı dəvətlərinə baxmayaraq anası ölkədən buraxılmamışdı. 1983-cü ildə anasını, 1984-cü ildə isə atasını itirən Brodski onların heç birinin dəfn mərasimində iştirak edə bilməmişdi.

Yenidənqurma və aşkarlıq dövrünün başlanması ilə şairə münasibət dəyişmişdi. Onun əsərlərini Rusiyada çap etməyə başlamışdılar. 1995-ci ildə isə Sankt-Peterburq meri N.Sobçakın təşəbbüsü ilə Brodski şəhərin fəxri vətəndaşı elan olunmuşdu. Lakin "mənim ən yaxşı hissəm – şeirlərim oradadır" – deyən şair doğma şəhərinə gəlməyə imkan tapmamışdı. Brodski vəsiyyətinə əsasən Venesiyada dəfn olunmuşdur. 2005-ci ildə Sankt-Peterburq universiteti filologiya fakültəsinin həyətində yəhudi əsilli rus-amerikan şairinə ilk abidə ucaldılmışdır.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Iossif Alexandrowitsch Brodski // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Bibliothèque nationale de France Iosif Aleksandrovič Brodskij // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. 1 2 Deutsche Nationalbibliothek Record #118660136 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. 1 2 https://www.poets.org/poetsorg/poet/joseph-brodsky.
  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]