İnkişaf etməkdə olan ölkə
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
İnkişaf etməkdə olan ölkələr qısaca İEOÖ— bu ölkələrə Asiya, Afrika, Latın Amerikasında yerləşən 150-yə qədər ölkə aid edilir. Bu ölkələrin əksəriyyəti tarixən müstəmləkə olmuşlar. Onların əksəriyyəti hazırda da iqtisadi cəhətdən asılı vəziyyətdədir. İEOÖ iqtisadi və sosial inkişaf səviyyələrinə görə çox geri qalırlar. İqtisadiyyatın mineral-xammal və aqrar-xammal istiqaməti bu ölkələr üçün səciyyəvidir. İEOÖ-də urbanizasiyanın səviyyəsi əsasən aşağı olur, əhalinin təbii artımı yüksəkdir, həyat səviyyəsi aşağıdır.
İEOÖ-in təsərrüfatında faydalı qazıntıların hasilatı və satışı mühüm yer tutur. Bu qrup ölkələrə mineral-xammal ölkələri deyilir. İEOÖ-in əksəriyyəti üçün kənd təsərrüfatı məhsullarının becərilməsi, onların xammal kimi ixracı da aiddir. Belə ölkələr aqrar-xammal ölkələri adlanır.
İEOÖ arasında böyük fərqlər olduğuna görə onları aşağıdakı kimi qruplaşdırırlar:
- Əsas ölkələr (Braziliya, Meksika, Hindistan və Çin) güclü potensiala malikdir, ÜDM-in miqdarına görə dünyada ilk 20 ölkə sırasına daxildir, hər nəfərə düşən ÜDM-ə görə isə İEOÖ-lərlə eyni sırada dururlar. Bəzi emal sənayesi sahələri yüksək texnologiyaya əsaslanan məhsullar istehsal edir.
- Neft ixrac edən ölkələrdə onun satışından əldə edilən gəlirlər hesabına hər nəfərə düşən ÜDM 10–15 min dollardan çoxdur. Onlara Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Qətər, Oman və Bəhreyn aiddir.
- Yeni sənaye ölkələri (YSÖ) güclü emal sənayesi sahələrinə malikdirlər və nisbətən yüksək iqtisadi inkişaf səviyyəsinə görə fərqlənirlər. XX əsrin 70–80-ci illərində əsasən Asiyada yerləşən ölkələr sosial-iqtisadi inkişaf tempinə görə qabaqcıl yer tutmuşlar. YSÖ xarici investisiya, idxal edilən texnologiya, nisbətən ucuz və ixtisaslı işçi qüvvəsi hesabına son vaxtlarda elmtutumlu sənaye məhsulları istehsal edirlər. Yeni sənaye ölkələrinə İndoneziya, Tailand, Malayziya, Filippin, Uruqvay, Çili, Argentina və s. aiddir. Honkonq şəhəri hazırda dünyanın əsas iqtisadi mərkəzlərindən biridir
Keçid dövründə olan ölkələrin bir hissəsi son vaxtlarda müstəqillik əldə etmiş, digərlərində siyasi sistem dəyişmişdir. Bu qrupa Şərqi Avropanın, Asiyanın keçmiş və hazırkı sosialist ölkələri aiddir.