İşquz
Azərbaycan tarixi |
---|
Etimologiya • Xronologiya • Etnogenez |
Azərbaycan portalı |
Azərbaycan ərazisində sak-skif-massaget tayfalarının məskunlaşdığı ərazidə yaradılmış qədim dövlət. Eramızdan əvvəl VII-IV əsrlərdə mövcud olmuş Sak çarlığı Şimali Azərbaycan eləcə də Qərbi Azərbaycan (indiki Ermənistan ərazisində) yaradılmış ilk dövlətdir.
Skif,sak və massagetlərin Azərbaycana gəlişi
[redaktə | mənbəni redaktə et]Skiflərin Cənubi Qafqaz ərazisindən Cənuba doğru irəlilədiyini göstərən T.Sulimirski onların Cənubi Qafqaza və Güney Azərbaycana gəlmələri tarixini daha əvvələ çəkməyi məsləhət görür. Yazılı mənbələrin verdiyi məlumatlara, həmçinin Qara dənizyanı bozqırların və Qafqazın skiflərə aid edilən arxeoloji materiallarına əsaslanaraq skiflərin gəlmələri arasında iki il fərq olduğunu qeyd edən T.Sulimirski Azərbaycanda kərtmə qəbirlər mədəniyyətini erkən skif mədəniyyəti saymağı təklif edir. O, katakomba mədəniyyəti adamlarını kimmerlərlə eyniləşdirir. Katakomba qəbirləri mədəniyyətinin sonunu isə təqribən e.ə. 700-cü ildə kimmerlərin Urartu dövləti sərhəddlərində görünmələri dövrünə aid edir. Ağ bəzəkli keramika ilə müşahidə olunan Gəncə-Qarabağ mədəniyyətinin yaranmasını o, Cənubi Qafqaza yeni türk tayfaları olan skif və massagetlərin (Q.Qeybullayev qeyd edir ki, onlar skiflər yox, saklar və massagetlər idi) axınları ilə əlaqələndirir. O, qeyd edir ki, Gəncə-Qarabağ mədəniyyəti nümunələri Cənubi Qafqaz cizgiləri ilə yanaşı Qara dənizyanı bozqırların cizgilərini də özündə birləşdirir. T.Sulimirski skiflərin daha öncə bu əraziyə gəlmələrini təsdiqləmək üçün II Aşşurnasirpalın dövrünə aid relyefdəki səhnəni misal gətirir. Relyefdə təsvir olunan ox və yayla silahlanmış iki atlını o, geyim və əlbisəsinə görə skif hesab edir.
E.ə.VIII əsrin sonlarına aid Assur mənbələrindən assurların "gimirrai" adlandırdıqları köçəri kimmerlərin axınlarının baş verdiyini bilmək olur. Onların ardınca isə tezliklə mənbələr (e.ə. VII əsrin əvvəlləri) "asğuzai/isguzai" şəklində skiflərin adını çəkir. Herodotun məlumatına görə kimmerlər Qara dəniz sahili boyunca, Qafqazdan keçərək, skiflər isə Qafqaz dağlarını sağda qoyub Xəzər dənizinin Qərb sahili boyunca hərəkət etmişlər.
Kimmer və skiflərin Qafqazdan keçərək Cənubi rus çöllərindən Ön Asiyaya hərəkət yolları barədə Herodotun verdiyi məlumatı arxeoloji dəlillər də təsdiqləyir. Y.İ.Krupnov öz tədqiqat işində bu türk tayfalarının hərəkət yollarını izləyir və belə hesab edir ki, onlar yolun bütün əlverişli keçidlərindən – Meotida Kolxida sahilboyu yolu, Dəryal keçidi ilə hərbi Gürcüstan yolu, Mamison keçidi ilə hərbi osetin yolu və Dərbənd keçidindən istifadə etmişlər.
Skiflərin Ön Asiya tayfaları ilə münasibətləri
[redaktə | mənbəni redaktə et]Skiflər Manna dövləti ərazisində məskunlaşdıqdan sonra Assur sərhədlərini təhdid etməyə başladılar.
Aşşurbanipalın (e.ə. 668-635/27) "Rassam silindri" adlanan kitabəsinə görə Assurla ittifaq bağlamağı rədd edən, "öz gücünə arxalanan və lovğalanan" Luddu (Lidiya) hökmdarı Quqqu (Qiqes) kimmerlərlə döyüşdə öz ölümünü tapdı. Bu hadisə astrologiyaya bağlı bir mətndə də əks olunmuşdur. Bu mətndə göstərilən astronomik məlumatların tədqiqi həmin hadisənin dəqiq tarixini məhz e.ə.657-ci il 16/17 may kimi söyləməyə imkan verir. Aşşurbanipalın dövrünə aid ilahə İştarın şərəfinə yazılmış mərmər lövhədəki mətndən bizə öz hakimiyyətini saklar və Qutium (bu ad altında Manna nəzərdə tutulur) üzərində bərqərar etmiş kimmer (Q.Qeybullayevə görə əslində sak) hökmdarı Tuqdammenin adı məlumdur.
Təqribən e.ə. 639-cu ildə Tuqdammenin vərəsəsi Sandakşatru Assurun Şimal-Qərb sərhədlərinə təcavüz edir. Elə həmin dövrdə skif-massaget birləşmələri assurlar tərəfindən məğlub edilir və Azərbaycana doğru geri çəkilməyə məcbur olur. Bu məğlubiyyətdən sonra Assur mənbələrində massagetlərin adı çəkilmir (masssagetlər Azərbaycanın Şimal-Şərq sərhəddlərinə köçərək indiki Dərbənd-Xaçmaz bölgəsində məskunlaşmışdılar). Skiflər uzun müddət Yaxın Şərqdə təhdidedici qüvvəyə çevrildilər. Burada bir şeyi də qeyd etmək lazımdır ki, bu ərazidə baş verən bütün bu hadisələr Assuriyanın zəifləməsinə və süqutuna səbəb oldu. Bunu Aşşurbanipaldan sonra rəsmi dövlət kitabələrinin olmaması da sübut edir.
Assurlara qarşı mübarizədə mannalar skiflərin köməyindən faydalanır, müttəfiq kimi birgə çıxış edirdilər. Qələbələrini sadalayan Assur hökmdarı Asarxaddon özü haqqında məlumat verir:
"Manna ölkəsinin adamlarını, ram olmayan kutiləri pərən-pərən salan mən silahla onları xilas edə bilməyən müttəfiq, skif İşpakayın qoşununu əzişdirdim".
Lakin skif hökmdarları tədricən elə güclənir ki, onu öz müttəfiqi kimi görmək istəyən Asarxaddon öz qızını skif hökmdarı Partatuaya ərə vermək yolu ilə skiflərlə münasibətləri nizamlamağa çalışdı. Lakin bu işlə də sülh əldə edilmədi. Belə ki, orakullara müraciət mətnlərini tədqiq edən Y.Aronun fikrincə skiflər Asarxaddonun hakimiyyətinin son illərində təhdidedici qüvvə olaraq qalmaqda idilər. O, öz nəticəsini onunla əsaslandırır ki, Partatuanın adı çəkilən mətn düşmən skifləri xatırlayan digər mətnlərdən əvvəl tərtib olunmuşdur.
Bizə məlum olan mixi yazılı məmbələrə görə Skif hökmdarlığı təqribən 80 il mövcud olmuşdur. Herodotda daha bir skif hökmdarının – Prototinin (mixi yazlı mənbələrdəki Partatua ilə eyniləşdirilir) oğlu Madinin adı saxlanmışdır. (Herodot,I,103) Onun dövründə skiflər Midiya hökmdarı Kiaksarı məğlubiyyətə uğradıb Midiyada özlərinin 28 illik hökmdarlıqlarını yaratdılar və viranedici yürüşlərini həyata kçirdilər. Lakin madaylar skifləri məğlub edərək yenidən öz hakimiyyətlərini bərpa edə bildilər. Skiflər isə yenidən Şimali Azərbaycana doğru geri çəkildilər.
Skif dövlətinin ərazisi
[redaktə | mənbəni redaktə et]Skiflərin Azərbaycan ərazisində harada möhkəmlənmələri və öz dövlətlərini qurmaları hələ də mübahisəli məsələlərdəndir. Lakin Assur mənbələrindən biz bilirik ki, onlar Manna dövlətini hansısa Şimal əyalətlərində məskunlaşmışdılar. Assur hökmdarı Asarxaddonun (e.ə. 680-669) dövrünə aid məlumatda bu barədə danışılarkən "mannalar ölkəsinin əyalətində yaşayan skiflər" ifadəsi işlədilir.
Yazılı mənbələrin məlumatlarını təhlil edən İ.M.Dyakonova görə, skiflərin məskənini Manna torpaqlarının Şimal sərhəddində, Araz çayı rayonu və Şimala doğru Qərbi Azərbaycan (indiki Ermənistan) və Azərbaycanın Qərbində lokalizə etmək lazımdır. Q.Qeybullayev də skif hökmdarlığının lokalizəsini bu cür verir.
İ.H.Əliyev də skif hökmdarlığını qismən Azərbaycanın Şimal, qismən də Cənub ərazisində yerləşdirir. O, belə hesab edir ki, skiflər özlüyündə yerli türklərlə müqayisədə işğal olunmuş əyalətlərdə siyasi hakimiyyəti öz əllərində saxlayan azlıq təşkil edən hakim təbəqə olmuşdur.
Skif yoxsa sak çarlığı
[redaktə | mənbəni redaktə et]Q.Qeybullayev qeyd edir ki, Sak çarlığının tarixini ən çox tədqiq edən tarixçilərdən İ.M.Dyakonov və İ.H.Əliyev nəzərə almamışlar ki, antik müəlliflər skif adı altında Şimali Qara dəniz sahillərində və Orta Asiyada yaşayan köçəri tayfaları nəzərdə tuturdular. Sonrakı araşdırmalardan bəlli oldu ki, bu alimlərin Skif çarlığı kimi tədqiq etdikləri dövlət əslində Sak çarlığıdır. Bu dövlətin Bibliyada "Aşkenaz" adlandırılması da bunu göstərir. Çünki, Aşkenaz "sakların (şakaların) çarlığı" mənasındadır.
Skif çarlığının yaranması və süqutu
[redaktə | mənbəni redaktə et]Skiflər (burada təkcə işquzlar deyil, eyni zamanda saklar da nəzərdə tutulur) Ön Asiyada əsasən iki ərazidə Urartu dövlətinin Cənubunda (Hubuşkiya vilayəti) və Manna dövlətinin Şimalında məskunlaşmışdılar. Tədricən bu iki mərkəz vahid dövlətdə birləşdirilmiş və e.ə. VII əsrin ortalarında vahid Skif çarlığı (Sak-skif-kimmer dövləti) yaradılmışdı. E.ə. VII əsrin ortalarında bu dövlətin hökmdarı Tuqdamme olmuşdur. O, "sak və kuti ölkəsinin hökmdarı" rütbəsini daşıyırdı. Tuqdamme e.ə. VII əsrin 60-50-ci illərində Aşşurbanipal ilə müqavilə bağladı, lakin Kiçik Asiyadakı döyüşlərin birində həlak oldu.
Skif çarlığı tarixdə ilk dəfə Azərbaycanın hər iki hissəsini birləşdirən dövlət idi. Bu dövlət həmçinin Qərbi Azərbaycan ərazisində də ilk dövlət idi.
Skif çarlığının mərkəzinin hansı şəhər olduğu da tədqiqatçılar arasında mübahisə mövzusudur. İ.M.Dyakonova görə bu dövlətin mərkəzi Gəncə şəhəri idi. Çünki Alban ölkəsinin tarixində deyilir ki, Gəncə şəhəri Sakaşendə yaranmışdı.
E.ə. IV əsrdə Skif dövləti kiçik knyazlıqlara parçalanmışdır. Ondan sonra çarlıq ərazisinə daxil olan kiçik ərmən vilayətində ərmən Ervanditlər, Sisakanda türk Sisaklar, Kürdən Şimalda türk Qafqaz albanları hakimiyyətə keçmişdilər. Eramızın I əsrində Kürdən Cənubdakı Azərbaycan torpaqları isə Sisak nəslindən olan Ərənin hakimiyyəti altına keçmiş, sonra da Kürdən Şimaldakı Azərbaycan torpaqları da bu hakimiyyət altında birləşdirilərək vahid Albaniya – Qafqaz Albaniyası dövləti yaradılmışdır.
Mənbələr
[redaktə | mənbəni redaktə et]- Azərbaycan tarixi (7 cilddə). I cild. Bakı:
- Z.M.Bünyadov, Y.B.Yusifov. Azərbaycan tarixi. Bakı: 1994
- Q.Ə.Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü tarixindən.
- Q.Ə.Qeybullayev. Qədim türklər və Ermənistan. Bakı: 1992
- İ.M.Dyakonov. Midiya tarixi. Moskva-Leninqrad: 1956
- Y.B.Yusifov. Kimmer, skif və saklar qədim Azərbaycanda. Tiflis: 1988
- M.İ.Artamanov. Kimmerlər və skiflər. Leninqrad: 1974
- A.P.Smirnov. Skiflər. Moskva: 1966