Təbriz
Bu məqalə Təbriz şəhəri haqqındadır. Digər mənalar üçün Təbriz (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Təbriz | |
---|---|
تبریز | |
38°04′26″ şm. e. 46°17′46″ ş. u.HGYO | |
Ölkə | |
Başçı | İrəc Şəhin Baher[d] |
Tarixi və coğrafiyası | |
Sahəsi | 2.356 km² |
Mərkəzin hündürlüyü | 1.340 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 3.043.633 (2020) nəfər |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +98 41 |
Poçt indeksi | 51368 |
Nəqliyyat kodu | 15 |
Digər | |
tabriz.ir | |
Vikianbarda əlaqəli mediafayllar |
Təbriz (fars. تبریز) — Qədim Azərbaycan Şəhəridir, Şərqi Azərbaycan ostanının inzibati mərkəzidir. 1890-cı ilə qədər əhalinin sayına görə İranın ən böyük şəhəri,[2] sonra isə 1963-cü ilə qədər ölkənin 2-ci ən böyük şəhəri olmuşdur.[3]
Təbriz şəhəri İran Azərbaycanlıların mənəvi və tarixi paytaxtı sayılır.[4] Tarix boyu Yaxın Şərqin ən önəmli elm və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Əhalisinin əksəriyyətini Azərbaycanlılar təşkil edir. Şəhər Eynəli (Eynalı) dağının cənubunda, Səhənd vulkanik qalxımından şimalda, Surxab dağının ətəyində, dəniz səviyyəsindən 1350–1410 metr yüksəklikdə yerləşir.
Təbriz dünyanın ən uzunmüddətli paytaxtlarından biri olmuşdur; Bu şəhər Rəvvadilər, Azərbaycan Atabəyləri (Eldənizlər), Xarəzmşahlar, Elxanilər, Çobanilər, Cəlairilər (Elkanilər), Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Azərbaycan xanlıqları, Qacarlar (İkinci paytaxt), Azadistan və Azərbaycan Milli Hökuməti dövrlərində paytaxt olmuşdur. 1500-cü ildə Səfəvilərin paytaxtı dövründə dünyanın ən çox əhalisi olan 5-ci şəhəri idi və əhalisinin sayı Osmanlı İmperiyasının paytaxtı İstanbulun əhalisinə bərabər idi.[5]
Etimologiyası
[redaktə | mənbəni redaktə et]Şəhərin adı barədə mütəxəssislərin yekdil qərarı yoxdur. Bəzi tarixçilər Tarui sözünün qədim türk dilində ikiqat qala mənasını verdiyini deyirlər. Tədqiqatçılar qeyd edirlər ki, bu iki qat qala müasir Təbriz şəhərinin yerində olmuşdur. Müasir Təbriz sözünün tələffüzünün özü-özlüyündə müəyyənləşdiyi ehtimal edilir.
Mənbələrdə Tarui, Tarmakis[6], Turi, Taris, Tavrez, Tavriz, Toris, Təvreş, Tarbiz, Tabriz, Terbiz və s. kimi qeyd olunan "Təbriz" sözünün etimologiyası və şəhərin salınma tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Bəzi müəlliflər bu adın Surxab dağının qədim adı "Tori" ilə əlaqədar olduğunu, digərləri isə Təbriz kəlməsinin Təbriz-Tavris-Tavaris, yəni (tav)+(aris) "dağ+arası" deyərək qeyd edirlər. İ.M.Dyakonov "Təbriz" sözünün ilk forması olan "Tarui-Tarmakis" sözünün qədim aşşur dilində "ikiqat qala" adlandırıldığını qeyd edir. "Təbriz" sözünü "günəş saçan" mənasında izah edənlər onun əsasının qoyulmasını daha qədimə apararaq, atəşpərəstliklə əlaqələndirirlər. J.Şarden Təbrizdə olarkən şəhərin maliyyə idarəsində xəzinədar işləmiş Mirzə Tahirə istinadən "Təbriz" sözünü atəşpərəstliklə əlaqələndirib, tab-işıq, riz-saçan mənasında ("işıq saçan") kimi izah etmişdir. Səid Nəfisi də "Təbriz" sözünün ilk şəklinin "tab" olduğunu bildirərək qeyd edir ki, bu ad vaxtı ilə Səhənd dağlarında atəş püskürən vulkanlarla əlaqədar olmuşdur. "Təbriz" sözünü dağ adı ilə əlaqələndirən Kontarini yazır: "Bu şəhərin yaxınlığında bir neçə qırmızı rəngli dağ müşahidə olunur. Deyirlər ki, onlar Tori dağları adlanır". Təbriz şəhəri üç tərəfdən – şərqdən Surxab, qərbdən – Yanıq, cənubdan – Səhənd dağlarının ətəkləri ilə əhatə olunmuşdur.
Tarixi
[redaktə | mənbəni redaktə et]Təbriz hələ eramızdan əvvəl şəhər-qala olmuşdur. Təbriz yaxınlığında Həsənli təpəsində, Ziviyə və Yanıqtəpə də aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət nümunələri bu ərazidə sənətkarlığın yüksək inkişaf etdiyini göstərir. Həmçinin Aşşur hökmdarı II Sarqona (e.ə. 722–705) məxsus kitabədə onun e.ə. 716-ci il də Manna ölkəsinə daxil olduğu, Uşkayanı aldıqdan sonra möhkəmləndirilmiş Tarui-Tarmakis qalasına gəlib çatdığı qeyd olunur. II Sarqonun kitabəsində deyilirdi: "Tarmakis qalasının divarları ikiqat idi. Orada Fərat çayı qədər geniş olan kanal var, onun ətrafı isə qalın meşəliklərlə əhatə olunmuşdu. Şəhərdə gözəl binalar var idi… Mən Tarmakis şəhərinə hücum edən zaman əhali buranı tərk edib çöllərə qaçdı. Bu mahalı ələ keçirdim, müdafiə əhəmiyyəti olan istehkam vəziyyətinə salınmış yaşayış yerləri arasında döyüşə başladım".
Səhənd dağının ətəyində yerləşdiyi və möhkəm istehkam qalalarına malik olduğu üçün Tarmakis hərbi-strateji baxımından da xüsusi əhəmiyyət kəsb etmişdir. Qala özü də su ilə doldurulmuş, dərin kanallarla əhatə olunmuşdur. Q.A.Melikişvili Tauri-Tarmakisi möhkəmləndirilmiş şəhər hesab etmişdir. İ.Əliyev haqq Tauri-Tarmakis Tavriz şəhəri adlandırmışdır. Təbriz şəhəri e.ə. VIII əsrdə mövcud olduğu halda, onun şəhər kimi hələ e.ə. II minilliyin axırlarında təşəkkül tapması ehtimal edilir. Beləliklə Təbriz şəhərinin üç min illik tarixi vardır.
Hələ Manna dövləti dövründə bu şəhər mühüm mərkəzlərdən biri olmuşdur. Antik müəlliflərdən Polibi, Diodor və Ptolomey bu şəhərin Ovront dağının (Səhənd) ətəyində yerləşməsi haqqında məlumat verir. III əsrdə Təbriz Atropatenanın əsas şəhərlərindən idi. Sasanilər dövründə strateji əhəmiyyəti olan Təbrizdə qarnizon saxlanırdı. VII əsrin ortalarında isə ərəb qoşunları Təbrizi işğal etdi. Xilafət dövründə Təbriz mahal mərkəzi idi. Babək hərəkatı Təbrizə də yayılmışdı. 852-ci il zəlzələsi zamanı Təbriz dağılmış, bir müddət sonra bərpa edilmişdi. Xilafətin zəiflədiyi dövrdə Azərbaycanda yaranmış Rəvvadilər dövlətinin paytaxtı Təbriz idi. Təbrizin yun, ipək və pambıq parçaları, xalçaları xarici ölkələrə də ixrac olunurdu. X əsr ərəb müəlliflərindən Müqəddəsi, İbn Havqəl və b. Təbrizdən abad bir şəhər kimi bəhs etmişlər. 1054-cü ildə Səlcuq sultanı I Xəyal Təbrizi tutdu. 1174-cü ildən Qızıl Arslanın iqamətgahı olan Təbriz sonralar Azərbaycan Eldənizlər dövlətinin paytaxtına çevrildi.
Orta əsrlər
[redaktə | mənbəni redaktə et]1340-cı ildə Təbrizdə məhəllələr
- Rey məhəlləsi (Dərbi-əla)
- Qala məhəlləsi
- Səncaran məhəlləsi
- Taq məhəlləsi
- Dərbicu məhəlləsi Vərcu və ya Vicuyə (Zərcu)
- Sərd məhəlləsi
- Dəstişah məhəlləsi
- Narmiyan məhəlləsi sonralar Miyar-miyar
- Novbər məhəlləsi
- Mukle məhəlləsi Mukle isə ayrıca məhəllə deyil, Mahanlıq məhəlləsində yerləşirdi.
1594 1- Mehâd Mehin 2- Seng-i Tıraşân 3- Qaraqoyunlu 4- Baba Hâkî (Kâv Bâzâr)[7]
1571–73-cü illər Təbriz məhəllələr
- Vərcuyə
- Dərbi-sərd məhəlləsi
- Mahad-məhin məhəlləsi
- Dərbi-meydan məhəlləsi
- Dərbi-Şotorbanan məhəlləsi
- Şeşgilan məhəlləsi
- Müzəffəriyyə vəqfnaməsində qeyd edilən Mahanlıq məhəlləsi Mahad-Məhin məhəlləsində yerləşirdi
XVI əsrdə
- Çərəndab məhəlləsi
- Surxab məhəlləsi
- Xiyaban məhəlləsi
- Əmirxiz məhəlləsi
- Siyaban məhəlləsi
- Çahar-minar məhəlləsi Şəhərin mərkəzində yerləşirdi.
- Sərvirab məhəlləsi
- Səngi-siyah məhəlləsi[8]
- Dəvəçilər məhəlləsi
- Selab məhəlləsi
1220-ci ildə monqol qoşunu Təbrizi iki dəfə mühasirəyə aldı. Təbriz əhalisi bac verməklə qarət və dağıntılardan xilas oldu. 1224-cü ildə monqol qoşunları yenidən Təbrizə yaxınlaşdı. Şəhər rəisi Şəmsəddin Tuğrai Təbrizin müdafiəsini təşkil etdi. 1225-ci ildə Xarəzmşah Cəlaləddin Təbrizi tutdu. 1231-ci ildə monqol qoşunu Təbrizə hücum etdi. 1256-ci ildən Təbriz Elxanilər dövlətinin tərkibinə daxil oldu. Sonralar bu dövlətin paytaxtı Marağadan Təbrizə köçürüldü. Elxanilər dövründə Təbrizin ərazisi 5–6 dəfə genişləndi. XIII əsrin 60-cı illərində Təbrizdə monqol zülmünə qarşı baş vermiş çıxışlar amansızlıqla yatırıldı.
Sultan Mahmud Qazan xanın hakimiyyəti dövründə (1295–1304) Təbriz Yaxın və Orta Şərqin ən böyük sənətkarlıq, ticarət və mədəniyyət mərkəzlərindən biri idi. XIII əsrin sonlarından XIV əsrin 30-cu illərinədək Təbriz təkcə Azərbaycanın deyil, bütün Yaxın və Orta Şərqin iri sənətkarlıq, ticarət və mədəniyyət mərkəzi kimi şöhrət tapmışdır. Təbriz Şərqlə Avropa ölkələri arasındakı beynəlxalq ipək və toxuculuq malları ticarətində əsas və həlledici rol oynayırdı. Marko Polonun məlumatları bu zaman Təbrizin Avropa-Şərq iqtisadi əlaqələrinin həyata keçirildiyi çox mühüm beynəlxalq ticarət mərkəzi olduğunu göstərir. İtalyan səyyahı Təbrizin xarici ticarət əlaqələrindən bəhs edərkən yazır ki, bura Şərq malları almaq üçün Avropa tacirləri, xüsusən, genuyalılarda gəlirlər. Venesiya və genuya respublikalıları Təbrizdə möhkəmlənmək üstündə mübarizə aparırdı. Venesiya respublikası Xəzər dənizində gəmiçilik sahəsində xüsusi imtiyazlar ələ keçirmiş, Hülaki hökmdarı Əbu Səidlə müqavilə bağlayaraq Elxanilər imperiyası ərazisində imtiyazlı ticarət hüququ əldə etmişdi. Təbrizdə Venesiyanın ticarət məntəqələri açılmış, Venesiya konsulu fəaliyyətə başlamışdı.
1321-ci ildə Təbrizdə olmuş italyan səyyahı Odorik de Pordenon yazır ki, Hülaku hökmdarının bu şəhərdən əldə etdiyi gəlir Fransa kralının bütün Fransadan əldə etdiyi gəlirdən çoxdur.
1357-cı ildə Altun Orda xanı Canıbəy Təbrizi ələ keçirərək Elxanilər dövlətinə son qoydu. 1359-cu ildə isə Cəlairi Şeyx Üveys Təbrizi ələ keçirərək Cəlairilər dövləti nin paytaxtına çevirdi. O, Təbrizdə geniş tikinti işləri apardı. 1386-cı ildə isə Altun Orda xanı Toxtamışın qoşunu Təbrizi mühasirəyə aldı. Əhali şəhər hakimi əmir Vəli və Xalxal hakimi Mahmudun başçılığı ilə müdafiəyə qalxdı. Toxtamış bac verilərsə, mühasirədən əl çəkəcəyini bildirdi. Lakin o, 250 tümən qızıl pul bac aldıqdan sonra şəhərə soxuldu. Təbriz on gün talan edildi. 1386-ci ildə Əmir Teymur Təbrizi ələ keçirdi. Təbriz sənətkarlarının bir hissəsi Səmərqəndə aparıldı. Teymurun oğlu Miranşah Azərbaycanın hakimi olarkən Təbrizdə xeyli tarixi və mədəniyyət abidəsini dağıtdırdı. Teymurun ölümündən sonra (1405) Miranşahın oğlu Ömər Mirzə Təbrizə hakim oldu. 1406-cı ilin iyul ayında Cəlairi Sultan Əhməd Təbrizdə möhkəmlənməyə çalışdı. 1410-cu ildə Qara Yusif Azərbaycan Qaraqoyunlu dövlətinin (1410–1468) əsasini qoydu. Təbriz yeni dövlətin paytaxtı oldu. 1468-ci ildən Təbriz Qaraqoyunlular dövlətinə son qoymuş Uzun Həsən tərəfindən yaradılan Azərbaycan Ağqoyunlular dövlətinin paytaxtına çevrildi. Ağqoyunlu Uzun Həsən Təbrizdə Nəsriyyə və Məqsudiyyə mədrəsələrini, Uzun Həsən camisini, məşhur Qeysəriyyə üstüörtülü bazarını tikdirdi. Onun varisi Sultan Yaqub dövründə Təbrizdə möhtəşəm Həştbehişt saray kompleksi tikildi.
XV əsrdə Azərbaycan ərazisindən çox mühüm əhəmiyyəti olan beynəlxalq karvan yolları keçirdi. Bu yollardan biri Yaxın və Orta Şərq bazarlarını Təbriz – Xəzərsahili Azərbaycan rayonları və Həştarxan vasitəsilə Moskva ilə birləşdirirdi. Şərq ölkələrinin Avropa ölkələri ilə ticarət əlaqələrinin həyata keçirilməsində Təbriz-Bursa-İstanbul yolunun böyük əhəmiyyəti vardı. Uzun müddət geniş ərazili feodal dövlətlərinin paytaxtı olmuş Təbriz şəhəri bu beynəlxalq karvan yollarının hamısının qovşağında yerləşməklə, sanki Avropa-Asiya ticarətini tənzim etmişdi.
1501-ci ildə qızılbaşlar I İsmayılın başçılığı ilə Təbrizə daxil oldular. Təbriz Azərbaycan Səfəvilər dövlətinin paytaxtı elan edildi. 1514-cü ildə Osmanlı Sultanı I Səlimin qoşunları Təbrizi tutdu. Altı gündən sonra I Səlim Təbrizi tərk etməyə məcbur oldu. O, mindən artıq Təbriz ustasını ailəsi ilə birlikdə İstanbula apardı. Səfəvi-Osmanlı müharibələri dövründə Təbriz dəfələrlə əldən-ələ keçirildi və qarət edildi. 1562-ci ildə Təbrizdə olan ingilis səyyahı Cenkinson yazır ki, "bu şəhərin ticarət əhəmiyyəti əvvəlki dövrə nisbətən azalmışdır". Bunun əsas səbəbi Osmanlı sultanının hərbi yürüşləri olmuşdu. 1585–1586-cı illərin Osmanlı işğalı zamanı Təbriz ağır zərbələrə məruz qaldı. Oruc bəy Bayat yazır ki, osmanlılar tərəfindən ələ keçirilib talan edilənədək Təbrizdə 80 mindən artıq ev sahibi (yaxud 360 min nəfər) yaşayırdı.
XV-XVII əsrlərdə Təbriz Yaxın Şərqin mühüm sənətkarlıq, ticarət və mədəniyyət mərkəzlərindən idi. Mənbələrdə həmin dövrlərdə Təbrizdə 300 mindən artıq əhalinin yaşadığı haqqında məlumatlar vardır. Xandəmir və Oruc bəy Bayat Təbrizi "Şərqin paytaxtı", "aləmin məskun olan dörddə bir hissəsinin ən abad şəhəri" kimi qiymətləndirmişlər.
Təbriz XVII əsrdə də Azərbaycan memarlığının başlıca inkişaf mərkəzlərindən ümdəsi idi. XVII əsrin ortalarında Təbrizdə 250 məscid, 47 mədrəsə, 300 karvansara, 15 min dükan vardı. 63 XVII əsrin 60-cı illərinin sonunda – 70-ci illərinin əvvəllərində Təbriz öz sahəsinə, əzəmətinə, sərvəti, ticarəti və əhalisinin sayına görə Səfəvi dövlətinin ikinci şəhəri idi və şəhərdə 500 min nəfər yaşayırdı. Osmanlı səyyahı İbrahim Əfəndi Peçevi isə "Şəhərin özündə 19 came məscidinin, insan qəlbini riqqətə gətirən fəvvarəli 21 hamamın, 200 karvansaranın, 12 min köşkə malik olan bəzəkli bazarların, saysız bağ və xiyabanların olduğunu göstərirdi".
XVII əsrin sonlarında Azərbaycan iqtisadiyyatının ümumi tənəzzülü ilə əlaqədar olaraq Təbrizin əhalisi getdikcə azaldı. Ticarət və sənətkarlıqla məşğul olan əhalinin şəhərlərdən kütləvi surətdə axını iqtisadiyyatın həcminin azalmasına gətirib çıxardı. Həmin dövr ərzində Təbriz şəhərinin əhalisinin sayı üç dəfədən çox azaldı.
XVIII əsrin əvvəllərində Səfəvi imperiyasının dərin siyasi, iqtisadi böhran keçirməsi daxili mübarizəyə yol açdığı kimi, qonşu Rusiyanın və Osmanlı imperiyasının Səfəvi mülklərini bölüşdürmək uğrunda mübarizəyə başlamağa şərait yaratdı. 1725-ci ildə Osmanlı qoşunu Təbrizi ələ keçirdi. 1730-cu ildə görkəmli Azərbaycan sərkərdəsi Nadir xan Əfşar Təbrizi osmanlılardan azad etdi. 1735`də Nadir xan Əfşar tərəfindən Azərbaycan torpaqları Rusiya və Osmanlı işğalından tamamilə azad edildi. Təbriz Nadir şah Əfşarın yaratmış olduğu imperiyanın əsas şəhərlərindən birinə çevrildi. 1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra Azərbaycanın digər bölgələrində olduğu kimi Təbrizdə də müstəqil dövlət – xanlıq yaradıldı. XVIII əsrin ortalarında Əmiraslan xan Əfşar mərkəzi Təbriz şəhəri olmaqla Azərbaycanda hakimiyyəti ələ aldı. 1758-ci ildə Təbriz Urmiyalı Fətəli xan Əfşarın, 1761-ci ildə isə Xoylu Nəcəfqulu xan Dümbülünün hakimiyyəti altına düşdü. 1791-ci ildə Təbriz xanlığını Ağa Məhəmməd xan Qacar ələ keçirdi.
Qacarlar dövründə Təbriz vəliəhdin iqamətgahı idi. 1826–1828-ci illər Rusiya-İran müharibəsi zamanı Rusiya qoşunu Təbrizi tutdu (oktyabr, 1827). Türkmənçay müqaviləsinə (1828) əsasən Təbriz İranın hakimiyyətində qaldı.
Milli Hökumət
[redaktə | mənbəni redaktə et]Qacar sülaləsi dövründə Təbriz İran vəliəhdi nin qərargah şəhəri, 1905–1911-ci illərdə isə İran inqilabının mərkəzi olmuşdur. İnqilaba Təbrizin qəhrəman oğulları – Səttar xan və Bağır xan rəhbərlik edirdi. 1911-ci ilin dekabrında rus kazak ordusunun yardımından istifadə edən Məhəmmədəli şah Təbrizi ələ keçirdi, dinc əhaliyə divan tutuldu.
1917–1919-cu illərdə Cənubi Azərbaycanda İngiltərənin müstəmləkəçilik siyasətinə qarşı güclü xalq hərəkatı başladı. Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında Təbriz üsyançıları valini şəhərdən qovdular. 1920-ci ilin aprelin 7-də Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Təbrizdə silahlı üsyan nəticəsində hakimiyyət İctimai İdarə Heyətinin əlinə keçdi. 1920-ci il iyunun 23-də Ş.M.Xiyabaninin rəhbərliyi altında Milli Hökumət təşkil olundu. İyunun 24-də Milli hökumət Alaqapıya köçdü. Milli Hökumət kənd təsərrüfatı, maarif, maliyyə, səhiyyə, ədliyyə sahələrində islahatlar keçirməyə başladı. Təbrizdə pulsuz qız məktəbinin açılması o dövr üçün fövqəladə hadisə idi. Yeni açılmış məktəblərə Bakıdan müəllimlər dəvət edildi. Bununla yanaşı, hökumət 12 min nəfərlik milli qvardiya yaratmağa başladı. Təbrizdə xalça fabrikinin tikintisinə başlandı, şəkər zavodu, toxuculuq və dəri fabriklərinin tikilməsi, kənd təsərrüfatı bankının və milli bankın açılması, pul islahatı və şəhər bələdiyyəsinə seçkilərin keçirilməsi planlaşdırıldı. Maarif, mədəniyyət, səhiyyə, ədliyyə, vəqf və hərbi işlər üzrə idarə və nazirliklər yaradıldı. 1920-ci il sentyabrın 12-də əksinqilabi qüvvələr Təbriz üzərinə hücuma keçdilər, Alaqapını ələ keçirdilər, sentyabrın 14-də "Təcəddüd" qəzetinin binasını dağıtdılar. Həmin gün Ş.M.Xiyabani öldürüldü. İrticaçılar üsyançılara divan tutdular. Beləliklə, Cənubi Azərbaycandakı milli azadlıq hərəkatı ingilis qüvvələrinin köməyi ilə İran irticası tərəfindən yatırıldı. Buna baxmayaraq, Təbriz üsyanı Cənubi Azərbaycanda, eləcə də İranda yaşayan xalqların tarixində mühüm rol oynadı. Məhz bu üsyanın nəticəsi olaraq 1920-ci il iyunun 25-də Vüsuqəddövlə istefaya çıxdı və 1919-cu ildə imzalan İngiltərə-İran sazişi 1921-ci ildə ləğv edildi.
Azərbaycan Demokratik Firqəsi
[redaktə | mənbəni redaktə et]1945-ci ilin yayında Cənubi Azərbaycanda demokratik hərəkatın II mərhələsi başlandı. Mürtəce qüvvələrin hücumlarının qarşısını almaq məqsədilə 1945-ci ilin sentyabrında Azərbaycanın tanınmış demokratlarından bir qrupu, başda Seyid Cəfər Pişəvəri olmaqla, Azərbaycan Demokratik Firqəsini (ADF) yaratdılar. Partiyanın elan olunan bəyanatında demokratik İranın tərkibində Azərbaycana inzibati-təsərrüfat və mədəni muxtariyyət verilməsi irəli sürülürdü. 1945-ci il oktyabrın 2–4-də ADF-nin keçirilən qurultayında siyasi mübarizənin dinc yolla davam etdirilməsinə qərar verildi. Noyabrın 21-də xalqın tanınmış xadimlərindən ibarət Azərbaycan Xalq Konqresi çağrıldı. O, özünü Müəssislər Məclisi elan edərək, ümumi seçkilər yolu ilə Azərbaycan Milli Məclisinin çağırılması və Milli hökumətin yaradılması tələbini irəli sürdü. Müəssislər Məclisinin qərarında deyilirdi ki, Milli hökumət İran dövlətçiliyi çərçivəsində fəaliyyət göstərərək Azərbaycanın milli-mədəni muxtariyyətini təmin etməlidir. Noyabrın 27-dən dekabrın 10-dək Azərbaycanın hər yerində seçkilər keçirildi. Dekabrın 12-də toplanmış Milli Məclis S.C.Pişəvərinin başçılığı ilə Milli hökumət yaratdı. Hökumət 10 nazirlik, ali məhkəmə və baş prokurorluqdan ibarət idi. Bu hadisə tarixə 21 Azər hərəkatı kimi daxil olmuşdur. Milli hökumət birinci dərəcəli vəzifə kimi yerlərdə yeni inzibati-ərazi orqanlarını yaratmağa başladı. 1946-cı ilin yanvar-fevral aylarında seçkilər keçirildi və müvafiq strukturlar yaradılmağa başlandı. 1946-cı ili fevralında Milli hökumət aqrar qanunu qəbul etdi. Qanuna görə "xalisə" adlanan dövlət torpaqları, Azərbaycandan qaçmış və ona qarşı mübarizə aparan mülkədarların və sahibkarların torpaqları müsadirə olunaraq kəndlilər arasında bölüşdürüldü. Mayın 12-də "Əmək haqqında qanun" verildi. Milli hökumət 1946-cı il yanvarın 16-da "Dil haqqında" qanun qəbul etdi. Azərbaycan dili rəsmi dövlət dili elan olundu. İyun ayında Təbriz Universiteti təsis olundu. Az bir vaxtda ana dilində məktəblər, qiraətxanalar, kitabxanalar, birliklər, qəzet və jurnallar fəaliyyətə başladı. Milli-demokratik hərəkatın ictimai həyatın bütün sahələrində uğurları şah hökumətində böyük təşviş yaratdı. Buna görə də İranın hakim dairələri demokratik hərəkatı boğmağa hazırlaşırdı. Hökumətə başçılıq edən Əhməd Qəvam xalqı aldatmaq üçün Milli hökumətlə danışıqlara başladı. 1946-cı ilin iyununda Təbrizdə onlarla müqavilə bağladı. O, həmçinin ABŞ, İngiltərə və SSRİ arasındakı ziddiyyətlərdən də istifadə edərək "İran məsələsi"nin BMT-də baxılmasına nail oldu. Sovet ordusu Cənubi Azərbaycandan çıxarıldı. ABŞ və İngiltərənin İrana siyasi-hərbi yardım göstərmələrinə razılıq alındı. İran hökuməti parlamentə seçkilərə nəzarət bəhanəsi ilə Azərbaycana qoşun yeritdi. Öz hərbi-texniki üstünlüyündən istifadə edən İran qoşunları dekabrın 12-də Təbrizə daxil oldular. Minlərlə insan güllələndi və həbsə alındı. Kütləvi təqiblər başlandı. ADF və Milli Hökumətin rəhbərləri güllələndilər, dar ağacından asıldılar. Cəzadan xilas olmaq üçün on minlərlə vətənpərvər mühacirət etməyə məcbur qaldı. 1941–1946-cı illər milli-azadlıq hərəkatı məğlubiyyətə uğradı. Müəyyən obyektiv daxili səbəblərlə yanaşı, ABŞ, İngiltərə və SSRİ-nin İrandakı siyasəti də öz təsirini göstərdi. Hər üç dövlət imperiya pərəst maraqlarını bütöv bir xalqın taleyindən üstün tutdu. Cənubi Azərbaycandakı milli-azadlıq hərəkatı məğlubiyyətə uğrasa da, ölkənin sonrakı tarixinə böyük təsir göstərdi, xalqda öz milli varlığı, tarixi və mədəniyyətinə bağlılığı ideyasını möhkəmləndirdi.Sovetlərə bağlı olan separatçılar və Stalinin özü məğlub olduqdan sonra Cəfəri Pişəvəri sovetlərə qaçdı və Təbrizlilər Təbriz şəhərində bütün kommunist kitablarını yandıraraq milli ordunun gəlişini qeyd etdilər.
1979-cu il inqilabı
[redaktə | mənbəni redaktə et]Təbrizin problemlərindən biri də Rusiya və Elham Əlif hökumətinin və Türkiyə hökumətinə bağlı pantürklərin təbliğatıdır.Bu hökumətlər Təbrizdə parçalanma və etnik ayrılıq və etnik müharibə yaratmağa çalışır və təfriqə və xaos yaratmaq üçün çoxlu adamları işə götürüblərBu hökumətlər Urmiya və Azərbaycanda kürdlər və azəri xalqları arasında etnik müharibə yaratmaq üçün əllərindən gələni edir, Təbriz, Ərdəbil və Urmiyada separatçı şüarlarla insanları öldürməyə təşviq etməyə çalışırlar.İranda 1978–1979-cu illər inqilabında da Təbriz əhalisi ən fəal şəkildə iştirak etdi. 1979-cu il fevralın 11-də Tehranda qələbə çalan inqilab fevralın 16-da Cənubi Azərbaycanda başa çatdırıldı. İnqilab dövründə azərbaycanlılar 25 min nəfərə yaxın qurban verdilər. Azərbaycan türklərinin fəal iştirak etdiyi antişah və antiimperialist inqilab qələbə ilə başa çatdıqdan sonra onlar milli muxtariyyət alacaqlarını gözləyirdilər. Lakin qələbənin ilk günündən hakimiyyəti ələ alan Ayətullah Xameyni tərəfdarları ümumxalq rəy sorğusu ilə 1979-cu il aprelin 1-də İran İslam Respublikası elan etməyə nail oldular. Bütün İran əhalisi kimi, Azərbaycan türklərinin də böyük əksəriyyəti bərabərlik və demokratik azadlıqlar verilməsini, milli hüquqların yüksək səviyyədə təmin edilməsini gözləyirdilər. Bu tələblər yeni Konstitusiyanın müvafiq maddələrində az-çox öz əksini tapsa da, onların çoxu kağız üzərində qaldı. Azərbaycan türkləri üçün ən ağrılı məsələ milli dilin statusunu müəyyən edən Əsas Qanunun 15-ci maddəsi idi. Yerli dillərin fars dili ilə yanaşı mətbuatda, kütləvi informasiya vasitələrində və məktəblərdə mili ədəbiyyatın tədrisində işlənməsi azad edilsə də, Azərbaycan məktəblərində buna icazə verilmədi. Təbriz hal-hazırda Cənubi Azərbaycanın ən böyük şəhəri, iqtisadi və mədəniyyət mərkəzi, Şərqi Azərbaycan əyalətinin inzibati mərkəzidir. Əhalisinin sayı təxminən 1.597.319 nəfərdir, onların mütləq əksəriyyəti Azərbaycan türkləridir.
Təbriz tarix boyu bu dövlətlərin tərkibində olub:
1375–1468 Qaraqoyunlular |
1469–1501 Ağqoyunlular |
1501–1514 Səfəvilər |
1514 Osmanlılar |
1514–1534 Səfəvilər |
1534–1535 Osmanlılar |
1535–1548 Səfəvilər |
1548 Osmanlılar |
1548–1585 Səfəvilər |
1585–1603 Osmanlılar |
1603–1610 Səfəvilər |
1610–1611 Osmanlılar |
1611–1724 Səfəvilər |
1724–1730 Osmanlılar |
1730–1736 Səfəvilər |
1736–1747 Əfşarlar sülaləsi |
1747–1802 Təbriz xanlığı |
1802–1827 Qacarlar |
1827–1828 Rusiya imperiyası |
1828–1905 Qacarlar |
1905–1911 İran Konstitusiya İnqilabı |
1911–1912 Rusiya imperiyası |
1912–1925 Qacarlar |
1925–1945 Pəhləvilər |
1945–1946 Azərbaycan Milli Höküməti |
1946–1979 Pəhləvilər |
1979–1979 Müvəqqəti hökumət |
1979- İran İslam Respublikası |
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Şəhər qırmızı rəngli torpağa sahib olan Eynal-Zeynal (Aynalı) və yaxud Surxab yüksəkliyinin Cənubunda yerləşir. Bu ovalığın səviyyəsi Urmiya gölünün Şimal-Şərq bucağına tərəf getdikcə azalır. Eynal-Zeynal yüksəkliyi dəniz səviyyəsindən 1800 m hündürlükdə yerləşməklə bərabər, şəhərin Şimal-Qərbindən başlayaraq Qaradağ silsiləsini Səhənd dağı ilə birləşdirir. Şəhərin Cənubunda dəniz səviyyəsindən 3547 m hündürlüyə malik olub, zirvəsi daim qarla örtülü olan Səhənd dağı ilə şəhər arasında təxminən 50 km məsafə var. Bu dağ qədim Aşşur mənbələrində Uauş dağı adlandırılır. Dağın şimalında və şəhərin cənubunda yerləşən Yanıq adlanan təpələr, dəniz səviyyəsindən 500–600 m hündürdə yerləşir. Şərq tərəfdən şəhəri çox yüksək olmayan Sarıdağ (farslar bu dağı Zərdkuh adlandırır) əhatə edir. Şəhərin ərazisi dəniz səviyyəsindən 1350–1500 mm-ə qədər yeksəklikdə yerləşir. Beləliklə Təbriz şəhərinin ətrafında olan dağlar onu üzük qaşı kimi əhatə etmişdir.
Şəhər və onun ətrafının əlverişli təbii-coğrafi şəraiti, orada insan məskənlərinin hələ qədim dövrlərdən yaranmasına səbəb olmuşdur. Təbriz şəhəri və onun ətrafında olan əkin sahələri, habelə bağlar su ehtiyatı az olan kiçik dağ çayları və arxlar vasitəsiylə suvarılır.
Lakin elə çaylar da vardır ki, onlardan yalnız ilin müəyyən dövrlərində istifadə etmək olur. Qalan dövrlərdə isə suyun tərkibində duz məhlulları çox olduğundan suvarılma işi çətinləşir. Belə çaylardan biri də Acıçaydır. Bu çay Savalan dağının şərq ətəklərindən başlanğıcını alaraq, Sərab mahalını suvardıqdan sonra Xanımrud mahalında İskəndərçayla birləşir və Təbriz şəhərinin şimalından keçir. Acıçay Mayan, Axola, Baranlı, Satınlı və Şora kəndlərinin ərazisindən keçərək Urmiya gölünə tökülür.
Orta əsr müəllifi Həmdullah Qəzviniyə görə vaxtilə Təbriz şəhərinin ətrafında 600-ə qədər kəhriz mövcud olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycanda kəhriz suvarma sisteminin tarixi çox qədimdir. Təbriz ərazisi kontinental əraziyə malikdir. Burada qışda tempratur −28, yayda isə +25/30 dərəcə olur.
Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Dil
[redaktə | mənbəni redaktə et]Şəhərdə danışılan dil Azərbaycan dilidir.[9][10]
Əl işləri
[redaktə | mənbəni redaktə et]- Dulusçuluq
- Oyma əl işləri
- İynə əl işləri
- Şəbəkə
- Rəssamlıq əsərləri
- Mis qablar (Misgərlik)[12]
Xalçaçılıq
[redaktə | mənbəni redaktə et]Təbriz orta əsrlərdən günümüzə qədər xalçaçılıq mərkəzi kimi böyük şöhrət qazanmışdır. Xalçaçılıqda Təbriz məktəbi məşhurdur. Bu günlərdə Təbriz xalçası dünya bazarlarında çox istənilənlərdəndir və Avropadan ABŞ-yə kimi çox sayda müştəriləri vardır. Müasir Təbriz xalçaları çeşidli dizayn və boyalarda olur. İran xalçalarını bütün dünyada məşhur edən Təbriz xalça tacirləri, İranın əyalətlərindən də xalça tədarük edib İstanbul bazarlarına Avropa və Amerika istehlakçıları üçün göndərirdilər.[13]
Mətbəx
[redaktə | mənbəni redaktə et]Ənənəvi yeməklər
[redaktə | mənbəni redaktə et]-
Dolma ilə Təbriz küftəsi birlikdə
- Təbriz küftəsi
- Təbriz kotleti
- Döymac
- Göy lobya küküsü
- Soğansu
- Yerkökü xuruştu
- Yarpaq dolması
- Qatıq aşı (Yoqurtlu aş)
- Umac aşı
- Pomidor aşı
- Sözü şorbası (Göyərti şorbası)
- Daş kələm aşı
- Mərcimək şilləsi
Şiriniyyatlar
[redaktə | mənbəni redaktə et]- Nuqa
- Eris
- Təbriz paxlavası
- Rahətülhülqüm
- Riştə xətai
- Zəfəranlı Lövz
- Qurabiyə
Tarixi abidələr
[redaktə | mənbəni redaktə et]Təbriz qədim dövrlərdən Azərbaycanın paytaxtı olmaqla yanaşı, həm də atəşpərəstliyin mərkəzlərindən biri olmuşdur. Hazırda Təbriz yaxınlığında Allahu-əkbər dağı üstündə (Baba dağı yaxınlığında) möhkəm daş divarlara malik olan atəşgah binasının qalıqları saxlanlır. Bu atəşgah xalq arasında Zərdüşt peyğəmbər atəşgahı adı ilə məşhurdur.
Birincilər İranda
[redaktə | mənbəni redaktə et]İlk dəfə olaraq İranda Təbriz şəhərində birinci çap evi, birinci asfalt olunan xiyaban, birinci telefon, birinci yeni məktəb və … qurulubdur. Bunun üçün İranda Təbrizə birincilər şəhəri deyilir. Bu barədə Səməd Sərdariniya bir kitabı Fars dilində yazib.
- Çap və çap evi — Birinci çap evi, Ərəb əlifbasıla, Mirzə Zeynalabdin Təbrizi vasitəsilə, 1233 hicri qəməri ilində, Təbrizdə qurulub. Birinci kitab ki bu çap evində çap olunub. Mirzə İsa xan Qaimməqamın Cəhadiyyə risaləsidir. Bu çap evi 1245 hicri qəməri ilində bağlandı. O zamanlar çap kəliməsi işlənmirdi və oraya Basmaxana, mətbəə, daroltəb və daroltebae deyərdilər.[17]
- Kitabxana — Tərbiyət kitabxanası İranın birinci umumi kitabxanasıdır ki, 1300 günəş ilində Məhəmmədəli Tərbiyət vasitəsilə Təbrizdə qurulub. Bu kitabxana əvvəlcə "Maarif umumi kitabxana və qiraətxana" adlanmışdı. Ama sonralar onu yaradanın ehtiramına Tərbiyət adı verildi. 1335 günəş ilində Təbrizin milli kitabxanası quruldu və inqilabdan sonra Tərbiyət kitabxanasının xətti nüsxələri oraya aparıldı. Rəb rəşidi vəqfnaməsi ki, İranın birinci səbt olunmuş əsəridir. Bu kitabxanada saxlanılır.[17]
- Kinoteatrları — İranın birinci ümumi sineması Təbriz şəhərində qurulub, 1279 günəş ilində Fransalılar tərəfindən onların kilisalarının yanında qurulub. 4 il sonra Tehranda birinci ümumi sinema salonu Mirzə İbrahim xan Səhhaf başı vasitəsilə quruldu.[17]
- Təhsil — İranın birinci yeni məktəbi Mirzə Həsən Rüşdiyyə vasitəsilə Təbrizin Şeşgilan məhəlləsində qurulub. Mirzə Həsən Rüşdiyyə cavanlığında Beyruta gedib orda mədrəsələrdə dərs vermək yollarını araşdırıb sonra İstanbula getdi. Sonra Misirə gedib, Təbrizə qayıdandan sonra bir yeni mədrəsə qurdu.
Memoriyal mədrəsəsidə Təbrizin qədim mədrəsələrindəndi ki AMrilalılar tərəfindən idarə olunurdu.[17]
- Yeni ədəbiyyat — Mirzə Əbdulrəhim Nəccarzadə Təbrizi, (Mirzə Əbdürrəhim Talıbov) yeni inşa ya ədəbiyyat başlayanı tanılır. O zamanının ağ��r kəlmələrini qırağa qoymağınan sadə kəlmələr işlətməyə başladı ədəbiyyatda.
Mirzə Fətəli Axundov nümayiş yazmağın atasıdır İranda. Mirzə Ağa Təbrizi də birinci kəsdir ki farsca numayişnamə yazmağa başlayıb İranda.[17]
- Uşaq bağçası və kar və lallar məktəbi — İranın birinci Uşaqlar baxcası və birinci kar və lallar mədrəsəsidə Təbrizdə qurulub. Cabbar Bağçaban Təbrizdə bir uşaqlar baxçası "Bağçeye ətfal" adında qurdu.[17]
- Ticarət otağı — İranda birinci Ticarət otağı 1285 günəş ilində Təbrizdə qurulub. Tehranın ticarət otağı Təbrizin ticarət otağından sonra qurulub.[17]
- Rabitə — İranın brinci telefon mərkəzi 1280 qəməri ilində Qasım xan Vali vasitəsilə Təbrizdə quruldu. Qasım xan Vali neçə il sonra Təbrizin birinci bələdiyyə başçılığına seçildi.[17]
- Enerji — Qasım xan Vali 1281 qəməri ilində eliyə bildi ki İranın birinci elektrik fabrikinin imtiyazını ələ keçirtsin. O eliyə bildi ki Məcidiyyə xiyabanının qıraqların işiqlandırsın.[17]
- Şəhər içi avtobus kredit kartı — Təbriz birinci şəhərdir İranda ki orda avtobuslar kağız biletinin yerinə kredit kart işlədirlər.
Turizm
[redaktə | mənbəni redaktə et]Təbriz tarixi boyu dəfələrlə (858, 1041 və 1721-ci illərdə) zəlzələlərlə viran olub. Bu zəlzələlər tarixi abidələrin çoxunu məhv edib. Bu zəlzələlərdən salamat çıxan ən önəmli abidələr Ərk qalası və Göy məsciddir. Təbrizdə səkkizdən çox böyük muzey var:
Abidələr |
Muzeylər |
Otellər |
Universitetlər |
Kitabxanalar |
Yaxın kəndlər |
Məhəllələri |
Nəqliyyat
[redaktə | mənbəni redaktə et]- Beynəlxalq nəqliyyat
Təbriz Sento yolu, İran dəmir yolu və Təbrizin beynəlxalq aeroport (hava limanı) vasitəsilə dünyanın ayrı-ayrı ölkələri ilə əlaqəsi var.
- Şəhər içi
Təbrizin ümumi taksi və avtobus şəbəkəsi var. Bir neçə xüsusi quruplar da vardır ki taksi xidməti göstərirlər.
- Metro şəbəkəsi (Şəhərə aid olan yeraltı qatar şəbəkəsi)
Hal-hazırda Təbrizin təkmilləşdirilmiş qatar şəbəkəsi yoxdur, ancaq dövlət tikintisini davam etdirir.
Məşhur şəxsiyyətləri
[redaktə | mənbəni redaktə et]
Siyasətçilər |
Şair və yazıçılar |
Digərləri |
Sənaye
[redaktə | mənbəni redaktə et]Ağır sənaye
[redaktə | mənbəni redaktə et]Təbriz İranın ən mühüm sənaye şəhərlərindəndir. Bu şəhərin məhsullarından sement, maşın alətləri, nəqliyyat vasitələri, petrokimyasal və çoxlu ayrı məhsulları ad aparmaq olar. Böyük sənaye komplekslərindən bəziləri aşağıdakılardır:
- Təbrizin maşın düzəldən fabriki, Maşın alətləri düzəldən fabrik.
- İranın traktor düzəldən şirkəti, Çeşidli nəqliyyat vasitələri düzəldən şirkət.
- Təbrizin petrokimyasal kompleksi, Ölkənin baş petrokimyasal komplekslərindən biri.
- Təbrizin neft saflaşdırma zavodu
- Təbrizin İran xodro şirkəti
- Təbrizin rəxş xodro dizel şirkəti
- Təbrizin Motojen şirkəti
- Böyük şokolad fabrikləri
Təbrizin yemek sənayeləri, özəllikle şokolad düzəltməkdə, tanınmış və məşhürdürlar. Bünün üçün şəhərə İranın şokolad şəhəridə deyərlər.Böyük şokolad fabriklərinin bəzilərini aşağıda görə bilərsiniz:
Qardaşlaşmış şəhərlər
[redaktə | mənbəni redaktə et]Mənbələr və ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Azərbaycan tarixi. Yeddi cilddə. 1–7-ci cilddlər. Bakı, 1998–2003.
- Дьяконов И.М. Истороя Мидии. М-Л., 1956.
- Баладзори. Книга заования стран/пер. П.К.Жузе. (Материалы по истории Азербайджана. Об-во по изучению Азерб.). Баку, 1927.
- Йагут ал-Хамави. Муджам ад-булдан. (Сведения об Азербайджане). /пер. с арабского З.М.Бунтятова и П.К.Жузе. Баку, 1983.
- Алиев И.Г. История Мидии. Баку, 1960.
- Меликишвили Г.А. Древневосточныематериалы по истории народов Закавказья. I, Наири-Урарту. Тбилиси, 1954.
- Bünyadov Z.M. Azərbaycan Atabəylər dövləti (1136–1225). Bakı, 1985.
- Qaşqay S. Manna dövləti. Bakı, 1993.
- Onullahi S.M. XIII–XVII əsrlərdə Təbriz şəhərinin tarixi. Bakı, 1982.
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Eynəli dağı meşə parkı
-
Şəhid Bakeri bulvarı
-
Təbriz bələdiyyəsinin tikintisi
-
Təbriz panoraması
-
Rüşdiyyə məhəlləsi
-
Bolur göydələni
-
Müqəddəs Şoqakat kilsəsi
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Moin M. فرهنگ فارسی معین. Amir Kabir Publishers, 1972.
- ↑ نظریان، اصغر (۱۳۹۴)، جغرافیای شهری ایران (رشته جغرافیا)، تهران: مرکز چاپ و انتشارات دانشگاه پیام نور، ص. ۹۰–۹۱، شابک ۹۷۸-۹۶۴-۴۵۵-۴۳۴-۶
- ↑ «Annual Population of Urban Agglomerations with 300,000 Inhabitants or More in 2018, by country, 1950-2035 (thousands) Arxivləşdirilib 2020-11-12 at the Wayback Machine». United Nations, Department of Economic and Social Affairs, Population Division.
- ↑ "Arxivlənmiş surət". 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-31.
- ↑ «CITY POPULATIONS THROUGH HISTORY», Teacherweb.
- ↑ Real TV. "Təbriz. Tarixi paytaxt. Bütöv Azərbaycan" (az.). Youtube.com. 13.01.2023. 2023-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-13.
- ↑ [1]
- ↑ [2][ölü keçid]
- ↑ "درباره تبريز". 2012-05-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-20.
- ↑ "Azərbaycan türkcəsinin Təbriz ləhcəsi". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-09.
- ↑ فهرست نویسی پیش از انتشار کتابخانه ملی جمهوری اسلامی ایران * شماره کتابشناسه ملّی:۲۸۹۰۶۹۰ *عنوان و نام پدیدآورنده:طرح بررسی و سنجش شاخصهای فرهنگ عمومی کشور (شاخصهای غیرثبتی){گزارش}:گزارشهای پیشرفت طرحها وکلان شهرها/به سفارش شورای فرهنگ عمومی کشور؛ مدیر طرح و مسئول سیاست گذاری:منصور واعظی؛ اجرا:شرکت پژوهشگران خبره پارس *بهاء:۱۰۰۰۰۰ ریال-شابک:۷-۶۸-۶۶۲۷-۶۰۰-۹۷۸ *وضعیت نشر:تهران-موسسه انتشارات کتاب نشر ۱۳۹۱ *وضعیت ظاهری:۲۹۵ ص:جدول (بخش رنگی)، نمودار (بخش رنگی)*یادداشت:عنوان دیگر:طرح و بررسی و سنجش شاخصهای فرهنگ عمومی کشور (شاخصهای غیرثبتی) سال ۱۳۸۹ *توصیفگر:شاخصهای غیرثبتی+شاخصهای فرهنگی+گزارشهای پیشرفت طرحها و کلان شهرها *توصیفگر:ایران ۳۸۶۲۸۹ *تهران۱۹۹۰۶۶ /مشهد۲۹۲۳۴۱ /اصفهان ۱۷۰۰۱۷/تبریز۱۸۴۸۱/کرج ۲۷۸۲۵۲/شیراز۲۵۱۷۰۳/اهواز۱۷۶۴۰۳/قم۲۷۰۸۷۷ *شناسنامه افزوده:واعظی، منصور،۱۳۳۳-۷۳۵۰۶۸ *شناسنامه افزوده:شرکت پژوهشگران خبره پارس /شورای فرهنگ عمومی *مرکز پخش:خیابان ولیعصر، زرتشت غربی، خیابان کامبیز، بخش طباطبایی رفیعی، پلاک۱۸، تلفن:۷-۸۸۹۷۸۴۱۵ ketabnashr@gmail.com *لیتوگرافی، چاپ وصحافی:سازمان چاپ و انتشارات اوقاف
- ↑ Təbriz şəhərinin əl işləri nədir?
- ↑ English P.W. City and Village in Iran. Settlement and Economy in the Kirman Basin. L., 1966, c. XIX.
- ↑ "Təbrizə məxsus olan yeməklər". 2022-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-07.
- ↑ "Təbrizdə yayğın olan şiriniyyat növləri". 2020-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-08.
- ↑ Ənənəvi şiriniyyatlar[ölü keçid]
- ↑ 1 2 3 4 5 6 7 8 9 "لیست اولین های تبریز". 2013-01-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-31.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Şərqi Azərbaycan Ostanının rəsmi saytı Arxivləşdirilib 2011-03-03 at the Wayback Machine (fars.)
- Təbrizin rəsmi saytı Arxivləşdirilib 2008-10-12 at the Wayback Machine (fars.)
- Təbriz Dövlət Universiteti Arxivləşdirilib 2016-10-29 at the Wayback Machine (fars.)
- Təbriz Dövlət Tibb Universiteti Arxivləşdirilib 2008-12-10 at the Wayback Machine (ing.) (fars.)
- Səhənd Texnologiya Universiteti (fars.)
- Azərbaycan Müəllim Tərbiyət Universiteti Arxivləşdirilib 2008-11-10 at the Wayback Machine (fars.)
- Təbriz Azad Universiteti (fars.)
- Şərqi Azərbaycan kənd təsərrüfatı (fars.)
- Təbriz Neft-Kimya Sənayesi (fars.)
- Təbrizin turist xəritəsi Arxivləşdirilib 2007-09-28 at the Wayback Machine
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Təbriz Bələdiyyə Sarayı
- Təbriz Darəssəltənə Coğrafiya və Tarixi
- Təbriz şairlərinin siyahısı
- Qərbi Azərbaycan ostanı
- İran karikatura qalmaqalı
- Təbriz şəhərinin başçıları
- ATA Hava Yolları