Yuri Kondruşkin
Yuri Kondruşkin | |
---|---|
Kondruşkin Yuri Mixayloviç | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Elmi dərəcəsi | geologiya-mineralogiya elmləri doktoru |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Kondruşkin Yuri Mixayloviç — geologiya-mineralogiya elmləri doktoru.
Həyatı
[redaktə | mənbəni redaktə et]Kondruşkin Yuri Mixayloviç 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1958-ci ildə mühəndis-geofizik ixtisası üzrə Azərbaycan Dövlət Universitetini (indiki BDU) fərqlənmə ilə bitirmişdir. 1958-1960-cı illərdə Qırğız geofiziki ekspedisiyasında, AzET Neftçıxarma İnstitutunda mühəndis vəsifəsində işləmişdir. 1960-cı ildən Azərbaycan MEA Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, 1976-cı ildən isə "Neft və qaz yataqlarının mədən-geoloji tədqiqatları" şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1966-cı ildə "Qarışıq rejim zamanı layların neft verməsinin geoloji-mədən tədqiqatları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1982-ci ildə "Azərbaycan dəniz qazkondensat yataqlarının ehtiyatlarının qiymətləndirilməsi və işlənməsinin layihələşdirilməsinin elmi üsullar kompleksinin işlənib hazırlanması və istehsalata tətbiqi" işinə görə Azərbaycanın dövlət mükafatına layiq görülmüşdür. 1988-ci ildə "Neft və qaz yataqlarının kəşfiyyatı və ehtiyatlarının hesablanması zamanı mürəkkəb təbii rezervuarların öyrənilməsinin elmi əsasları və parametrlərinin modelləşdirilməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2003-cü ildən AMEA Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) "Neft və qaz yataqlarının petrofiziki və dağ-geoloji tədqiqatları" şöbəsinin baş elmi işçisi vəzifəsində çalışıb. Hal-hazırda akademik A.P.Krılov adına Ümumrusiya Neft-Qaz Elmi Tədqiqat İnstitutunda işləyir.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Y.M.Kondruşkinin elmi fəaliyyətinin əsas istiqaməti neft və qazın mədən geologiyası və geofizikası ilə bağlıdır. O, neft və qaz yataqları ehtiyatlarının hesablanması və işlənməsinin layihələşdirilməsi üçün tərtib olunan geoloji əsasların dəqiqliklərini artırmaq məqsədilə kollektor layların yatma şəraitlərini, xassələrini və laydakı flüidlərin geoloji-geofiziki öyrənilməsi üçün yeni metodika və yanaşmalar təklif etmişdir. Xəzər dənizinin iri qazkondensat yataqlarının (Cənub, Bahar, Bulla-dəniz, 8 Mart adına) kəşfiyyatı, açılması və ehtiyatlarının hesablanmasında yaxından iştirak etmişdir. SSRİ Nazirlər Soveti və SSRİ Dövlət Plan Komitəsi yanında faydalı qazıntıların ehtiyatları üzrə Dövlət Komissiyasının eksperti olaraq Tümen vilayətinin şimalındakı və Saxalinin bir sıra iri neft və qaz yataqlarının mənimsənilməsi üzrə ekspertizada iştirak etmişdir. DNQYPİ-nin ABŞ-nin neft şirkətləri ilə (UNOCAL, EXXON, AMOCO, TEXACO və s.) apardığı elmi-tədqiqat işlərində iştirak etmişdir.
100 elmi işin, o cümlədən 3 monoqrafiyanın müəllifidir.
Qaz-kondensat yataqlarının qiymətləndirilməsi və işlənməsinin layihələşdirilməsinin elmi metodlarının yaradılması və tətbiqinə görə Azərbaycan SSR Dövlət mükafatı laureatıdır.[1][2]
Mənbə
[redaktə | mənbəni redaktə et]- "Azərbaycanın geoloq və geofizik alimləri" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2004, 362 s.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2017-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-08.
- ↑ "Arxivlənmiş surət". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-08.