Xristianlıqda təfriqə
Erkən Dövr
Tarix və Ənənələr
Məzhəblər və Hərəkatlar
Əsas mövzular
|
Xristianlıqda bölünmə yaxud xristian kilsəsinin parçalanması kilsədə əqidə ixtilafı nəticəsində baş verən hadisədir.
Xristian kilsəsi ərslər boyunca dəfələrlə bölünmüşdür. Lakin qlobal miqysada bölünmə üç dəfə baş vermişdir. Birinci dəfə 451-ci ildə Xalkedon Kilsə Məclisində monofizitliyin rədd edilməsi ilə bir sıra şərqi kilsələr ortodoksal kilsədən ayrılmışdır. 1054-cü ildə ortodoksal kilsə parçalanaraq, pravoslav kilsəsi və katolik kilsəsi olmaq üzrə ikiyə bölünmüşdür. Axırda üçüncü dəfə, 1517-ci ildə başlanan Reformasiyanın nəticəsində katolik kilsəsindən ayrılan islahat hərəkatı zamanla protestant məzhəbinin yaranmasına səbəb olmuşdur.
Xalkedon parçalanması (monofizit-diafizit)
[redaktə | mənbəni redaktə et]451-ci ildə Xalkedonda (hal-hazırda Türkiyədə, İstanbulun Kadıköy bölgəsi) keçirilən IV Ümumdünya Kilsə Məclisində Konstantinopol arximandriti Evtixiyin təlimi rədd edilmişdir. Belə ki, Evtixiy Nestorun təlimini inkar edərək, onun əksi olan başqa bir ifrat fikir irəli sürürdü. Evtixiyə görə, İlahi və insani təbiət İsada tam olaraq bir-birinə qovuşmuşdur. Amma bu zaman İsadakı İlahi təbiət insani təbiəti üstələyir. Evtixiyin təlimi monofizitlik adlandırılmışdır. Məclisə yığışan 630 yepiskop monofizitliyi rədd edərək qərara gəlmişlər ki, İsada olan iki təbiət bir-biri ilə “qovuşmayaraq və mahiyyəti dəyişməyərək” (Evtixiyin əleyhinə), “bir-birindən ayrılmaq şərti ilə” (Nestora qarşı) birləşmişdirlər.[1] Xalkedon Kilsə Məclisinin qərarları Misirdə, Ermənistanda, qismən Suriya və Fələstində qəbul edilməmişdir. Hal-hazırda Misir qibtiləri, Suriya yakovitləri, erməni qriqoryanları, Efiopiyadakı xristianların əksəriyyərti monofizit (yaxud miafizit) əqidəsinə mənsubdurlar.[2]
Böyük parçalanma (pravoslav - katolik)
[redaktə | mənbəni redaktə et]Roma papası ilə Konstantinopol kilsəsinin patriarxının arasındakı ziddiyyətlər XI əsrdən çox-çox əvvəl meydana gəlmişdi. Ümumiyyətlə, Qərb və Şərq Kilsələri bir-birindən fərqli olaraq inkişaf edirdi. Şərqdə və Qərbdə Kilsə ənənələri, bəzi ayinlər, bir-birindən fərqlənirdi. Bu amil də Kilsənin parçalanmasında müəyyən rol oynamışdı. Bundan əlavə, Roma ilə Bizans arasında siyasi münasibətlər də kilsələrə təsir göstərirdi. Roma papazları, həm də Konstantinopol patriarxları bütün xristian dünyası üzərində başçılıq etmək istəyirdilər və onların arasındakı rəqabət getdikcə dərinləşirdi.
Lakin Kilsənin parçalanmasına gətirən əsas rəsmi səbəb əqidə üstündə ixtilaf sayılmaqdadır. Məlum olduğu kimi, xristianlar bir Allahın üç Sifətdən ibarət olduğuna etiqad edirlər. Bu Sifətlərin üçüncüsü olan Müqəddəs Ruh, həyatverici keyfiyyətlərinə malik olan Sifətdir. Onun Atadan, yoxsa Atadan və Oğuldan çıxması haqqında gərgin mübahisələr Kilsənin katolik və pravoslav olmaq üzrə ikiyə bölünməsinə səbəb olmuşdur. Qərbdə Ambrosiy, İyeronim, Avqustin kimi kilsə ataları Müqəddəs Ruhun təkcə Atadan deyil, həm də Oğuldan çıxmasını (latınca filioque) iddia edirdilər. VII əsrdə İspaniyanın Toledo şəhərində keçirilən Kilsə Məclisində filioque xristian əqidəsinin əsaslarına (simvoluna) daxil edilmişdir. Lakin şərq Kilsəsi filioqueni qəbul etməmişdi. Onların fikrincə, Müqəddəs Ruh yalnız Atadan çıxır, Oğuldan çıxmaz. Qərb atalarının filioque haqqında dediklərini isə, Kilsənin deyil, onların şəxsi fikirləri olduğunu deyirdilər. X əsrdə də Qərb və Şərq Kilsələri arasında sülh əldə edilməmişdi. Konstantinopol keşişləri Roma papazına yalnız müstəsna hallarda müraciətlər edirdilər. Bu amil isə Kilsələri biri-birindən daha da uzaqlaşdırırdı.
XI əsrdə Qərb və Şərq Kilsələri arasında çox ciddi ixtilaf baş vermişdir. Axırda patriarx Mixael Kelluarios 1054-cü ildə Kilsə Məclisi yığaraq, Roma papazının nümayəndələrini lənətləmiş, Roma Kilsəsi ilə bütün əlaqələrin kəsilməsi haqqında sərəncam vermişdir. O zaman Xristian Kilsəsi parçalanmışdır. Şərq (yunan) Kilsəsi ortodoks (pravoslav), Qərb (latın) Kilsəsi isə katolik adlandırılmışdır.[3]
Reformasiya parçalanması (katolik - protestant)
[redaktə | mənbəni redaktə et]XVI əsrdə alman alimi, katolik rahibi Martin Lüter (1483-1546) katolik kilsəsində yayılmış bir sıra haqsızlıqlara, xüsusilə indulgensiya («cənnət qəbzləri») satmasına etiraz etmişdir. 31 oktyabr 1517-ci ildə Lüter, katolik kilsəsinə qarşı yazdığı “95 tezis”i Vittenberq kilsəsinin divarlarından asmışdır. O gündən Avropada Reformasiya başlanmışdır. Ondan sonra Roma papasına tabe olmayan müstəqil xristian kilsələri yaranmışdır.
1518-ci ilin oktyabrında Ausburq şəhərində keçirilən iclasda Lüter, Papanın müvəkkili kardinal Kaetan tərəfindən bidətçi adlandırılsa da, o, Almaniyanın bir sıra nüfuzlu şəxsləri tərəfindən müdafiə edilmişdir. Bütün bunlara baxmayaraq 3 yanvar 1521-ci ildə Roma papası rəsmən Lüteri kilsədən çıxarmışdır. Buna cavabən Lüter papanın fərmanını yandırmışdır.
Lüter Bibliyanı alman dilinə tərcümə etmiş və hər möminin özünün Bibliyanı düzgün anlayıb şərh edə biləcəyi inancını yaymışdır. Katolik kilsəsindən ayrılan xristianlar yeni kilsə yaratmışlar; bu kilsə, Vatikana tabe olmadığına, ona qarşı etiraz etdiyinə görə protestant adlandırılmışdır. İlk protestant kilsələri lüteran, kalvinist və anqlikan idi. Ondan sonra protestant hərəkatı içərisində metodist, baptist, adventist, konqreqasionalist, pentikost (əllincilər), xarizmat, presviterian və b. müxtəlif kilsələr yaranmışdır.
Xristian kilsələrinin birliyi
[redaktə | mənbəni redaktə et]Xristianlıqda bölünmə prosesi hal-hazırda davam etsə də, xüsusilə XX əsrdən başlayaraq əks proses müşahidə olunur. Müasir dünya şəraitində müxtəlif xristian məzhəbləri arasında dialoq və əməkdaşlıq getdikcə artır. 1948-ci ildə yaranan Ümumdünya Kilsələr Şurası hal-hazırda 100-dən artıq ölkədə 330-dan artıq kilsə, məzhəb və icmanı birləşdirir.
Pravoslav kilsəsinin görkəmli nümayəndələri hələ XIX əsrdən Qərb kilsələri ilə dialoqa hazır idilər. 1938-ci ildə protoierey Sergiy Bulqakov tələbə konfransında çıxışında belə demişdir: “Fikir ayrılıqlarına baxmayaraq xristian dünyası indiyədək əsas əqidələrində əsaslı vəhdəti qoruyur, həmin əqidələr bütün xristianlar tərəfindən qəbul edilən əsas iqrar və iman simvollarında (Nikeya, Həvari, Afanasiy simvolları) ifadə olunmuşdur.[4]
Məşhur rus pravoslav alimi və keşişi Aleksandr Men demişdir: “Kilsə mahiyyətcə birdir; xristianları parçalayan əsasən öz məhdudluqları, dar düşüncələri, günahlarıdır. Bu acınacaqlı fakt xristianlıqda baş verən böhranların başlıca səbəblərindən biridir. Yalnız qardaşlarla birliyi qoruyaraq və kilsə həyatının müxtəlif formalarına hörmət edərək biz yenidən qüvvəyə, sülhə və Allahın xeyir-duasına nail olacağımızı ümid edə bilirik”.[5]
Roma papası II İoann Pavelin 25 may 1995-ci il tarixli ensiklikasında katolik kilsəsinin pravoslav və protestant kilsələri ilə birliyi haqqında belə qərar verilmişdir: “Katolik kilsəsi Məsihin bütün şagirdləri ilə birlikdə olaraq Allahın planına əsasən özünü bütün xristianları birliyə gətirmək ekumenik məqsədinə həsr edir”.[6]
Ümumdünya Kilsələr Şurasının yaranmasında böyük rolu olan protestant kilsələrinin nümayəndəsi, hazırda Şuranın baş katibi Olav Fykse Tveit daha irəliyə gedib, başqa din mənsubları ilə dialoqdan bəhs etmişdir: “Başqa imanlara mənsub insanlarla dialoqda olmadan, xristian şəhadəti etmək qeyri-mümkündür. Bu demək deyil ki, siz öz əqidənizdən imtina etməlisiniz. Ancaq heç kəs Allaha iman etdiyini deyib, sonra, “Bizim Allahımız sizə qarşıdır” deyə bilməz. Allah hər kəsin Yaradanıdır..."[7]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Aydın Əlizadə. Xristianlıq: Tarix və fəlfəsə (ilk çağlar). Ümumdünya Kilsə məclisləri. http://alizadeh.narod.ru/kitablar/Xristianliq/5.7.html Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine
- ↑ Вл. C. Соловьев. Монофизитство, монофизиты. http://halkidon2006.orthodoxy.ru/o/sobor/572vl_solov.htm Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine
- ↑ Aydın Əlizadə. Xristianlıq: Tarix və fəlfəsə (ilk çağlar). VIII Fəsil. Sonluq əvəzi. Qərb və Şərq arasında ixtilaflar və xristian kilsəsinin parçalanması. http://alizadeh.narod.ru/kitablar/Xristianliq/8.html Arxivləşdirilib 2022-09-25 at the Wayback Machine
- ↑ Протоиерей Сергий Булгаков. Una Sancta. Основания Экуменизма. Доклад на англо-русской студенческой конференции в High Leigh, 1938 г. Тема конференции -- "Возрастание в полноту". Впервые опубликован в журнале "Путь", 1938-1939, № 58, с. 3-15. http://krotov.info/libr_min/b/bulgakovs/put_58_03.html Arxivləşdirilib 2011-11-17 at the Wayback Machine
- ↑ Александр Мень. Из интервью на случай ареста. Вестник РХД, 1990,№ 159, стр. 305.
- ↑ Encyclical Ut unum sint, 6 http://www.vatican.va/holy_father/john_paul_ii/encyclicals/documents/hf_jp-ii_enc_25051995_ut-unum-sint_en.html Arxivləşdirilib 2009-02-27 at the Wayback Machine
- ↑ Is Christianity dead in the water? Are churches merely nostalgia-filled relics?: Ken Gallinger. http://www.thestar.com/living/article/1146030--is-christianity-dead-in-the-water-are-churches-merely-nostalgia-filled-relics-ken-gallinger Arxivləşdirilib 2012-06-24 at the Wayback Machine
Mənbə
[redaktə | mənbəni redaktə et]- Aydın Əlizadə. Xristianlıq: Tarix və fəlfəsə (ilk çağlar).
- Энциклопедия «Вокруг света», Мартин Лютер. http://www.vokrugsveta.ru/encyclopedia/index.php?title=Лютер%2C_Мартин
- Энциклопедия «Вокруг света», Протестантизм. http://www.vokrugsveta.ru/encyclopedia/index.php?title=Протестантизм