Sen-Jon Pers
Sen-Jon Pers | |
---|---|
fr. Saint-John Perse | |
Doğum adı | Marie René Auguste Alexis Léger[4] |
Təxəllüsü | Saint-John Perse[5], Saint Leger Leger |
Doğum tarixi | 31 may 1887[1][2][…] |
Vəfat tarixi | 20 sentyabr 1975[3][1][…] (88 yaşında) |
Təhsili |
|
Fəaliyyəti | şair, tərcüməçi, diplomat, yazıçı |
Əsərlərinin dili | fransız dili[6][7] |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Sen-Jon Pers (fr. Saint-John Perse; 31 may 1887[1][2][…] – 20 sentyabr 1975[3][1][…]) — fransız şair və diplomatı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1960) Aleksis Lejenin (və ya Sen-Leje) (fr. Alexis Leger, fr. Alexis Saint-Leger Leger) ədəbi təxəllüsü.
Həyatı
[redaktə | vikimətni redaktə et]Tam adı Mari Rene Aleksi Sen Leje olan fransız şairi və diplomatı Sen-Jon Pers Qvadelupa yaxınlığında, ailələrinə məxsus kiçik adada doğulmuşdu. İlk təhsilini Qvadelupada almışdı. 1899-cu ildə valideynləri ilə birlikdə Fransaya qayıtmış, Po şəhərində yaşamışdılar. Bordo universitetini bitirdikdən sonra (1914) Sen-Jon diplomatik sahədə xidmətə başlamışdı.
Universitet illərində "Ekloq" adlı ilk şeirlər kitabı nəşr olunmuşdu. Bu şeirlər dövrün Andre Jid və Jak Rivyer kimi tanınmış şairlərinin diqqətini cəlb etmişdi. 20-ci illərdə Sen-Jon nisbətən az yazırdı. Şairin həmin dövr yaradıcılıq nümunələri içərisində sonralar Tomas Eliot tərəfindən ingilis dilinə tərcümə olunan "Anabasis" (1924) epik poeması xüsusi yer tuturdu. Əsər müəllifin diplomat kimi Çində işlədiyi dövrdə yazılmışdı. Dəfələrlə at belində Qobi səhrasına səyahətə çıxan şair poemanın süjetini də çox güman ki, belə səfərlər zamanı düşünmüşdü. Köçəri tayfa başçısının təkliyindən və insan qəlbinin sirlərindən bəhs edən "Anabasis" Sen-Jonun ilkin dövr yaradıcılığının poetikliyi və fəlsəfiliyi ilə diqqəti çəkən nümunələrindən idi.
20-ci illərdə şair Pol Valeri, Pol Klodel kimi qələm yoldaşları ilə birlikdə "Nuvel revyü fransez" jurnalı ətrafına toplanan ədəbi qüvvələrin sırasında təmsil olunmuşdu. Xüsusilə Klodelin ölümündən sonra bu müəllifin adı ilə bağlı mənsur poema ənənələrini uğurla davam etdirmişdi.
Çindən sonra Sen-Jon diplomatik xidmətini ABŞ-də davam etdirmiş, 1933-cü ildə isə Fransa xarici işlər nazirliyinin baş katibi vəzifəsinə gətirilmişdi. O, Hitlerlə dil tapmaq siyasəti yeridən qüvvələrə qarşı barışmaz mövqe tutduğundan Fransanın işğalından az əvvəl vəzifəsindən azad edilmişdi. 1940-cı ildə, faşist işğalı ərəfəsində İngiltərə və Kanada üzərindən keçərək ABŞ-də özünə sığınacaq tapmış və müharibənin sonuna qədər burada yaşamışdı. Faşistpərəst Vişi hökuməti Sen-Jon Persi Fransa vətəndaşlığından, diplomatik ranqdan və təltiflərdən məhrum etmişdi. Əlyazmalarının çoxu Parisdəki mənzilində axtarış aparan gestapo tərəfindən müsadirə olunaraq yandırılmışdı.
Mühacirət illərində Konqress kitabxanasının sıravi əməkdaşı olan keçmiş diplomatın yazmaq üçün yetərincə imkanı yaranmışdı. ABŞ-də onun "Sürgün" (1942), "Küləklər" (1946), "İstiqamətlər" (1957), "Xronika" (1959) adlı şeir kitabları çap olunmuşdu. Mahiyyət etibarı ilə Sen-Jon Pers az yazan müəlliflərdən idi. Bütün yaradıcılığı həcmcə çox da böyük olmayan yeddi cild təşkil edir.
Müharibədən sonra Fransa hökuməti Sen-Jon Persin vətəndaşlığını bərpa etmiş və mükafatlarını özünə qaytarmışdı. 1957-ci ildə o, uzunmüddətli ayrılıqdan sonra vətəninə qayıtmışdı. Lakin bundan sonra da əsasən Vaşinqtonda yaşamış, ilin müəyyən aylarını isə amerikalı milyoner xanımı ilə Jyendəki malikanəsində keçirmişdi. Şair-diplomat Fransa və İngiltərənin ali mükafatları sayılan Fəxri Legion və Britaniya imperiyasının Böyük Xaçı ordenləri ilə təltif olunmuşdu.
1960-cı ildə isə Sen-Jen Persin yüksək mükafatları sırasına Nobel laureatı adı da əlavə edilmişdi. İsveç Akademiyası onu "zəmanəmizin dəyişkən şəraitini əks etdirən yüksək və obrazlı poeziyasına" görə fərqləndirmişdi.
Sen-Jon Pers Nobel mühazirəsində şairlik sənəti və sənətkar məsuliyyəti haqqındakı fikirlərini bölüşərək demişdi: "Poeziya sadəcə nəyi isə dərk etmək deyildir. O, bütün tamlığı, dolğunluğu ilə həyatın özüdür. Mağara insanının qəlbində şair yaşayırdı. Atom dövrü insanının qəlbində də şair yaşayacaq. Çünki poeziya — bəşəriyyət həyatının ayrılmaz bir hissəsidir". Fransız müəllifinin fikrincə, vəzifəsini yerinə yetirmək üçün şairə sadəcə "dövrünün ağrıyan vicdanı olmaq kifayətdir".
Məşhur sənətkarların çoxu kimi Sen-Jer Persin yaradıcılığına münasibət də fərqlidir. Lakin bu fərqli baxışların kəsişdiyi, üst-üstə düşdüyü bir məqam var. Şairin yaradıcılığı haqqında yazanların hamısı onun sözə hakim kəsilmək məharətini yekdilliklə təsdiq etmişlər.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 Saint-John Perse // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Saint-John Perse // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- ↑ 1 2 Сен-Жон Перс // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ doğum haqqında şəhadətnamə. S. 35.
- ↑ https://www.nobelprize.org/prizes/facts/facts-on-the-nobel-prize-in-literature/.
- ↑ Fransa milli kitabxanası. 1537.
- ↑ Library of Congress Library of Congress Name Authority File (ing.).
Mənbə
[redaktə | vikimətni redaktə et]- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]Həmçinin bax
[redaktə | vikimətni redaktə et]- 31 mayda doğulanlar
- 1887-ci ildə doğulanlar
- 20 sentyabrda vəfat edənlər
- 1975-ci ildə vəfat edənlər
- 88 yaşında vəfat edənlər
- Bordo Universitetinin məzunları
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Bavariya İncəsənət Akademiyasının üzvləri
- Fəxri Legion ordeninin yüksək rütbəli zabitləri
- "Fəxri Legion" ordeninin komandorları
- "Fəxri Legion" ordeni zabitləri
- Fəxri Legion ordeninin kavalerləri
- Əlifba sırasına görə yazıçı və şairlər
- Fransa şairləri
- Fransız şairlər
- Ədəbiyyat üzrə Nobel mükafatı laureatları
- Fransalı Nobel mükafatı laureatları